Qaynar xətt:

(+99450) 247 90 86

Yay tətilini gözləyən  məktəblilərə MÜHÜM XƏBƏR:  Valideynlər bunları nəzərə almalıdır

Yay tətilini gözləyən  məktəblilərə MÜHÜM XƏBƏR:  Valideynlər bunları nəzərə almalıdır

CƏMİYYƏT

124

11.06.2026, 15:00

Üç aylıq tətil, yoxsa "boşa verilən zaman"? — Şagirdlərin yay istirahəti necə təşkil olunmalıdır?

Azərbaycan məktəblərində daha bir tədris ili başa çatır və minlərlə şagird üç aylıq yay tətilinə çıxmağa hazırlaşır. Lakin dərs ilinin bitməsi valideynlər üçün dincəlmək deyil, əslində ən məsuliyyətli mərhələnin — uşaqların asudə vaxtının planlaşdırılması qayğısının başlaması deməkdir. Bəzi ailələr bu dövrü tam sərbəstlik və istirahət fürsəti kimi dəyərləndirsə də, mütəxəssislər üç aylıq fasilənin uşaqların fiziki, sosial və intellektual inkişafında kritik rol oynadığını bildirirlər.

Qeyd edək ki, son illər ölkədə fəaliyyət göstərən yay düşərgələrinin və məktəbli turlarının sayı artıb. İdman, xarici dillər, yaradıcılıq, liderlik və komanda fəaliyyətlərini əhatə edən proqramlar uşaqların həm asudə vaxtını səmərəli keçirməsinə, həm də yeni bacarıqlar qazanmasına imkan yaradır. Bununla belə, düşərgələrin keyfiyyəti, təhlükəsizlik standartları və xidmət haqlarının əlçatanlığı valideynləri düşündürən əsas məsələlər sırasında qalır. 

Bəs üç aylıq tətil dövründə şagirdlərin intellektual, sosial və fiziki inkişafı arasında balans necə qorunmalıdır? Yay düşərgələri uşaqların psixologiyasına və gələcək inkişafına hansı təsirləri göstərir? Mövzunun aktuallığını nəzərə alaraq ekspertlərin fikirlərini öyrəndik.

Oxu24.com-a danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, şagirdlərin yay istirahətinin düzgün təşkili onların həm fiziki sağlamlığı, həm də növbəti tədris ilinə intellektual hazırlığı baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, yay düşərgələrinin səmərəli təşkili, inkişaf balansının qorunması və qiymət siyasətinin düzgün qurulması xüsusi diqqət tələb edir:

“Yay düşərgələrinin optimal təşkili üçün ilk növbədə təhlükəsizlik və infrastruktur məsələləri nəzərə alınmalıdır. Düşərgələr tibbi xidmət, qida təminatı və sağlam qidalanma baxımından tam təmin olunmalıdır. Uşaqlarla işləyən rəhbər və təlimçilər psixoloji hazırlığa malik, pedaqoji təcrübəsi olan peşəkar şəxslərdən ibarət olmalıdır. Heyətin peşəkarlığı burada əsas şərtlərdən biridir. Eyni zamanda, tədris prosesi klassik məktəb formatında deyil, oyunlar, layihələr və komanda işi üzərində qurulmalıdır. İnteraktiv mühitin yaradılması uşaqların prosesə marağını artırır. Düşərgələrin şəhərdən kənarda, meşəlik və ya dənizkənarı ərazilərdə təşkil edilməsi isə onların ekoloji tərbiyəsinə, fiziki sağlamlığına və təbiətlə ünsiyyət bacarıqlarının inkişafına müsbət təsir göstərir. Üç aylıq tətil dövründə uşaqların həm istirahət etməsi, həm də öyrənməkdən uzaq düşməməsi üçün gün rejimi düzgün planlaşdırılmalıdır. Bu baxımdan düşərgələrin fəaliyyətinə peşəkar yanaşma vacibdir. 

Məsələn, günün birinci yarısı intellektual blok şəklində təşkil oluna bilər. Səhər saatlarında xarici dil dərsləri, danışıq klubları, robototexnika məşğələləri, məntiq oyunları və yaradıcı yazı emalatxanaları keçirilə bilər. Günün ikinci yarısı isə fiziki fəaliyyətlərə ayrılmalıdır. Buraya idman yarışları, üzgüçülük, yüngül atletika, gimnastika, qayayadırmanma, futbol, basketbol və voleybol kimi komanda oyunları daxildir. Axşam saatlarında isə sosial-mədəni fəaliyyətlər təşkil olunmalıdır. Kitab müzakirələri, teatr səhnəcikləri, intellektual viktorinalar və tonqal ətrafında keçirilən diskussiyalar uşaqların sosial bacarıqlarının inkişafına töhfə verə bilər. Hesab edirəm ki, yay düşərgələri hər gün intellektual, fiziki və sosial-mədəni blokların balanslı şəkildə birləşdirilməsi prinsipi ilə təşkil edilməlidir. Bu zaman uşaqlar yorulmadan, maraqlarını qoruyaraq və hərtərəfli inkişaf edərək tətil dövrünü səmərəli keçirə bilərlər”.

Təhsil eksperti yay düşərgələrinin uşaqların təhsil və şəxsi inkişafında mühüm rol oynadığını vurğulayıb:

“İlk növbədə, yay düşərgələri şagirdlərə praktiki bacarıqlar qazandırır. Məktəbdə öyrənilən nəzəri biliklər düşərgələrdə keçirilən müxtəlif təcrübələr, layihələr və ekskursiyalar vasitəsilə möhkəmləndirilir və daha yaxşı mənimsənilir. Bununla yanaşı, yay düşərgələrinin uşaqların sosiallaşması və yumşaq bacarıqlarının formalaşmasında da böyük əhəmiyyəti var. Burada müxtəlif məktəblərdən olan şagirdlər bir araya gəlir, bəzi hallarda isə beynəlxalq düşərgələrdə fərqli ölkələrdən olan həmyaşıdları ilə ünsiyyət qururlar. Bu mühit uşaqlara liderlik, zamanın idarə olunması, komanda ilə işləmək və emosional intellekt kimi həyati əhəmiyyət daşıyan bacarıqları inkişaf etdirmək imkanı yaradır. Yay düşərgələri eyni zamanda uşaqlarda özünəinamın formalaşmasına da ciddi təsir göstərir. Valideyn nəzarətindən müəyyən müddət uzaqda olmaq onlarda müstəqil qərarvermə, məsuliyyət hissi və özünəxidmət bacarıqlarının inkişafına şərait yaradır”.

Ekspert hesab edir ki, yay düşərgələrinin daha geniş kütlələr üçün əlçatan olması məqsədilə qiymətlərin tənzimlənməsinə də diqqət yetirilməlidir:

“Dövlət və özəl sektor tərəfindən elə mexanizmlər hazırlanmalıdır ki, yay düşərgələri hər bir valideyn üçün əlçatan olsun. Bu baxımdan dövlət-özəl tərəfdaşlığı mühüm rol oynaya bilər. Məsələn, özəl düşərgələrə müəyyən vergi güzəştlərinin tətbiqi müqabilində xidmət haqlarının aşağı salınması tələb oluna bilər.

Eyni zamanda şəhərdə qalan uşaqlar üçün məktəblərin bazasında ödənişsiz və ya minimum ödənişli gündüz düşərgələrinin sayı artırılmalıdır. Məktəbyanı düşərgələrin genişləndirilməsi bu istiqamətdə faydalı addım ola bilər.

Bundan başqa, həmkarlar ittifaqları, sosial müdafiə qurumları, vətəndaş cəmiyyəti institutları və qeyri-hökumət təşkilatları aztəminatlı ailələrin, eləcə də şəhid və qazi ailələrinin övladları üçün tam və ya qismən ödənişli yay düşərgələrinin təşkilini daha da genişləndirməlidirlər. Bu istiqamətdə müəyyən işlər görülsə də, proqramların əhatə dairəsinin artırılması daha çox uşağın bu imkanlardan yararlanmasına şərait yarada bilər”.

Müsahibimiz bildirib ki, yay düşərgələri ilə bağlı təklif olunan paketlər müxtəlif ailələrin maliyyə imkanlarına uyğun şəkildə formalaşdırılmalıdır:

“Valideynlərə həm gecələməni əhatə edən, həm də yalnız gündüz saatlarını əhatə edən, nəqliyyat vasitəsilə uşaqların evə qayıtmasını təmin edən müxtəlif seçimlər təqdim olunmalıdır. Yəni paketlər kifayət qədər diferensiallaşdırılmış və əlçatan olmalıdır. Hər bir ailə öz büdcəsinə uyğun seçim edə bilməlidir. Təəssüf ki, bəzi özəl yay düşərgələrində müəyyən olunan qiymətlər bəzən həddindən artıq yüksək olur. Belə hallarla qarşılaşdıqda istər-istəməz sual yaranır ki, bu xidmətlər əslində kimlər üçün nəzərdə tutulub. Unutmaq olmaz ki, yay düşərgələrinin əsas hədəf auditoriyası uşaqlardır və bu uşaqlar gələcəyin müəllimləri, mühəndisləri, həkimləri, hərbçiləri, alimləri, dövlət xadimləri və cəmiyyətin müxtəlif sahələrində fəaliyyət göstərəcək vətəndaşlarıdır. Məhz buna görə də bu sahədə kommersiya maraqları ilə sosial məsuliyyət arasında balans qorunmalıdır. Xidmətlərin qiymətləndirilməsi zamanı ədalətli yanaşma tətbiq edilməli, vəziyyətdən sui-istifadə hallarına yol verilməməlidir. Hesab edirəm ki, valideynlərə həm keyfiyyətli, həm də münasib qiymətli xidmətlər təklif olunmalı, bu istiqamətdə daha insaflı və sosial məsuliyyətli yanaşma nümayiş etdirilməlidir”.

Turizm eksperti Əziz Şiriyev bildirib ki, məktəblilərin yay istirahətinin səmərəli təşkili ən aktual mövzulardan biridir:

“Hazırda məktəblilərin istirahəti ilə bağlı layihələrə maraq kifayət qədər yüksəkdir. Biz də bir çox məktəblərlə əməkdaşlıq edirik. İlk olaraq Bakı və Bakıətrafı turlar təşkil olunmağa başlayıb, daha sonra isə regionlara səfərlər davam edir. Hesab edirəm ki, məktəblilər üçün nəzərdə tutulan turlar ayın 20-dək davam edəcək. Bu il məktəbli turlarına maraq kifayət qədər yüksək olub. 

Eyni zamanda yay düşərgələrinə də maraq getdikcə artır. Çünki belə düşərgələr uşaqların yalnız əyləncəsinə deyil, onların hərtərəfli inkişafına xidmət edir. Burada psixoloji davranış qaydaları, natiqlik bacarıqları, xarici dillərin inkişafı, müxtəlif komanda oyunları və komanda quruculuğu fəaliyyətləri təşkil olunur. Həmçinin düzgün qidalanma məsələlərinə də xüsusi diqqət yetirilir.

Bakıətrafı ərazilərdə və regionlarda 5, 7 və 10 günlük proqramlar həyata keçiriləcək. Bu səfərlər məktəblilərin həm istirahət etməsinə, həm də yeni tədris ilinə daha motivasiyalı şəkildə hazırlaşmasına imkan yaradır. Valideynlər də bu cür turları müsbət qarşılayırlar. Çünki övladlarının istirahət edərkən həm intellektual, həm də fiziki baxımdan inkişaf etdiyini görürlər. Bu isə onları sevindirir və uşaqların yeni tədris ilinə yüksək əhval-ruhiyyə ilə başlamasına şərait yaradır.

Belə proqramlar məktəblilərin dünyagörüşünün genişlənməsinə, fiziki hazırlığının möhkəmlənməsinə və zehni inkişafına müsbət təsir göstərir. İnanırıq ki, bu təcrübələr onların gələcək həyatına və karyerasına da mühüm töhfələr verəcək. Bu istiqamətdə işlər davamlı şəkildə həyata keçirilir”.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov deyib ki,yay düşərgələri son illər uşaqların asudə vaxtının səmərəli təşkili baxımından mühüm sosial və psixoloji inkişaf mühiti kimi diqqət çəkir:

“Əgər düşərgələr peşəkar şəkildə təşkil olunursa, onlar uşaqların yalnız istirahət etməsinə deyil, həm də sosial bacarıqlarının, emosional dayanıqlılığının və müstəqillik hissinin inkişafına ciddi töhfə verir. Məktəb mühiti müəyyən qədər akademik nəticələrə fokuslandığı halda, yay düşərgələri uşaqlara daha sərbəst, təcrübəyə əsaslanan öyrənmə imkanı yaradır. Uşaq burada yeni dostluqlar qurur, komanda ilə işləməyi öyrənir, məsuliyyət hissi formalaşdırır və fərqli situasiyalarda qərar vermək bacarığını inkişaf etdirir. Bütün bunlar şəxsiyyətin formalaşmasında mühüm rol oynayan amillərdir. Valideynlər övladlarının yay tətilini planlaşdırarkən ilk növbədə uşağın yaşını, maraqlarını, temperament xüsusiyyətlərini və emosional hazırlığını nəzərə almalıdırlar. Bəzən valideynlər öz istəklərinə uyğun seçim edirlər, lakin vacib olan uşağın ehtiyaclarını və psixoloji komfortunu ön planda saxlamaqdır. Uşaq sosial münasibətlər qurmaqda çətinlik çəkirsə, kollektiv fəaliyyətlərin üstünlük təşkil etdiyi düşərgələr ona faydalı ola bilər. Əgər uşaq daha həssas və ya introvert xarakterlidirsə, onun yeni mühitə uyğunlaşması üçün daha yumşaq keçid təmin edilməlidir. Həmçinin düşərgənin təhlükəsizlik qaydaları, psixoloq və pedaqoji heyətin peşəkarlığı, gündəlik proqramın uşağın yaş xüsusiyyətlərinə uyğunluğu da diqqətlə araşdırılmalıdır. Yay düşərgələrinin hər bir uşaq üçün eyni dərəcədə uyğun olduğunu söyləmək doğru olmaz. Hər uşağın fərdi xüsusiyyətləri mövcuddur və seçim məhz bu xüsusiyyətlər əsasında aparılmalıdır. Bəzi uşaqlar yeni mühitə tez uyğunlaşır və kollektiv fəaliyyətlərdən zövq alırlar. Digərləri isə ailədən ayrılmaqla bağlı narahatlıq yaşayır, yeni insanlarla ünsiyyətdə çətinlik çəkə bilirlər. Belə hallarda uşağı məcbur etmək deyil, onu mərhələli şəkildə hazırlamaq daha məqsədəuyğundur. Qısa müddətli proqramlardan başlamaq və sonradan daha uzunmüddətli düşərgələrə keçmək daha sağlam yanaşma hesab olunur”.

Psixoloq vurğulayıb ki, müasir dövrdə texnologiya və sosial şəbəkələrin uşaqların həyatında geniş yer tutduğu bir zamanda təbiət qoynunda təşkil olunan düşərgələrin əhəmiyyəti daha da artır:

“Araşdırmalar göstərir ki, uzun müddət ekran qarşısında qalmaq diqqət dağınıqlığı, emosional yorğunluq, yuxu problemləri və sosial münasibətlərdə zəifləmə ilə əlaqələndirilə bilər. Təbiət mühiti isə uşağın psixoloji gərginliyini azaltmağa, diqqətini bərpa etməyə və emosional vəziyyətini yaxşılaşdırmağa kömək edir. Açıq havada keçirilən fəaliyyətlər fiziki aktivliyi artırır, stress hormonlarının səviyyəsini azaldır və ümumi rifah hissini gücləndirir. Xüsusilə texnologiyadan müəyyən müddət uzaq qalmaq uşaqlara real ünsiyyət bacarıqlarını yenidən aktivləşdirmək imkanı verir. Düşərgələrdə uşaqlar qarşılıqlı əməkdaşlıq etməyi, problemləri birlikdə həll etməyi və emosiyalarını daha sağlam şəkildə ifadə etməyi öyrənirlər. Bu proses özünəinamın artmasına, sosial adaptasiyanın güclənməsinə və psixi sağlamlığın qorunmasına müsbət təsir göstərir. Düzgün seçilmiş və peşəkar şəkildə təşkil olunmuş yay düşərgələri uşaqların yalnız yay tətilini maraqlı keçirməsinə deyil, həm də onların şəxsiyyət inkişafına, sosial bacarıqlarının formalaşmasına və psixoloji sağlamlığının möhkəmlənməsinə xidmət edən dəyərli inkişaf platformasıdır. Bu səbəbdən valideynlər yay düşərgəsini sadəcə istirahət məkanı kimi deyil, uşağın gələcək həyat bacarıqlarına investisiya kimi qiymətləndirməlidirlər”.

Mehin Mehmanqızı

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "uşaqların və gənclərin fiziki və mənəvi  inkişafı" mövzusunda hazırlanıb.