Yaşı 35-dən yuxarı olan qadınların diqqətinə — Risk var
16 İyun 2026, 19:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
6308
27.05.2026, 09:32
Azərbaycanda rəqəmsallaşma sahəsində aparılan genişmiqyaslı islahatlar çərçivəsində daha bir mühüm dövlət xidməti tamamilə elektron formata keçirilir. Ölkədə müvəqqəti və daimi yaşayan əcnəbi vətəndaşlara verilən yaşama icazəsi vəsiqələrinin yaxın gələcəkdə tam elektron formatda təqdim olunması planlaşdırılır.
Ölkə rəhbərliyinin həyata keçirdiyi rəqəmsal transformasiya siyasətinə uyğun olaraq, dövlət xidmətlərinin daha çevik, şəffaf və əlçatan təşkili məqsədilə miqrasiya sənədləşməsində yeni və mühüm mərhələyə qədəm qoyulur.
Oxu24.com-un mövzu ilə bağlı Dövlət Miqrasiya Xidmətinə (DMX) ünvanladığı rəsmi sorğuya qurumun Katibliyindən cavab verilib.
Sorğunun cavabında qeyd olunur ki, bu yenilik birbaşa ölkə başçısının tapşırığı və imzalanan fərman əsasında reallaşdırılır:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 fevral 2026-cı il tarixli 953 nömrəli Fərmanına uyğun olaraq, ölkədə miqrasiya və sənədləşmə sahəsində rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi, dövlət xidmətlərinin daha çevik, şəffaf və əlçatan formada təşkili məqsədilə müvafiq yaşama icazələrinin elektron formatda təqdim olunması planlaşdırılır”.
DMX-dən bildirilib ki, hazırda bu strateji istiqamətdə xidmət tərəfindən bütün zəruri texniki, texnoloji və hüquqi tədbirlər sürətlə və ardıcıllıqla həyata keçirilməkdədir. Sənədləşmə infrastrukturunun rəqəmsallaşdırılması, regional idarələrin vahid sistemə tam inteqrasiyası istiqamətində işlər planlaşdırılmış qrafik üzrə davam edir.
Elektron yaşama icazəsi nəyi dəyişəcək?
Yaşama icazələrinin tam elektron formata keçməsi bir neçə ardıcıl mərhələdə həm dövlət qurumları, həm də ölkəmizdə fəaliyyət göstərən əcnəbilər üçün köklü və müsbət dəyişikliklərə yol açacaq:
1. İlk növbədə fiziki növbələr, idarələrə getmək məcburiyyəti və kağız sənəd dövriyyəsi minimuma endirilir. Əcnəbi vətəndaşlar və ya onları ölkəyə dəvət edən tərəflər (şirkətlər, ali təhsil müəssisələri və s.) miqrasiya orqanlarına müraciətlərini tam onlayn portallar vasitəsilə həyata keçirəcəklər. Bu, bürokratik əngəlləri və vaxt itkisini tamamilə aradan qaldırır.
2. Yeni sistem çərçivəsində fiziki plastik kartların tətbiqi ilə yanaşı, unikal QR-kod və xüsusi şifrələnmiş elektron sənəd formaları əsas götürüləcək. Bu rəqəmsal vəsiqələr ölkənin digər dövlət və özəl strukturlarının (banklar, hüquq-mühafizə orqanları, ASAN xidmət, səhiyyə və təhsil müəssisələri) daxili sistemlərinə elektron qaydada inteqrasiya olunacaq. Beləliklə, əcnəbi vətəndaş hər hansı bir xidmət alarkən üzərində fiziki vəsiqə daşımaq məcburiyyətində qalmayacaq, onun hüquqi statusu rəqəmsal sistem üzərindən anında təsdiqlənəcək.
3. İslahatın yekun mərhələsində miqrasiya prosesləri üzərində tam şəffaf və operativ nəzarət mexanizmi formalaşır. Həm işəgötürənlər, həm də əlaqədar nəzarət qurumları əcnəbinin ölkədə qanuni yaşama və ya əmək fəaliyyəti hüququnun olub-olmadığını inteqrasiya edilmiş dövlət platformaları vasitəsilə saniyələr içində yoxlaya biləcəklər. Bu isə qanunsuz miqrasiya risklərini sıfıra endirəcək və əmək bazarında tam leqallığı təmin edəcək.
Dövlət Miqrasiya Xidmətindən daxil olan rəsmi açıqlamanın sonunda vurğulanıb ki, hazırda bu sahədə zəruri infrastruktur qurulur:
“Müvafiq işlər yekunlaşdırıldıqdan sonra tətbiq edilən yeniliklərlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir”.
Çimnaz Telmanqızı
19:28 / 16 İyun 2026
1
19:18 / 16 İyun 2026
79
19:06 / 16 İyun 2026
33
18:58 / 16 İyun 2026
42
18:46 / 16 İyun 2026
47
18:39 / 16 İyun 2026
129
18:29 / 16 İyun 2026
48
18:19 / 16 İyun 2026
54
18:09 / 16 İyun 2026
49
18:00 / 16 İyun 2026
61
17:55 / 16 İyun 2026
57
17:52 / 16 İyun 2026
55
17:50 / 16 İyun 2026
54
17:35 / 16 İyun 2026
129
17:23 / 16 İyun 2026
147
17:19 / 16 İyun 2026
86
17:16 / 16 İyun 2026
76
17:14 / 16 İyun 2026
122
17:10 / 16 İyun 2026
174
17:02 / 16 İyun 2026
201
16:59 / 16 İyun 2026
171
16:57 / 16 İyun 2026
104
16:56 / 16 İyun 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.