Qaynar xətt:

(+99450) 247 90 86

Mətbuatın fəaliyyətində  Dövlət dəstəyinin rolu —   TƏHLİL 

Mətbuatın fəaliyyətində  Dövlət dəstəyinin rolu —   TƏHLİL 

CƏMİYYƏT

6152

06.05.2026, 16:10

Xəbər verdiyimiz kimi,Medianın İnkişafı Agentliyi çap və onlayn media resursları üçün yeni müsabiqə elan edib.Şərtlərə uyğun gələn media subyekti qalib kimi müəyyən edilmiş maliyyə dəstəyini alacaq.Bu isə media subyektləri üçün böyük dəstək və inkişafa təkan deməkdir.

Müasir informasiya cəmiyyətində medianın rolu təkcə xəbərin ötürülməsi ilə məhdudlaşmır; o, həm də dövlətlə ictimaiyyət arasında körpü rolunu oynayan strateji platformaya çevrilib. Xüsusilə rəqəmsal transformasiyanın sürətləndiyi bir dövrdə onlayn medianın inkişafı, onun peşəkarlıq səviyyəsinin artırılması və dayanıqlı fəaliyyətinin təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi önə çıxır. Bu kontekstdə Azərbaycanda Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən dəstək mexanizmləri medianın keyfiyyətcə yenilənməsinə, informasiya mühitinin sağlamlaşdırılmasına və cəmiyyətin düzgün məlumatlandırılmasına mühüm təsir göstərir.

Medianın İnkişafı Agentliyinin ayırdığı maliyyə vəsaitləri xüsusilə onlayn media subyektlərinin texniki imkanlarının genişlənməsinə, jurnalistlərin peşə hazırlığının artırılmasına və müasir media standartlarına uyğun fəaliyyətin qurulmasına şərait yaradır. Bu dəstək nəticəsində rəqəmsal media daha operativ, çevik və etibarlı informasiya mənbəyinə çevrilir. Eyni zamanda, Agentlik media mühitində şəffaflıq və məsuliyyət prinsiplərinin formalaşdırılmasına töhfə verərək mətbuatın sağlam inkişafına nəzarət edən əsas institusional mexanizmlərdən biri kimi çıxış edir.

Dövlət və ictimaiyyət arasında qarşılıqlı əlaqələrin düzgün qurulmasında medianın rolu danılmazdır. Məhz bu münasibətlər sistemində Medianın İnkişafı Agentliyinin fəaliyyəti medianın həm müstəqil, həm də məsuliyyətli fəaliyyət göstərməsinə stimul verir. Bu isə nəticə etibarilə cəmiyyətin informasiya ilə təmin olunmasında keyfiyyətin yüksəlməsinə, ictimai etimadın möhkəmlənməsinə və dövlət siyasətinin daha şəffaf şəkildə təqdim olunmasına xidmət edir.

Bu kontekstdə media ekspertləri və sektor nümayəndələri  Oxu24.com-a  açıqlamalarında Agentliyin fəaliyyətini müxtəlif aspektlərdən dəyərləndiriblər.

“Azxeber.com”un baş direktoru: MEDİA Agentliyi medianın inkişafında mühüm rol oynayır

“Azxeber.com” saytının baş direktoru Əfsələddin Ağalarov Azərbaycanda Medianın İnkişafı Agentliyinin fəaliyyətinin media mühitinə təsirindən danışıb. Onun sözlərinə görə, Medianın İnkişafı Agentliyi yarandığı gündən etibarən ölkədə media mühitinin yaxşılaşdırılması və sağlam media fəlsəfəsinin formalaşdırılması istiqamətində mühüm addımlar atıb. Xüsusilə “Media haqqında” qanunun hazırlanması və ictimai müzakirələr əsasında qəbul edilməsi bu sahədə əhəmiyyətli yeniliklərdən biri kimi qiymətləndirilir. Baş direktor qeyd edib ki, tətbiq olunan media reyestri sistemi və digər mexanizmlər informasiya çirkliliyinin azaldılması və media mühitinin tənzimlənməsi baxımından mühüm rol oynayır. Əfsələddin Ağalarov vurğulayıb ki, Agentlik tərəfindən həm çap, həm də onlayn media resurslarına ayrılan maliyyə dəstəyi sektorun inkişafına birbaşa təsir göstərir. Bu yardımlar əsasən media qurumlarının saxlanma xərclərinin, texniki təminatının və əməkdaşların əməkhaqlarının qarşılanmasına yönəlib ki, bu da media subyektlərinin dayanıqlığını təmin edən əsas amillərdəndir. O, keçirilən müsabiqələrdə yeni media subyektlərinin də qalib olması faktına diqqət çəkərək bunun proseslərin obyektivliyinin göstəricisi olduğunu bildirib. Mətbuatın idarə olunmasında Agentliyin roluna toxunan Ağalarov “idarəetmə” ifadəsindən daha çox “tənzimləmə” anlayışının uyğun olduğunu qeyd edib. Onun fikrincə, Agentlik medianın fəaliyyətini tənzimləməklə yanaşı, jurnalist peşəkarlığının artırılması, redaksiyaların inkişafı və media savadlılığının yüksəldilməsi istiqamətində də sistemli iş aparır. Baş direktor əlavə edib ki, bu məqsədlə müxtəlif təlimlər təşkil olunur və media savadlılığı məsələsi daim diqqətdə saxlanılır.

“Türküstan” Media Qrupunun rəhbəri Aqil Camal:

Medianın İnkişafı Agentliyi həm qəzetlərin onlayn variantı, həm də, xüsusi olaraq sayt kimi fəaliyyət göstərən bir sıra onlayn media subyektlərinə maliyyə dəstəyi göstərir. Bu dəstək ola bilsin bir çox media subyektləri üçün yetərli deyil. Amma, media qurumları məhz MEDİA Agentliyindən maliyyə dəstəyi almağa, o siyahıda olmağa önəm verirlər. Bilirsiniz ki, hazırkı dövrdə ölkədə qəzet və saytlara reklamların verilməsində müəyyən amillər mövcuddur. Və bu amillər daha çox neqativ yöndədir. Çünki, reklamverənlər bu prosesdə bir sıra hallarda subyektiv mülahizələri əsas götürürlər. Məsələn, şəxsi tanışlıqlar, tapşırıqlar, media vasitəsilə hədə-qorxu gəlinməkdən çəkinərək reklamların verilməsi halları danılmazıdır. Bu baxımdan, mediann müəyyən kəsimi reklamdan məhrumdur. Belə bir şəraitdə Agentlik tərəfindən ayrılan aylıq maliyyə dəstəyi redaksiyaların öz əməkdaşlarını müəyyən qədər əməkhaqqı ilə təmin etməkdə qiymətli mənbədir.

"Manşet".az saytının  həmtəsisçisi  və baş redaktoru Əli Vəliyev də məsələyə münasibət bildirib.

Azərbaycanda Medianın İnkişafı Agentliyi tərəfindən ayrılan maliyyə vəsaitləri onlayn medianın inkişafına çox mühüm töhfə verir və onun inkişafına təkan verir. Xüsusilə son dövrlərdə ayrılan maliyyənin artırılması, yəni 3.000 manatdan 5.000 manata yüksəldilməsi onlayn media subyektlərinin redaksiyalarını əhəmiyyətli dərəcədə gücləndirdi. Bu, həm maliyyə, həm də maddi-texniki baza baxımından ciddi dəstək oldu. Çünki məlumdur ki, istər çap mediası dövründə, istərsə də bugünkü onlayn mühitdə maliyyəsiz fəaliyyət göstərmək mümkün deyil. Redaksiyalar nə qədər peşəkar kadrlarla işləmək istəyirsə, bir o qədər böyük maliyyə vəsaitinə ehtiyac duyur. Bu baxımdan, Medianın İnkişafı Agentliyinin ayırdığı və son illərdə artırdığı vəsait çox mühüm əhəmiyyət kəsb edir.

Bu vəsaitlər işçilərin əməkhaqlarının ödənilməsində, eyni zamanda redaksiyaların fəaliyyətinin təşkilində mühüm rol oynayır. Jurnalist fəaliyyətinin həyata keçirilməsi üçün redaktor, şef-redaktor, müxbir, administrator və sosial media sahəsində çalışan əməkdaşların cəlb olunması məhz bu maliyyə dəstəyi ilə mümkündür. Sosial media sahəsinin gücləndirilməsi də bu vəsaitlər hesabına həyata keçirilir. Ümumilikdə, maliyyə olmayan yerdə inkişafdan danışmaq mümkün deyil. Müasir dövrdə heç bir redaksiyanı vəsaitsiz idarə etmək mümkün deyil. Əlbəttə, fərdi şəkildə fəaliyyət göstərmək olar, lakin bu halda yalnız məhdud formada – əsasən kopyala-yapışdır tipli xəbərlərlə kifayətlənmək mümkün olacaq. Bu isə uzunmüddətli perspektivdə uğursuzluğa gətirib çıxara bilər.

Bu baxımdan, Medianın İnkişafı Agentliyinin ayırdığı maliyyə vəsaiti peşəkar kadrların cəlb olunmasına, həmçinin yeni əməkdaşların işə götürülərək təcrübə qazanmasına xidmət edir və bu, çox mühüm addımdır.

Medianın İnkişafı Agentliyinin mətbuatın idarə olunmasındakı roluna gəldikdə isə, bunu da mühüm amil kimi qiymətləndirirəm. Qeyd etmək lazımdır ki, media orqanları, xüsusilə özəl media subyektləri, əsasən özlərini idarə edirlər. Burada təsisçi, baş redaktor və digər rəhbər şəxslər idarəetməni həyata keçirir. Medianın İnkişafı Agentliyi isə birbaşa idarəetmə funksiyasını yerinə yetirmir, daha çox nəzarət və tənzimləmə funksiyasını həyata keçirir. Bu qurum əmək hüquqlarının qorunmasına, jurnalistika etikası qaydalarına riayət olunmasına nəzarət edir və bu sahədə fəaliyyəti tənzimləyən mühüm dövlət qurumudur.

Bu qurumun mövcudluğu onu göstərir ki, Azərbaycanda medianın inkişafı sistemli şəkildə davam edir. Medianın İnkişafı Agentliyi onlayn media subyektləri arasında münasibətlərin formalaşmasına da mühüm töhfə verir. Eyni zamanda, bu qurum redaksiyalar və jurnalistlər üçün bir platforma rolunu oynayır. Müxtəlif görüş və iclaslarda media nümayəndələri öz problemlərini, təkliflərini və mülahizələrini səsləndirirlər. Agentlik isə bu məsələlərin həlli istiqamətində aidiyyəti qurumlarla iş aparır.

Bundan əlavə, Agentliyin fəaliyyəti nəticəsində istinad mədəniyyətinin formalaşması, keyfiyyətli başlıqların hazırlanması, analitik yazıların artırılması və beynəlxalq xəbər agentliklərindən məlumatların tərcümə edilərək təqdim olunması sahəsində irəliləyiş müşahidə olunur. Azərbaycan informasiya məkanında ictimai-siyasi əhəmiyyət daşıyan, dövlət maraqlarına xidmət edən keyfiyyətli xəbərlərin hazırlanmasına da xüsusi diqqət yetirilir.

Ümumilikdə, Medianın İnkişafı Agentliyinin müəyyən etdiyi tələblər – o cümlədən xəbər limitləri, keyfiyyət standartları və analitik materialların hazırlanması istiqamətində qoyulan şərtlər medianın inkişafına müsbət təsir göstərir. Bu baxımdan, Agentliyin mətbuatın idarə olunmasında rolu, xüsusilə nəzarət və tənzimləmə funksiyası baxımından çox mühüm qiymətləndirilir.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti  Müşfiq Ələsgərli Oxu24.com-a açıqlamasında bildirib ki,MEDİA Agentliyi medianın idarə edilməsində birbaşa hansısa formada iştirak etmir. Amma, redaksiyaların inkişafı, əməkdaşların əmək hüquqlarının müdafiəsi, onların biliklərinin, media savadlığının artırılması yönündə davamlı seminarlar, maarifləndirmə layihələri həyata keçirir.

"Onlay media subyektləri Azərbaycanda təqribən  2005-ci illərdən başlayaraq sistemli şəkildə fəaliyyət göstərsələr də, 2022-ci ilə qədər onların statusları rəsmi müstəvidə tanınmayıb. Bu durum həm onlayn media subyektləri redaksiyalarının özləri üçün, həm də ümumilikdə informasiya məkanımız üçün ciddi problemlər yaradıb. Bu tip redaksiya əməkdaşlarının rəsmi qurumlarda akkreditasiya, həmçinin, informasiya mənbələrinə çıxış problemləri olub. 2022-ci ildə   “Media haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən sonra isə vəziyyət dəyişib. Yeni qanun onlayn media subyektlərinin həm statuslarını, həm də struktur tərtibatını müəyyən etdi. Onlayn media subyektləri necə təsis edilməlidir, necə işləməlidir, hansı statusa malikdir?-kimi suallara yeni qanunda çox aydın şəkildə cavab verilir.

“Media haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən və onlayn media subyektlərinin statuslarının rəsmiləşdirilməsindən sonra bu sahədə fəaliyyət göstərən redaksiyaların dövlətin nəzərdə tutuduğu yardım proqramlarından, sosial güzəştlərdən faydalanmaq imkanları yaranıb. İndi onlar  Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən maliyyə yardımı  müsabiqələrində iştirak edə bilirlər. Həmçinin, onlayn media subyektlərində çalışan jurnalistlər də digər həmkarları kimi güzəştli ipoteka proqramlarından və vergi güzəştlərindən faydalanmaq üçün hüquq əldə edirlər.

Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən maliyyə yardımı müsabiqələri, o cümlədən vergi güzəştləri onlayn media subyektlərinin  institutsional inkişafını təmin edir. O cümlədən, peşəkar  bacarıqların artırılmasında rol oynayır. Bu cür dəstək proqramlarının nəticəsidir ki, indi Azərbaycanda onlarla onlayn media subyekti fəaliyyət göstərir. Onlar həm Azərbaycan auditoriyasının informasiya təminatında iştirak edirlər, həm də Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyalara çatdırılmasına yardım edirlər. Beynəlxalq auditoriyaya çıxış imkanları baxımından onlayn media subyektlərinin imkanları genişdir. Onların istehsal etdikləri informasiyalar zaman və məkan fərqi tanımadan dünyanın hər yerində əlçatandır. Əlamətdar haldır ki, bu gün Azərbaycanda bir neçə xarici dildə informasiya yayan media subyektləri fəaliyyət qurublar. Bu, ölkəmiz üçün çox vacib məsələdir.

Yekun olaraq, qeyd etmək olar ki, Medianın İnkişafı Agentliyinin fəaliyyəti Azərbaycanda media mühitinin formalaşmasında və inkişafında mühüm rol oynayır. Dövlət tərəfindən yaradılan imkanlar medianın dayanıqlığını təmin etsə də, bu imkanlardan səmərəli istifadə etmək, keyfiyyətli və cəmiyyət üçün faydalı məzmun istehsal etmək birbaşa media qurumlarının məsuliyyətindən asılıdır. Dövlət dəstəyi ilə peşəkarlığın və məsuliyyətin vəhdəti isə sağlam, güclü və etibarlı media mühitinin əsasını təşkil edir",-deyə ekspert qeyd edib.

Hazırladı: Turan Etibaroğlu