Qaynar xətt:

(+99450) 247 90 86

Orban getdi, Peter Madyar gəldi: Macarıstanda yeni hakimiyyət Azərbaycanın maraqlarına necə təsir edəcək?  —  TƏHLİL

Orban getdi, Peter Madyar gəldi: Macarıstanda yeni hakimiyyət Azərbaycanın maraqlarına necə təsir edəcək?  —  TƏHLİL

CƏMİYYƏT

512

14.04.2026, 20:05

Aprelin 12-də Macarıstanda keçirilən parlament seçkilərində müxalif “Tisa” partiyasının qələbəsi və uzun illər hakimiyyətdə olan Viktor Orbanın rəhbərlik etdiyi “Fidesz” partiyasının məğlubiyyəti ölkənin siyasi kursunda mümkün dəyişikliklərlə bağlı müzakirələri gücləndirib. Yeni hakimiyyət fonunda Azərbaycan–Macarıstan münasibətlərinin gələcək perspektivləri də diqqət mərkəzindədir. Bu dəyişikliklər Azərbaycanın milli maraqları, beynəlxalq mövqeyi və strateji tərəfdaşlıqlarının gələcəyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, rəsmi Budapeştin Türk Dövlətləri Təşkilatı ilə münasibətlərinin gələcək istiqaməti də aktuallıq qazanan əsas məsələlərdən biri kimi ön plana çıxır.

Macarıstanda hakimiyyət dəyişikliyi ölkənin xarici siyasət kursunda hansı əsas dəyişikliklərə səbəb ola bilər və bu dəyişikliklər Azərbaycanın milli maraqlarına necə təsir edə bilər? 

Məsələ ilə bağlı Oxu24.com-a danışan millət vəkili Elçin  Mirzəbəyli deyib ki, Macarıstanda baş verən hakimiyyət dəyişikliyi təkcə bir ölkənin daxili siyasi transformasiyası deyil, həm də Avropa məkanında formalaşan yeni geosiyasi konfiqurasiyanın əlamətlərindən biri kimi qiymətləndirilməlidir:

 “Uzun illər ərzində Viktor Orbán rəhbərliyi altında yürüdülən və “suveren realizm” kimi xarakterizə olunan xarici siyasət kursu Macarıstanı Avropa İttifaqı daxilində müstəqil mövqeyə malik aktora çevirmişdi. Bu kursun əsas xüsusiyyəti Brüsselin vahid siyasi xəttindən qismən uzaqlaşaraq milli maraqlara əsaslanan, çoxvektorlu və praqmatik yanaşmanın tətbiqi idi. Yeni hakimiyyətin formalaşdırdığı siyasi xətt isə ilkin siqnallara əsasən daha çox Aİ ilə uzlaşmaya, qərbyönlü inteqrasiyanın dərinləşdirilməsinə və əvvəlki dövrdə müşahidə olunan alternativ geosiyasi balansın yenidən nəzərdən keçirilməsinə istiqamətlənə bilər”.

Millət vəkilinin sözlərinə görə, belə bir dəyişiklik fonunda Azərbaycan üçün əsas məsələ münasibətlərin mahiyyətinin necə transformasiya olunacağı ilə bağlıdır:

“Orbán dövründə Azərbaycan–Macarıstan əlaqələri yalnız iqtisadi və enerji əməkdaşlığı ilə məhdudlaşmır, həm də siyasi yaxınlıq və qarşılıqlı dəstək elementləri ilə zənginləşirdi. Bu münasibətlərdə şəxsi liderlik amili və ideoloji yaxınlıq müəyyən rol oynayırdı. Yeni hakimiyyətin bu modeli eyni şəkildə davam etdirməsi ehtimalı yüksək görünmür, lakin bu, əməkdaşlığın zəifləməsi kimi yox, onun daha çox institusional və funksional müstəviyə keçidi kimi qiymətləndirilməlidir.

Reallıq ondan ibarətdir ki, Macarıstan üçün Azərbaycan enerji təhlükəsizliyi və nəqliyyat-logistika baxımından əhəmiyyətli tərəfdaş olaraq qalır. Avropanın alternativ enerji mənbələrinə çıxış axtarışları fonunda Azərbaycanın rolu dəyişməzdir və bu faktor yeni hakimiyyət üçün də reallıqla uzlaşmayan seçim imkanlarını məhdudlaşdırır. Bu səbəbdən strateji tərəfdaşlığın tam şəkildə dayandırılması və ya radikal şəkildə dəyişdirilməsi real görünmür. Daha çox ehtimal olunan ssenari əməkdaşlığın siyasi ritorikasının zəifləməsi, lakin iqtisadi və enerji əsaslı əlaqələrin davam etməsidir.

Yeni siyasi rəhbərliyin Azərbaycanla münasibətlərdə fərqli yanaşma sərgiləməsi ehtimalı isə daha çox üslub və prioritetlər səviyyəsində özünü göstərə bilər. Əgər Orban dövründə münasibətlər siyasi yaxınlıq və qarşılıqlı dəstək üzərində qurulurdusa, yeni mərhələdə bu əlaqələr daha çox texnokratik, diplomatik çərçivəyə uyğun formada inkişaf edə bilər”.

Millət vəkili Macarıstanın Aİ daxilində mövqeyinin dəyişməsinin Azərbaycanın Avropa ilə münasibətləri baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb:

“Orban dövründə Macarıstan müəyyən mənada Aİ daxilində alternativ mövqelərin ifadə olunduğu platformalardan biri idi və bu, Azərbaycanın Avropa ilə münasibətlərində əlavə manevr imkanları yaradırdı. Yeni hakimiyyətin Brüssel xəttinə daha sıx inteqrasiyası bu manevr imkanlarına təsir göstərə bilər. Bununla belə, digər tərəfdən daha proqnozlaşdırıla bilən və institusional münasibət mühitinin formalaşması ehtimalı daha çoxdur. Digər tərəfdən, seçki prosesində səsləndirilən şüarların reallığa çevriləcəyi və yeni komandanın belə bir istəkdə bulunacağının özü belə müzakirə mövzusudur. Bir qayda olaraq, seçkidə alternativ və təbliğat xarakterli siyasi-ideoloji mülahizələr önə çıxır, dövlət idarəçiliyində isə praqmatik maraqlar. Macarıstanın praqmatik maraqları isə bu ölkənin Azərbaycanla və Türk Dünyası ilə münasibətlərini daha sağlam zəmində saxlamasını zəruri edir. Çünki hazırda Macarıstan üçün Aİ-dən kənarda yeganə alternativ, təhlükəsiz və faydalı əməkdaşlıq formatı var. Bu da Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə və təbii ki, ənənəvi strateji tərəfdaşı olan Azərbaycanla münasibətlərin qorunub saxlanılmasıdır”.

Elçin Mirzəbəylinin fikrincə, Macarıstanda hakimiyyət dəyişikliyi Azərbaycan üçün kəskin risklərdən daha çox yeni şərtlərə uyğunlaşma zərurəti yaradır. Əsas dəyişiklik münasibətlərin mahiyyətində deyil, onların təqdimatında və siyasi çərçivəsində baş verəcək.

Oxu24.com-a danışan millət vəkili Azər Badamov da qeyd edib ki, Macarıstanda keçirilən seçkilərdə Viktor Orbanın məğlub olması və Peter Madyarın hakimiyyətə gəlməsi ölkənin xarici siyasət kursunda müəyyən dəyişikliklərə səbəb ola bilər:

 “İlk növbədə, bu dəyişikliklərin ABŞ və Rusiya ilə münasibətlərdə özünü göstərməsi gözlənilir. Belə ki, Viktor Orban hakimiyyəti dövründə Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara tam şəkildə qoşulmur, həmçinin Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avroluq maliyyə paketinin qəbulunu bloklayırdı.

Yeni formalaşacaq hakimiyyətin isə siyasətini daha çox Avropa İttifaqı ilə uzlaşdıracağı ehtimal olunur. Bu isə Macarıstanın xarici siyasətində daha koordinasiyalı və vahid Avropa mövqeyinə yaxınlaşma ilə nəticələnə bilər”.

Millət vəkili vurğulayıb ki, Viktor Orbanın rəhbərliyi dövründə Azərbaycan–Macarıstan münasibətləri də yüksək səviyyəyə çatmışdır:

“Hazırda yeni hakimiyyətin Azərbaycanla münasibətlərə necə yanaşacağı müəyyən qədər sual doğurur. Lakin hesab edirəm ki, Peter Madyar da Azərbaycanla əməkdaşlığın davam etdirilməsində maraqlı olacaqdır. Bunun əsas səbəbi Azərbaycanın mühüm neft-qaz ixrac edən ölkə olması və Avropa İttifaqının enerji təhlükəsizliyində əhəmiyyətli rol oynamasıdır.

Bu gün Avropa ölkələri enerji təminatının şaxələndirilməsinə xüsusi önəm verir və Azərbaycan bu baxımdan etibarlı tərəfdaş kimi çıxış edir. Ona görə də Macarıstanın yeni rəhbərliyinin də Azərbaycanla enerji və iqtisadi sahələrdə əməkdaşlığın inkişafını prioritet istiqamətlərdən biri kimi saxlayacağı gözləniləndir.

Digər tərəfdən, macar xalqının tarixi kökləri və türk dünyası ilə bağlılığı da nəzərə alınmalıdır. Bu amil Macarıstanın Türk Dövlətləri Təşkilatı ilə qurduğu əməkdaşlıq əlaqələrinin davam etdirilməsinə və daha da genişləndirilməsinə stimul verə bilər”.

Millət vəkili hesab edir ki, Azərbaycan ilə Macarıstan arasında mövcud əməkdaşlıq qarşılıqlı maraqlara əsaslandığı üçün yeni siyasi şəraitdə də davam edəcək və münasibətlərdə hər hansı ciddi mənfi dəyişiklik gözlənilmir.

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq azərbaycançılıq ideyasının təbliği" mövzusunda hazırlanıb.