Qaynar xətt:

(+99450) 247 90 86

31 yaşlı Konstitusiyamız: Orada nə yazılıb? — TƏHLİL

31 yaşlı Konstitusiyamız: Orada nə yazılıb?  —  TƏHLİL

CƏMİYYƏT

132

12.11.2026, 10:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın dövlətçilik yolunda 31 illik hüquqi imza Təhlil

Konstitusiya hər bir dövlətin yalnız hüquqi əsaslarını müəyyən edən sənəd deyil, həm də onun siyasi fəlsəfəsini, dövlətçilik ənənələrini və gələcəyə baxışını özündə əks etdirən fundamental aktdır. Dövlət hakimiyyətinin sərhədləri, vətəndaşların hüquq və azadlıqları, cəmiyyətin idarə olunma prinsipləri məhz bu sənəddə öz hüquqi ifadəsini tapır. Təsadüfi deyil ki, dünya tarixində mühüm siyasi dəyişikliklər yaşayan bir çox ölkələr yeni dövlətçilik mərhələsinə məhz konstitusiya islahatları və ya yeni əsas qanunun qəbulu ilə qədəm qoyublar.

Almaniyanın İkinci Dünya müharibəsindən sonra 1949-cu ildə qəbul etdiyi Əsas Qanun insan ləyaqətini dövlətin ali dəyəri kimi ön plana çəkərək demokratik hüquqi dövlət quruculuğunun təməlini formalaşdırdı. Yaponiyada isə 1947-ci ildə qüvvəyə minən yeni Konstitusiya xalq suverenliyi, fundamental insan hüquqları və hakimiyyət bölgüsü prinsiplərini dövlət idarəçiliyinin əsasına çevirdi. Bu nümunələr göstərir ki, Konstitusiya yalnız mövcud siyasi reallıqları təsbit etmir, eyni zamanda cəmiyyətin gələcək inkişafı üçün hüquqi istiqamət müəyyənləşdirir.

Azərbaycan üçün də 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya məhz belə tarixi əhəmiyyət daşıyırdı. Müstəqilliyini yenidən bərpa etmiş, mürəkkəb siyasi və sosial-iqtisadi proseslərdən keçən ölkəmiz üçün Əsas Qanunun qəbulu yeni dövlətçilik sisteminin hüquqi təməlinin yaradılması demək idi. Bu sənəd Azərbaycanın suverenliyini, xalq hakimiyyətini, insan hüquq və azadlıqlarını, hakimiyyət bölgüsü prinsipini təsbit etməklə müstəqil dövlət quruculuğunun əsas istiqamətlərini müəyyənləşdirdi.

Bu barədə Oxu24.com-a danışan Millət vəkili Elnarə Akimova bildirib ki, 1995-ci il Konstitusiyası müstəqil Azərbaycanın dövlətçilik tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu. Onun sözlərinə görə, bu  sənəd həm də xalqımızın müstəqillik iradəsini, milli suverenliyini, hüquq və azadlıqlarını özündə ehtiva edən fundamental dövlətçilik aktına çevrildi:

“Əslində, 1995-ci il Konstitusiyasının qəbulunu Azərbaycanın müstəqillik tarixində mühüm siyasi və hüquqi hadisə olmaqla yanaşı, uzun illər ərzində formalaşan dövlətçilik düşüncəsinin məntiqi nəticəsi kimi də qiymətləndirmək lazımdır.

Bu məqamda Heydər Əliyevin hələ sovet dövründə həyata keçirdiyi siyasi fəaliyyəti və milli dövlətçilik maraqlarının qorunması istiqamətində atdığı addımları xüsusi vurğulamaq istərdim. Çünki onun konstitusiya quruculuğu sahəsindəki fəaliyyəti müstəqillik illəri ilə məhdudlaşmırdı. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra müttəfiq respublikaların da əsas qanunları yenilənirdi. Həmin prosesdə Azərbaycan SSR-in yeni Konstitusiyasının hazırlanması zamanı ana dilimizin dövlət dili statusunun qorunması məsələsi xüsusi əhəmiyyət daşıyırdı.

1978-ci il aprelin 2-də Azərbaycan SSR Ali Sovetinin sessiyasında Heydər Əliyevin təklifi ilə Konstitusiyanın 73-cü maddəsinə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəası daxil edildi. Aprelin 21-də qəbul olunan Konstitusiyada bu müddəanın təsbit edilməsi ana dilimizin hüquqi statusunun qorunması baxımından tarixi hadisə idi. Həmin dövrdə dövlət dili ilə bağlı müddəalar Ermənistan və Gürcüstan SSR konstitusiyalarında da mövcud idi. O da SSRİ rəhbərliyində təmsil olunan Stalin və Mikoyanın hesabına. Lakin Azərbaycan dilinin dövlət dili kimi konstitusion təminatının qorunmasında Heydər Əliyevin qətiyyətli mövqeyi və siyasi iradəsi xüsusi rol oynadı. Bu addım sovet ideologiyasının hökm sürdüyü bir şəraitdə milli kimliyimizin, dilimizin və dövlətçilik düşüncəmizin müdafiəsi baxımından böyük əhəmiyyət daşıyırdı”.

Millət vəkili xatırladıb ki, Heydər Əliyevin 1978-ci ildə ortaya qoyduğu siyasi iradə ilə 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasının hazırlanmasına rəhbərlik etməsi arasında dərin tarixi bağlılıq var:

“Təbii ki, 1978-ci il Azərbaycan SSR Konstitusiyasını müstəqil Azərbaycanın gələcək Konstitusiyası ilə eyniləşdirmək doğru olmazdı. Ancaq həmin dövrdə milli maraqların qorunması, ana dilimizin dövlət dili statusunun təsbit edilməsi və respublikanın hüquqi-siyasi imkanlarının genişləndirilməsi istiqamətində atılan addımları müstəqil dövlət quruculuğunun mühüm ideya və siyasi zəminlərindən biri hesab etmək olar. Bu mənada Heydər Əliyevin müstəqil Azərbaycanın Konstitusiyasının hazırlanmasına rəhbərlik etməsi onun uzun illər ərzində formalaşdırdığı dövlətçilik strategiyasının davamı idi.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya müstəqil Azərbaycanın dövlət quruculuğunda fundamental dəyişikliklərə yol açdı. İlk növbədə, xalq dövlət hakimiyyətinin yeganə mənbəyi elan edildi, hakimiyyətin qanunverici, icra və məhkəmə qollarına bölünməsi prinsipi təsbit olundu. Azərbaycan demokratik, hüquqi, dünyəvi və unitar dövlət kimi müəyyənləşdirildi. İnsan və vətəndaş hüquq və azadlıqları dövlətin ali məqsədi səviyyəsinə qaldırıldı. Mülkiyyət hüququ, sahibkarlıq azadlığı, siyasi plüralizm və vətəndaş cəmiyyətinin inkişafı üçün hüquqi təminatlar yaradıldı. Bununla da müstəqil dövlətin idarəçilik sistemi, milli qanunvericilik bazası və hüquqi institutlarının formalaşdırılması üçün vahid təməl meydana gəldi”.

Elnarə Akimova əlavə edib ki, ötən 31 ildə Konstitusiyanın ölkəmizin siyasi, hüquqi və sosial inkişafına təsiri çoxşaxəli olub:

“Bu müddətdə dövlət idarəçiliyinin hüquqi mexanizmləri təkmilləşdirilib, məhkəmə-hüquq sistemi yenilənib, Konstitusiya Məhkəməsi və digər hüquqi institutlar fəaliyyətə başlayıb. 2002, 2009 və 2016-cı illərdə keçirilən referendumlar nəticəsində Əsas Qanuna əlavə və dəyişikliklər edilib. Bu dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsi, hüquq və azadlıqların təminatı mexanizmlərinin genişləndirilməsi və ölkənin dəyişən ictimai-siyasi reallıqlara uyğun inkişafı baxımından əhəmiyyət daşıyıb.

Konstitusiyanın sosial mahiyyəti də xüsusi qeyd olunmalıdır. Əsas Qanunda insanın, onun hüquq və azadlıqlarının, layiqli həyat şəraitinin təmin edilməsi dövlətin ali məqsədi kimi müəyyənləşdirilib. Təhsil, səhiyyə, əmək, sosial təminat, mənzil və digər sahələrdə vətəndaşların hüquqlarının təsbit olunması sosial dövlət quruculuğunun hüquqi əsaslarını yaradıb. Əlbəttə, konstitusion hüquqların real həyatda təmin edilməsi davamlı dövlət siyasəti, səmərəli idarəçilik və işlək hüquqi mexanizmlər tələb edir. Bu baxımdan Konstitusiya həm hüquqi təminat sənədi, həm də dövlətin üzərinə mühüm məsuliyyət qoyan əsas qanundur.

Bu gün Konstitusiyamızın əhəmiyyətinə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa edildiyi yeni tarixi reallıq kontekstində də yanaşırıq. Uzun illər işğal altında qalmış torpaqlarımızın azad edilməsi, həmin ərazilərdə dövlət idarəçiliyinin bərpası, hüquqi məkanımızın bütün ölkə ərazisində təmin olunması Əsas Qanunun dövlət müstəqilliyi və suverenlik prinsiplərini daha da aktuallaşdırıb. Artıq Konstitusiyamızın hüquqi qüvvəsi ölkəmizin bütün ərazisində tam təmin olunur. Bu, dövlətçilik tariximizin mühüm nəticələrindən biridir”.

Elnarə Akimovanın fikrincə, 1995-ci il Konstitusiyasının ötən 31 ildəki rolunu yalnız qəbul edildiyi dövrün hadisəsi kimi qiymətləndirmək düzgün olmazdı:

“O, müstəqil Azərbaycanın siyasi sisteminin, hüquqi dövlət quruculuğunun, vətəndaş hüquq və azadlıqlarının və sosial inkişafının əsas dayaqlarından birinə çevrilib. Ən əsası isə, bu Konstitusiya Heydər Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin hüquqi təməlini formalaşdıraraq gələcək nəsillər üçün dövlətçilik irsi yaradıb. Bu gün qarşıda duran əsas vəzifə həmin hüquqi irsi qorumaq, Konstitusiyanın prinsiplərinin həyatın bütün sahələrində ardıcıl və səmərəli şəkildə həyata keçirilməsini təmin etməkdir”.

Millət vəkili Bəhruz Məhərrəmov Oxu24.com-a açıqlamasında deyib ki, Respublikasının Konstitusiyasının qəbul edilməsi müstəqil dövlətçilik tarixinin ən parlaq və həlledici mərhələlərindən biridir:

“1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunmuş ilk Konstitusiya hüquqi dövlət quruculuğunun təməlini qoymuş, cəmiyyətin siyasi, iqtisadi və sosial həyatını demokratik prinsiplər əsasında yenidən tənzimləmişdir.

Məlumdur ki, müasir dövrün qlobal çağırışları və yeni geosiyasi reallıqlar fonunda ölkə Konstitusiyasının ümumi ruhu insan hüquqlarının ali dəyər kimi qorunmasına əsaslanır. İnsan və vətəndaş hüquqlarının aliliyi dövlətin ali məqsədini müəyyən edir. Rəqəmsallaşma, süni intellekt və informasiya təhlükəsizliyi dövründə fərdi məlumatların qorunması, ifadə azadlığı və informasiya əldə etmək hüquqları bu çərçivədə yeni məzmun qazanır. Hakimiyyət bölgüsü və balans prinsipi isə qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin səlahiyyətlərinin dəqiq bölgüsü vasitəsilə dövlət idarəçiliyinin səmərəliliyini təmin edir”.

Millət vəkilinin sözlərinə görə, ötən 31 il ərzində Konstitusiya yalnız hüquqi sənəd olaraq qalmamış, həm də ölkənin modernləşməsinin bələdçisi olmuşdur:

“Hakimiyyət münasibətlərini hüquqi müstəvidə tənzimləyərək ölkədə davamlı siyasi sabitliyin təmin olunmasında əsas rol oynamışdır. Konstitusiya müddəalarına uyğun olaraq yüzlərlə qanun, o cümlədən mütərəqqi Mülki, Cinayət, İnzibati Xətalar məcəllələri qəbul edilmiş, məhkəmə-hüquq sistemində pozitiv bə nəticəyönümlü  islahatlar keçirilmiş və proses bu gün də davam etməkdədir. Ulu Öndərin xüsusi ilə diqqətlə yanaşdığı  mülkiyyət hüququnun toxunulmazlığı və azad sahibkarlıq mühitinin konstitusion təminatı ölkə iqtisadiyyatının inkişafına və xarici investisiyaların qorunmasına güclü təkan vermişdir. Məhz qeyd olunan addımların məntiqi davamı kimi son illərdə ölkədə hüquq və azadlıqların təmin edilməsi istiqamətində əhəmiyyətli müsbət tendensiyalar müşahidə olunur. "ASAN xidmət" və digər elektron hökumət platformalarının tətbiqi vətəndaşların dövlət qurumları ilə münasibətlərində sürəti, şəffaflığı və korrupsiya hallarının aradan qaldırılmasını təmin edərək inzibati hüquqların reallaşmasını xeyli asanlaşdırmışdır. Məhkəmə sisteminin müasirləşdirilməsi, hakimlər korpusunun şəffaf üsullarla yenilənməsi və elektron məhkəmə sisteminin genişlənməsi ədalət mühakiməsinə əlçatanlığı artırmış, eyni zamanda vətəndaşların sosial hüquqlarının qorunması məqsədilə mərkəzləşdirilmiş elektron sosial ödəniş sistemləri qurulmuşdur”.

Millət vəkili əlavə edib ki, hüquqi dövlət quruculuğu fasiləsiz prosesdir və bu mənada  vətəndaşların gündəlik həyatında hüquq və azadlıqların daha səmərəli təmin olunması üçün hüquqi maarifləndirməyə xüsusi diqqətin artırılması dövlətin prioritetlərindədir:

“Çünki haqlı olaraq hesab edilir ki, vətəndaşların öz hüquq və vəzifələrini dərindən bilməsi, hüquqi yardıma əlçatanlığın sadələşdirilməsi cəmiyyətdə hüquq mədəniyyətini gücləndirəcəkdir. Bundan başqa, hər bir vətəndaşın sosial-iqtisadi hüquqlardan bərabər səviyyədə yararlanması və rəqəmsal mühitdə fərdi məlumatların qorunması sahəsində hüquqi tənzimləmələrin təkmilləşdirilməsi əsas prioritetlər sırasında qalır. Proseslərin gedişi isə göstərməkdədir ki,Azərbaycan Konstitusiyası xalqımızın iradəsinin və demokratik dəyərlərə sadiqliyinin əsas manifesti kimi ölkəmizin inkişaf yolunu işıqlandırmağa davam edir”.

Mehin Mehmanqızı

Qeyd: Məqalə Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusunda hazırlanıb.