Qaynar xətt:

(+99450) 247 90 86

Görünən müharibə, gizli oyunlar: kim qazanır, kim uduzur?  

Görünən müharibə, gizli oyunlar: kim qazanır, kim uduzur?  

CƏMİYYƏT

110

27.03.2026, 19:08

ABŞ–İsrail–İran müharibəsi: qlobal sistem böhranı və yeni güc balansının formalaşması

ABŞ–İsrail–İran qarşıdurması artıq qlobal miqyasda sistem böhranı yaradan çoxsəviyyəli geosiyasi proses kimi dəyərləndirilməlidir. Bu müharibə yalnız Yaxın Şərqin təhlükəsizlik arxitekturasını sarsıtmır, eyni zamanda dünya iqtisadiyyatının dayanıqlığına, enerji təhlükəsizliyinə və beynəlxalq münasibətlər sisteminin əsas prinsiplərinə ciddi təsir göstərir. Mövcud dinamika onu deməyə əsas verir ki, bu qarşıdurma qısa müddətli deyil və uzandıqca daha geniş coğrafiyaları və aktorları öz təsir dairəsinə çəkəcək.

Qlobal iqtisadiyyat və enerji təhlükəsizliyi: domino effekti

Münaqişənin ən həssas təsir istiqamətlərindən biri enerji bazarlarıdır. Yaxın Şərq dünyanın əsas enerji arteriyalarından biri olmaqla yanaşı, qlobal neft və qaz tədarükünün mühüm hissəsini təmin edir. Bu regionda hərbi eskalasiyanın artması, xüsusilə strateji nəqliyyat marşrutlarının risk altına düşməsi dünya bazarlarında qiymətlərin kəskin artmasına səbəb olur. Nəticədə enerji idxalından asılı olan ölkələr, xüsusilə Avropa dövlətləri və Asiya iqtisadiyyatları ciddi iqtisadi təzyiqlə üzləşir.

Enerji qiymətlərindəki artım təkcə yanacaq sektoruna təsir etmir. Bu proses istehsal xərclərinin yüksəlməsinə, logistika və daşınma zəncirlərinin pozulmasına, nəticə etibarilə isə qlobal inflyasiyanın sürətlənməsinə gətirib çıxarır. Beləliklə, müharibə qlobal iqtisadi sistemdə “domino effekti” yaradır. Belə ki, enerji böhranı, istehsalın azalmasına, təchizat zəncirinin qırılmasına, inflyasiyaya və buda öz növbəsində ölkələrdə sosial-iqtisadi gərginliyə səbəb olur.

Geosiyasi transformasiya: güc mərkəzlərinin yenidən bölgüsü

Münaqişənin uzanması beynəlxalq münasibətlər sistemində güc balansının dəyişməsini sürətləndirir. Ənənəvi olaraq qlobal nizamın əsas sütunları hesab edilən Qərb institutları və alyansları bu prosesdə ciddi sınaqla üzləşir. ABŞ-ın eyni anda bir neçə istiqamətdə, həm Yaxın Şərqdə, həm də digər regionlarda aktiv iştirak etməsi onun resurslarının parçalanmasına və strateji fokusunun zəifləməsinə səbəb olur.

Bu vəziyyət isə alternativ güc mərkəzləri üçün yeni imkanlar yaradır. Xüsusilə Çin və Rusiya kimi aktorlar mövcud böhrandan maksimum faydalanmağa çalışırlar. Bu ölkələr üçün münaqişə yalnız risk deyil, həm də qlobal təsir imkanlarını genişləndirmək üçün bir platformadır.

Çin: iqtisadi təzyiq altında strateji yüksəliş

Çin üçün bu münaqişə ziddiyyətli nəticələr doğurur. Pekin Yaxın Şərqdən enerji idxalına yüksək səviyyədə bağlıdır və regionda qeyri-sabitlik onun iqtisadi maraqlarına birbaşa təsir edir. Bununla belə, münaqişənin uzanması Çinə bir sıra strateji üstünlüklər qazandırır.

Birincisi, Qərb dünyasında, xüsusilə NATO daxilində fikir ayrılıqlarının artması Pekinin maraqlarına uyğundur. Qərbin vahid mövqedən çıxış edə bilməməsi onun qlobal təsir imkanlarını zəiflədir və bu boşluğu Çin doldurmağa çalışır. 

İkincisi, ABŞ-ın diqqətinin Yaxın Şərqə yönəlməsi Pekinə digər istiqamətlərdə, xüsusilə Tayvan məsələsində daha sərbəst hərəkət imkanı verir.

Üçüncüsü, bu münaqişə Çin üçün hərbi və strateji baxımdan mühüm təcrübə platforması rolunu oynayır. Müasir müharibə texnologiyaları, asimmetrik taktika və enerji təhlükəsizliyi məsələləri Pekin tərəfindən diqqətlə analiz olunur. 

Nəhayət, Çin bu vəziyyətdən istifadə edərək milli valyutası yuanın  beynəlxalq ticarətdə rolunu artırmağa çalışır. Enerji alışlarında alternativ valyuta mexanizmlərinin tətbiqi bu istiqamətdə mühüm addımlardan hesab olunur.

Rusiya: böhrandan geosiyasi dividendlər

Rusiya üçün isə bu münaqişə daha açıq şəkildə strateji fürsətlər yaradır. Ən vacib məqamlardan biri Rusiya-Ukrayna müharibəsi mövzusunun qlobal gündəmdə arxa plana keçməsidir. Bu, Moskvaya həm hərbi, həm də siyasi baxımdan manevr imkanları qazandırır.

Enerji bazarlarında qiymətlərin artması Rusiyanın iqtisadi maraqlarına xidmət edir. Sanksiyalar altında fəaliyyət göstərən Moskva üçün yüksək enerji qiymətləri büdcə gəlirlərinin artmasına və iqtisadi dayanıqlığın qorunmasına şərait yaradır. Bundan əlavə, Avropanın alternativ enerji mənbələri axtarışı bəzən dolayı yollarla Rusiya ilə əməkdaşlıq imkanlarını da gündəmə gətirir.

Rusiya eyni zamanda bu münaqişədən Qərb daxilində parçalanmanı dərinləşdirmək üçün istifadə edir. NATO və Avropa İttifaqı daxilində fərqli yanaşmaların ortaya çıxması Kremlin strateji hədəflərinə uyğundur. Moskva paralel olaraq həm İran, həm də digər aktorlarla münasibətləri balanslaşdıraraq çoxşaxəli diplomatik oyun aparır.

Avropa və qlobal sistem: əsas itirən tərəflər

Bu münaqişənin ən böyük itirənlərindən biri Avropadır. Enerji asılılığı, iqtisadi zəiflik və təhlükəsizlik riskləri Avropa dövlətlərini çətin vəziyyətə salır. Eyni zamanda, qlobal iqtisadi sistem də bu qarşıdurmadan ciddi zərər görür. İnflyasiyanın artması, iqtisadi artımın zəifləməsi və ticarət əlaqələrinin pozulması dünya iqtisadiyyatını qeyri-sabit vəziyyətə gətirir.

ABŞ–İsrail–İran müharibəsi klassik müharibə anlayışından fərqli olaraq, daha geniş miqyaslı transformasiya prosesinin tərkib hissəsidir. Bu qarşıdurma qlobal güc balansının yenidən formalaşmasına, yeni geosiyasi reallıqların yaranmasına və beynəlxalq münasibətlər sisteminin dəyişməsinə səbəb olur.

Uzunmüddətli perspektivdə bu müharibənin əsas nəticəsi ənənəvi güc mərkəzlərinin nisbi zəifləməsi və yeni aktorların, xüsusilə Çinin daha güclü mövqe qazanması olacaq. Lakin bu proses eyni zamanda qlobal qeyri-sabitliyin artması, regional münaqişələrin genişlənməsi və beynəlxalq təhlükəsizlik mühitinin daha da mürəkkəbləşməsi ilə müşayiət olunacaq.

Beləliklə, baş verənlər təkcə bir müharibə deyil, həm də XXI əsrin yeni dünya düzəninin formalaşmasında həlledici mərhələ kimi qiymətləndirilməlidir.ölkə.az