İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi
06 Mart 2026, 18:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
96
06.03.2026, 12:38
AYB-nin üzvü,şair Şəmsi Vəfadar YAZIR
1989-cu ilin payızı idi. M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunda təhsil alırdım. İnstitutun nəşri olan “Ruskiy yazık – Rus dili” qəzetinin redaktoru Emil Məmmədov sözün həqiqi mənasında əlimdən tutub o zamankı Azərbaycan SSR Elmlər Akademiyasına – “Elm” qəzetinin redaktoru, tarixçi alim, yazıçı Aydın Səlimzadənin yanına gətirdi. O, bizi tanış etdi və məni qəzetin redaksiyasında işə qəbul etməyi Aydına tövsiyə etdi. Qısa söhbətdən sonra Aydın Səlimzadə məni məsul katib ştatına işə götürdü.
Qəzet həftədə 1 dəfə Azərbaycan və rus dillərində nəşr olunurdu. “Elm” qəzetinin çox mehriban və qayğıkeş kollektivi var idi. Özümü çox xoşbəxt hiss edirdim. Mən burada Mehman Cavadoğlu, onun həyat yoldaşı Lətifə Məmmədova, Mahir Qarayev, Pyotr Lyukimson, Dilqəm Ağayev, Nəsib Nəsibzadə, Ədalət Tahirzadə, Zəminə Hacıyeva, Ramiz Əsgər, Arif Əmrahoğlu, Abid Tahirli və digər qələm adamları ilə tanış oldum. Onlar hər biri mənə həqiqi mənada ustadlıq edir, jurnalistikanı və qəzetçiliyin sirrlərini öyrədirdilər.
Sonralar Elmlər Akademiyasının geniş və füsünkar dəhlizlərində akademiklər Eldar Salayevi, Ziya Bünyadovu, Cəlal Əliyevi, İmam Mustafayevi, Budaq Budaqovu, Aslan Aslanovu, Bəxtiyar Vahabzadəni, Püstəxanım Əzizbəyovanı, Fərəməz Maqsudovu, Yaşar Qarayevi, Mahmud İsmayılov, Bəkir Nəbiyevi canlı görəndə fəxarət hissi keçirirdim. Belə möhtəşəm insanlarla bir binada işlədiyim üçün qürurlanırdım.
Həmçinin oxuyun
Bütün bunların hamısının səbəbkarı əlbəttə Aydın Səlimzadə idi. Bir müddət sonra 1991-ci ilin yayında yenicə nəşrə başlamış “Ədalət” qəzetinə, daha sonra isə “Müxalifət” qəzetinə işləməyə getdim. Mənim xahişimlə Aydın Səlimzadə əvvəllər mənim işlədiyim məsul katib vəzifəsinə Səyyad Aranı işə götürdü. Aydın Səlimzadə ilə münasibətlərimiz artıq dostluğa çevrilmişdi. Demək olar ki, həftənin bütün günləri işdən çıxan kimi yenə keçmiş Kommunist, indiki İstiqlaliyyət küçəsində yerləşən Elmlər Akademiyasının Rəyasət Heyətinə - Aydının yanına tələsirdim. Əlyazmalar İnstitutunun zirzəmisində yerləşən öz aramızda “Dovğa” adı verdiyimiz adsız yeməkxanaya – Həsənin yanına yığışıb yeyib-içib başımızı qatırdıq.
1995-ci il idi. Adəti üzrə yenə “Dovğa”ya toplaşmışdıq, Aydının sonuncu ad gününü birlikdə qeyd edirdik. Amma, bu toplaşdığımız Aydının axırıncı ad günü olduğunu Allahdan başqa heç kəs bilmirdi. Mahir Qarayev, Pyotr Lyukimson, Ağabəy Əsgərov,Dilqəm Ağayev, Nadir Cabbarlı, Paşa Əlioğlu, Zəminə Hacıyeva... ola bilər başqa kimlərsə də yenə həmin məclisdə olub, amma mən unutmuşam.
Təxminən saat 9-a qədər birlikdə olduq. Tədbirin sonuna yaxın Aydın qulağıma pıçıldadı ki, onun ad gününü davam etdirmək üçün onlara gedək, qonaqları olacaq. (Aydına bir neçə ay öncə Yazıçılar Birliyindən, geniş mənzil vermişdilər). Elə də oldu. Taksiyə əyləşdik. Mən qabağda, Aydın isə həmişəki kimi arxada əyləşdi. Yolüstü olan dükanların birindən bir neçə lazım olan şeyləri aldıq və Aydıngilə getdik. Həyat yoldaşı Rübabə xanım bizi adəti üzrə gülərüzlə qarşıladı. Çiçəyə bənzəyən Ayaz və Aygün atalarının qabağına qaçıb ona sırmaşdılar və ad gününü təbrik etdilər. Qonşuları Umud Rəhimoğlu, Nadir Cabbarlı, Taleh Həmid, Musa Yaqub da ad gününü davam etdirmək üçün onlara gəldilər.
Məclisin şirin yerində qapı döyüldü. Məlum oldu ki, bir qədər əvvəl bizi gətirən taksi sürücüsüdür gələn. O, Aydının taksidə “unudub” qoyduğu paltosunu gətirmişdi. Parçasının üstü xırda damalarla dolu, iri düyməli, paqonlu - Aydının bütün dostlarına tanış olan bozumtul rəngli palto... Aydın sonra gülərək əhvalatı belə nağıl edirdi ki, sən demə həmin paltonu O, Moskvada aspiranturada oxuduğu illərdə alıbmış. Söyləyirdi ki, həmin palto çoxlu sayda acılı-şirinli günlərinin, unudulmaz xatirələrinin şahidi olub. Amma artıq köhnəlib, nimdaşlaşmışdı. Qollarının ağzı və dirsəkləri geyinilməkdən süzülmüş, rəngi havanın, qarın, yağışın təsirindən dəyişmişdi. Aydın deyirdi ki, mən onu zibilliyə ata bilməzdim. Sən demə məhz elə bu səbəbdən Aydın özü paltonu planlı şəkildə taksidə “unudubmuş”. Taksi sürücüsü isə bizi mənzil başına çatdırdıqdan az sonra arxa oturacağın üstündə palto qaldığını görür və dərhal geri qayıdır. Binanın həyətində paltonu kiməsə göstərib. Qonşulardan hansısa Aydının paltosu olduğunu tanıyıb və onun evini nişan verib. Nə isə... Beləliklə, Aydın şirinlik verib taksi sürücüsünü yola saldı və bizə söz verdi ki, paltonu ömürlük qoruyub saxlayacaq.
Qəribəsi o idi ki, Aydının başqa üst geyimləri də var idi. Amma nədənsə O, bu nimdaş paltodan əl çəkmək istəmirdi.
Aydın söhbətləri zamanı tez-tez təkrar edirdi ki, alçaqlığı görüb susmaq da elə alçaqlıqdı... Tanıyanlar tərəfindən onu asanlıqla unutmaq, xatirəsini yad etməmək insanlıq əlaməti sayıla bilməz. Bəlkə də Aydın Səlimzadə çoxlarından fərqli olaraq insana necə pislik etmək olar sualına cavab verə bilməzdi. Ona görə ki, onun ruhunda, xislətində bu cür çirkin şeylər bir zərrə belə yer almamışdı.
1995-ci ilin martın 9-da 42 yaşında işıqlı insan, nur parçası Aydın Səlimzadəni itirdik. O, dünyasını dəyişdi, bizi qoyub əbədiyyətə, haqqın dərgahına qovuşdu. Aydının rəhmətə getməsindən 31 il ötür. Amma elə bil ki, bütün hadisələr dünən baş verib. Bu gün kimi hər şey yadımdadı. Mahir Qarayev səhər saatlarında zəng edib Aydının başına gələni mənə xəbər vermişdi. Akademik Aslan Aslanov, yazıçı Mahir Qarayev və mən birlikdə İsmayıllıya Aydının dəfn mərasiminə getdik. Yolboyu özümdən asılı olmadan ağladım. Həm gedəndə, həm gələndə... Aydın dostlarımdan birinci itirdiyim oldu... Onda Ramazan ayı idi, yenə Ramazan ayıdır. Aydın İsmayıllıda ata ocağında, anadan olduğu yurdda haqqa qovuşmuşdu. Ölümündən iki gün əvvəl gəlmişdi yanıma. O zaman mən “Mühakimə” qəzetində redaktor işləyirdim. Yanıma gələnlərdən kimisə yola salırdım. Gördüm ki, əllərini arxasında çarpazlaşdırıb sakit tərzdə qəbul otağında divara söykənib. Məni görən kimi üzü gülümsəyib zarafatla dedi ki, köməkçilərin məni sənin yanına buraxmırlar. Otağa dəvət etsəm də, tələsdiyini, rayona gedəcəyini söylədi. Əlimi cibimə salıb sayını bilmədiyim qədər, bir xışma cibinə pul basdım. Mənə tərəf əyilib pıçıldadı: “Nə vaxt qaytaracam?” Boynunu qucaqlayıb üzündən öpüb “Heç vaxt, qaytarma...” dedim. Bağrıma basıb yola saldım. Onu bayırda kimlərsə gözləyirdi. Bu mənim Aydınla sonuncu görüşüm oldu.
Aydının həyat yoldaşı Rübabə xanım bir neçə gün öncə telefon söhbəti zamanı mənə dedi ki, mən yenə O, Aydınlı günlərdə, illərdə qalmışam... Hər gün onunla danışıram, məsləhətləşirəm, dərdləşirəm...
Aydın Səlimzadə ilə bağlı çoxlu sayda rəngarəng xatirələrim var. Düşünürəm ki, Allah nəsib etsə yaxın gələcəkdə Aydın haqqında bir kitab yazım. Aydın Səlimzadənin xatirəsi hər cür hörmətə, izzətə layiqdir. Aydından söhbət düşəndə, onun barəsində həmişə bir şeyi düşünmüşəm. Əgər həqiqətən cənnət, cəhənnəm məfhumu mövcuddursa, varsa demək Aydın cənnətdədir. Əminəm ki, onun ruhu mələyə dönüb, cənnətdə uçur... Budaqdan budağa, çiçəkdən çiçəyə qonur...
Yerin behişt olsun, məzarın nurlu olsun, əziz Aydın. Görəsən bilirmisən ki, sən bizi necə, çox bir ağır dərdə salmısan, düçar etmisən – sənsizliyə...
Allah sənə rəhmət eləsin!

Şəmsi Vəfadar
18:16 / 06 Mart 2026
5
18:09 / 06 Mart 2026
33
17:59 / 06 Mart 2026
126
17:50 / 06 Mart 2026
142
17:41 / 06 Mart 2026
319
17:15 / 06 Mart 2026
266
17:09 / 06 Mart 2026
247
17:01 / 06 Mart 2026
100
16:58 / 06 Mart 2026
52
16:55 / 06 Mart 2026
42
16:50 / 06 Mart 2026
55
16:47 / 06 Mart 2026
755
16:25 / 06 Mart 2026
145
16:13 / 06 Mart 2026
481
16:07 / 06 Mart 2026
50
16:04 / 06 Mart 2026
354
15:57 / 06 Mart 2026
480
15:50 / 06 Mart 2026
66
15:45 / 06 Mart 2026
191
15:43 / 06 Mart 2026
54
15:36 / 06 Mart 2026
87
15:34 / 06 Mart 2026
147
15:26 / 06 Mart 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.