Pensiyalar nə qədər artırılacaq? - Millət vəkili
05 Dekabr 2025, 11:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
528
21.11.2025, 10:27
2026-cı ilin dövlət büdcəsində Azərbaycan kinosu üçün heç bir vəsait ayrılmayıb. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib ki, Maliyyə Nazirliyinin nümayəndələri bunu izah etməlidir.
Qeyd edək ki, 2026-cı ildə dövlət büdcəsində kinoya vəsait ayrılmamasını həm millət vəkilləri, həm də kino ictiamiyyəti birmənalı qarşılamayıb, daha çox tənqid ediblər.
Maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatların suallarına aydınlıq gətirərək bildirib ki, 2025-ci ildə Azərbaycan Kino Agentliyinə 8,5 milyon manat vəsait ayrılıb. “Artıq 11-ci aydır, indiyədək həmin vəsaitin 41 %-i, yəni 3,5 milyon manatı istifadə olunub. Hələ 5 milyon manat istifadə olunmamış qalıq var. 2025-ci ilin əvvəlinə həmin qurumun 11,5 milyon manat istifadə olunmamış vəsaiti var. 2026-cı il üçün sifarişlər 12 milyon manatdır. Həmin qurumun əlində olan vəsaitlərin növbəti il üçün xərclərini ödəyəcəyini düşünürük”.
Nazir müavini həmçinin xatırladıb ki, film istehsalı və dublyaj gəlirləri 90% mənfəət vergisindən azaddır. Kino sahəsində torpaq və əmlak vergisi cari ildən etibarən 5 il müddətinə tətbiq olunmur. Müəllif hüquqları üzrə ödənilən royalti vergisinə güzəşt tətbiq olunur. Film nümayişi üçün “kəşbək” mexanizmi də mövcuddur.
Kino Agentliyi 2025-ci ildə ayrılan vəsaiti hansı səbəbdən tam xərcləməyib?
Xəyalə Rəis: “Kino sahəsinə ayrılan büdcənin böyük hissəsi illərlə istifadəsiz qalırsa, burada ciddi idarəetmə problemi var deməkdir”
Oxu24.com xəbər verir ki,sənətşünas, Xpress.az saytının baş redaktoru Xəyalə Rəis “Bakı-Xəbər”ə bildirdi ki, bir çox ölkələr üçün kino həm mədəniyyət, həm iqtisadiyyat, həm də milli brend siyasətinin göstəricisidir. “Lakin Azərbaycanda kino sahəsinə ayrılan büdcənin böyük hissəsi illərlə istifadəsiz qalırsa, burada ciddi idarəetmə problemi var deməkdir. İllik büdcənin yarıdan çoxunun xərclənməməsi o deməkdir ki, layihələr ya təsdiqlənmir, ya ləngidilir, ya da ümumiyyətlə icra mexanizmi işləmir.
Belə vəziyyətdə Maliyyə Nazirliyinin növbəti il üçün əlavə vəsait ayırmaqdan imtina etməsi təəccüblü deyil, çünki əvvəl verilən pullar da tam istifadə olunmur”.
X.Rəisin qeyd etdiyinə görə, kino ictimaiyyətinin ən böyük narazılığı budur ki, ayrılan vəsaitlərin necə xərcləndiyi barədə aydın və ictimai hesabatlar yoxdur. “Hansı filmlərə nə qədər maliyyə ayrıldığı, hansı layihələrin təsdiq olunub-olunmadığı, niyə gecikdiyi barədə detallar açıqlanmır. Bu baxımdan qeyri-obyektiv seçimlər, təyinatı bilinməyən xərclər, “kağız üzərində layihələr”, korrupsiya şübhələri böyük narazılıqlar doğurur.
Əgər dövlət büdcəsindən ayrılan milyonlarla manat illərlə qalırsa, demək, ya bu pulların hara gedəcəyi dəqiq bilinmir, ya da icra üçün mexanizm işləmir.
Film sahəsində dövlət müəyyən güzəştlər etsə də, ortalıqda film yoxdur. Sistem işləmirsə, vergi güzəştləri heç nəyə yaramır.
Dövlət kino sahəsinə vergi güzəştləri tətbiq edir: mənfəət vergisinin 90% azaldılması, torpaq və əmlak vergisi güzəştləri, müəllif hüquqları üzrə əlavə imtiyazlar və s. Əgər sektorun öz idarəetmə orqanı – ARKA vəsaiti xərcləmirsə, vergi güzəştləri də effektsiz qalır. Bu vəziyyət Azərbaycan dövlətinin mədəniyyət siyasətində ciddi uyğunsuzluq olduğunu göstərir. Azərbaycan böyük mədəni irsə malik ölkədir, amma kino sahəsi uzun illərdir strateji sahə kimi nəzərdən keçirilməyib.
Həmçinin oxuyun
Mədəniyyət yalnız festivallarda təbliğ edilməklə yaranmır, kino həm dövlətin imicidir, həm turizmə təsirdir, həm də iqtisadiyyatın bir sektorudur. Hesab edirəm ki, Azərbaycan kinosunun problemi pul yox, idarəetmə və iradə çatışmazlığıdır.
Kino Agentliyinin illərlə istifadə etmədiyi milyonlar mədəniyyət sahəsinin necə yönləndirildiyini açıq göstərir. Problem nə maliyyənin azlığındadır, nə də ideyaların yoxluğunda - problem idarəetmənin səmərəsizliyində və qərarverici qurumların məsuliyyətsizliyindədir”-deyə X.Rəis bildirdi.
ARKA: “ARKA-nın hesabında qalan 4,5 milyon manat yalnız davam edən layihələrin maliyyələşdirilməsinə yönəlib”
Maliyə nazirinin müavini H.Məmişovun səsləndirdiyi fikirlərə Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) cavab verilib. Qeyd olunur ki, son iki il ərzində Azərbaycan kino sənayesi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. “Azərbaycan Respublikasının Kino Agentliyi” (ARKA) Prezidentin 2022-ci il 20 aprel tarixli Fərmanı ilə yaradılıb və 2023-cü ildən fəaliyyətə başlayaraq, milli kino sektorunun canlanmasına mühüm təkan verib.
2023–2025-ci illərdə dövlət dəstəyi ilə 71 film layihəsinin istehsalına başlanılıb, onlardan 50-si (6-sı tammetrajlı) tamamlanaraq təhvil verilib. İstehsal üçün 34 şirkətə 21,3 milyon manat dövlət vəsaiti ayrılıb. Hazırda ildə orta hesabla 8–10 tammetrajlı film istehsal olunur.
ARKA-dan bildirilib ki, kino sənayesində bu canlanma 1570 müvəqqəti iş yeri yaradıb, 2026-cı il üçün planlaşdırılan layihələr isə əlavə 800 iş yeri formalaşdıracaq: “2025-ci ildən filmlərin yayım hüquqlarının satışına başlanılıb. Yerli telekanallarla imzalanan ilk yayım paketi 11 film üzrə 100 min manat dəyərindədir. Azərbaycan filmləri artıq Kann və Venesiya kimi nüfuzlu festivallarda nümayiş olunur.
ARKA beynəlxalq əməkdaşlıq çərçivəsində 7 memorandum imzalayıb və hər il 6 beynəlxalq film festivalına dəstək verir. 2024-cü ildə təsis edilən “Baku Cinema Breeze” (BCB) platforması regionda vahid kino bazarının formalaşmasına xidmət edir. 2025-ci ilin dekabrında keçiriləcək növbəti BCB konqres-festivalında 30-dan çox ölkədən nümayəndələrin iştirakı gözlənilir.
Azərbaycanın təşəbbüsü və TÜRKSOY-un dəstəyi ilə ərsəyə gələn “Molla Nəsrəddin: Çətin günlərimin dostu” filmi Türk dünyasının ilk ortaq bədii filmi olacaq.
2023–2025-ci illərdə ARKA-nın dəstəyi ilə ölkədə çəkilən xarici layihələr nəticəsində 10 milyon ABŞ dolları məbləğində vəsait ölkə iqtisadiyyatına daxil olub. Prezidentin 2025-ci il 29 may tarixli sərəncamı ilə təsdiqlənən “xərclərin qismən geri ödənilməsi (rebate)” mexanizmi xarici istehsalçıların marağını daha da artırıb. Bu sistemin tətbiqi növbəti üç ildə ölkəyə 50 milyon dollara yaxın investisiya cəlb edilməsi ilə nəticələnə bilər.
ARKA hazırda dövlət kino müəssisələrinin mərkəzləşdirilmiş idarəetməsini həyata keçirir, rəqəmsal idarəetmə modelləri tətbiq edir və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının müasir kino sənaye parkına çevrilməsi istiqamətində işləri davam etdirir.
2026-cı il dövlət büdcəsində kino sənayesinə vəsait ayrılmaması əldə olunmuş inkişaf dinamikasının dayanmasına, “rebate” mexanizminin tətbiqinin ləngiməsinə və Azərbaycanın qlobal innovasiya indeksində mövqeyinin zəifləməsinə səbəb ola bilər.
Hazırda ARKA-nın hesabında qalan 4,5 milyon manat yalnız davam edən layihələrin maliyyələşdirilməsinə yönəlib. Bu səbəbdən, dövlət dəstəyinin davamlılığı kino sənayesinin sabit inkişafı üçün həlledici əhəmiyyət daşıyır”.
11:36 / 05 Dekabr 2025
1
11:33 / 05 Dekabr 2025
23
11:17 / 05 Dekabr 2025
249
11:14 / 05 Dekabr 2025
30
11:00 / 05 Dekabr 2025
96
10:52 / 05 Dekabr 2025
30
10:46 / 05 Dekabr 2025
43
10:44 / 05 Dekabr 2025
32
10:34 / 05 Dekabr 2025
182
10:30 / 05 Dekabr 2025
222
10:18 / 05 Dekabr 2025
38
10:15 / 05 Dekabr 2025
35
10:13 / 05 Dekabr 2025
67
10:10 / 05 Dekabr 2025
43
09:35 / 05 Dekabr 2025
802
00:28 / 05 Dekabr 2025
94
00:24 / 05 Dekabr 2025
106
00:20 / 05 Dekabr 2025
78
00:17 / 05 Dekabr 2025
98
00:11 / 05 Dekabr 2025
72
23:54 / 04 Dekabr 2025
527
23:46 / 04 Dekabr 2025
2275
23:22 / 04 Dekabr 2025
84
23:18 / 04 Dekabr 2025
328
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.