Qaynar xətt:

(+99450) 247 90 86

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi

SİYASƏT

61

15.11.2026, 14:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prezident cənab İlham Əliyevin İrlandiyanın Baş naziri Mixol Martin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin (ASB) 9-cu Zirvə Toplantısında iştirak etmək məqsədilə Dublinə səfəri və baş tutan ikitərəfli görüşlər ölkəmizin beynəlxalq miqyasda nüfuzunun davamlı olaraq artdığını bir daha nümayiş etdirdi. 50-yə yaxın dövlət və hökumət başçısının qatıldığı və əsas mövzusu “Avropa - güclü, təhlükəsiz və əlaqəli” olan toplantının gündəliyində rəqabətqabiliyyətli iqtisadiyyat, innovasiya, nəqliyyat bağlantıları, əlçatan enerji, təhlükəsizlik və müdafiə dayanırdı.

Bunu Oxu24.com-a açıqlamasında millət vəkili Zaur Şükürov bildirib.

Deputatın sözlərinə görə,qeyd olunan istiqamətlərin müzakirə mövzuları olaraq müəyyənləşdirilməsi müasir çağırışlar fonunda diqqət çəkir. Eyni zamanda, bu mövzuların Azərbaycanın prioritetləri (enerji daşıyıcılarının, o cümlədən təbii qaz, bərpa olunan enerjinin istehsalı və nəqli, Orta Dəhliz və regional sülh və s.) ilə də müəyyən mənada uzlaşdığını deyə bilərik.

"Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev açılış plenar sessiyasında və “Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji” mövzusunda dəyirmi masada iştirak etdi.

Dövlət başçımız dəyirmi masada çıxışında Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə ölkəmizin mühüm töhfə verməsinə, bu xüsusda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair 2022-ci ildə imzalanmış Anlaşma Memorandumuna diqqət çəkərək, o vaxtdan bəri ölkəmizin Avropa İttifaqına qaz təchizatını səkkiz milyard kubmetrdən on üç milyard kubmetrə qədər artırdığını, bunun Azərbaycanın ixracının demək olar ki, yarısını təşkil etdiyini ölkəmizin qaz təchizatını artırmağı planlaşdırdığını, bu xüsusda yeni yataqların kəşf edildiyini bildirirərək, eyni zamanda gələcəkdə alternativ enerjinin rolunun daha da artacağını vurğuladı.

Prezident İlham Əliyev Yunanıstana və İtaliyaya istiqamətlənən kəmərin ötürmə gücünün 10 milyard kubmetrdən 11,2 milyard kubmetrə qədər artırdığımızı diqqətə çatdıraraq, hazırda yeddi ölkənin ərazisindən keçən və Bolqarıstandakı interkonnektorlar vasitəsilə Avropa İttifaqının on ölkəsini təchiz edən, Bakıdan İtaliyaya qədər uzanan boru kəmərinin tamamilə dolu olduğunu və onun genişləndirməsinin vacibliyini qeyd etdi.

Sammit çərçivəsində Prezident İlham Əliyevin gün ərzində ümumilikdə on ikitərəfli - doqquz dövlət və hökumət başçısı və Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşlərinin keçirilməsi və bu görüşlərin məhz qarşı tərəflərin müraciəti əsasında baş tutması, heç şübhəsiz ölkəmizin artan roluna verilən önəmin göstəricisidir. 

Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə humanitar yardım, elektrik avadanlığının təchizatında ölkəmizin mühüm rolu, Moldova Prezidenti Maya Sandu ilə enerji təhlükəsizliyi, ticarət və kənd təsərrüfatı, Bolqarıstanın Baş naziri Rumen Radevlə qaz ixracı və elektrik enerjisi dəhlizi məsələləri, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə Cənub Qaz Dəhlizi və TAP infrastrukturunun genişləndirilməsi, Çexiyanın Baş naziri Andrey Babişlə ticarət və investisiya əlaqələri, o cümlədən Azərbaycandan Çexiyaya neft təchizatı, Rumıniya Prezidenti Nikuşor Danla strateji tərəfdaşlığın dərinləşdirilməsi, Xəzər–Qara dəniz enerji və nəqliyyat layihələri, müdafiə sənayesi, Litva Prezidenti Gitanas Nauseda ilə siyasi əlaqələr, iqtisadiyyat, enerji və Aİ–Azərbaycan münasibətləri, Ermənistanın Baş naziri Nikol Paşinyanla iki ölkə arasında sülh gündəliyi, həmçinin nəqliyyat və tranzit əlaqələri, iqtisadi-ticari münasibətlər, sərhədlərin delimitasiyası, gələcəkdə elektrik şəbəkələrinin birləşdirilməsi və transsərhəd çaylar üzrə işçi qrupların yaradılması, Aİ Şurasının Prezidenti Antonio Koşta ilə uzunmüddətli qaz müqavilələri, maliyyələşmə, bərpa olunan enerji, Orta Dəhliz və Naxçıvan dəmir yolu və Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə Azərbaycan-Britaniya münasibətlərinin inkişaf tarixi, mövcud durumu və perspektivləri müzakirə edildi, Prezident İlham Əliyev və Baş nazir Endi Börnhemlə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə qəbul etdi.

Qeyd edilməlidir ki, Dublin Sammitinə qədər Prezident İlham Əliyev ASB-nin səkkiz sammitindən beşində iştirak etmiş, birinə videobağlantı formatında qoşulmuşdur. 2028-ci ilin may ayında isə ASB Sammitinin Azərbaycanda keçirilməsi nəzərdə tutulub. 

Dublin Sammiti çərçivəsində xüsusilə diqqət çəkən hadisə Azərbaycanla Böyyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi oldu. Bu sənəd tərəflər arasındakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırır.

Üç bölmədən ibarət olan Bəyannamənin Preambulasında tərəflərin 1994 və 1998-ci illərdə qəbul etdiyi birgə bəyannamələrə istinad olunmaqla, BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına, sərhədlərin toxunulmazlığına, suverenliyə və ərazi bütövlüyünə sadiqlik təsdiqlənir. Sənəddə həmçinin, 2025-ci il 8 avqust Vaşinqton Sülh Zirvəsində imzalanmış Bəyannamənin əhəmiyyəti vurğulanır, Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması alqışlanır.

“Müdafiə və Təhlükəsizlik” bölməsində regional sülh və sabitliyə dəstək üçün uzunmüddətli əməkdaşlıq, yüksəksəviyyəli təmasların davamlılığı, təlim və potensialın artırılması, müdafiə sənayesində əməkdaşlıq imkanlarının araşdırılması, hüquq-mühafizə orqanları, sərhəd idarəçiliyi və məhkəmə-hüquq sahəsində tərəfdaşlıq nəzərdə tutulur.

“Ticarət, İnvestisiya və Artım” bölməsi ticarət və investisiya əlaqələrinin genişləndirilməsini, bərpaolunan enerji, infrastruktur və xidmətlər üzrə uzunmüddətli kommersiya tərəfdaşlıqlarını, Orta Dəhlizin inkişafına dəstəyi əhatə edir. Buraya təmiz enerji keçidi, yaşıl maliyyələşdirmə, aşağıkarbonlu texnologiyalar, maliyyə və kapital bazarlarında əməkdaşlıq, kiçik və orta biznesin inkişafı da daxildir. Bu sahədə əsas platforma kimi Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya qeyd olunur.

“Təhsil və İnnovasiya” bölməsi ali və peşə təhsilini, rəqəmsal və texniki bacarıqları, dövlət sektoru üçün təlimləri, süni intellekt, rəqəmsal idarəetmə və həyat elmləri sahələrində universitet, tədqiqat institutu və sənaye tərəfdaşlığını, insanlararası mübadilələri əhatə edir.

Vurğulanmalı olan vacib məqamlardan biri, BMT Nizamnaməsinə, sərhədlərin tocunulmazlığı prinsipinə, suverenliyə və ərazi bütövlüyünə, o cümlədən 2025-ci il 8 avqust Vaşinqton Sülh Sammitinin Bəyannaməsinə, Azərbaycanla Ermənistan arasında sülh prosesinə BMT Təhlükəsizlik Şurasının daimi üzvünün siyasi dəstək nümayiş etdirməsidir və bu mövqenin sənəddə təsbit edilməsi ölkəmiz üçün mühüm diplomatik nəticədir.

Bəyannaməyə əsasən, Tərəflər hər il Strateji Tərəfdaşlıq görüşü keçirərək üç istiqamət üzrə irəliləyişi nəzərdən keçirəcək və prioritetləri müəyyən edəcək. 

Qeyd edilməlidir ki, Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən böyük Avropa investorlarından biridir və bu tərəfdaşlığın 30 ildən artıq tarixi var. 

Münasibətlərin təməli 1994-cü ildə qoyulub: fevralda Prezident Heydər Əliyevin Londona ilk rəsmi səfəri zamanı Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, həmin ilin sentyabrında isə BP-nin aparıcı rol oynadığı “Əsrin müqaviləsi” imzalanıb. BP bu gün “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının operatorudur. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar–iyun aylarında iki ölkə arasında ticarət dövriyyəsi 3,62 milyard dollar olub. 

Bəyannamədə gələcək əməkdaşlığın istiqamətləri konkret olaraq qeyd olunur- bərpa olunan enerji, yüksək texnologiyalar və süni intellekt sahəsində qarşılıqlı maraq doğuran potensial mövcuddur. 

Enerji əməkdaşlığı münasibətlərin əsası olaraq qalsa da, müdafiə, Orta Dəhliz, maliyyə bazarları və təhsil üzrə razılaşmalar iki dövlət arasında tərəfdaşlığı neft-qaz dövründən sonrakı mərhələyə hazırlayır.

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi. Ölkəmiz üçün səfərin mühüm nəticəsi kimi, Avropa İttifaqı ilə enerji dialoqunun yeni mərhələyə keçməsi, Böyük Britaniya ilə münasibətlərin rəsmən strateji tərəfdaşlıq səviyyəsinə qalxması, Ermənistanla sülh gündəliyi çərçivəsində praktiki layihələrlə bağlı müzakirələr aparılması xüsusi olaraq qeyd edilməlidir",-deyə Zaur Şükürov qeyd edib.

Jalə