Milli Qəhrəmanın atası vəfat etdi - Foto
05 Dekabr 2025, 13:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
5606
30.09.2025, 15:21
Azərbaycan hərb tarixinin qızıl səhifəsi olan 44 günlük Vətən Müharibəsindən 5 il keçir.
Oxu24.com döyüşlərdə qəhrəmanlıq göstərən şəhidlərin həyat yolu ilə bağlı silsilə reportajlar təqdim edir.
Bu dəfə şəhid Cəmil Məmmədlinin keçdiyi şərəfli ömür yoluna nəzər salmışıq.
Cəmil və Elvin həqiqi hərbi xidmətə isti iyul günlərində çağırıldılar. Hər ikisi ali məktəbi bitirmişdilər. Bilirdilər ki, onların hərbi xidmət müddəti 1 ildir. Gənc əsgərlər andiçmədən sonra Ağcabədiyə göndərildilər. Elvin bir az birouz, bir az adamayovuşmaz idi. Heç Azərbaycan Turizm və Menecment Universitetində oxuyanda da yaxın dostu olmamışdı. Lakin burada əsgəri xidmətdə Cəmil Məmmədli ilə bir neçə saatdan sonra başlamışdı dostluqları. Elə bil ki, bir-birinin nə demək istədiklərini, arzularını havadan duyurdular. Sanki uşaqlıqdan bir yerdə böyümüşdülər. Elvin darıxan kimi, axşamlar Cəmilin yanına çəkilir, nişanlısından, əsgərlikdən sonra edəcəyi toyundan danışırdı. İsrar edirdi ki, toyunda da ən yaxın sağdışı Cəmili götürəcək. Hər iki gənc hərbi xidməti bitirdikdən sonra, yeni həyat yolunda nəzərdə tutuqları planlarını xəyal edirdilər. Bir də ki, bir-birini başa düşən iki dost üçün bir yarpağın ağacdan düşməyi, bir işıldaböcəyin gecənin qaranlığında oxuduğu nəğməsi də mövzu olur. Belə axşamların birində Cəmil işıldaböcək haqqında bildiklərini ətrafındakı döyüşçü dostlarına danışanda , bilməyənıər heyran qaldılar. Əlbəttə onların çoxsu işıldaböcəyin işığına və səsinə görə tanıyırdılar.
Ancaq bilmirdilər ki, əslində bu böcəyin verdiyi işığın odla da, istiliklə də bir əlaqəsi yoxdur. Bunun elmi adı 'soyuq işıqdır” ki, günümüzün texnologiyası bu işığı hələ süni olaraq yaratmağı bacara bilməmişdir. Necə ki normal bir lampa özünə verilən enerjinin yüzdə 4-ünü, ağ işıq saçan lampa isə yüzdə 10-unu işığa çevirə bilir, geri qalanını istilik olaraq yayırsa, İşıldaböcəkdə da bənzər bir vəziyyət olduğunu düşünən elm adamları, böcəyin bu iş üçün istifadə etdiyi enerjinin hamısını işığa çevirə bildiyini müəyyən edikdə heyrətə düşdülər. Bu sirrli böcəklərin 2000 növü olub erkək cinsləri uca bildikləri halda dişiləri qanadsızdırlar. Erkəklər dişiləri axtarmaq üçün gecələri uçarlar və işıqlarını bir-birləri ilə ünsiyyət qurmaq üçün istifadə edərlər. Ən yaxşı işıq keyfiyyətini inkişaf etmiş dişilər verir. İşıldaböcəklar gecələri 3 saat müddətində işıq verə bilərlər. Ümumiyyətlə dişləyərək zəhərlədikləri ilbizləri yedikləri üçün əhəngli torpaqların olduğu nəmli bölgələrdə daha çox görünürlər. Parlamağı təmin edən kimyəvi maddələr sayəsində, qəza ilə onu yeyən bir düşməni qusmaq məcburiyyətində qalar və bir daha başqa İşıldaböcək yeməyə təşəbbüs göstərməz.
İşıldaböcəklə bağlı bildiklərini ətrafdakı uşaqlara danışdıqdan sonra dedi: “Uşaqlar, əslində bu gün bizim hər birimiz işıldaböcəyik. Nəğməmiz də, ömrümüz də bəzən 3 saatlıq olur. Lakin şəhid olacağıqsa, bizim özümüzdən sonra hər birimiz işıldaböcək kimi ulduz olub parlayacağıq.
O qədər mehriban idilər ki, Bakıdan gələn bağlamaları da yoldaşları ilə birlikdə açıb bölüşürdülər. Sonra da təlimlərdə, hərbi səriştələrin öyrənilməsində fəallıq göstərirdilər. Hərbi vərdişlər mənimsənildikdən sonra, Cəmil atıcı, Elvin isə sürücü kimi xidmətə başladılar.
Cəmil atasının, dayısının söhbətlərindən eşitmişdi ki, əsgərlik dostları unudulmaz olur. Əsl dostu adam əsgərlikdə tapır. İndi Elvin İsmayılovla eyni bölükdə və tağımda xidmət etdiyindən sevinirdi. Onlar bir-birini artıq bir baxışdan, bir sözdən anlayırdılar. Onları birləşdirən əsas cəhətlərdən biri elm, ədəbiyyat, tariximiz idi. Bir də ki, vətənpərvərlik hissləri. Və hərdən də sevgi-məhəbbətdən danışırdılar. Elvin nişanlı olduğu üçün, darıxanda sözünü-sirrini Cəmilə deyirdi. Cəmil isə, deyirdi ki, “Qaqa, mən də əsgərlikdən qayıdım, anamın-atamın məsləhət bildiyi bir ağıllı qızla evlənəcəm! Hər bir halda ailə və sevgi ülvi hisslərlə, qarşılıqlı məhəbbətlə qurulmalıdır.”.
Andiçmədən sonra Ağcabədidə hərbi hissədə qulluqlarını davam etdirdilər. Bir yeyib, bir yatırdılar. Tovuzda düşmənin sərhəddimizi pozub, iki gün sonra isə generılımızla bir neçə hərbçini şəhid olması faciəsindən sonra, onların da təlim məşqlərinin sayı artdı və ağırlaşdı. Tələblər daha yüksək, tapşırıqlar daha ağır idi. Lakin bu tapşırıqları yerinə yetirən hər bir əsgər özünü qəhrəman hesab edirdi, qürur duyurdu. Bilirdilər ki, düşmən qabağına çıxmağa cəsarətləri və rəşadətləri vardır.
Sentyabrın 10-da isə onları Füzulidəki 706 saylı hərbi hissəyə gətirdilər. Burada əsgərləri tağım və bölüklərə bölməyə başladılar. Əvvəlcə Cəmil Məmmədlini ayırıb bölüyə göndərdilər. Burada qayda belədir, dostunun öz yanında olmasını xahiş edə bilmərsən. Komandir bilir ki, kimi haraya təyin edəcək. Cəmil addımlarını ağır-ağır atıb, Elvindən ayrıldı. Elvin də onun dalısınca baxa-baxa qaldı. Birdən Elvinin də soyadını çağırdılar: “Əsgər İsmayılov!” - deyəndə, Elvin cəld qabağa çıxdı. “Burda!” dedi. Onu da Cəmil olan bölüyə yazdılar. Gedib sakitcə Cəmilin arxasında dayandı. Əlini Cəmilin çiyninə qoydu. Cəmil dönüb arxasına baxanda, dostunu görüb çox sevindi. Elvin isə ona: “Gördün, gəlib burada da səni tapdım!”- deyib, zarafat etdi. Yolboyu iki dost yenə söhbət pıçıldaşırdılar. Beyləqan tərəfdən keçəndə, Elvin öz kəmərini çıxarıb Cəmilə verdi. Beləcə bir-biri ilə kəmərlərini dəyişdilər. Bu bir növ iki dostun “anda”sı idi. “Anda” türk millətinin döyüşçülərinin bir-biri ilə bağladıqları əhdə deyilr. Hələ Göytürklərin dövründə Kur Şad gənc vaxtında öz döyüşçü dostu Börü ilə ilə baş barmaqlarını çərtib, qanını bir-birinə sürtərək , anda olmuşdular. Daha sonra Dünyaya uzun illər hökmdarlıq etmiş Çingiz xan da dostu Camuka ilə anda idilər. Yəni bu bir sadiqlik, etibar rəmzi idi. İndi isə Elvin öz adını yazdığı kəməri Cəmilə verib, onun adı yazılmış kəməri özünə götürmüşdü. Bir neçə gün kəşfiyyat taborunda qaldılar. Cəmil gördü ki, dostu Elvin çox dilxordu. O günlərin birində aralarında belə bir dialoq oldu:
Cəmil:
- Elvin, qorxursan?
Elvin:
- Yox, qorxmuram eee... ancaq arxada qoyub gəldiyim var... amma belə baxanda məgər özümüz hər gün demirik ki, canımız vətənə qurban?...
Cəmil:
- Pis olma, alnımıza nə yazılıbsa, onu da görəcəyik. Sağ qalsaq da Vətən sağ olun, şəhid olsaq da Vətən sağ olsun!
Elvin:
- Cəmil daha narahatlığım keçib əslində. Ona demişəm ki, şəhid olsam, məni bağışla...
Sonra isə onları yenidən ayırdılar. 3-cü taborda ayrı-ayrı bölüklərdə hərəkət etdilər. Xarakter etibarı ilə, özünə dost seçməkdə çətinlik çəkən Elvin, Cəmilə ürəkdən bağlanmışdı. Onu özünün ruh əkizi, qardaşı hesab edirdi. Sentyabrın 26-da evdən Cəmilə pay göndərdilər. Bağlamada 10 manat pul və anasının yazdığı məktub da var idi. Cəmil anasının göndərdiyi zənbili ağaclıqda oturan uşaqların yanına gətirdi. Dünən anası ilə danışanda demişdi ki, ona lazım olan bəzi gigiyenik vasitələr, paltar və ev yeməyi göndərsinlər. 10 gün idi ki, taborun keçid yerində mahir hərbiçilərlə birlikdə təlim keçirdilər. Burada əsgərlərin eləsi var idi ki, elə birinci təlimdən sonra bütün döyüş texnikasının sirrlərinə yiyələnirdi. Cəmil Məmmədli anasının göndərdiyi yeməyi dostları ilə paylaşandan sonra, onları yenidən ayırdılar. Qruplara bölündülər.
Cəmil Məmmədlinin əsgər yoldaşı, Elvin döyüşə başladıqları həmin anları belə xatırlayır:
- Füzuli rayonu istiqamətində 16-cı postdan o yana Gülmahmudlu deyilən kənddə piyada süvarilər qabaqda, artilleriya isə arxadan hərəkət edirdi. Səhər saat 8-in yarısı döyüş başladı. İlk dəfə silahı təlim poliqonunda işlətmişdik. İndi isə real döyüş meydanında idik. Məsuliyyətimiz çox böyük idi, qarşıda da düşmən atışmalarının səsi aləmi başına götürmüşdü. Bilirdik ki, burada ya ölməli, ya da öldürməliyik. Ən maraqlı odur ki, bizimlə birlikdə əsgəri xidmətə gələnlərin əksəriyyəti 18 yaşlarında idi. Heç biri qorxmurdu. Hətta qarşımızda döyüş yoldaşımız şəhid olurdu, biz bundan daha da qəzəblənib, qorxmadan irəli atılırdıq. Döyüşün birinci günü düşmənlə aramızdakı postun arası 40 metr ancaq olardı. Ancaq düşmən ilk həmləni etdi. 200 metrlik məsafədən hücuma keçdi. Vallah deyə bilmərik ki, nə baş verdi. Bir anlığa qarşımızda tufan yarandı. Bir də onu bildik ki, Azərbaycanın Xüsusi Təyinatlı dəstələrinin hərbçiləri burdadır. Döyüş səngiyəndə baxdıq ki, ətrafımız düşmən erməninin meyiti ilə doludur. Daha sonra Xocavənd istiqamətində hərəkət etdik. Bilirsiniz müharibədə insanlar niyə bir-birinə bu qədər əziz olur? Çünki hər dəqiqə anlayırsan ki, bir neçə saniyədən sonra sən və ya yanındakı olmaya bilər. Biz Xocavəndə qədər gəlib çatmışdıq. 4 nəfər birlikdə hərəkət edirdik. Çox ac idik. Döyüş başlamazdan əvvəl Həsən adlı əsgərlə mübahisə etmişdim. Lakin bu ağır döyüş şəraitində Həsəninin böldüyü çörəyi hamımız yedik. Xırda mübahisələr unudulmuşdu. Çünki hər şeydən öncə Vətən idi. Çünki eyni amal uğrunda addımlayanda, şəxsi mənafelər unudulur. Biz ancaq Vətən və irəliləmək haqda düşünürdük. Bir də ki, bilirdik ki, bizdən öndə korpus komandiri general Mais Bərxudarov, Şükür Həmidov da döyüşdədir. Bu bizi daha da ruhlandırırdı. Əsgərləri ilə birlikdə general döyüşəndə, əsgərlərin döyüş ruhu yüksək olur. Oktyabr ayının əvvəlində döyüşlər gedən vaxt, mərmi dalğası məni çox güclü tutdu. Məni yaxınlıqdakı Şükürbəyli kəndindəki fermada yerləşən tibb məntəqəsinə gətirdilər. Bir müddət müalicə alandan sonra, özümü bərpa etdim. Yenidən 3-cü dviziyaya sürücü kimi fəaliyyətə başladım. Mən təkcə sürücülük etmirdim. Həm də əsgərlərimizlə birlikdə üzbəüz döyüşlərdə iştirak edirdim. Seyid Əhmədli tərəfdə də ciddi və ağır döyüşlər getdi. Burada əsgərlərimiz İlham Əliyev, Elvin Tağızadə çox seçilirdilər. Çox ürəkli və mərd komandirlərimiz var idi. Birinci postu polkovnik leytenant Bəhruz Kərimovun əmrləri ilə götürdük. O komandir bizi öz balası kimi, qardaşı kimi sevirdi. Seyid Əhmədlidə döyüşdüyümüz yerlərdəki səngərlər çox təhlükəli idi. Düşmən 30 il ərzində buralarda özünə əsl istehkam qurmuşdu. Atdığımız mərmilər sığıncaq blendajlara dəyirdi, bəzən mərmi də həmin daş sədləri uçurmurdu. Qarabağın azadlığı üçün irəlilədikcə dağılmış və viran qalmış evlərimizi, xarabalıqları görürdük. Füzulinin Dövlətyarlı kəndindən keçəndə uşaqlardan kimsə oradakı bir evi göstərib dedi ki, bu bizim evdir. Burada 8 otaqlı ev olub, həyətdə hovuz olub. İndi həmin evin yerində xarabalıqlar görünürdü. Biz məəttəl qalmışdıq ki, əgər bu torpaqlar onlara lazım deyildisə, o zaman niyə saxlayırdılar? Bayquş kimi xarabalıq içində nə gəzirdilər? Bu ancaq vəhşi tayfa təxəyyülünün məhsulu idi. Xalq olan, insan olan, yurdu belə viran qoymazdı.
Mən 2-ci artilleriya batareyasına yemək daşıyanda Araytıl deyilən bir qəbristanlıqdan keçdim. Baxdım ki, buralarda alov ərşə dirənib. Qəbristanlığımız idi, bizim idi, yanırdı. Ermənilər burada izləri itirmək üçün qəbristanlığı da yandırırdılar. Gəlib həmin artilleriyaya yemək təchizatını təhvil verdim. Oktyabrın 17-si öndə olan döyüşçülərimizə mərmi aparmışdım. Tanış uşaqlardan kimlərin şəhid olduğunu soruşdum. Kimsə dedi ki, 14 oktyabrda süvari piyada qoşunları güclü atışmaya düşüblər. Cəmil də bu atışmada şəhid olub. Onu snayperlə vurublar. Atəş altında qaldığından həmin dəqiqə çıxarmaq mümkün olmayıb. Deyirlər ki, axıra qədər dözüb, gözləyib, sonra dönüb geriyə baxanda gülə-gülə, üzündə təbəssümlə şəhid olub. Bu xəbər məni çox sarsıtdı. Diz çöküb yerdə oturdum. Ağladım. Elə bildim ki, bir qolum yoxdur, özümü qanadsız quşa bənzətdim. Mən həyatım boyu özümə əziz bir dost seçmişdim... Onu da Tanrı mənə çox gördü... 40 yeşik mərmini təhvil verib, yenə üzü Xocavəndə qayıtdım. Mən də şəhid ola bilərdim. Elə gün olurdu ki, 120 kilometr yolu gedib bir neçə dəfə qayıdırdım. Ancaq, məndən yan ötürdü. Təbii ki, məsuliyyətim ağır idi. Mən maşını dəqiq idarə edə bilməsəm, əsgərlər təminatsız qalacaqdılar. Oktyabrın 28-də yenə pusquya düşdüm. Sonra isə yol tapıb çıxdım, dağlıq yolla gəldim, maşını vurulmaqdan xilas edə bildim. Maşınıma mərmi qəlpəsi dəymişdi. Hərbi təlimata uyğun olaraq, biz əsgərlərə təlim keçəndə həm də vətənimiz, şəhidlərimiz haqqında mahnı oxudurdular. Artıq hərbi hissədə şəhidlərimizin şəkli var idi, mən Cəmil Məmmədlinin şəklinə baxıb ona deyirdim: “Cəmil, bu mahnını yenə sənin üçün oxuyuram!”.
Bura qədər yazdıqlarım Cəmil Məmmədlinin döyüş yoldaşı Elvin İsmayılovun xatirələri idi.
*****
Cəmil Məmmədlinin özünü tanımaq üçün isə doğmaları, ailəsi ilə görüşdüm. Bayılın lap dağlıq yerində, hündür ərazisində yaşayırlar. Dənizin kənarından baxanda bu evlər elə gözəl görünür ki, məhəllənin içərisinə yaxınlaşanda isə tam qədim bir tarixin içərisinə düşürsən. Cəmil də hər gün bu tarixin içərisində bir boy böyüyürdü. Bilirdi ki, yaşadığı Bayıl qəsəbəsinin Azərbaycanın iqtisadi və coğrafi inkişafında xüsusi əhəmiyyəti var. Bakının Bayıl burnu yaxınlığında, Karvansara adasında yerləşən və hazırda dəniz sularının altında qalmış bir tarixi memarlıq abidəsi zamanla gah dənizin üzünə çıxır, gah da sulara qərq olaraq görünməz olur. Qala mənbələrdə müxtəlif adlarla – “Sualtı şəhər” , “Bayıl daşları”, “Səbayıl qalası”, “Karvansara”, “Xanəgah”, “Kömrükxana” və s. adlansa da, elmi ədəbiyyatda daha çox “Bayıl qəsri” adı ilə tanınır. Bayıl qəsrinin tikintisi siyasi-hərbi baxımdan çox qarışıq bir çağda – monqol yürüşləri bütün Yaxın Şərqi lərzəyə gətirdiyi vaxtda (1234-1235-ci illərdə) başa çatıb. Ancaq sahilə yaxın adada tikilən bu möhtəşəm qəsrin ömrü çox qısa olub. Alimlərin fikrincə, qala 1306-cı ildə baş verən güclü zəlzələ nəticəsində dənizə batıb. Ona görə də hər dəfə dəniz sahilinə gələndə ona elə gəlirdi ki, nə vaxtsa, dənizin dibindəki o sehirli şəhəri, qalanı görmək ona nəsib olacaq.
Bir də ki, hardasa oxumuşdu ki, bir neçə yüzildən bir Xəzər dənizinin səviyyəsi qalxır və enir. Bir neçə yüz il sonra Xəzər dənizinin səviyyəsi yenidən xeyli aşağı düşdüyü zaman Bayıl qəsri su üzündə görünməyə başlamışdır. Mütəxəssislərin əksəriyyəti o fikirdədir ki, qəsr dörd yüz ildən artıq Xəzər suları altında gizlənməsəydi, Abşeronun bir çox abidələri kimi bu qaladan da iz qalmayacaqdı. 1939-1969-cu illər ərzində qəsr ərazisində aparılan arxeoloji tədqiqat işlərində divar uçuqları altından və su dibindən 700-dən artıq yazılı daş tavalar çıxarılmışdır. Bayıl qəsrinin daş kitabələrində araşdırmaçılar Şirvanşahın adını, tikinti tarixlərini oxuyub, başqa müxtəlif məlumatlar aşkar etmişlər. Bu kitabələrdən Mərdəkan qalasında “müəllif qolu” olan memar Əbdülməcid Məsud oğlunun, Ustad Zeynəddin Əbdürrəşid oğlu Şirvaninin adları oxunmuşdur. Əsli-nəsli Şirvandan olduğu üçün İçərişəhərdə, Bakının bütün daş tarixində Şirvan izi olduğundan da qürur keçirirdi. Axı İsmayıllıda doğulmuşdu. Özü də ki, 28 iyul 1999-cu ildə. Bacısı Aybəniz ondan 3 yaş böyük idi. Aybənizi çox istəyirdi. Bacısı ilə bağçaya da, məktəbə də birlikdə getmişdilər. Bir yerdə yatırdılar. Əslində anası və atası işdə olduğundan, onun bütün nazını, qayğısını, əziyyətini öz kiçik çiyinlərində Aybəniz çəkmişdi. Lakin Cəmilin boyu ucaldıqdan sonra, Aybəniz özünü onun yanında kiçik bacı kimi apardı. Balaca vaxtı Aybəniz onu qoruyurdusa, indi o Aybənizin qoruyucusu, köməkçisi idi.
Şəhidimizin anası Aygün Məmmədli oğlundan danışır:
- Cəmil dünyaya gəlişi ilə məni xoşbəxt etdi. Cəmil bir yaş yarımlıq olanda köçüb Bakıda kirayədə yaşamağa başladıq. 2003-cü ildə isə bu balaca həyəti alıb, özümüzə ev qurduq. Cəmil çox şən, mülayim uşaq idi. O heç vaxt nə atasını, nə məni, nə də dostlarını incitmədi. 4 yaşı var idi. Bir yay günündə hava isti olduğundan yenə də dəniz kənarı praka – Bulvara gəzməyə düşmüşdük. Bir də baxdıq ki, Cəmil yanımızda yoxdur. Bulvarı o baş-bu başa gəzib axtarırdıq, atasının da, mənim də ürəyimiz yerindən oynadı. Fikirləşdik ki, görəsən uşağı kim oğurlayıb apardı. Bir də atası baxdı ki, telefonuna tanımadığı nömrədən zəng gəldi. Zəng edən adam dedi ki, polisdir, Cəmil də onların yanındadır. Biz polisin dediyi əraziyə yaxınlaşdıq. Məlum oldu ki, Cəmil bizi itirdikdən sonra, yaxınlıqda gördüyü ilk polis nəfərinə yaxınlaşıb deyib ki, mən Bayılda yaşayıram, Habilin oğluyam və atasının telefon nömrəsini əzbər deyib. Mənim oğlum hələ körpəlikdən diqqətli və tədbirli uşaq idi. Heç vaxt artıq söz götürməzdi. Bir dəfə də, qonşu mənə zəng vurdu ki, Cəmil atasının maşınını götürüb sürür. O vaxt əl telefonumuz da yox idi. Evə zəng vurdum. Bir neçə dəfə zəng etdikdən sonra götürdü. Dedim ki, Cəmil maşın sürürdün həəəə, götür açarı qoy yerinə. Bu hərəkəti edəndə 7, ya da ki, 8-ci sinifdə oxuyurdu. Sonralar maşının açarı evdə qalanda belə, Cəmil bir dəfə də olsun, onu götürüb sürmədi. Bir dəfə telefonla etdiyim tənbeh onun qulağında sırğa kimi qaldı. 5-6-cı sinifdən başlayaraq işləməyə başladı. Elə istəyirdi ki, özü zəhmət çəksin. Ata-anaya yük olmasın. Dərs kitabını, məktəb paltarını da çox vaxt özünün qazanıb, topladığı puluna alırdı. Məktəbdə də hamının sevimlisi oldu balam. İnanın ki, öz siniflərinin də sevinci idi. Cəmil 2005-ci ildə Bakı şəhəri Səbail rayon 163 saylı orta məktəbin 1-ci sinifinə qəbul olub, məktəbi 2016-cı ildə bitirmişdi. Elə həmin ildə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakültəsinin Materialşünaslıq ixtisasına qəbul oldu.
Oranı da bitirdi. Təhsil ala-ala həm də işlədi. Bizə əziyyət vermədi. Qazandığı pulla hamıya sürprizlər edərdi, hamını sevindirərdi. Çalışırdı ki, təhsil haqqını da özü ödəsin. İnstitutu bitirsə də, diplomunu gec verdilər. Getdi ofisiant işlədi. Diplomunu almamış da əsgər apardılar. Sevinə-sevinə yola düşdü.
Aygün Məmmədli deyir ki, mənim balam gözəl idi, yaraşıqlı idi. 175 sm boyu var idi Cəmilimin. Və bir də ki, anası ilə xoş zarafatları olarmış Cəmilin. Aygün oğlunun başını dizinə qoyar, saçlarının ətrini qoxulayıb, ciyərlərinə çəkəndə yorğunluğu canından çıxardı. Hərdən də balasını bağrına basıb: “Ay Cəmil, elə istəyirəm, tez evlənəsən, evdə çoxlu cəmillərim olsun...” - deyərdi. Cəmil isə cavabında: “Ana, gedim gətirim nəvəni...” - deyib, gülərdi. Aygün isə xəyal etməkdən, oğluna arazularını söyləməkdən yorulmurdu:
- Cəmil, ay Cəmil...
- Nədir ana?
- Cəmil, indi istəmirəm ki... İnstitutu bitirəcəksən, əsgər gedəcəksən, işləyəcəksən, sonra səni evləndirəcəyəm. Özü də 5 dənə uşağın olacaq... qaçacaqlar həyətdə, hoppanacaqlar... yumru-yumru-balaca cəmillərimiz olacaq.
Hərdən özü oğlunun dilini bilməyəndə, sirrini öyrənmək istəyəndə Aybənizə də deyərdi ki:
O ev, bu ev işıqdır,
Ara qapı açıqdır.
Get Cəmildən xəbər al,
Hansı qıza aşiqdir?!
Aygün danışdıqca, Cəmilin divardan asılan portretlərinə, şəkillərinə baxırdı. İnanmaq istəmirdi. Sağlığında olduğu kimi danışırdı 21 yaşını hərbi xidmətdə tamam edən oğlu haqqında. O danışdıqca, mən də düşünürdüm ki, bundan sonra böyüməyəcək, elə şəkillərdəki kimi qalacaq Cəmil. Cavan qalacaq, təbəssümü üzündə qalacaq. Biz qocalacağıq, onlar əbədi cavan qalacaqlar.
Yenə oğlundan danışır Aygün:
- Onu 16 iyulda yola saldım əsgərliyə. Əsgər getməzdən əvvəl getdi İsmayıllıya qohum-əqraba, tay-tuşları ilə görüşdü Elə bil ürəyinə damıbmış. Uşaqlar istirahətini, saçını qırxdırmağını, həyətdən çıxmağını da çəkiblər telefonun yaddaşına. Sonra da dalınca su atırlar... Dalınca su atılanda adamın yolu aydınlıq olur... Bəs mənim balamın yoluna niyə aydınlıq gətirmədi ki o su?! Əvvəl Ağcabədidə idilər. Ağcabədidə olanda onun andiçmə mərasiminə getdik. Qızıma dedim ki, Cəmillə olan hər anımızı çəksin. Sonra Füzuliyə apardılar. Cəmil nişanlayıcı idi. Yəni atıcı. Oğlum məktəbdə də atıcılıq üzrə bir mükafat almışdı. Hərbi xidmətdə atıcılıq vəzifəsinə təyin olunandan sonra mənə zəng edib sevincək dedi ki, ana, mənə Mübariz İbrahimovun silahından veriblər. Mən haradan bilim ki, onları getdikləri vaxtdan elə döyüşə hazırlaşırlarmış.
*****
Sentyabr ayının ortalarında Füzulidə ön cəbhədə olan Cəmil bu haqda nə dostlarına, nə də qohumlarına, nə də valideynlərinə bir söz demir. 25 sentyabrda isə bacısı Aybənizi ad günü münasibəti ilə təbrik etmək üçün zəng edir. Deyir ki, Bakıdan hərbi hissəyə gələn var. Aygün qızının ad gününə gördüyü tədarükün hamısını yığıb, böyük bir bağlama düzəldir, çəçələk, corab, gigiyenik vasitələr və oğluna lazım ola biləcək hər şeyi həmin zənbilə yığır. Fikirləşir ki, əsgərlikdə uşaqların ən çox özlədiyi ananın hazırladığı yemək olur. Və bağlamanın içərisinə bir məktub yazıb qoyur: “Ana sənə qurban olsun, özünü qoru, biz səni çox sevirik”. Məktubun boş qalan yerlərində də çoxlu ürək şəkilləri çəkir. Sentyabrın 26-sı isə Cəmil anasına zəng edib deyir ki, göndərdiyin bağlamanı almışam, ancaq hələ açmağa vaxtım olmayıb. Günortadan sonra sənə zəng edəcəm. Həmin gündən sonra Cəmil evə zəng vurmur.
Sentyabrın 26-dan oktyabrın 2-nə qədər Aygünün və Habilin yuxuları ərşə çəkilir. Ürəklərinə min fikir gəlir. Müharibə başlayıb, Cəmildən də xəbər yox. Övladları, doğmaları döyüşdə olan bütün insanlar kimi Aygünün də çarəsi əlini göylərə açıb, Allaha dua etməyə çatır. Nəhayət 2 oktyabrda Cəmilin komandirlərindən biri ilə danışmaq mümkün olur. Oğlunun səsini eşitmək istədiyini deyir. Komandir amiranə səslə “Xanım, indi oğlunuzu çağırıram” - deyir. Oğlu gələnə kimi isə komandirə deyir: “Cənab komandir, oğlumdan muğayat olun.”. Telefonun o başında olan komandir: “Bacı, narahat olmayın, onların hamısı mənim balalarımdır. Qoruyuruq” - deyir. Cəmil telefonu əlinə alıb atası-anası ilə təmkinini pozmadan danışır.
13:21 / 05 Dekabr 2025
1
13:18 / 05 Dekabr 2025
16
13:12 / 05 Dekabr 2025
13
13:02 / 05 Dekabr 2025
24
12:53 / 05 Dekabr 2025
97
12:46 / 05 Dekabr 2025
34
12:41 / 05 Dekabr 2025
91
12:36 / 05 Dekabr 2025
47
12:34 / 05 Dekabr 2025
213
12:32 / 05 Dekabr 2025
29
12:32 / 05 Dekabr 2025
30
12:22 / 05 Dekabr 2025
43
12:03 / 05 Dekabr 2025
1201
11:55 / 05 Dekabr 2025
48
11:48 / 05 Dekabr 2025
59
11:42 / 05 Dekabr 2025
205
11:36 / 05 Dekabr 2025
127
11:33 / 05 Dekabr 2025
139
11:17 / 05 Dekabr 2025
1010
11:14 / 05 Dekabr 2025
59
11:00 / 05 Dekabr 2025
150
10:52 / 05 Dekabr 2025
49
10:46 / 05 Dekabr 2025
76
10:44 / 05 Dekabr 2025
51
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.