Rəhman Rəhmanov xəstəxanaya yerləşdirildi
28 İyun 2025, 01:45
Qaynar xətt:
(+99450) 247 90 86Əkiz tayı şəhid oldu - Şəhidliyi ürəyinə damıbmış...
CƏMİYYƏT
1580
02.06.2025, 20:12
Oxu24.com oxucularına qəhrəman şəhidlərimizi tanıtmaqda davam edir.Bu dəfə təqdim etdiyimiz şəhid Əli Aydın oğlu Tağıyevin həyatı haqqındadır.
Araşdırmaçı jurnalist Aida Eyvazlı şəhidin ailəsində olub. Onun rəqəm baxımından kiçik,mənaca böyük olan həyat yolunu vərəqləyib.
"Səbaildən Şuşaya qədər gedənlər..." kitabında yer alan reportajı təqdim edirik:
ƏLİNİN BOYNUNA TOY XƏLƏTİ ATILMADI...
Bayılın evləri bir-birinin içərisində tikilib. Burada əhalinin sıxlığı əsasən 1985-ci ildən – ölkələr yenidənqurma islahatlarına başlayandan sonra yaranıb. Rayonlardan, kəndlərdən özlərinə iş axtarmağa gələnlər burada ya ev kirayələyib, ya da balaca-balaca damların üstünü qaraldıb özlərinə ocaq qurublar. Tağıyevlər ailəsi də bu dar dalanlı məhəllələrdə yaşayırlar. Özüm də indi Bayıl qəsəbəsində yaşadığımdan, tez-tez onların qapısından gəlib keçirəm. Tağıyevlərin evi buradakı başqa evlərdən fərqlənmədiyinə görə, əvvəllər diqqətimi çəkməmişdi. Bu ünvan Vətən savaşı başlayandan sonra qibləgaha çevrildi. Vətən müharibəsinin ortalarında, payızın isti-ilıq havalı günlərinin birində bu qapıya şəhid tabutu gətirildi. Baxmayaraq ki, ölkədə pandemiya qaydaları, fövqəladə vəziyyət elan edilmişdi, insanlar bu məhəlləyə və küçəyə axın-axın gəldilər. Əllərində üç rəngli bayrağımız “Şəhidlər ölməz, Vətən bölünməz!” dedilər. O gündən sonra bu qapıdan keçəndə şəhidimiz Əli Tağıyevin böyüdülmüş portretinin qarşısında dayanıb ona təzim edirdim. Fikirləşirdim ki, bir gün darvazalarını açıb, dərdlərinə şərik olacam.
Bir gün də yenə həmin qapıdan keçəndə bir yaşlı qadının arıq-çəlimsiz digər qadınla həmin qapıda söhbət edib, ağladığını gördüm. Mən yaxınlaşanda nisbətən yaşlı olan qadın, gözlərinin yaşını yaylığının ucu ilə sildi. Dedim ki, mən şəhidimizin evinə gəlmişəm. Yaşlı qadın, məni içəri dəvət etdi:
- Xoş gəlmisən, şəhidin nənəsi mənəm.
Şamama bibi nəslindən-kökündən danışdı. Dedi ki, əsil nəcabətləri Kərbəlayi İsmayılın nəslindəndir. İndi də İmişlidə rəhmətlik kişinin kötüyündən yaşayanlar vardır. Oğlu Aydın Tağıyev 1991-ci ildə Xabarovskda hərbi xidmətini başa vurandan sonra, dönüb Vətənə qayıdır. 1992-ci ildən 1994-cü ilədək iki oğlu hərbi səfərbərlik çərçivəsində Qarabağ döyüşlərində – Murovdağ, Ağdərə, Talış istiqamətində iştirak etdilər. Aydın müharibədən qayıdıb gələndən sonra, əmisi qızı Təranə ilə evləndi. 1997-ci il avqustun 7-də əkiz oğlanları dünyaya gəldi. Əkiz uşaqları böyütmək çətin olduğu qədər, həm məsuliyyətli, həm də sevincli bir hadisədir. Əkizlərdən birini Əli, digərini Məhəmməd çağırdılar. Rayon yerində dolanışıq çətin olduğundan 1998-ci ildə İmişlidən paytaxta köç etdilər. O gündən etibarən Aydın yenə xırda-para alverlə məşğul olub ailəsini dolandırmağa başladı. Nənə deyir ki, hər vaxt gəlini Təranəyə kömək oldu. Ailənin qayğılarını çəkmək üçün o da gəlib oğlunun yanında yaşadı. Təranə ilə Aydın baş-başa verib evi dolandırırdılar. Lakin illər sonra, Aydın müharibədə aldığı stresslər səbəbindən, qanında xəstəlik yarandı. Ailənin bütün yükü Təranənin zəif çiyinlərinə düşdü. Bütün uşaqlar kimi, Əli və Məhəmməd də hər gün bir buğda boyu böyüdülər. Məktəbə getdilər, dərs oxudular. Təranə uşaqlar kiçik olanda onları cüt geyindirsə də, böyüdükdən sonra hərəsinə paltarı ayrı-ayrılıqda aldı ki, iki qardaş bir-birinin paltarını geyinsinlər. Belə olanda, geyimlərinin çeşidi çoxalırdı.
Bir dəfə “Axırıncı aşırım” filminə baxanda Şamama nənə əkizlərə demişdi ki, bu kişi Kərbəlayi İsmayıl bizim babamız olub. O zaman əkiz tayın birincisi Əli nənəsini sorğu suala tutmuşdu ki, ay nənə, elə kinoda göstərilən kimi olub Kərbəlayi İsmayıl?! Nənə də dünyagörmüş adam idi. Nəvəsini başa salmışdı ki, yox ay bala, o ermənilərə qan uddurub, böyük nəslin adlı-sanlı kişisi olub. Vedibasarda 1917-1920-ci illərdə erməni daşnaklarına qarşı milli-azadlıq mübarizəsinə qalxanlardan biri olub. İrəvanlıların yaratdığı özünümüdafiə dəstələri yarananda Kərbəlayı İsmayılın 48-50 yaşı vardı. Mahalda el ağsaqqalı kimi tanınan, hörmət-izzət sahibi olan Kərbəlayı İsmayıl ağıllı və bacarıqlı təsərrüfat başçısı idi. Abasqulu bəy Şadlinski ilə isə dost və qohum olublar. Abbasqulu bəy ermənilərə qarşı mübarizə aparanda dağ kəndlərində Kərbəlayı İsmayıl, oğlanları Əsədulla, Firidun, Cəmaləddin və Hüseyn, qardaşı Əli, qardaşı oğlu Məhərrəm də xüsusi fəallıq göstərərək Vedibasarın dağlıq kəndlərini düşməndən qoruyublar. Şahablı, Qaraxaç, Qədirli, Keşişdağ və başqa kəndlərdə erməni vəhşiliyinin qurbanı olmuş camaatın köməyinə ilk çatanlar və düşmənə lazımınca cavab verənlər arasında Kərbəlayı İsmayılın dəstəsinin xüsusi yeri olub. Onlar təcavüzkarlara qan uddururdu. Kərbəlayı İsmayıl və dəstəsi düşmənə ağır zərbələr endirdi. Kərbəlayı İsmayılla Abbasqulu bəy arasındakı qohumluq və şəxsi dostluq münasibətləri onların ailələri arasında da bu günə qədər qorunub saxlanır. Abbasqulu bəylə Kərbəlayı İsmayılın qardaşı Pənah bacanaq idilər: Abbasqulu bəy hər dəfə dağ kəndlərinə qalxanda yaxın dostu Kərbəlayı İsmayılın evində qonaq qalırmış. Moskvada və İrəvanda sovet hakimiyyəti illərində ermənilər “qolçomaqlara qarşı mübarizə” adı altında Vedibasarda azərbaycanlılara qarşı təzyiqləri gücləndirlər. Kərbəlayı İsmayıl babamız da təzyiq və təhqirlərə dözməyərək, 1929-cu ildə 250-300 nəfərlik dəstə ilə Vedibasarın dağ kəndlərinə çəkilib, hökumətə qarşı silahlı qiyam qaldırır. Fürsətdən istifadə edən ermənilər Vedibasarın qəhrəmanlarından qisas almaq qərarına gəlirlər. Zaqafqaziyanın Banditizmə Qarşı İdarəsinin erməni əsilli rəisi Vediyə gəlmir. 1930-cu ildə erməni millətçilərinin qurğusu ilə Abbasqulu bəy Şadlinski Kərbəlayı İsmayılla danışıq aparmaq məqsədilə qiyamçıların düşərgəsinə göndərilir. Kərbəlayi İsmayıl bilir ki, bolşevik dəstələri Abasqulu bəyin barəsində ölüm hökmü çıxarıblar. Ona görə də Kərbəlayı İsmayıl Abbasqulu bəylə görüşdən yayınır. Abasqulu bəy sonradan ermənilərin qurduğu hiylə ilə öldürülür. Kərbəlayı İsmayıl bu hadisədən sonra mübarizəni davam etdirməyin mənasızlığını başa düşərək gecə ikən oğlanları və tərəfdarları ilə sərhədi keçib Türkiyəyə pənah aparır. Deyilənlərə görə, Kərbəlayı İsmayılın arvadı Səkinə bibim, oğlu Həsən və Məhərrəmin ailəsi və daha bir neçə nəfər Əyricə yaylaqlarında həbs edilərək, Kəvər türməsinə salınıblar. Ermənilər dəfələrlə cəhd etsələr də, Türkiyədə Kərbəlayı İsmayılı öldürmək onlara nəsib olmadı. Onun yanına oğlanlarını, qohumlarını göndərib, dilə tutmaqla Vedibasara gətirtməyə cəhd etdilər. Lakin Kərbəlayı İsmayıl Türkiyədə tək qaldı.
1940-cı illərdə Kərbəlayı İsmayılla əlaqə tamam kəsilir, yalnız bu məlum olur ki, o, Türkiyədə İqdır vilayətinin Aralıq mahalının Daşburun kəndində yaşayır. Kərbəlayı İsmayıl 1948-ci ildə vəfat edir. Son nəfəsində deyir ki, “Vedibasarda oğlum, qardaşım uşaqları var, məzarımı yol kənarında qazın ki, bura yolları düşsə, gəlişlərini hiss edim”. 1941-ci ildə Kərbəlayı İsmayılın arvadı Səkinəni, oğlu Həsəni, qardaşı İsrafili, qaynı Paşanı və başqalarını Qazaxıstana sürgün etdilər. Bu vaxt yalnız qızı Zəhra ərdə olduğundan sürgündən xilas oldu. Kərbəlayı İsmayılın sürgün olunan doğmaları bir də 1953-cü ildə sürgündən azad olub,bəraət alıb Azərbaycana qayıtdılar və İmişli, Bərdə, Tərtər rayonlarında məskunlaşdılar.
- Mən əkizlərə bu hekayəni danışanda 13-14 yaşları var idi. Əli tez-tez Kərbəlayi İsmayıl haqqında məndən soruşurdu. Deyirdi ki, əsil kişi elə olar. Mənim də əlimdə imkan olsa, erməniləri öldürərəm ki, ulu babalarımın qisasını alım. Nə biləydim ki, nəslimizin bu yaraşıqlı balası arzusuna çatacaq. Nə biləydim ki, Allah dediyi sözü eşidib, onun arzusunu həyata keçirəcək. Elə bircə deyirdi ki, torpağımızı alsaydıq sakit olardıq. Deyirdim ki, ay bala, sən oraları görməmisən. Sənin orda nə işin var, qoy o yurdun oğulları, varisləri narahat olsunlar. Deyirdi ki, nənə mən əsgərlik çəkmişəm, mən bilirəm ki, Vətənin o başı bu başı olmur. Bu iki əkizimlə eyni otaqda yatardım. Hərəsinin öz yeri var. İndi Məhəmməd darıxır. Mən hər gün yatağına baxıram, yatağını boş görürəm. Nənən qurban, daşa dönmüşəm. Mən səni laylalarla böyütdüm. Üstünü tez-tez açardı. İndi səksəkədəyəm, gecələr səhərə qədər oyanıb yüz kərə baxıram... Görürəm ki, Məhəmməd də narahat yatır...
Sonra Şamama bibi nəvəsini yola saldığı günü nağıl edir:
--Əvvəlcə 27 sentyabrda getdi səfərbərlik idarəsinə. Sonra qayıtdı gəldi ki, bu gün də aparmadılar. Səhər tezdən 5 olardı, komissarlıqdan zəng gəldi. Telefonu özüm götürdüm. Təəccübləndim ki, bu səhər açılmamış kim olar evə zəng edən. Sordum kimsən? Dedi ki, hərbi komissarlıqdandır. Dedim bu səhər o başdan hərbi komissarlıq nə axtarırsan? Elə bu vaxt Əlinin səsi gəldi. Dedi ki, nənə, telefonu yerə qoyma, gəlirəm. Baxdım ki, sevinə-sevinə gəlib dəstəyi götürdü. Nə dedilər, nə danışdılarsa, cavab verdi ki, “baş üstə gəlirəm”. Bir az keçdi külək kimi çıxıb qaçdı evdən. Elə sevinə-sevinə, tələsə -tələsə getdi ki... Əkiz qardaşı Məhəmməd də onun dalınca getdi. Çıxanda dedim ki, bala, harada olsan İxlas surəsini oxu. Qapıdan çıxanda özüm də arxasınca oxudum: “Bismilləəhi-r-rah'məənir-rahiim. Qul huva-llaahu əhəd. Əllaahu-s-saməd. Ləm yəlid va ləm yuuləd. Va ləm yəku-l-ləhuu kufuvan əhəd.” (Mənası: Mərhəmətli, Rəhmli Allahın adı ilə! - De: “O Allah Təkdir!, Allah Möhtac deyildir. O, nə doğub, nə doğulub, Onun bənzəri də yoxdur”. (əl-İxlas, 1-4).- red.).
Nənə qurban silahı əlinə götürəndə “Allah-Məhəməd, ya Əli” - de! Bu dəfə etdiyim dualar havada qaldı. Baxdım ki, əynində heç nə yoxdur. Bir yüngül köynəklə çıxır. Birtəhər gödəkçəsini verdim, geyindi. Atası Aydın da dedi ki, qoy təzə paltarlarını geyinsin. Balam bəy kimi bəzənib çıxdı evdən, elə bil ki, toya gedirdi. Sonra da o təzə paltarlarla, o bayraqla həyətdə bir şəkil çəkdirdi.
Həmin gecə aparmadılar onu. Dedilər ki, 28 sentyabra qaldı. Səhər tezdən atası, qardaşları ilə evdən çıxanda o gördüyünüz üçrəngli bayrağı da özü ilə götürdü. Düşdülər yola. Dostları da onunla birlikdə getdi. Balam elə dostcanlı, elə mehriban idi ki... – deyib, gözlərinin yaşını axıdır nənə.
80-nə yaxın yaşı olan Şamama bibinin göz yaşları adamın ürəyini dağlayır. O ağladıqca mən diqqətlə Əlinin şəkillərini nəzərdən keçirirəm. Bu şəkillərdə onun qardaşı Məhəmməd ilə uşaqlıqdan bu günə qədər olan qoşa şəkilləri, böyük qardaşı Ramillə olan şəkilləri, gözəl bir qız ilə xoşbəxt anlarını göstərən şəkillər, əsgərlik şəkilləri... Onu da deyim ki, Əli ilə qardaşı Məhəmməd bir-birinə o qədər oxşayır ki, ilk baxışda onları bir-birindən heç kim ayıra bilməz. Diqqətlə baxanda görürsən ki, Əlinin üzünün sol tərəfində burnunun yanında balaca bir xal var. Məhəmmədin üzündəki həmin balaca xal isə sağ tərəfdə dodağının altındadır. Fotoların hamısında donub qalan təbəssümlər və gülüşlərdir. Və bir də ki, sevdiyi qızın, nişanlısının ona aldığı hədiyyələr var. Minatür fiqurların içərisində gözüm bir Boz qurda zillənnir. Nənəsindən bu fiquru Əliyə kimin verdiyini soruşuram. Nənə deyir ki, o elə uşaqlıqdan bu canavarları sevirdi. Mən anlayıram, anlayıram ki, bu Əlinin içərisində böyütdüyü Boz qurddur. Əlinin inanılmaz gözəlliyi var. Üzündən işıq axır. Bütün şəkillərində adamın üzünə gülür. Yazımın yuxarısında qeyd etdiyim kimi, hər dəfə bu qapıdan keçəndə Əli Tağıyevin gözəlliyinə heyran-heyran tamaşa etmişəm. Ancaq Əlinin sol yanağındakı xalı sezəndən sonra, gənc yaşlarımda yaşlı bir qadından eşitdiyim fikiri xatırladım: “Sol yanağında xalı olanlar tez ölürlər. Yaşamırlar ki...”. Nə bilim vallah, el içində gəzən inancdır, söhbətdir də... Bəlkə də heç belə deyil.
Həmçinin oxuyun
Əzizim qara xalı,
Əzizlə qara xalı.
Kəbə daşı bilirəm,
Üzündə qara xalı.
Nənə deyir ki, Əli Tağıyev Göran tərəfdəki hərbi bazada Ballı Qayada xidmət edirmiş. Əsgərlikdə olanda neçə dəfə qohum-əqraba ilə yığışıb görüşünə gediblər. Sevdiyi yeməkləri, naz-nemətləri hazırlayıb onun üçün, yanındakı əsgər yoldaşları üçün aparıblar. Sonra uşağın yerini dəyişiblər Milli Qəhrəman Mübariz İbrahimovun xidmət etdiyi posta. “Əli bizə zəng vuranda sevinə-sevinə deyirdi ki, mən Mübarizin postunda dayanıram. Balam qeyrətli idi, belə işlərdən qürur duyurdu.” - deyir nənə:
- Əsgər getməzdən əvvəl dizaynerlik peşə məktəbində oxuduğu bir qızı sevdi. Sözü bütöv oğlan idi. Dedi ki, mənə nişan aparın. Dedim bala, evdə böyük qardaşın var. Nə isə Əlinin dediyi oldu... Nə yaxşı ki, oldu da... Əlinin sözünü yerə salmayıb, öz ad günündə 7 avqustda Gəncəyə ona nişan apardıq. Söhbətimizin bu yerində elə Əlinin anası Təranə gəlib çıxdı. Qara libasda saçları ağappaq ağarmış , sısqa bir qadın... Əlinin sağlığındakı şəkillərdə anası belə deyil. Çox şux, xoşbəxt və gözəl görünüşü var. Övlad dərdi, sevgili dərdi, ata dərdi, ər dərdi – insanı bəzən bir günün içərisində qocaldır, soldurur. Oğlunu kitaba yazacağımı bilib, danışmağa başladı:
- Mənim oğlum çox əziyyət çəkdi. Həm oxudu, həm işlədi. Həyatın cəfasını çəkdi, səfasını görmədi. Maaşını alıb mənə gətirərdi. Nişan üzüyünün pulunu da özü toplayıb vermişdi. Üstünü düzəldib, aldım. Nə yaxşı ki, geyimlərin ən yaxşısını geyindi, bəzəndi, düzəndi, gəzdi balam. Ətirlərin ən gözəlini işlətdi. Öz zəhmətinin bəhrəsinin, öz alın tərinin pulunu xərclədi. Bu iki oğlum dünyaya gəlməzdən əvvəl yuxumda gördüm ki, bir ağ libasda kişi gətirib qucağıma iki uşaq qoydu. Dedi ki, Allah, Məhəmməd, ya Əli! Bu uşaqların adıdır.
Aprel döyüşlərində iştirak etdiyinə görə 701 saylı hərbi hissənin komandiri Əflatun Nurəliyevin imzası ilə Təşəkkür məktubu, Fəxri Fərman və qol saatı ilə təltif olunmuşdu. Orada Ballı Qayada xidmət edirdi. İdmanın karate, güləş növü ilə məşğul olurdu. İlk dəfə hərbi hissədə görüş alıb gedəndə əmiləri, dostları, qaynanam, qardaşları bir böyük maşın tutub getmişdik. 7 toy qazanı yemək bişirib aparmışdıq. 2017-ci ildə şərəflə xidmət edib, qayıtdı. Əsgər getməzdən əvvəl nişanladıq Əlini. Boş vaxtı olan kimi qaçırdı Gəncəyə nişanlısının görüşünə, - deyib, ana yan otağa keçir.
Oradan bir qutu gətirir. Qutunun içərisindəki yarpaq-yarpaq rəngli kağızları tökür stolun üstünə. Bu kağızlarda Əli və sevdiciyi bir-birinə dünyanın ən gözəl sevgi sözlərini yazıblar. “Sevgi nəğməm, sən nə gözəl öküzümsən”, “Az... dur çay dəmlə gəldik..”, “Yeni günün mübarək”, “Aşkım, öküzüm...”, “Sən tam bir gülsən...”, “Gələcək həyat yoldaşım!”, “Səsinlə, nəfəsinlə yaşayıram!”, “Yuxuma gəlirsən sən hər gecə, bilmirəm sözümü deyim necə...” və iki gəncin sevgi zarafatları, eşq hekayətləri.... Sən demə hər ikisi ayrılıqda bir qutu saxlayırmış. Əli Bakıda, nişanlısı isə Gəncədə sevgi və eşq sözlərini hər gecə bir yarpaq rəngli kağıza yazırdılar, görüşdüklərində qutuları dəyişdirirdilər. İki gəncin, həyat qurub, yuva qurub, ocaq qalamaq, ailə-uşaq sahibi olmaq istəyən iki cüt göyərçinin bu eşq hekayətini görəsən Tanrı niyə belə yarımçıq qoydu, - deyə düşünürəm. İki sevgilinin indi bir qutuda toplanan bu eşq sözlərindən, məhəbbət məktublarından bir roman yazmaq olar. Elə bir roman ki, sonunda Azərbaycanın Zəfəri var.
Yenə söhbətinə davam edir Təranə:
- Birinci dəfə çağırılan gecəsi aparmamışdılar onu, qayıdıb evə gəldi. Sevindim ki, uşaqdır da məhəllədə tay-tuşları gedir, bu da həvəslənib. Dedim hara gedirsən? Dedi müharibəyə. Başımı qaldırıb üzünə baxdım, gözlərim doldu. Anayam da... Ana da balasını müharibəyə sakit yola sala bilər?.. Dedi ki, sevin də... Dedim nəyə sevinim bala? Mən ana-bacı üçün gedirəm, -dedi. Dedim ay bala sənin bacın var ki..? “Annecim, hamı mənim anam-bacımdır. Annecim, vaxt gələcək, sənə şəhid Əlinin anası deyəcəklər...!” Bu sözündən sonra lap hölləndim. “Ay allah, bu nə danışır”- deyib, həyəcanlandım. Amma neylədim, yanımda saxlaya bilmədim, getdi. Atası aparıb komissarlığa qədər. Yola salanda telindən öpüb, Əlini bağrına basıb, qoxusunu sinəsinə çəkib. Elə bilib ki, sonuncu dəfə qoxlayır oğlunu. İndi Əlinin dərdi çökdürüb onu... Gedəndə həyətdən apardığı bayrağı qonşunun oğluna verib deyib ki, bu bayrağı saxla, mənə qayıtmaq nəsib olsa, gələndə çiynimə atarsan. O bayrağı tabutunun üstünə sərdik.
Təranə danışdıqca yadıma Şirvan toyları düşdü. Şirvanda bir eldə, obada, kənddə, mahalda toy çalınanda qonum-qonşular, qohum-əqrabalar sandıqlarını açar, buradakı ən yaxşı ipək parçalarını götürüb, axşam toy mağarındakı bəy tərifini gözləyərdilər. Aşıq, xanəndə bəyi tərif edərdi...
“Dəryada durubdur Nuhun gəmisi,
Gəlib xələt versin Əlinin əmisi...”
Bax , bu müharibəyə gedən uşaqlar üçün o toylar çalınmadı. Onlar gözlərini açandan müharibə xəbərləri eşitdilər. Əllərində avtomat oyuncaqlar dava-dava oynayıb, düşmən ermənini öldürdülər. Və bir də ki, 30 il ərzində televiziyalarda, elə öz yaşadıqları rayonlarda, məhəllələrdə şəhid tabutları gördülər. O şəhid tabutlarının üstünə üçrəngli bayraqlar sarıldı və şəhid tabutunu qarşılayan uşaqlar çiyinlərində bayraq gəzdirdilər. O uşaqlar toylarda bəyin tərifindən sonra boynuna ipək parçalar atılması adətindən xəbərsiz böyüdülər... Əlinin də boynuna ipək xələt atılmadı... Nəinki Əlinin, Əli ilə bərabər yüzlərlə şəhid balamızın toy xonçaları, gəlin otaqları bəzəkli qaldı, qapıları açılmadı...
Aydının oğlunu yola salarkən, ətrini ciyərlərinə çəkməsi mənim də ciyərimi yandırdı. Bir anlıq özümü onun yerində hiss etdim. Dünyada bala ətrindən, ana ətrindən gözəl ətir yoxdur. Uzaq yolda olan balası evə gələndə kim qoxlamadı ki, balasını... Hətta çöldə pişiklər də balasını qoxusundan tanıyar, balasının qoxusundan rahatlıq tapar. O ki, qala insan ola...
Təranə deyir ki, oğlu gedəndən gözünün yaşı qurumadı. Xəbərlərə baxdı ağladı, ordumuzun irəliləməsi xəbəri gəldi, ağladı... Yalnız hərdən Əlinin əlinə telefon düşəndə, şəbəkə olanda zəng edərkən, ürəyi rahatlıq tapdı. Əli də nə zaman danışdısa, dedi ki, ana, narahat olmayın, hər şey əladır, biz irəli gedirik. Döyüş gedir. Ancaq atama demə. Atamdan muğayat ol!
Əli Tağıyev də döyüşlərə həvəslə qoşulmuşdu. Artıq gözü qana, dost itkisinə, yaralı əsgərlərin qulaq batıran qışqırıqlarına, top mərmisinin vıyıltıyla gələn səsinə də öyrəşmişdi. Səbail uşaqları ilə birlikdə döyüşə qatıldığından özünü xoşbəxt hiss edirdi. Füzulinin alınması barədə ilk xəbərlər yayılanda, evlərinə zəng vurub, hamını təbrik etdi. Ən çox narahatlığı əkiz tay qardaşından idi. Hərdən həyəcanlanır, bədənini tər basırdı, ya da istilik gəlirdi. Özü bilirdi ki, bu həyəcan Bakıda qardaşı Məhəmmədin keçirdiyi hisslərdir ki, ona da rahatlıq vermir. Atasına çox bağlı idi. Fikirləşirdi ki, müharibə qurtarsın, toyunu etsin, işlərində irəliləyiş olan kimi atasını yaxşı həkimlərə göstərəcək. Ümumiyyətlə Əli üçün bu dünyada pis adam yox idi. O insanları, insanlığı sevirdi. Nə qədər dostuna kömək olmuşdu. Keçən il, təzə evlənmiş bir yaxın dostunu atası evindən çıxarmışdı. Əli həmin dostunu təzə gəlini ilə gətirib əvvəlcə öz evlərində, sonra xalasıgildə sığınacaq verib, saxlamşdı. Onun toyuna gedəndə də nişanlısı ilə getmişdi. İndi yanında dostları şəhid olanda, yadına həmin toy düşürdü. Nişanlısına o toy günü demişdi ki, aşkım, atama demişəm, mənim üçün üstü mansarlı ev tikəcək.
Oktyabrın 11-də Cəbrayılı da keçib, Hadrut yoluna çıxdılar. Neçə gün idi ki, gecələri piyada hərəkət edirdilər. Ermənilər atəşə başlayanda, onların bölük komandirləri koordinatları Xüsusi Təyinatlılara və artilleriya bölüklərinə ötürür, koordinatlar veriləndən bir neçə dəqiqə sonra, həmin istiqamətlərdə düşmən susdurulurdu. Əli 2016-cı ilin aprel döyüşlərindən çıxan əsgər idi. Burada da çevikliyini itirmirdi, çalışırdı ki, yaralanan döyüşçülərə yardım etsin. Cəbrayıldan Hadrut yolu üstünə çıxanda , yenə atışma başladı. Onların taborları itkilər verdilər. İçərisində yaralılar da var idi. Təxliyyə qrupu ilə birlikdə yaralıların bir neçəsini KaMAZ avtomobilinə yerləşdirdilər. Əli də həmin avtomobildə yaralıları sanitar məntəqəsinə çatdırmaq tapşırığı almışdı. Ətrafına baxdı, düşmən tərəfinin atəşləri səngimək bilmirdi. Yanındakı komandirinə dedi: “Ürəyimə damıb ki, mən şəhid olacam. Amma bilmirəm atam dərdimə dözə biləcəkmi?”...
Dağın ətəyindəki yol ilə xeyli irəliləmişdilər ki, birdən düşmənin atdığı silah onların olduğu KaMAZ-a dəydi... Yuxarıda dayanan, onların gəlməyini gözləyən bölükdəki uşaqlar bildi ki, belə partlayışdan sonra, oradan sağ çıxmaq çətin olur. Həmin anda, günorta saat 11-12 radələrində Əli Tağıyev və yanındakı komandiri şəhid oldular.
Günorta saat 11-12 olardı. Şamama xala məhəllədə qonşularla söhbət edirdi. Əslində söhbət etmirdi, dərdini, həyəcanını dağıtmağa bir yer axtarırdı. Qonşular Əlini soruşdular dedi ki: “Əli zəng etmişdi. Soruşdum ki, hardasan?! Dedi ki, nənə desəm, biləcəksən? Lap tutaq ki, dedim ki, Füzulidə, sən Füzulini tanıyırsan? Ay balam, bu uşaq, davada da zarafatından qalmır. Soruşur ki, nənə nətərsən? Deyirəm ki, bala nətər olacam, mən evdə oturmuşam, sən güllə-boranın içində. Sən nətərsən bala. Deyir ki, hər şey əladır , nənə. Ay qonşular ...” – deyib, sözünün ardını gətirə bilmədi. Şamama bibinin kürəyindən kəskin ağrı tutdu. Elə bil ki, qılıncla ürəyinin içini ovdular. Yerə çökdü. Başladı qışqırmağa: “Əliyə nəsə oldu, balama nəsə oldu...”
Qonşular Şamama bibiyə kömək edib, onu evə gətirdilər. O saatdan sonra, nənə evdə qərar tuta bilmədi. Əlini nəvələrindən soruşdu. Dedilər ki, Əlinin telefonuna zəng çatmır. Axşam isə kiçik oğlu gəlib Şamama bibiyə dedi ki, Əli yaralıdır. Şamama əlini belinə qoyub dedi: “Yox, bala, mən bildiyimi bilirəm, mən ürəyimdən yaralanmışam. Bu gün səhər Əli şəhid olub. Ürəyim xəbər verdi...”. Bu sözləri danışandan sonra Şamama bibi bayatı dedi:
Bala dağı,
Bürüyüb lala dağı,
Hər yara sağalsa da
Sağalmaz bala dağı.
12-si günü bu məhəlləyə gör neçə tabut gəldi... Bir-birinin dalınca gəlirdilər balalarım... Onların hamısı mənim balamdır. Əlisi də, Muradı da, Nicatı da, Bilalı da... Körpəmi qızıl-qırmızı bayrağa bükülmüş tabutda gətirdilər. Dolandım tabutun başına, haray çəkdim, səsimə səs vermədi. Dedim ki:
Yaralanmısan ay Əli, yaraların qan verir.
Dünən ömür sürən canın bu gün can verir.
Yaralı balam, nişanlı balam,
Xonçası bağlı qalan balam,
Mərhəmətli, şəfqətli balam...
O necə gediş idi, bu necə gəliş oldu..
Həyətim adamla doldu...
Xəbərinin ayağı nə yüyrək oldu...
Ağır xəbəri Təranəyə böyük oğlu Ramil apardı. Nənəsi dedi ki, get ananı gətir. Məhəllələrinin yuxarısındakı 162 saylı məktəblə üzbəüz yerləşən meyvə dükanına gəldi. Ramil anasının üzünə baxa bilmirdi. Anası fikirli-fikirli oturmuşdu. Təranə onu görüb başını qaldırdı:
- Nə var Ramil, niyə gəlmisən?
- Ana, Əli yaralanıb...
Təranə onun sözünü ağzında kəsib dedi:
- Yox, yaralanmayıb, Əli şəhid olub, - de.
Həmin günün səhərisi 13 oktyabrda Badamdar qəbristanlığında üç tabut yanaşı dəfn edildi. Əli Tağıyev, Murad Qurbanov və Nicat Şükürlü...
Əli Tağıyev şəhid oldu. Öz arzusuna çatmışdı. Toy arzusuna, həyat yoldaşı arzusuna deyil, şəhid olmaq arzusuna çatmışdı. Tanrı hər kəsi bu məqama yetirmir. Tanrının uca məqamında, yanında saxladığı Əlinin ruhu evlərini tərk etməyib. İndi bu evdə bir bədəndə iki can gəzdirən, iki ruh daşıyan Məhəmməd var. Məhəmməd hələ cavandır, bunu bəlkə də hiss etmir, və ya bəlkə də hisslərini sözlərlə ifadə edə blmir. İki əkiz qardaş necə böyüyür, necə ayrılır sualıma belə cavab verdi:
- Əli ilə əvvəlcə 162 saylı məktəbdə eyni sinifdə oxuduq. 9-cu sinifi bitirəndən sonra Əli 13 saylı peşə liseyinə gedib, dizaynerlik oxudu. Biz uşaq vaxtı paltarlarımızı bölüşə bilmirdik, axırda nənəm götürüb paltarlarımıza iki rəngdə sap tikirdi. Və hərəmiz o sapın rəngi ilə öz paltarımızı tanıyırdıq. Anam ikimizi də bir geyindirirdi. Biz bir az böyüyəndən sonra dedi ki, daha sizə cüt paltar almayacağam. Hərənizə bir paltar alacam ki, paltarlarınız çox olsun. Qardaşımı müharibəyə yola salanda, atam, böyük qardaşım Ramil və mən getdik. Çağırış məntəqəsində bizi ilk dəfə görənlər çaşırdılar. Pəncərədən Əlini çağırdım. Oradakı uşaqlar dedi ki, sənin qardaşın Əli səhərdən bizimlə zarafat edir, güldürür bizi. Əli çox deyib gülən, zarafatcıl və mərhəmətli oğlan idi. Bizim tərəfdə küçədə bir kişi var, kasıbdır, dilənmir, elə o başa gedir, bu başa gəlir. Əli onu nə vaxt görürdüsə, cibinə siqaret pulu qoyurdu. Əli olan yerdə həmişə mehribançılıq olub. Döyüşdən də zəng edirdi. Mən onun dostları ilə də danışırdım. Söhbətlərindən görürdüm ki, Əli hamının sevimlisidir, məsləhət yeridir. Deyirdilər ki, o çox cəsurdur, fədakardır, heç nədən qorxmur. İndi yol ilə gedəndə, uzaqdan gələn Əli boyda bir adamı görəndə, ona oxşadıram. Dayanıram, gözləyirəm... Sonra ayılıram ki, axı bu o deyil. Qardaşımı hər yerdə axtarıram. Mənim bir tərəfim gedib... Qardaşım şəhid olmazdan üç gün əvvəl özümü çox narahat hiss elədim. Mənə gah isti oldu, gah soyuq... Ayaqlarım yanırdı... Gah da bədənim yanırdı... Nə bilim bəlkə qardaşım elə belə şəhid olub... Bəlkə qardaşımın bədəninin həmin yerləri yanıb, ya da ki, ağrını həmin yerlədən çəkib... Heç nə bilmirəm. Tabutu açmadılar, görmədik...
Vətən uğrunda, torpaq uğrunda döyüşərək şəhid olan 23 yaşlı Əli Aydın oğlu Tağıyev nənəsindən nəsil-kökündən olduğu Kərbəlayı İsmayılın ermənilərlə necə döyüşdüyünü eşidəndə dediyi “Mənim də əlimdə imkan olsa, erməniləri öldürərəm ki, ulu babalarımın qisasını alım” sözlərini Tanrı həmən əməl dəftərinə yazıbmış. Yoxsa ki, hər insan öz arzusuna belə tez çatmır. Əli Tağıyevin bu dünyada toyu olmadı. Adına bağlanan xonçaları məzarı üstünə getdi. Lakin Tanrı dərgahında ən gözəl toy Əli Tağıyev və onun silahdaşları üçün çalındı. O Tanrı dərgahına şəhid paltarında ucalmışdı. Məqamın mübarək, nur üzlü şəhidim. Cənnətdəki Toyun mübarək!
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün şəhid Əli Aydın oğlu Tağıyev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edildi.
Müəllif: Aida Eyvazlı
Xüsusi olaraq Oxu24.com saytı üçün
03:32 / 28 İyun 2025
800 min dollara uçan avtomobillər - FOTOlar
12
01:45 / 28 İyun 2025
Rəhman Rəhmanov xəstəxanaya yerləşdirildi
202
00:11 / 28 İyun 2025
“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO
27
23:56 / 27 İyun 2025
Soçidə iki sərnişin təyyarəsi toqquşdu - FOTO
30
23:24 / 27 İyun 2025
Rusiyada OMON dəstəsi azərbaycanlı qardaşları öldürdü
29
22:51 / 27 İyun 2025
İmtahanlar bitdiyi üçün sevinib 1 litr araq içdi, komaya düşdü
39
22:32 / 27 İyun 2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
34
22:03 / 27 İyun 2025
Kadırov oğlunu evləndirir
33
20:46 / 27 İyun 2025
DİN sürücü və valideynlərə xəbərdarlıq edib
49
17:15 / 27 İyun 2025
Almaniya “Şimal axını 2”nin qarşısını almaq üçün qanunvericiliyə dəyişikliklər hazırlayır
56
17:05 / 27 İyun 2025
Xanbaba Daşdı ölü tapılıb - ŞOK!
342
17:03 / 27 İyun 2025
DİN açıqlama yaydı: 84 nəfər saxlanılıb
264
16:59 / 27 İyun 2025
"Mübarizənizdə tək deyilsiniz" - Lukaşenkodan İrana dəstək
73
16:44 / 27 İyun 2025
Polşanın cənubunda atışma
62
16:30 / 27 İyun 2025
SON DƏQİQƏ! Ağır qəza baş verib: Xeyli sayda yaralı var
1777
16:30 / 27 İyun 2025
“Qazprom” 2024-cü il üçün dividend ödəməyəcək
62
16:30 / 27 İyun 2025
Rusiyada bir alman muzdlusu qiyabi olaraq 14 il müddətinə azadlıqdan məhrum edilib
65
16:02 / 27 İyun 2025
Ukrayna 2025-ci ildə 4 milyon pilotsuz təyyarə almağı planlaşdırır
68
15:55 / 27 İyun 2025
Kirkorovdan Paşinyana çağırış
79
15:45 / 27 İyun 2025
Türkiyə ilə Rusiya arasında KEK Protokolu imzalanıb
65
15:40 / 27 İyun 2025
Zabux kəndində 1 ton narkotik bitki məhv edilib
70
15:30 / 27 İyun 2025
İran Çindən silah gözləyir
63
15:15 / 27 İyun 2025
İsrailin müdafiə naziri bəyan etdi: İrana yeni hücum gözlənilirmi?
433
15:07 / 27 İyun 2025
Lukaşenko İranı müdafiə etdi
134
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.