Qaynar xətt:

(+99450) 247 90 86

3 qardaş vaxtsız dünyadan köçdü—  Şəhid İsmayılın acı taleyi   

CƏMİYYƏT

1293

27.05.2025, 15:41

Oxu24.com oxucularına qəhrəman şəhidlərimizi tanıtmaqda davam edir.Bu dəfə təqdim etdiyimiz Şəhid Hüseynov İsmayıl Şahvələd oğlunun   həyat hekayəsi olacaq.Araşdırmaçı jurnalist Aida Eyvazlı şəhidin ailəsində olub. Onun ömür yoluna nəzər salıb.

"Səbaildən Şuşaya qədər gedənlər..." kitabında yer alan  reportajı təqdim edirik:

2011-ci ildə Ağcabədi istiqamətindəki N saylı hərbi hissədə hərbi xidmətdə olan İsmayıl Hüseynov minaya düşəndə, böyük qardaşı Novruz, nə anası Sonaya, nə də atası Şahvələdə bir söz demədən, hərbi hissəyə tələsdi. Bir də ki, hadisədən Gəncədə yaşayan böyük bacısı Samirənin xəbəri oldu. Bacı-qardaş ikisi də özlərini yaralı qardaşa yetirdilər. Ağcabədidəki hərbi hospitalda məlum oldu ki, İsmayıl Hüseynov və onunla bərabər üç hərbçi çoxdan basdırılmış minanın partlaması nəticəsində müxtəlif bədən xəsarətləri alıblar. Arada-ölüm itim olmadığına Samirə Tanrıya min dəfə şükr elədi. Yaşlı anası və atası Bakıda yaşayırdı. Onlar Ağcabədiyə gedə bilmirdilər. Samirə üçün isə Gəncədən Ağcabədiyə getmək daha asan idi. O evində bişən hər şirin tikəni, hərbi hissəyə aparıb, qardaşı ilə birlikdə bölürdü. İsmayıl evin sonbeşiyi idi. O dünyaya gələndə Samirənin 17 yaşı var idi. Anası Sona fabrikdə işləyirdi, atası isə neft buruqlarında fəhlə idi. Böyük qardaşı Rövşənə, Həsənə, Novruza, İsmayıla Samirə nəzarət edirdi. Anası gələnə qədər biş-düş, yır-yığış edər, evdə oturub sevinclə ata-anasını gözləyərdi. Boş vaxtlarında da həyətdə dayanıb qonşularla, yaşıdları ilə voleybol oynayar, şirin-məzəli söhbətlər edərdilər. Onların yaşadıqları bu qədim binanın 100-dən artıq yaşı var idi. Əslində burada yaşayan böyüklərin, nə də uşaqların heç birini maraqlandırmırdı binanın tarixi. İnsanların əksəriyyəti belədir. Yaşadığı yeri hər gün görəndə, həmin yer onlar üçün daha çox doğma yurd, doğma məhəllə atributundan başqa heç nəyi ehtiva etmir. Lakin, bir həqiqət var ki, Badamdarın, Bayılın və 20-ci sahənin qədim tarixinin şahidi və yadigarı idi bu bina. Deyilənlərə görə bina və onun ətrafındakı ərazilərdə 150 il əvvəl “konka” atlarını saxlayırlarmış. “Konka” rus dilində “qonka” - “qaçış” deməkdir. Yəni ki, bu atlara arabalar və qatar tipli kabinələr qoşulardı. Hacı Zeynalabdin Tağıyev beş nəfər kənardan gələn sərmayədarla 1887-ci ildə şirkət yaradır, şəhərdə konka yolu çəkməyə başlayırlar. Bakı konkası ilk dəfə 19 aprel 1889-cu ildə hərəkətə gətirilir. Səhmdar cəmiyyətin ilk sədri H.Z.Tağıyev olur. Relslər arasında məsafə 1524 mm-dir. İlk ildəcə tikintiyə 52 min rubl pul ayrılır. Bu yol 1892-ci ildə işə düşür, nəqliyyat aləminə böyük yenilik gətirir. Səhmdarlar şirkəti konkanı işlətmək üçün Hacı Mustafa Rəsulova icarəyə verir. Konkaya adətən, iki at, yoxuş olan küçələrdə isə üçüncü atı da qoşurdular. Bakının müxtəlif hissələrində konkaları hərəkətə gətirən at tövlələri tikilir. Belə tikililər badamdar, indiki 20-ci sahə və Bayıl ərazisində də çoxluq təşkil edirdi. Hüseynovlar ailəsinin yaşadığı Y.Mürsəlov küçəsindəki bu binanın da birinci mərtəbəsində at saxlanılırdı. Ona görə də qədimdə ötən əsrin əvvəllərində bu küçəni “Konyuşni” küçəsi kimi tanıyırdılar. İki cür - həm yay konkası, həm də qış konkası vardı. Qış konkası şüşələrlə bağlı, yay konkası isə açıq olardı. Qara şəhər və Ağ şəhərə, bir də Bayıla da konka işləyirdi. Bakıda konka ilə bərabər digər nəqliyyat vasitələri vardı. Minlərlə at, araba, qazalaq, fayton, kübarların karetaları, bir də tək-tək avtomobil... 

Bakı təzadlar şəhəri idi, bir yandan qızıl sel kimi axıb varlı adamların seyflərinə, sandıqlarına, banklara dolur, xaricə göndərilir, digər tərəfdən də bir loxma çörək üçün özünü oda, közə atan adamlar gündə 10-14 saat işləyirdilər. (“Oxuduqlarım, eşitdiklərim, gördüklərim” - Manaf Süleymanov).

At tövləsi üçün ərazilər Bakının bütün hissələrində var idi. Bu da şəhərdə nəqliyyat infrastrukturunu tənzimləyirdi. Bayıldakı bu bina dağın zirvəsində yerləşdiyindən, burada yaşayan insanlar şəhəri ovuclarının içərisi kimi görürdülər. Bu həyətdən hamının çox sevdiyi Xəzər və saysız-hesabsız Neft buruqları da aydın görünürdü. Qərinələr ötdükcə, şəhər də formasını və infrastrukturunu dəyişdi. Bu viran və unudulmuş məhəllə də, bina da dövlət və hakimiyyət orqanlarının yadına düşmədi. Sonralar kasıb fəhlələr bu binanı yaşayış yeri kimi istifadə etdilər. Bir də 1994-cü ildə yada düşmüşdü. Bu ərazidə yaşayan Yüzbəy Mürsəlov həmin ili Qarabağ uğrunda döyüşlərdə həlak olmuşdu. Sonra məhəllə sakinləri elə evin tinində şəhidin adına bir abidə ucaltdı. O gündən etibarən Sona bibi bu abidənin keşiyində durdu. 

Günlərin bir günündə oğul itirmək ağrısı Sona Hüseynova və Şahvələd Hüseynovun da qapısını döydü. Ailənin böyük oğlu Rövşən 20 yaşını təzə tamam edən kimi xəstələndi, həm də kasıbçılıq ucbatından dərdinə əlac tapılmadı. Rəhmətə getdi. Sona Hüseynovanın ürəyinə ilk oğul dağı belə çəkildi. Elə təzəcə taleyi ilə barışmağa çalışırdı ki, 8 il sonra ikinci oğlu Həsən də 27 yaşında bu dünyaya əlvida dedi. Sona xala və Şahvələd dəli olub küçələrə düşmədilər. Ancaq dərd içərilərini yedi, dərd bu ata-ananı yumağa döndərdi. Onların nə çəkdiyini indi evin böyük qızı olan Samirə bildi. İçindən yanıb qovruldu. Meylini kiçik qardaşı Novruza və İsmayıla saldı. “Qa” deyəndə sularını, “qu” deyəndə çörəklərini verdi. Sonra Samirəni Gəncəyə gəlin apardılar. Mənzil uzaq, yol uzaq... Arada imkanı olanda özü  gəldi, və yaxud da ki, qardaşları və ata-anası Gəncəyə Samirəni və nəvələrini görməyə gəldilər. Sona xala da taleyinə və Tanrısına tabe olan qadın idi. Yaşadığı məhəllədə də onu çox əliaçıq, ürəyi açıq insan kimi tanıyırdılar. Uşaqları da özü kimi böyümüşdü. Hər kəsin köməyinə çatar, hər kəsə bacardıqları qədər əl tutardılar. Bu məhəllənin adamları əzəldən bir-birinə can deyib can eşidir, hamısı bir ailə kimi dolanırdılar. İsmayıl hərbi xidmərini başa vurub evə döndükdən sonra, 2013-cü ildə atası da dünyasını dəyişdi. Bu artıq alın yazısı idi. Sona oğullarını və qızını başına toplayıb, səbirli olmağı tövsiyə etdi. Novruz fəhləçiliklə məşğul olurdu. İsmayıl da kefi istəyəndə işləyirdi, kefi istəməyəndə evdə idi. Gah sürücülük etdi, gah bənna oldu, gah ev təmir elədi. Qonşuların əlində bir işi oldumu, köməklərinə çatdı. Əslində zavod və fabriklər olmadığından, bu uşaqlar özlərini dəqiq bir iş yerində tapa bilmirdilər. Hər yerdə tanış lazım olduğundan, dövlət müəssisələrində fəhlə işinə də götürmürdülər. Lakin Novruzun da, İsmayılın da əllərinə 3-5 manat artıq pul düşdümü, qaçıb Gəncəyə gedər, bircə bacılarını tək qoymazdılar. İndi bacılarının 3 övladı olsa da , onlar öz qardaşlıq borclarını dərk etdiklərindən, Samirə bacını başlarının tacı sayırdılar. 

Novruz Hüseynov:

- Hərbi səfərbərlik haqqında çağırış olan kimi, İsmayıl da məhəllə uşaqları kimi gedib adını könüllülər sırasına yazdırdı. Aprel döyüşləri olanda da İsmayıl gedib könüllü yazdırmışdı adını. Bu müharibədə isə sentyabrın 21-də onu təlimə çağırdılar. Bizimlə halallaşıb evdən çıxdı. Mən də Gəncəyə bacıma zəng edib, İsmayılın döyüşə getdiyini söylədim.  

Samirə Talıbova:

- İsmayılı mən böyütdüm. Qayğısına qaldım, nazını çəkdim. O əsgərlik çəkəndə yoldaşımla tez-tez Ağcabədiyə onun yanına gedirdik. Müharibə başlayanda Novruz mənə telefon açıb deyəndə ki, İsmayıl davaya getdi, elə bil ki, içərimdə nəsə qırıldı. Qorxu doldu qəlbimə. Fikirləşdim ki, qardaşıma bir şey olasa neylərəm?! İsmayılla danışa bilmədik. O döyüşdə olduğu vaxtlar ancaq qardaşım Novruza telefon açırdı. Elə narahat idim ki, gecələr yuxu da yata bilmirdim. Səksənib yerimdən atılırdım. Novruz deyirdi ki, İsmayıl yaxşıdır, irəli gedirlər. Evlə danışanda kefi yuxarı olur, heç nədən narahatlığı yoxdur... Bir də ki, 8 oktyabrda o qara xəbəri dedi mənə Novruz. Allahın mənə yazığı gəlmədi. Yenə də 27 yaşı təzəcə tamam olmuş sonbeşik qardaşımı aldı əlimdən. İndi fikirləşirəm ki, ay qardaş gedəndə üzünü görmədim, doymadım səndən, kaş indi yuxularıma gələsən... Deyirəm ki,

Şirin yuxu olaydın,

Gözlərimə dolaydın,

Sənə layla çalaydım,

Gecə-gündüz qardaşım...

Sona xalanın dərdinə şərik ola bilmirəm. Üç oğul dəfn edən anadan nə soruşmaq olar ki? Yarı uçuq, yarı sökük evinin bir küncünün divarlarına İsmayılın böyüdülmüş şəkillərini vurub. Deyir ki, mən oğul dərdini çəkə bildiyimdən elə Allah dalbadal gətirdi bu bəlaları başıma. Mən elə bilirdim ki, bizim

Küçəyə çıxan kimi gedib 1994-cü ildə şəhid olan Yüzbəy Mürsəlovun adı yazılan lövhəni silib-təmizləyərdim. Gül-çiçək toplayıb qoyurdum qarşısına. İndi İsmayılımın da şəklini onun yanına vurublar. İsmayıl Bayıldakı 162 saylı məktəbi bitirmişdi. Bu həyətdə hamının sevimlisi idi. Hər kəsin dadına çatırdı. Gözəl gülüşləri var idi balamın. Yığışırdı dostları ilə məhəlləyə, gözəl-gözəl gülüş səslərini eşidirdim. İndi dostları yenə də yığışırlar, ancaq daha İsmayılın səsi gəlmir... Qulağım qapıda, gözüm yoldadır. 70 yaşım var. Novruzu da hələ evləndirə bilməmişəm. İsmayıla da çox yalvardım ki, ay bala gəl evlən, evlənmədi... Elə bir sözü  var idi, “mama tələsmə, hər şey yaxşı olacaq...”. Yaxşı olmaq bu idisə, mən belə yaxşılığı arzulamamışdım. Göm-göy gözləri, sarışın bənizi var idi oğlumun. Böyüklərə hörməti var idi. Böyüklə böyük, kiçiklə kiçik idi. Ondan bu dünyada heç kim incimədi. Ancaq  belə gedişi ilə bütün dostlarını incitdi. Sonuncu dəfə qardaşına zəng vuranda dedi ki, özünüzdən muğayat olun.  Füzulidə döyüşürdü əvvəl, amma eşidirdik ki, irəliyə gediblər. Nə biləydim ki, belə olacaq... Çörək yedikləri yerdə onları mühasirəyə salıb, həmin yerə minamyotla atəş açıblar. Səbaildən olan Əli Nağıyevin həlak olduğu yerdə, mənim oğlum da şəhid olub.

Şəhid Hüseynov İsmayıl Şahvələd oğlu 1993-cü il iyunun 18-də Bakı şəhərində anadan olmuşdu. Onun ömrü qardaşları Rövşənin və Həsənin ömrü qədər qısa oldu. Lakin indi İsmayıl Hüseynovun adı Vətənin Zəfər tarixi kitabına yazılıb. Məqamın mübarək olsun, göy gözlü, sarı saçlı, sarıbəniz, Günəşə bənzəyən oğlan.

8 oktyabrda Vətən uğrunda döyüşlərdə şəhid olan mavigözlü İsmayıl, şəhadətindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalıarı ilə təltif olunu

Səbail rayonundan döyüşə gedən Vətən oğulları 49 saylı məktəbin həyətində müvəqqəti yerləşən Səfərbərlik və Hərbi Çağırış İdarəsində qeydiyyatdan keçib, avtobusla yola düşürdülər davaya. Həmin o ağrılı acılı, sevincli günlərimizi muncuq-muncuq nəzmə çəkən, doğma el-obasından uzaqlarda yaşayan bir Vətən şairinin – Zülfüqar Rüfətoğlunun şerini müharibə iştirakçısı Vüqar Mehdiyevin danışdıqlarından əvvəl yazırıq. Əslində bu şerdə elə Vüqar Mehdiyevin də ağrıları var: 

Avtobus

Heç vaxt unutmaram o avtobusu...

Adlar sadalandı, başlandı minik.

İki dayanacaq var idi yolda,

Biri qazilikdi, biri şəhidlik,

Nəğmə deyə-deyə, rəqs edə-edə,

Sanki gedirdilər toya, düyünə,

Az sonra avtomat asacaqdılar,

Hələ yük görməyən zərif çiyinə. 

Heç görməmişdilər,

Eşitmişdilər adını Şuşanın,

Ya Zəngilanın,

Heç 19 yaşı hələ yox idi,

Mənim əvəzimə ölən oğlanın...

Lap tezdən getdilər,

Günəş doğmadan,

Körpə balaları oyatmadılar,

Hamı qayıtmaqçün çıxmışdı evdən,

Getdilər...Bir daha qayıtmadılar.

             (Zülfüqar Rüfətoğlu, London, 27 sentyabr 2021-ci il)