Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əməkdaşları tərəfindən “Veysəloğlu” Şirkətlər Qrupuna aid olan 10-a yaxın şirkətdə audit yoxlamaları həyata keçirilib.
Demokrat.az yazır ki, səyyar vergi yoxlamaları zamanı sözügedən şirkətlərin külli miqdarda vergidən yayınması faktları ortaya çıxıb.
Araşdırmalar zamanı məlum olub ki, “Veysəloğlu” Şirkətlər Qrupuna aid olan 10-a yaxın vergi ödəyicisi Nizami rayonu, Keşlə qəsəbəsində böyük bir ərazini əhatə edən ərzaq-mal anbarından istifadə etməklə, özünün iqtisadi fəaliyyətini həyata keçirib.
Yəni, “Veysəloğlu” Şirkətlər Qrupu məhsullarını satış məqəsdilə sözügedən vergi ödəyiciləri vasitəsilə satışa çıxarırmış. Bu zaman həmin vergi ödəyicilərinin “Veysəloğlu” Şirkətlər Qrupunun himayəsi altında külli miqdarda vergidən yayınması məlum olub.
Sözügedən Departamentin əməkdaşları tərəfindən aparılan səyyar vergi yoxlaması ilə külli miqdarda vergidən yayınma halları aşkar edilərək, “Veysəloğlu” Şirkətlər Qrupuna iki milyon manatlıq maliyyə sanksiyası tədbiq edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin Mikayıl Cabbarovu vergilər naziri təyin etməsindən sonra bu sahədə uğurlu islahatlar sürətlə davam edir. Təkcə bu fakt Azərbaycanda “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması istiqamətində ən yüksək iradənin nümayişidir. Bu islahatların bariz nəticəsi odur ki, artıq Azərbaycanda bir sıra böyük şirkətlərin monopolist fəaliyyətlərinə son qoyulur və ölkədə kiçik və orta sahibkarlığın imkanları daha da genişləndirilir.
Eyni zamanda vergilər naziri Mikayıl Cabbarovun vergi sahəsində apardığı bu kimi islahatlar sahibkarlar tərəfindən də təqdir olunur.
Oxu24.com
ŞƏRHLƏR