Aprel ayı həm qürur , həm də kədər ayımızdır. 2016-cı il aprelin 1-dən 5-nə kimi Azərbaycan Ordusu düşmən həmləsini dəf etmək üçün müqavimətə keçdi. Həmin döyüşlərdən sonra düşmən üzərində nisbi qələbə qazanıldı. Həmin günlər torpaqlarımızıkçik bir hissəsi xain düşməndən azad edildi. O şanlı aprel döyüşlərində həlak olan qəhrəmanlarımızdan biri də Naftalan şəhərinin sakini , 157 saylı hərbi hissənin siyasi məsələlər üzrə rəisi , mayor Vaqif Bayramov da var idi.
Dünən Naftalan şəhərində əvvəlcə şəhidlərin məzarı ziyarət olundu.
Şəhidlər də uyuyan qəbristanlıqda Bayramovlar ailəsinin iki oğlu- 1992-ci ildə Qarabağ uğrunda şəhid olmuş Mehman Bayramov və onun kiçik qardaşı Vaqif Bayramovun da qoşa məzarı vardır.
Naftalan ŞİH-nin, Goranboy-Naftalan təhsil sektorunun birgə təşkilatçılığı ilə “Aprel Döyüşləri – Tarixi Zəfərə gedən şanlı yol” mövzunda keçirilən anım tədbirində Aprel şəhidinin ailə üzvləri, aprel döyüşlərində qəhrəmanlıqla həlak olmuş kəşfiyyat idarə rəisi , polkovnik Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova, AzTU-nun məzunu Müşfiq Orucovun anası Aygün Məmmədli, “İpək Yolu” Mədəni Tarixi Araşdırmalar Mərkəzinin sədri, jurnalist-publisist Aida Eyvazlı Göytürk də iştirak edirdi.
Məktəblilərin Vaqif Bayramovun , eləcə də onun 1992-ci ildə Qarbağ uğrunda şəhid olan böyük qardaşı Mehman Bayramovun, eləcə Vətən şəhidlərinin şərəfinə hazırladıqları musiqili kompozisiya Vətənə, Şəhidlərimizin qəhrəmanlığına , düşmən üzərində qazandığımız qəti qələbəyəhəsr olunmuş şerlər və mahnılar da səsləndi. Məktəblilərin xüsusi şövqlə hazırldıqları musiqili tədbirdə Vaqif Bayramovun anası Zeynəb xanım Bayramovanın da şerlərini səsləndirildi. Şəhidin oğlu da 9 yaşlı Umud “Sənin qisasını alacağam mən!” şerini səsləndirdi. Şəhidin anası Zeynəb Bayramova öz çıxışında Vətən yolunda şəhid verdiyi iki oğlu haqqında xatirələrini danışdı. Bildirdi ki, Mehmandan 8 yaş kiçik olan oğlu Vaqifin ilk hərbi təhsili Naxçıvanski adına hərbi məktəb oldu. O bu peşəni qardaşının qisasını almaq üçün seçmişdi. Mənim oğlanlarımın birinin boyu 1 metr 90, digərinin boyu 1 metr 85 sm idi. Vətən yolunda iki çinar boylu oğlumu şəhid verdim. Ana üçün bala itkisindən ağır itki ola bilməz, lakin bir ona sevinirəm ki, bu aprel döyüşlərinin sonu Xankəndi Zəfəri ilə nəticələndi. İndi biz Dəmir Yumruq ətrafında birləşdik.
Daha sonra şəhid polkovnik Sənan Axundovun xanımı Nəcibə Axundova çıxış etdi: “...belə düşünürəm ki, bizim şəhidlərimizin Tanrı dərgahında ruhları şaddır. Bu gün Qarabağ azaddır. Mən baxıram ki, Vaqifin nişanəsi olan üç gözəl balası böyüyür. Ümid atasının adına həsr olunan anım mərasimində şer söylədi. Adı kimi, özü də Ümiddir. Sənan kəşfiyyat idarə rəisi idi. İndi onun yerində oğlu Tahir böyüyür. Oğlum hərbi cərrah təhsili alır. Dönüb Vətənə xidmət edəcək. Polkovnik itirmişik. İnşallah bir də general böyüdərik”.
Müşfiq Orucovun anası Aygün xanım Məmmədli çıxışında qeyd etdi: “Qarabağı görməyən, Qarabağı kitabdan dəftərdən öyrənən oğullar, 90-cı illərdə dünyaya gəlmiş oğullar şükür ki, Qarabağı azad etdi. Zəfərə aparan yol apreldən başlayır. Bunu hamı bilir. Zəfəri ilk dəfə bal kimi bizə dadızdıran Vaqif kimi, Müşfiq kimi oğullar oldu. Mənim oğlum Müşfiq Naftalanda hərbi xidmət keçib. Bəlkə də elə mayor Vaqif Bayramovun əsgəri oluib... Bütün şəhidlərimizin ruhu şad olsun, zəfər çaldıq, düşməni yuvasına otuzdurduq. Dünyanın gözü kor olsun ki, bizim Zəfərimizlə, sülhümüzlə barışmaq istəmir, düşmənlərimizə kömək etməkdə israrlıdırlar. Ancaq bu vətən, bu dövlət yaşadıqca, Vaqif kimi, Sənan kimi, Murad kimi, Samid kimi , Müşfiq kimi şəhid olan qeyrətli oğulları olan dövlət yəqin ki, heç vaxt basılmaz. Düşmən heç vaxt qalib gələ bilməyəcək.”.
“İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İB-nin sədri Aida Eyvazlı Göytürk Aprel şəhidlərinin həyatından bəhs edən ilk Qalibiyyət kitabından danışaraq bildirdi ki, aprel döyüşləri zamanı həlak olan şəhidlərin adı ilə çıxdığı yolda, ləyaqətli şəhid anaları və xanımlari ilə də tanış oldu. Aprel döyüşləri bizim düşmən üzərində çaldığımızın Zəfərin ilk müjdəsi idi. Düşmən üzərində qələbə inamını bizə Aprel şəhidləri verdilər. Dünya Azərbaycan Ordusunun, Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin iradəsindən xəbərdar oldu. Mən Mehman Bayramov və Vaqif Bayramova həsr olunmuş qısametrajlı filmdə Aprel döyüşləri zamanı Vaqifin dostlarına göndərdiyi maraqlı bir fikir də səsləndi. Vaqif deyir: “Ordumuz irəliləyir, belə getsə torpaqlarımızı alacağıq, əgər dayandırmasalar Xankəndinə qədər gedəcəyik...”. Bu gün Vaqif kimi oğulların arzularının Vətənin başı üzərində dalğalandığı gündür. Mehman və Vaqif qardaşları Xankəndi zəfərini görməsə də, indi onların ruhu bu şadyanalığı görür, o bayrağın başına dolanırlar.
Oxu24.com
ŞƏRHLƏR