Son günlər ölkədə un və çörəyin qiymətinin artması ilə bağlı xəbərlər yayılıb. Sosial şəbəkələrdə "Bravo” marketlər şəbəkəsində qiymətlərin artımı ilə bağlı fotolar paylaşılıb.
"Oxu24.com" xəbər verir ki, məsələni araşdırmaq üçün çörək istehsalçıları ilə əlaqə saxlanılıb.
"Nur” çörək zavodunun əməkdaşı Söhrab Cabbarovun verdiyi məlumata görə, görə son 10 gündə unun qiymətində artım olsa da, bu, çörəyin satış qiymətinə və çəkisinə təsir etməyib: "Belə ki, 50 kiloqramlıq əla növ un kisəsinin əvvəl alış qiyməti 26 manat 40 qəpik idisə, hal-hazırda 26 manat 50 qəpikdi. Bu gün üçün isə çörəyin satış qiyməti 50 qəpik olaraq qalır". O, istehsal etdikləri çörəklərdə yaxın günlərdə qiymət artımının gözlənilmədiyini də bildirib.
Qeyd edək ki, bu məsələ ilə bağlı bir neçə gün öncə açıqlama verən İqtisadiyyat naziri Şahin Mustafayev, bütün dünyada taxıl qiymətlərində olan artımın Azərbaycana təsir etməməsi üçün hökumətin bir sıra zəruri tədbirlər gördüyünü qeyd edib. Buğda idxalçıları və sahibkarlar ilə görüşlər keçirilib hesablamalar aparılıb. O, öz çıxışında indiki dövr üçün çörəyin qiymətində artım gözlənilmədiyini bildirib . Oxu24.com
ŞƏRHLƏR