Bu il Bakı metrosunda istismar müddətini başa vurmuş 7 ventilyator yenisi ilə əvəz ediləcək.
"Oxu24.com" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.
Bununla əlaqədar ötən il dünyanın aparıcı şirkətlərinin məhsullarının monitorinqi aparılaraq, yekun nəticə kimi, ən sərfəli, səmərəli və Bakı metropoliteninin bütün tələblərini nəzərə alan variant seçilməklə, Rusiyanın "Artyomovsk Maşınqayırma Zavodu "Ventprom" SC ilə müqavilə bağlanılıb.
Həmin saziş əsasında bu ilin may ayına qədər müəssisənin istehsalı olan 7 ventilyator Bakıya gətiriləcək. Bu yaxınlarda "Bakı Metropoliteni"nin nümayəndəsi Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində "Ventprom"un baş ofisində və səhmdar cəmiyyətinin Artyomvskda yerləşən zavodunda olub, sifariş edilən qurğuların zavod şəratində sınaqdan çıxarılması prosesində iştirak edib.
"Bakı Metropoliteni" QSC nümayəndəsinin tələbi ilə sınaq prosesi ventilyatorun qarşısında tuneli imitasiya edən aerodinamik boru quraşdırılaraq, qurğunun bütün texniki parametrləri yoxlanılmaqla aparılıb.
Sınaqdan əvvəl isə idarəetmə lövhələrinin elementləri, avtomatik idarə sistemi, bütün nəzarət-məlumat ötürücüləri yoxlanılıb. Qurğuların istehsal texnologiyası, komplektləşdirici materialların keyfiyyəti analiz edilib. Yoxlamalar və aparılan sınaq prosesi sifarişçinin təqdim etdiyi texniki şərtlərin yerinə yetirildiyini təsdiq edib.
Ventilyatorlardan 4-ü "VOM 24R", 3-ü isə "VOM 20" tiplidir. Onların gücü müvafiq olaraq 75 və 55 kVt, məhsuldarlığı, texniki göstəriciləri Bakı meropoliteninin istismar şəraitinə tam uyğun və qənaətbəxşdir. Bu ventilyatorlar istismardan çıxarılan avadanlıqlarla müqayisədə quraşdırılacağı tunellərdə süni havalandırmanın keyfiyyətini bir neçə dəfə yaxşılaşdıracaq. Əvvəlki avadanlıqlar 20-30 m3/saniyə məhsuldarlıqla işləyirdisə, yeni avadanlıqların havalandırma imkanı 60-70 m3/saniyədir.
Məhsuldarlığı ilə yanaşı, yeni ventilyatorların faydalı iş əmsalı, faydalı gücü, titrəyiş və səs-küy həddi və s. texniki göstəriciləri tələb olunan standartlara cavab verir.
Bu yeniliklər dövrün tələbinə çevrilib. Müqayisə üçün qeyd edək ki, həmin avadanlıqların quraşdırıldığı dövrə nəzərən metropolitendən istifadə edən sərnişinlərin sayı əsaslı şəkildə artıb. Bundan savayı, qatarların, eləcə də tunel və stansiya avadanlıqlarının sayı da çoxalıb, qatarların hərəkəti intensivləşib. Nəticədə ayrılan istiliyin miqdarı da artıb. Bütün bunlar havalandırma sisteminin yeni tələblərə uyğunlaşdırılması zərurətini yaradıb.
Bununla yanaşı, 2019-cu ildə daha bir mühüm addım atılaraq, tunel və stansiyaların təbii havalandırılması istiqamətində də yeni layihəyə start veriləcək. Bu məqsədlə dünyanın aparıcı şirkətlərinin məhsullarının Bakı metropolitenində tətbiqi imkanları, keyfiyyəti, səmərəsi və digər texniki detalları araşdırılıb. Yaxın vaxtlarda bu monitorinqin nəticəsində yekun qərarlar veriləcək və 2019-cu ildən bu istiqamətdə də əhəmiyyətli addımlar atılacaq.
İstismar müddətini başa vurmuş avadanlıqların yenilənməsi ilə yanaşı, müasir dövrün tələblərinə cavab verən sistemli addımların atılması dərinləşdirilir. 2018-ci ilin mart ayında "Bakı Metropoliteni"ndə tarixi addım atılaraq, ventilyatorların iş qrafiki dəyişdirilib və tam yeni əsaslarla qurulub. Həmin vaxta qədər ventilyatorların iş qrafiki il ərzində iki dəfə - aprel və noyabr aylarında dəyişdirilirdisə, 2018-ci ildən mövsümi qrafiklərin tətbiqinə başlanılıb. Nəticədə ilin isti günlərində stansiyalarda, tunellərdə hərarətin 1-3 dərəcə aşağı salınmasına nail olunub. Qrafikin yeni əsaslara keçidi ilə yanaşı, davamlı olaraq, stansiya və tunellərdə mikroiqlim şəraitinin bir neçə aspektdən (havanın hərarəti, oksigenin miqdarı, rütubət göstəriciləri, havanın axın istiqamətləri) monitorinqləri aparılaraq, yeni qrafikin təhlil olunur. Təkcə onu qeyd etmək olar ki, ölçmələr hər stansiyanın 15-20 nöqtəsində aparılır. Bir sözlə, müqayisəli təhlillər də gələcəkdə bu istiqamətdə aparılan işin səmərəsini, keyfiyyətini artıracaq.
Oxu24.com
ŞƏRHLƏR