Qaynar xətt:

(+99450) 247 90 86

Bizi bu videolarla necə aldadırlar?   —   İnternetdə bizi izləyən TƏHLÜKƏ

Bizi bu videolarla necə aldadırlar?   —   İnternetdə bizi izləyən TƏHLÜKƏ

AKTUAL

113

22.04.2026, 22:14

Gördüyümüz hər şeyə inanmayaq? Süni intellektin qaranlıq tərəfləri 

Azərbaycanda süni intellektin sürətli inkişafı ilə bağlı cəmiyyətdə bir sıra narahatlıqlar yaranır. Bu inkişaf cəmiyyətdə etimad böhranı yarada bilərmi? Doğruluğuna şübhə olunmayacaq qədər real hazırlanmış hər hansı kontentin insanların həyat və fəaliyyətlərinə təsiri danılmazdır.İnsanların rəqəmsal savadlığının artırılması bu problemin həllinə kömək ola bilər. Əsasən də  yaşlı nəslin süni intellekt vasitəsilə yaradılmış kontentlərə daha çox inanması və bunun yaratdığı problemlər gələcəkdə necə tənzimlənə bilər?

Bu mövzuda Oxu24.com-danışan sosioloq Hüseyn İbrahimov bildirib ki,süni intellektin sürətli inkişafı müasir dövrdə texnoloji tərəqqinin əsas göstəricilərindən biri kimi çıxış edir və artıq həyatın bütün sahələrinə ciddi təsir göstərir. Bu texnologiya iş proseslərini optimallaşdırır, məhsuldarlığı artırır və sosial-iqtisadi sistemlərin daha çevik fəaliyyətinə imkan yaradır. Ekspertin  fikrincə bununla yanaşı, süni intellektin geniş tətbiqi bir sıra yeni çağırışları da gündəmə gətirir.

 Ekspertin sözlərinə görə dövlətlərin bu sahədə institutlaşma sərgiləməsi, müvafiq qurumların yaradılması və hüquqi tənzimləmə mexanizmlərinin formalaşdırılması təsadüfi deyil.

" Bu addımlar süni intellektin potensial risklərinin idarə olunmasına və onun insan amilinə mənfi təsirinin minimuma endirilməsinə yönəlib.

Xüsusilə yeniyetmə və gənclər arasında rəqəmsal texnologiyalardan istifadənin düzgün istiqamətləndirilməsi vacib məsələlərdən biridir. Bu kateqoriya texnologiyaya daha tez adaptasiya olsa da, nəzarətsiz və məqsədsiz istifadə sosial davranış problemlərinə, informasiya təhlükəsizliyi risklərinə və psixoloji təsirlərə səbəb ola bilər.

Digər tərəfdən, yaşlı nəsil üçün süni intellektə uyğunlaşma prosesi daha mürəkkəbdir. Bu, rəqəmsal uçurumun dərinləşməsinə, sosial adaptasiya çətinliklərinə və müəyyən psixoloji gərginliklərə gətirib çıxara bilər. Bu səbəbdən cəmiyyətin bütün təbəqələrini əhatə edən maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət daşıyır.

Mövcud şəraitdə əsas prioritetlərdən biri rəqəmsal savadlılığın artırılmasıdır. Bu istiqamətdə dövlət proqramları, ictimai təşəbbüslər və təhsil sistemində aparılan islahatlar mühüm rol oynayır. Təhsil müəssisələrində ənənəvi metodlarla yanaşı, süni intellekt və rəqəmsal texnologiyalarla bağlı yeni yanaşmaların tətbiqi gələcək nəsillərin bu sahədə daha hazırlıqlı olmasına imkan verəcək.

Ümumilikdə, süni intellektin inkişafı qaçılmaz prosesdir. Əsas məsələ bu texnologiyanın yaratdığı imkanlardan səmərəli istifadə etməklə yanaşı, potensial risklərin vaxtında müəyyənləşdirilməsi və effektiv şəkildə idarə olunmasıdır. Bu isə kompleks yanaşma – qanunvericilik, təhsil, sosial adaptasiya və maarifləndirmə siyasətlərinin paralel inkişafını tələb edir" - deyə ekspert bildirib.

“Bu gün deepfake texnologiyasını aşkar etmək üçün hansı alətlər mövcuddur? Süni intellektlə yaradılmış kontenti adi istifadəçi necə ayırd edə bilər?” — bu suallarla bağlı fikirlərini bölüşən AI mütəxəssisi, təlimçi Natiq Məmişov bildirir ki, diqqətli müşahidə və düzgün yoxlama yanaşması ilə saxta kontenti müəyyən etmək mümkündür.

Onun sözlərinə görə, süni intellekt vasitəsilə yaradılmış videolarda ilk növbədə vizual detallara diqqət etmək lazımdır. Xüsusilə barmaq quruluşu, saat və digər aksesuarlar bəzən qeyri-real görünür. Eyni zamanda yazılar və loqolarda uyğunsuzluqlar, işıq-kölgə balansında səhvlər, reflekslərin təbii olmaması kimi məqamlar diqqət çəkə bilər. Göz bəbəyinin hərəkəti və baxış istiqaməti də çox zaman real görüntü ilə uyğun gəlmir.

Ekspert qeyd edir ki, texniki baxımdan ən çox rast gəlinən problemlərdən biri də səs və görüntü arasındakı uyğunsuzluqdur. Videoda dodaq hərəkətləri ilə səs sinxron getməyə bilər, mimikalar isə “robotik” və ya süni təsir bağışlaya bilər. Bəzi hallarda kadrların kənarlarında titrəmə və ya bulanıqlıq da müşahidə olunur.

Mətn kontentinə gəldikdə isə, burada da müəyyən “siqnallar” var. Süni intellektlə yazılmış mətnlər çox zaman həddindən artıq “hamar”, ümumi və eyni tonlu olur. Konkret faktların ya səhv çıxması, ya da kifayət qədər dərinlik və orijinal detalın olmaması bu tip mətnlərin əsas xüsusiyyətlərindəndir.

Natiq Məmişov vurğulayır ki, ən vacib məsələ texniki detallardan da önəmlidir — bu, mənbənin yoxlanmasıdır. Kontentin kim tərəfindən paylaşıldığı, həmin hesabın rəsmi olub-olmaması və müəllifin reputasiyası əsas göstəricilərdən sayılır. Eyni xəbərin digər etibarlı mənbələrdə yer alıb-almaması, tarix və hadisə detallarının başqa kanallarda təsdiqlənməsi də mühüm rol oynayır.

Ekspert əlavə edir ki, son dövrlərdə bəzi platformalar və yaradıcı alətlər kontentin daxilində “Content Credentials / C2PA” adlı xüsusi məlumat saxlayır. Bu sistem bir növ “rəqəmsal qida etiketi” kimi işləyir — kontentin kim tərəfindən yaradıldığını, hansı alətlə hazırlandığını, süni intellektdən istifadə olunub-olunmadığını və hansı redaktələrin aparıldığını göstərir.

Məsələn, Google tərəfində də bu yanaşmaya uyğun yoxlama mexanizmləri tətbiq olunur. Lakin ekspertin sözlərinə görə, C2PA tam mənada “detektor” deyil. Yəni bu sistem kontentin süni intellektlə yaradılıb-yaradılmadığını özü aşkar etmir, sadəcə təqdim olunan məlumatın şəffaflığını yoxlamağa kömək edir.

Sonda mütəxəssis ardıcıl yoxlama yanaşmasını belə ümumiləşdirir: əvvəlcə kontentdə C2PA və ya Content Credentials məlumatının olub-olmadığına baxmaq, əgər yoxdursa mənbəni və paylaşım tarixini araşdırmaq, daha sonra isə şəkil və ya video üçün ən azı bir deepfake aşkar etmə alətindən istifadə etmək məqsədəuyğundur.

PS: Beləliklə, müasir dövrdə informasiya ilə davranışımız dəyişməlidir. Artıq sadəcə baxmaq kifayət deyil — gördüyümüz hər şeyi yoxlamaq zərurətə çevrilib.

Hazırladı: Aysel