2 iyunda bizi nələr gözləyir? — ULDUZ FALI
01 İyun 2026, 22:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
352
01.06.2026, 21:26
Qarabağda həyatın yeni axarı: Böyük Qayıdışın ZƏFƏR və QURUCULUQ SALNAMƏSİ
Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Zəfər, bu gün işğaldan azad edilmiş torpaqlarda misilsiz bir quruculuq hərəkatı ilə davam edir. Prezident İlham Əliyevin birbaşa təşəbbüsü və xüsusi nəzarəti altında icra olunan "Böyük Qayıdış" Dövlət Proqramı, sadəcə tarixi torpaqlarımızın bərpası deyil, həm də bütöv bir xalqın milli iradəsinin, dövlətimizin iqtisadi və siyasi qüdrətinin dünyaya nümayişidir. Ölkə başçısının hər bölgə səfərində vurğuladığı kimi, Qarabağ və Şərqi Zəngəzurun yenidən dirçəldilməsi, soydaşlarımızın öz doğma yurdlarında daimi və firavan məskunlaşması bu gün dövlət siyasətinin ən ali prioritetidir.
Oxu24.com Qarabağda aparılan genişmiqyaslı işlərin real mənzərəsini, rəsmi rəqəmləri və aidiyyəti tərəflərin eksklüziv şərhlərini təqdim edir:
Böyük Qayıdışın hazırkı gedişatı, köçürülən ailələrin statistikası və sosial təminat məsələləri ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən Oxu24.com-a açıqlama verilib. Komitənin təqdim etdiyi rəsmi məlumatlara görə, proses olduqca sürətli və planlı şəkildə irəliləyir:
Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə ümumilikdə 85 mindən çox insan köç edib və fəaliyyət göstərir. Bu göstəriciyə yalnız keçmiş məcburi köçkünlər deyil, həm də bölgədə həyata keçirilən layihələrdə çalışan mütəxəssislər, müxtəlif dövlət qurumlarının yerli bölmələrində xidmət edən əməkdaşlar, eləcə də yenidən fəaliyyətə başlayan səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye və energetika müəssisələrində işləyən şəxslər daxildir. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumilikdə 44 yaşayış məntəqəsi tikilərək və ya bərpa edilərək istifadəyə verilib.
Qayıdan vətəndaşların məşğulluğu, təhsili və sosial təminatı istiqamətində görülən işlərə toxunan Komitə rəsmiləri bildiriblər ki, bu tədbirlər xüsusi qanunvericiliklə qorunur.
Məcburi köçkünlərin məskunlaşdırılması və sosial müdafiəsi tədbirləri 'Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında' qanunla tənzimlənir. Qanuna görə, məcburi köçkünlərlə bağlı müvəqqəti yaşayış sahəsi ilə təmin edilmə, məşğulluğun təmin edilməsi, sosial təminat, tibbi təminat, təhsil hüququnun təmin edilməsi, nəqliyyat, mənzil-kommunal və digər sosial müdafiə tədbirləri nəzərdə tutulur. Bu sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində qüvvədədir.
Açıqlamada o da qeyd olunur ki, status qüvvədə olduğu müddətdə keçmiş məcburi köçkünlər dövlət tərəfindən müəyyən edilmiş bütün güzəşt və imtiyazlardan tam yararlanırlar. Məsələn, dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər təhsil haqqını ödəməkdən azad edilirlər. Vətəndaşların yerlərdə işlə təmin olunması üçün isə xüsusi mexanizmlər qurulub.
Aidiyyəti dövlət qurumları ilə yanaşı, Dövlət Komitəsinin məşğulluq sektoru tərəfindən işğaldan azad edilmiş ərazilərə köçməyə hazırlaşan keçmiş məcburi köçkünlər üçün müxtəlif peşə hazırlığı təlimləri, ixtisasartırma kursları və bacarıq yönümlü proqramlar təşkil olunur. Bu təlimlər əmək bazarının real tələblərinə uyğun şəkildə planlaşdırılır və məqsəd qayıdan vətəndaşların yeni yaşayış məntəqələrində davamlı məşğulluq imkanlarına çıxışını təmin etmək, onların iqtisadi fəallığını artırmaqdır.
Deputat Fazil Mustafa: "Görülən işlər gələcəyin qarantiyasıdır"
Dövlət proqramının siyasi və regional əhəmiyyətini şərh edən Milli Məclisin deputatı Fazil Mustafa bölgədəki ümumi inkişaf xəttini yüksək qiymətləndirib. Millət vəkili infrastrukturun qurulmasının mütləq bir zərurət olduğunu diqqətə çatdırıb:
“Əlbəttə, bu bütün bölgənin inkişafı üçün nəzərdə tutulmuş bir layihədir. Ölkə Prezidenti də hər səfərində bunu vurğulayır. Hesab edirəm ki, bu istiqamətdə böyük işlər görülür. Bu bölgənin çiçəklənməsi üçün mütləq orada infrastruktur qurulmalıdır. Bu infrastrukturun da bu formada qurulmasından başqa yolu yoxdur. Hər halda bu istiqamətdə xeyli işlər də görülməlidir. Amma görülən işlər də gələcəyin qarantiyasıdır”.
Memarlıq konsepsiyası: "A" və "B" bəndlərinin harmoniyası
Qarabağ və Şərqi Zəngəzurun simasını formalaşdıran şəhərsalma prinsiplərinə toxunarkən, yeni salınan məntəqələrin həm müasir, həm də milli ruhda olması diqqəti cəlb edir. Memar Cahid Həsənov Böyük Qayıdış çərçivəsində inşa edilən şəhər və kəndlərin memarlıq konsepsiyasını Oxu24.com-a ətraflı şəkildə təhlil edib.
O bildirib ki, ilk növbədə, hər şeyin bu boş ərazilərdə tam şəkildə yenidən salındığını demək olar:
“Burada Sovetlər Birliyi dövründən qalmış, baş plandan və əndazəsindən kənara çıxmış bir format yoxdur. Ən əsası budur ki, bu layihələrdə müasir şəhərsalma prinsiplərinin milli memarlıq ənənələrinə uyğun gəlməsində, ilk növbədə, yaşayış məskənlərinin məskunlaşmasında sıxlığın olmamasını qeyd edək. Hansı ki, Qarabağda artıq biz bunu müşahidə edirik: sıx binaların olmaması, seyrək olması, yaşayış evlərinin təbii işıqlanması və təbii havalandırılmasının öz yaxşı həllini tapması bunun göstəricisidir”.
Memar xaotik tikinti modellərinin Qarabağda tamamilə kənarlaşdırıldığını xüsusi vurğulayaraq maraqlı bir müqayisə aparıb:
“Yəni dalanlarda 3-4 yaşayış evi olduğu halda, digər ərazilərimizdə, hətta Bakının özündə də vaxtilə bələdiyyə torpağı ilə verilmiş və tikilmiş 50-100 evlərin tikilişi kimi hallara burada rast gəlinmir və gəlinməyəcək də. Bu, elə memarlığın prinsiplərinin qorunmasının bariz nümunəsidir və biz bunu ilk mərhələdə görürük. Təbii olaraq, bundan sonrakı dövrdə söhbət burada təkcə fərdi yaşayış evlərindən getmir; dövlət sifarişlərində, deyək ki, inzibati tikililərdə də onların inşasında milli üslubun nəzərə alınması şərtləri Qarabağda mövcuddur”.
Cahid Həsənovun sözlərinə görə, bölgədə modernliklə tarixiliyin zəngin vəhdəti qurulur:
“Yəni modernlik, çox gözəldir, bütün dünya ictimaiyyətini, dünya turistlərini cəlb edəcək bir modern üslub işləri də gedir. Paralel olaraq, tarixi abidələrin bərpası da davam edir. Bir mərhələ də var ki, tarixi abidələrlə modern üslublu binaların arasında, bundan sonrakı dövrdə, daha da zəngin milli koloritlərin ab-havası olan, qoxusu gələn tikililərin olması ilə biz üzləşəcəyik. Təbii ki, bir memar kimi mən özüm də layihələr vermişəm və verilmiş layihələrdə bunların hamısı öz əksini tapır.
Yeni şəhər və kəndlərin memarlıq konsepsiyasında ilk növbədə regionların – hansı ki, söhbət işğaldan azad olunmuş ərazilərimizdən gedir – milli memarlıq üslubuna xələl gətirməyən tikinti materiallarından inşa olunan tikililərin olması çox gözəl və sevindirici haldır. Bu, yerli koloritlə harmoniya yaradır, tarixi klassik memarlıq adət-ənənələrini özündə qoruyub saxlayır və onların vizual görünüşünə maneə yaratmır. Bu özü də böyük bir şərtdir”.
Şəhərsalma memarlığının ilk tapılan birinci bəndini, yəni "A" bəndini izah edən mütəxəssis, tarixi irsin qorunmasını ön plana çəkir:
“Ola bilər ki, haradasa tarixi bina, tarixi abidə olsun, lakin bir çox yerlərdə üzləşmişik ki, onun yanında yüzilliklər ərzində o qədər əlavə tikililər olub ki, tarixi binanın özü kölgədə qalıb. Məhz bu 20% torpaqların işğal olunmuş ərazilərində qətiyyən belə bir halla üzləşmə yoxdur və olmayacaqdır. Bax bu özü böyük bir uğurdur. Tarixi binaların vizual görünüşünün qarşısını kəsən, mane olan tikililərin olmaması elə şəhərsalma memarlığı konsepsiyasının ilk tapılan birinci bəndidir, “A” bəndidir ki, bu yerinə yetirilib. Eləcə də digər formalarda..."
Konsepsiyanın ikinci vacib sütunu isə ekoloji yanaşma — "yaşıl şəhər" modelidir. Memar bu istiqaməti şəhərsalmanın "B" bəndi kimi səciyyələndirir:
“Bu bölgənin coğrafi şəraiti, iqlim şəraiti, relyef şəraiti zəmin yaradır ki, – hansı ki, bu gün dünya bununla üz-üzədir – biz “yaşıl şəhər” konsepsiyası ilə üz-üzə olmalıyq, onu ərsəyə gətirməliyik. Bu bölgənin coğrafi şəraiti zəmin yaradır ki, bu tikililərlə yanaşı, yaşıl şəhər, yaşıllıqlar zolaqlarının, yamacların salınması təmin edilsin. Birlikdə yaşıl təbiət, yaşıl şəhər və memarlıq, eləcə də şəhərsalmanın konseptual həllinin ikinci “B” bəndi məhz bundan sonrakı dövr üçün tələb edir ki, buralar yaşıl şəhər olmalıdır. Bu konseptual həll də işğaldan azad edilmiş bu ərazilərdə artıq öz həllini tapıb. Növbəti dövrdə bu daha da çox püxtələşəcək, inkişaf edəcək. Yəni tarixi memarlıq abidələri, müasir yaşayış massivləri, inzibati binalar və yaşıl zolaqlar – bunlar hamısı bir-biri ilə vəhdət təşkil edəcək. Bir harmoniya təşkil etməklə memarlıq və şəhərsalmanın konseptual həllinin tapılmasına böyük bir təkan verəcəkdir”.
İqtisadi integrasiya: Məskunlaşma və məşğulluq zərurəti
İnfrastruktur və memarlıq layihələrinin uğuru birbaşa olaraq iqtisadi modelin düzgün qurulmasından asılıdır. Tanınmış iqtisadçı Eldəniz Əmirov Qarabağda aparılan yenidənqurma işlərinin sosial-iqtisadi tərəflərini Oxu24.com-a şərh edərkən dövlətin əlindəki təşviq mexanizmlərinin əhəmiyyətini önə çəkib:
“Azərbaycan dövlətinin həyata keçirdiyi investisiya, icra etdiyi investisiya layihələri, eyni zamanda müxtəlif təşviq alətləri burada məşğulluğun təmin olunması üçün ciddi və davamlı, deməli, proqramların icrasına imkan verir. Və bu proqramların icrası nəticəsində həm iqtisadi inteqrasiya prosesi baş tutur, eyni zamanda yenidənqurma işləri həyata keçirilir. Və bunun da məntiqi nəticəsi olaraq bir sosial həyatın dayanıqlı olması təmin olunur”.
Məskunlaşma prosesinin yeni iş yerlərinin yaradılmasına təsirini dərindən analiz edən ekspert, bu iki amilin bir-biri ilə qırılmaz tellərlə bağlı olduğunu qeyd “Əslində məskunlaşma prosesi yeni iş yerlərinin yaradılmasını zərurətə çevirir. Yeni iş yerlərinin yaradılması üçün müvafiq addımların atılmasını bir məcburi hala gətirir. Çünki məşğulluq olmadan məskunlaşma davamlı ola bilmir. Buna görə də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və məskunlaşma prosesi bilavasitə həm də məşğulluğun təmin olunması ilə nəticələnməlidir. Prosesin dayanıqlı olması üçün dövlət investisiya layihələrindən əlavə olaraq da sahibkarlıq subyektlərinin bu torpaqlarda genişlənməsi, yaranması və inkişafı çox önəmlidir”.
Bir sakinin həsrət və zəfər hekayəsi: Pərvin Şakirqızı ilə Müsahibə
Böyük Qayıdışın ən mühüm və kövrək tərəfi isə illərdir bu torpaqların həsrətini çəkən insanların öz doğma yurdlarına qovuşmasıdır.
Oxu24.com redaksiyası olaraq, Böyük Qayıdış proqramı çərçivəsində Ağdama köçən şəhər sakini Pərvin Şakirqızı ilə həmsöhbət olduq. Səmimi dialoqumuzun tam mətnini təqdim edirik:
— Pərvin xanım, doğma yurdunuza qayıtdığınız ilk gün hansı hissləri yaşadınız?
— Doğma Ağdama qayıtdığım gün sözlə ifadə edilməsi çətin olan hisslər yaşadım. Biz uzun illər xatirələrimizdə yaşatdığımız yurdumuza yenidən qovuşacağımız günü səbirsizliklə gözləmişik. Ağdam torpağına ayaq basanda həm böyük sevinc, həm qürur, həm də kövrəklik hissi keçirdim. Bir tərəfdən illərlə çəkdiyimiz həsrətin sona çatmasının sevincini yaşayırdıq, digər tərəfdən ise bu torpaqların azadlığı uğrunda canından keçən şəhidlərimizi ehtiramla yad edirdik. Onların qəhrəmanlığı sayəsində bu gün doğma yurdumuza qayıtmışıq. Hər addımda insan anlayır ki, bu qayıdış sadəcə köç deyil, tarixi ədalətin bərpasıdır. Bu hissi yaşayan insan özünü həm xoşbəxt, həm də məsuliyyətli hiss edir. Çünki biz təkcə evimizə yox, həm də öz köklərimizə, keçmişimizə və gələcəyimizə qayıtmışıq.
— Köçdükdən sonra buradakı ümumi yaşayış şəraitinizi necə qiymətləndirirsiniz?
— Köçdükdən sonra gördüyümüz mənzərə bizi çox sevindirdi. Uzun illər məcburi köçkün həyatı yaşamış insanlar üçün doğma torpaqda müasir və rahat şəraitdə yaşamaq xüsusi bir hissdir. Dövlətimizin həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri nəticəsində burada insanların rahat yaşaması üçün bütün imkanlar yaradılıb. Yeni tikilmiş evlər, abad küçələr, müasir kommunal xidmətlər sakinlərin rifahını təmin edir. Bu torpağın havasını udmaq, səhər gözünü doğma yurdda açmaq tamam başqa duyğudur. Bu gün işğaldan azad olunmuş ərazilərdə yaradılan şərait dövlətimizin öz vətəndaşına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
— Yeni eviniz və yaşayış məntəqəsində yaradılan infrastruktur gündəlik həyatınızı nə dərəcədə asanlaşdırır?
— Yeni evimiz və yaşayış məntəqəsində qurulan müasir infrastruktur gündəlik həyatımızı əhəmiyyətli dərəcədə rahatlaşdırıb. Burada hər şey insanların rahat və təhlükəsiz yaşaması üçün nəzərdə tutulub. Bu gün Ağdama baxanda insan dağıntılar içərisində qalan keçmişlə deyil, sürətlə inkişaf edən və gələcəyə inamla addımlayan bir şəhərlə qarşılaşır. Evimizin pəncərəsindən baxanda dağıntılar içərisində yenidən qurulan azad Ağdamı görmək qürur hissi yaradır.
İnanırıq ki, bu torpaqlar bundan sonra da inkişaf edəcək, insanların firavan yaşayışı üçün daha böyük imkanlar formalaşacaq və Ağdam yenidən Qarabağın ən gözəl şəhərlərindən birinə çevriləcək. Bu gün burada yaşamaq bizim üçün sadəcə bir məskunlaşma deyil, həm də Zəfərimizin canlı təcəssümüdür. Uzun illər həsrətində olduğumuz bu torpaqlarda bu gün yenidən həyatın canlandığını görmək sözlə ifadə olunacaq hiss deyil. Ağdamın küçələrində gəzərkən insan təkcə bir şəhərin deyil, bütöv bir xalqın iradəsinin, əzminin və Zəfərinin şahidi olur. Biz xoşbəxtik ki, doğma yurdumuzdayıq. Bundan böyük sevinc, bundan böyük qürur ola bilməz. Ağdam bu gün təkcə yenidən qurulan bir şəhər deyil. Ağdam illərlə qəlbimizdə daşıdığımız həsrətin və heç vaxt itirmədiyimiz inamın gerçəyə çevrildiyi yerdir…
Qeyd etmək lazımdır ki, Ağdamın və digər azad edilmiş şəhərlərimizin timsalında bütün Qarabağ bu gün öz sahiblərinin çiyinlərində gələcəyə doğru inamla addımlayır.
Hazırladı: Çimnaz Telmanqızı
Həmçinin oxuyun
22:19 / 01 İyun 2026
7
22:17 / 01 İyun 2026
12
22:15 / 01 İyun 2026
18
21:59 / 01 İyun 2026
37
21:59 / 01 İyun 2026
35
21:47 / 01 İyun 2026
43
21:20 / 01 İyun 2026
36324
21:19 / 01 İyun 2026
64
21:17 / 01 İyun 2026
65
21:16 / 01 İyun 2026
198
21:08 / 01 İyun 2026
803
20:45 / 01 İyun 2026
83
20:35 / 01 İyun 2026
58
20:15 / 01 İyun 2026
75
20:08 / 01 İyun 2026
65
20:07 / 01 İyun 2026
95
19:55 / 01 İyun 2026
68
19:49 / 01 İyun 2026
92
19:41 / 01 İyun 2026
312
19:40 / 01 İyun 2026
131
19:37 / 01 İyun 2026
109
19:33 / 01 İyun 2026
366
19:27 / 01 İyun 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.