Qaynar xətt:

(+99450) 247 90 86

Adımız taleyimizi  DƏYİŞİRMİ?     —    EKSPERTLƏRLƏ MÜZAKİRƏ

Adımız taleyimizi  DƏYİŞİRMİ?     —    EKSPERTLƏRLƏ MÜZAKİRƏ

AKTUAL

164

22.04.2026, 16:14

Fərqli olmaq istəyərkən səhv edirik? – Gilas, Püstə adlarına ekspertlərdən reaksiya

Həyatda insanın ilk qazandığı “kimlik sənədi” onun adıdır. Hər bir ad özündə tarix, mədəniyyət və dəyər daşıyır. Müasir dövrdə ad seçimində fərqli bir tendensiya diqqət çəkir. Əcnəbi mənşəli, mənası və kökü bəzən naməlum olan adlara maraq getdikcə artır. Qloballaşma, xarici serial və filmlərin təsiri, eləcə də “fərqli olmaq” istəyi valideynləri bu cür seçimlərə yönəldir. Lakin bu yanaşma çox zaman milli kimliyin tədricən arxa plana keçməsinə yol açır. Belə ki, Azərbaycanda bəzi valideynlər yeni doğulan uşaqlara meyvə və çərəz adları verirlər.

Son 5 ildə isə 2 uşağa Gilas, 6 uşağa Badam, 3 uşağa isə Püstə adı qoyulub.  Ötən  il 1 uşağa İnnab adı verilib. Gilas, Badam, Püstə kimi adların uşaqlara qoyulması ad seçiminin mahiyyətindən uzaqlaşaraq onu təsadüfi və düşünülməmiş qərara çevirir. Halbuki xalqımızın olduqca zəngin və mənalı ad xəzinəsi mövcuddur. Tariximizdən, ədəbiyyatımızdan və milli-mənəvi dəyərlərimizdən süzülüb gələn bu adlar həm estetik, həm də məna baxımından böyük dəyər daşıyır. 

Bu barədə Oxu24.com-a danışan sosioloq Elçin Bayramlı bildirib ki, son dövrlərdə Azərbaycanda adqoyma məsələsində mənfi tendensiyalar müşahidə olunur. Onun sözlərinə görə, bir çox insanlar artıq milli və tarixdən gələn köklü adlara üstünlük vermir, əvəzində isə Avropa mənşəli və ya mənası aydın olmayan adlara müraciət edirlər:

“Bəzən insanlar seriallarda eşitdikləri, mənası məlum olmayan adları, yaxud Azərbaycan dilində heç bir anlamı olmayan sözləri uşaqlara ad kimi verirlər. Hətta fərqlilik yaratmaq məqsədilə meyvə, tərəvəz və digər qeyri-adi adlara da rast gəlinir. Bu isə düzgün yanaşma deyil. Adlar milli mədəniyyətin əsas komponentlərindən biridir və bir millətin özünü identifikasiyasında mühüm rol oynayır. Millətlər çox vaxt adları ilə tanınır. Ona görə də dəb xatirinə milli dəyərlərdən uzaqlaşmaq doğru deyil. Ad dəbə uyğun seçilməməli, kökü milli tarixdən gəlməli və ana dilimizə uyğun olmalıdır. Daha məqsədəuyğundur ki, Azərbaycan dilində olan sözlərdən istifadə edilsin. Bununla yanaşı, tarixən formalaşmış və dini mənsubiyyətlə bağlı adların qoyulması da normaldır. Müsəlmanlarda olduğu kimi, xristian və buddist icmalarında da müqəddəs şəxsiyyətlərin adları geniş istifadə olunur. Amma mənasız, uydurma və ya seriallardan götürülən adların uşaqlara verilməsi doğru deyil”.

Sosioloq vurğulayıb ki, son dövrlərdə bu sahədə müəyyən nəzarət mexanizmləri gücləndirilib və bəzi qeyri-adi, hətta mənfi məna daşıyan adların qarşısı alınır:

“Əvvəllər bu sahədə daha sərbəst yanaşma var idi, hər kəs istədiyi adı seçə bilirdi. Unutmaq olmaz ki, ad insanı ömür boyu müşayiət edir və onun sosial mühitdə necə qarşılanmasına təsir göstərir. Qeyri-adi və mənfi assosiasiya yaradan adlar uşağın psixologiyasına da təsir edə, bəzən isə lağ obyektinə çevrilməsinə səbəb ola bilər. Ona görə də əsas prinsip ondan ibarət olmalıdır ki, seçilən adlar milli dilimizə, mədəniyyətimizə və dəyərlərimizə uyğun olsun”.

Qədimdən, minilliklər boyu formalaşan ad sisteminin dəyişməsi ilə nəsillərarası tarixi bağların zəifləyə biləcəyini deyən sosioloq qeyd edib ki, bu məsələyə həssas yanaşmaq vacibdir:

“Təsəvvür edin ki, bir neçə əsr əvvəl xalqımızın istifadə etdiyi adlar tamamilə fərqli olub. Əgər bu gün də tamam başqa adlara üstünlük verilərsə, nəsillər arasında tarixi və mədəni bağların qırılması riski yaranar. Belə olduqda insanlar bir-birindən və öz keçmişindən uzaq düşmüş olar. Qədimdən gələn adların qorunması vacibdir, eyni zamanda yeni adların yaradılması da mümkündür. Lakin bu adlar Azərbaycan dilinə əsaslanmalı, milli söz köklərindən formalaşmalı, həm mənaca, həm də səsləniş və tələffüz baxımından uyğun olmalıdır. Bu prinsiplərə əməl olunsa, ad seçimi sahəsində ciddi problemlər yaranmaz”.

Elçin Bayramlı əlavə edib ki, bu sahədə məsuliyyətli yanaşma olmalıdır:

“Biz milli mədəniyyətimizi, dəyərlərimizi və mənəvi irsimizi qorumağa çalışmalıyıq. Adlar da bu mədəniyyətin ayrılmaz hissəsidir və onları yaşatmaq vacibdir”.

Oxu24.com-a danışan tanınmış telejurnalist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli qeyd edib ki, Azərbaycanda milli adlar xəzinəsi zənginləşməli, xoşagələn adlara üstünlük verilməlidir:

“Bu istiqamətdə atılan müsbət addımları dəstəkləmək lazımdır. Ad seçimi valideynin hüququdur. Hər kəs övladına istədiyi adı verir, çox vaxt isə bu adlar nəsil yaşatmaq məqsədi daşıyır – babaların, ulu babaların adları nəvələrə qoyulur. Bu, ənənəvi yanaşmadır. Amma cəmiyyət inkişaf etdikcə və insanların bilik səviyyəsi artdıqca, valideynlər də ad seçimində daha məsuliyyətli davranmalı, övladlarına daha uyğun adlar seçməyə çalışmalıdırlar. Bəzən elə qeyri-adi və qəribə adlara rast gəlinir ki, uşaq öz adını deməyə çətinlik çəkir, hətta bundan utanır. Ona görə bu məqam mütləq nəzərə alınmalıdır. Bir vaxtlar ideoloji adlar dəbdə idi, son dövrlərdə isə dini adlara daha çox üstünlük verilir. Ad seçimi məsələsində müəyyən sərhədlərin müəyyənləşdirilməsi barədə düşünmək olar. Bu, valideyn hüquqlarına toxunmadan, tövsiyə xarakterli yanaşma kimi tətbiq oluna bilər ki, daha milli və uyğun adlar seçilsin. Bu, çox həssas məsələdir. Cəmiyyət də buna anlayışla yanaşmalı, uşağa ad verilməsinin nə qədər önəmli olduğunu dərk etməlidir. Eyni zamanda valideynlərin bu mövzuda maarifləndirilməsi vacibdir”.

Oxu24.com-a danışan Uşaq və Yeniyetmə psixoloqu Aysu Həsənova qeyd edib ki, müasir dövrdə ad seçimi artıq sadəcə ənənə yox, bir növ valideynin  dünyagörüşünün, zövqünün və hətta fərqlənmək istəyinin göstəricisinə çevrilib:

“Xüsusilə də meyvə, çərəz və ya qeyri-adi səslənən adlara maraq artdıqca, bu məsələ təkcə estetik yox, psixoloji tərəfdən də diqqət tələb edir. Uşağın adı onun ilk sosial vizit kartıdır. Yəni uşaq hələ özünü təqdim etməyi öyrənmədən əvvəl, onun adı onun yerinə danışır. Əgər ad çox fərqli və ya mühit üçün qeyri-adi səslənirsə, bu iki fərqli istiqamətdə təsir göstərə bilər. Bir tərəfdən, belə adlar uşağa fərqlilik hissini erkən yaşdan verə bilər. Əgər bu düzgün dəstəklənsə, uşaq özünü xüsusi, seçilən və unikal hiss edə bilər. Bu isə özgüvənin formalaşmasına müsbət təsir edə bilər. Amma burada çox incə bir məqam var: uşaq bu fərqliliyi özü seçməyib, ona verilib. Əgər mühit bunu qəbul etməzsə, həmin fərqlilik üstünlük yox, yükə çevrilə bilər. Digər tərəfdən isə, uşaqlar xüsusilə məktəb yaşında fərqli olanı tez etiketləyir. Adı meyvə və ya çərəz olan bir uşaq zarafat obyektinə çevrilə bilər. Bu zarafatlar böyüklərə sadə görünə bilər, amma uşaq üçün bu, təkrarlanan mikrotravmalardır. Məsələn, hər dəfə adı çağırılanda gülüş eşitmək, ya da ləqəblə müraciət olunmaq zamanla uşağın özünə baxışını dəyişə bilər. Həmçinin uşaq öz adını daxili dialoqunda da istifadə edir. Yəni insan öz-özünə müraciət edərkən də adını daşıyır. Əgər uşaq adını sevmirsə və ya ona görə utanırsa, bu, tədricən özünə münasibətinə keçir. Sanki adla bağlı narahatlıq “mən kiməm?” sualına da təsir edir. Sosial qəbul məsələsinə gəldikdə isə, ad ilk təəssürat yaradan faktorlardan biridir. Müəllimlər, dostlar, hətta gələcəkdə iş mühiti hamısı ilkin olaraq adla qarşılaşır”.

Psixoloqun sözlərinə görə, araşdırmalar göstərir ki, qeyri-adi və ya mənası anlaşılmayan adlar bəzən insan haqqında ilkin stereotiplərin formalaşmasına səbəb olur:

“Bu isə uşağın özünü sübut etmək üçün daha çox enerji sərf etməsinə gətirib çıxara bilər. Bəs bu, gələcəkdə psixoloji yük yaradırmı? Bəli, amma hər uşaqda eyni şəkildə yox. Əgər ailə uşağa güclü emosional dəstək verirsə, adının mənasını gözəl şəkildə izah edirsə və onu adından asılı olmayaraq dəyərli hiss etdirirsə, bu risklər xeyli azalır. Amma əks halda, uşaq həmyaşıdlarının reaksiyasını daxilləşdirərək sosial narahatlıq, özünü geri çəkmə və ya hətta adını dəyişmək istəyi ilə böyüyə bilər. Ən vacib məqamlardan biri də budur ki, uşaq böyüdükcə iki seçim arasında qalır . Ya adını qəbul edib onunla barışır, ya da ondan uzaqlaşmağa çalışır. Bu prosesin özü də bir növ identity negotiation (kimliklə bağlı daxili danışıqlar) prosesidir. Fərqli ad qoymaq problem deyil, amma məsuliyyətsiz şəkildə fərqli olmaq risklidir. Ad sadəcə səslənmə deyil, uşağın sosial həyatına, özünü necə hiss etməsinə və kimliyini necə qurmasına təsir edən uzunmüddətli psixoloji faktordur”. 

Mehin Mehmanqızı

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda hazırlanıb.