Qaynar xətt:

(+99450) 247 90 86

İnsanlar qocalmadan yaşaya biləcək?

İnsanlar qocalmadan yaşaya biləcək?

TİBB

52

25.11.2026, 20:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Gələcəkdə insanlar orqanizm toxumalarının bərpası texnologiyaları sayəsində əbədi yaşaya biləcəklər. Hər on ildən bir zədələnmiş hüceyrələri yeniləri ilə əvəz edən bir növ “hüceyrə təmiri” aparmaq mümkün olacaq”.

Bunu rusiyalı futuroloq Valeriya Prayd deyib.

Onun fikrincə, biotexnologiyanın inkişafı nəinki qocalmanı yavaşladacaq, həm də orqanizmi müntəzəm olaraq yeniləyəcək və insan ömrünü əhəmiyyətli dərəcədə uzadacaq.

“İnsan toxumalarını yeniləmək üçün texnologiyalar ortaya çıxacaq. Hər 10 ildən bir "hüceyrə təmiri" aparmaq və zədələnmiş hüceyrələri əvəz etmək mümkün olacaq”, - deyə Prayd qeyd edib.

Futuroloq hesab edir ki, ömrün uzanması Yer kürəsinin əhalisinin kəskin artmasına səbəb olacaq. Lakin o, bunun qida çatışmazlığına səbəb olmayacağını proqnozlaşdırır: “Yeni texnologiyalar demək olar ki, istənilən şəraitdə qida yetişdirməyi mümkün edəcək”.

İnsan ölümsüz ola bilərmi?

Oxu24.com xəbər verir ki,Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Uzun müddət yaşamaq və ölümsüzlüyün sirrini tapmaq məsələsi insanlıq düşünməyə başladığı vaxtdan bəri maraq dairəsində olub. İnsanlar müxtəlif dövrlərdə bunun həllini axtarıb, ayrı-ayrı üsul və metodlara əl atıblar. Fərqli qidalanma qaydaları seçilib. Tarixdə uzunömürlülüklə bağlı müəyyən nümunələr də var. Lakin bu prosesi davamlı, idarəolunan şəkildə həyata keçirmək və hamı üçün rutin praktikaya çevirmək olduqca çətin məsələdir.

Son illər elmin inkişafı, eləcə də insanlığın müəyyən bir qisminin daha uzun yaşamaq istəyi ilə əlaqədar bu istiqamətdə bir sıra tədqiqatlar aparılıb. Həmin araşdırmalarda xüsusilə ölümsüzlüklə deyil, uzunömürlülüklə bağlı xeyli ümidverici məqamlar var.

Bunlardan biri xüsusi bir zülalın aşkar olunmasıdır. Hesab olunur ki, qocalmanın genetik mexanizmləri əsasən bu zülalla əlaqəlidir. Həmin zülalın konfiqurasiyasında ediləcək dəyişikliklərin qocalma prosesini idarə etməyə imkan verə biləcəyi ilə bağlı müəyyən ümidlər var”.

Həkimin sözlərinə görə, ikinci məsələ regenerativ təbabətin inkişafı, xüsusilə də geniş yayılan kök hüceyrə texnologiyaları ilə bağlıdır: “Kök hüceyrələr yeni hüceyrələrin yaranmasına başlanğıc verən və zədələnmiş, yaxud ölmüş hüceyrələrin əvəzlənməsində iştirak edən hüceyrələrdir. Bu sahədə ümumi yanaşma ondan ibarətdir ki, kök hüceyrə texnologiyaları daha da inkişaf edərsə, bir sıra orqan və sistemlərə regenerativ təsir göstərərək onların yenilənməsinə şərait yarada bilər. Bu isə uzunömürlülüyün şərtlərindən birinə çevrilə bilər.

Təbii ki, burada ölümsüzlükdən söhbət getməsi tamamilə mifologiya olardı. Lakin insan ömrünün uzadılması üçün kifayət qədər real imkanlar üfüqdə görünür və bu istiqamətdə olduqca ciddi tədqiqatlar aparılır.

Düşünürəm ki, artıq süni intellekt dövründə mövcud biliklərdən daha optimal istifadə etmək və onları real nəticələrə çevirmək üçün daha əlverişli şərait yaranıb”.