Bakıda noyabrın 5-6-da mühüm SAZİŞ İMZALANACAQ
04 Noyabr 2026, 00:18
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
178
04.11.2026, 00:38
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Elektron ticarət haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsi I oxunuşda qəbul edilib.
Oxu24.com xəbər verir ki, sənəd qanunun əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur.
Xatırladaq ki, ölkə Prezidentinin 22 iyul 2022-ci il sərəncamı ilə təsdiqlənmiş "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planında elektron ticarət üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi (maneələrin aradan qaldırılması) və qanunsuz ticarət əməliyyatlarının azaldılmasının təşviqi nəzərdə tutulub.
Təqdim edilən qanun layihəsinə əsasən "Elektron ticarət haqqında" qanunun yalnız ölkə ərazisində həyata keçirilən elektron ticarətə tətbiqini nəzərdə tutan müddəa (məhdudiyyət) ləğv edilir, "texnoloji neytrallıq" anlayışı və müvafiq prinsip qanuna daxil edilir, "POS-terminal" anlayışı dəqiqləşdirilir və mövcud təcrübəyə uyğunlaşdırılır, ödənişin həyata keçirilməsi ilə bağlı müddəalar təkmilləşdirilir, elektron ticarət sahəsində ödəniş üsullarının təkmilləşdirilməsindən irəli gələrək bəzi uyğunlaşdırıcı dəyişikliklər edilir.
***
Milli Məclis zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun (MAXE) məsuliyyətinin artırılmasını birinci oxunuşda qəbul edib.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi bir gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə 200 manatdan 300 manatadək məbləğdə cərimə ediləcəklər. Bununla bərabər, işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək müddətə inzibati həbs tətbiq olunacaq.
Əvvəlki redaksiyada isə bu xəta üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə 20 günədək müddətə inzibati həbs tətbiq olunurdu.
Daha bir təklif edilən dəyişikliyə görə yuxarıdakı maddədə nəzərdə tutulmuş əməllərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək. Bu müddəada işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Qüvvədə olan qanuna əsasən isə 15 gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunurdu.
Bundan əlavə, qanun layihəsində həmçinin hərbi xidmət əleyhinə olan inzibati xətalar üzrə prokuror nəzarətinin gücləndirilməsi əks olunub.
Qeyd edilib ki, hazırkı qanunvericilikdə müvafiq qurumun hərbi qulluqçuları tərəfindən törədilmiş hərbi xidmət əleyhinə olan inzibati xətalar üzrə, səlahiyyətli şəxs hərbi prokurora yazılı məlumat verməklə kifayətlənir.
Təklif olunan qanun layihəsi isə müvafiq qərarların (qərardadların), protokolların surətlərinin hərbi prokurora göndərilməsini təsbit etməklə bərabər, prokurorun həmin sənədlər üzrə müvafiq hərəkətlər etmək və qərar qəbul etmək səlahiyyətlərini də nəzərdə tutur.
Yuxarıda adı çəkilən inzibati xətalar üzrə prokurorun qərar qəbul etmək səlahiyyəti müəyyənləşdiyindən, həmin işlərə baxılmasında prokurorun iştirakını təmin edən İnzibati Xətalar Məcəlləsinin 54.6-cı maddəsinə müvafiq müddəanın əlavə edilməsi təklif edilir.
Müddəada qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçuları tərəfindən törədilmiş hərbi xidmət əleyhinə olan inzibati xətalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsi tərəfindən qəbul edilmiş qərarların (qərardadların), habelə protokolların surətləri dərhal müvafiq hərbi prokurora göndərilir. Hərbi prokuror həmin aidiyyəti sənədlərin yoxlanılması ilə qanuni əsaslar olduqda yazılı göstəriş verir.
Vurğulanıb ki, hərbi prokuror səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında işin başlanılmasının rədd edilməsi haqqında qərardadının və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarının qanuniliyini və əsaslılığını onun daxil olduğu vaxtdan 30 gün müddətində yoxlayır, həmin qərardadın və ya qərarın qanunsuz və ya əsassız olduğunu müəyyən etdikdə, onu ləğv edərək, müvafiq qərar (qərardad) qəbul edir və ya protokol tərtib edir, yaxud inzibati xəta haqqında məlumata yenidən baxılması üçün icraat materiallarını səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərir.
Bildirilib ki, nəzərdə tutulmuş yoxlama ilə əlaqədar müvafiq qərarı və ya qərardadı qəbul edən səlahiyyətli vəzifəli şəxsdən inzibati xəta haqqında materialları iş üzrə icraatın tələb edildikdə, materiallar bir gün ərzində hərbi prokurora təqdim edilməlidir.
Qanun layihəsi, həmçinin hərbi qulluqçuların xidməti vəzifələrinin xüsusiyyətini nəzərə alaraq, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə dərhal və ya 48 saat müddətində deyil, 15 gün müddətində baxılmasını təklif edir.
Dəyişikliklər müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
***
Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını son oxunuşda qəbul edib.
Bu barədə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub.
Təklifə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının sifarişi əsasında magistratura (rezidentura) səviyyəsini bitirmiş, habelə doktoranturada (adyunkturada) təhsilini başa vuraraq müvafiq elmi dərəcə almış zabitlərin hərbi rütbədə olma müddətinin ali təhsilin hər bir göstərilən səviyyəsi üzrə bir dəfə olmaqla 1 il azaldılması nəzərdə tutulur.
Bundan əlavə, "leytenant" hərbi rütbəsində olma müddətinə dair müddəalar yenilənir.
Buna əsasən, təhsil müddəti 5 il olan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün həmin müddət 2 il, aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edənlər üçün 1 il, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər hallarda 1 il müəyyən edilir.
Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
***
Milli Məclis (MM) ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatlarının ictimaiyyətə açıqlanması haqqında dəyişikliyi son oxunuşda qəbul edib.
Bununla bağlı "Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunlara dəyişiklik layihəsi parlamentin payız sessiyasının bugünkü plenar iclasında müzakirə edilib.
Layihəyə əsasən, ətraf mühitin istehsalat monitorinqi təsərrüfat fəaliyyətinin təsiri nəticəsində ətraf mühitin vəziyyətində baş verən dəyişikliklərin müşahidəsi və tədqiqatı sistemidir.
Qeyd edilib ki, təbiətdən istifadəçilər ("Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslər) ətraf mühitin istehsalat monitorinqini aparmalıdırlar.
Qanunvericiliyə uyğun olaraq ətraf mühitin istehsalat monitorinqində istifadə edilən ölçmə vasitələrinin tipi təsdiq edilməli və onlar yoxlamadan keçməlidir.
Ətraf mühitin istehsalat monitorinqinin nəticələri barədə illik hesabat müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) növbəti il fevralın 1-dən gec olmayaraq təqdim ediləcək.
Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
***
Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivənin yaradılması III oxunuşda qəbul edilib.
Bununla əlaqədar "Banklar haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanunlarda dəyişiklik olunub.
Xatırladaq ki, qanun layihəsi ölkə Prezidentinin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən, beynəlxalq təcrübə, xarici ölkələrin analoji qanunvericiliyi və ölkəmizin kapital bazarlarının xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb.
Sənəd ölkədə sekyuritizasiya fəaliyyətinin əsaslarını, sekyuritizasiya şirkətinə və xidmət agentinə dair tələbləri, aktivlərin sekyuritizasiya şirkətinə satılması, sekyuritizasiya planının tərtibi və təsdiqi, sekyuritizasiya olunmuş istiqrazların emissiyası, sekyuritizasiya fəaliyyəti üzrə risklərin idarə edilməsi və şəffaflıq üzrə tələbləri müəyyən edir.
Sekyuritizasiya kreditorlara aktivlər üzrə daxil olacaq pul vəsaitlərini vaxtından əvvəl əldə etməyə imkan verən bir alətdir. Belə ki, kreditor sahib olduğu aktivlərdən daxil olacaq pul vəsaitlərinin dərhal əldə edilməsi məqsədilə həmin aktivləri daha aşağı qiymətlə sekyuritizasiya şirkətinə satır. Sekyuritizasiya şirkəti isə öz növbəsində satın aldığı aktivlər əsasında sekyuritizasiya olunmuş istiqrazlar buraxır və həmin istiqrazlar üzrə ödənişlər aktivlərdən daxil olan pul vəsaitləri hesabına həyata keçirilir.
Qanun layihəsində sekyuritizasiya prosesinin hər bir iştirakçısına, o cümlədən aktivlərin satıcısına (ilkin kreditor), sekyuritizasiya olunmuş istiqrazları emissiya edən sekyuritizasiya şirkətinə dair tələblər, onların səlahiyyətləri və funksiyalarına dair müddəalar və sekyuritizasiya prosesinin tətbiqi ilə bağlı mexanizmlər tənzimlənib.
Hər bir sekyuritizasiya prosesinin Azərbaycan Mərkəzi Bankının (AMB) təsdiq etdiyi sekyuritizasiya planı ilə müşayiət olunması nəzərdə tutulur. Aktivlərin satışı aktivlərin satıcısı ilə sekyuritizasiya şirkəti arasında bağlanan alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.
Sekyuritizasiya planında sekyuritizasiya prosesinin iştirakçıları və sekyuritizasiyanın predmeti olan aktivlər barədə məlumat, mövcud risklər və onların azaldılması üsulları, həmçinin aktivlərin qanunvericiliyin tələblərinə uyğunluğunu əks etdirən kənar auditor rəyi əks etdirilməlidir. Sekyuritizasiya planını AMB təsdiq etdikdən 60 iş günü ərzində sekyuritizasiya şirkəti istiqrazların buraxılışının dövlət qeydiyyatına alınması üçün tənzimləyici quruma Banka müraciət etməlidir.
Layihədə sekyuritizasiya prosesi üzrə yarana biləcək riskləri azaltmaq məqsədilə bir sıra üsullar müəyyən edilib. Belə ki, sekyuritizasiya şirkətinə satılan aktivlərin kredit riski, həmin aktivlərin satıcısının balansında qalan eyni növlü aktivlərin kredit riskindən çox olmamalıdır, eyni zamanda aktivlərin satıcısı sekyuritizasiya şirkətinə satdığı aktivlər əsasında emissiya olunan istiqrazların azı 5 %-ni özü əldə etməli və bu istiqrazları tədavül müddətinin sonuna qədər saxlamalıdır. Bundan əlavə, layihədə aktivlər üzrə pul tələblərinin öhdəliklərin icrasının təminat üsulları ilə təmin olunması, eləcə də istiqrazların fərqli kredit risklərinə malik bir neçə buraxılışla emissiyası kimi mexanizmlər də nəzərdə tutulub.
Qiymətli kağızlar bazarında sekyuritizasiya fəaliyyətinin tənzimlənməsi və bu mexanizmin tətbiqi bazar iştirakçıları üçün likvidliyin idarə edilməsi üzrə səmərəli alət olmaqla, likvid olmayan aktivlərin likvid qiymətli kağızlara çevrilməsinə, qiymətli kağızlar bazarında maliyyə alətlərinin çeşidinin genişləndirməsinə və investorlar üçün əlavə investisiya imkanlarının yaranmasına şərait yaradacaq.
***
Azərbaycanla Özbəkistan arasında imzalanmış əbədi dostluq haqqında müqavilə və pensiya təminatı sahəsində əməkdaşlıq sazişi ratifikasiya edilib.
Bununla bağlı müvafiq qanun layihələri Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə"nin təsdiqi və "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiqi barəsində qanun layihələri müzakirələrdən sonra ayrı-ayrılıqda səsverməyə qoyularaq qəbul edilib.
***
Milli Məclis 8 Noyabr – Zəfər Günü münasibətilə Bəyanat qəbul edib.
Oxu24.com xəbər verir ki, sənəddə deyilir:
"2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsində qazanılan zəfər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın, ordumuzun və dövlətimizin birliyi sayəsində əldə edilmişdir. Azərbaycan milli maraqlarını müdafiə etmək üçün lazımi siyasi iradəyə, siyasi, iqtisadi, hərbi və diplomatik imkanlara malik olduğunu nümayiş etdirmişdir. Silahlı qüvvələrimiz yüksək döyüş məharəti nümayiş etdirərək dünya hərb tarixində şanlı səhifələr yazmışdır. Düşmənin uzun illər ərzində qurduğu keçilməz hesab edilən müdafiə xətləri yarılmış, hava hücumundan müdafiə sistemi və hərbi hava qüvvələri sıradan çıxarılmışdır. İşğalçı qüvvələrə ağır zərbələr endirilmiş, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdir. Ölkəmizin işğal altında olan ərazilərinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut qəsəbəsi, ümumən 300-ə yaxın yaşayış məntəqəsi düşmən tapdağından azad edilmişdir.
Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın işğaldan azad edildiyi gün olmuşdur. Azərbaycan şəhid və qazilərinin canı və qanı bahasına BMT-nin Təhlükəsizlik Şurasının və Baş Assambleyasının, BAA-nın və digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasını təmin edərək tarixi ədaləti və beynəlxalq hüquq normaları və prinsiplərini bərpa etmişdir. Azərbaycan dövlətinin diplomatik səyləri Kəlbəcər, Ağdam və Laçın rayonlarının sonrakı günlərdə dinc yolla azad edilməsinə gətirib çıxarmışdır. 2020-ci ildə qazanılmış tarixi qələbə Azərbaycanın dövlət suverenliyinin tam bərpası üçün möhkəm təməl yaratmışdır.
2020-ci il sentyabr ayının 19-20-də keçirilmiş antiterror əməliyyatı nəticəsində Ermənistana aid olan qanunsuz silahlı birləşmələr tərk-silah edilmiş, separatçı rejim ləğv olunmuş və ölkənin bütün ərazisində konstitusiya quruluşu bərqərar edilmişdir. Xankəndi şəhərində və azad edilmiş digər yaşayış məntəqələrində dövlət bayrağının qaldırılması milli iradəmizin təntənəsini və dövlətçiliyimizin sarsılmazlığını əyani təcəssüm etdirmişdir. Döyüş meydanlarında hərbi qələbələr Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli dövlətçilik konsepsiyasının ardıcıl həyata keçirilməsinin qanunauyğun nəticəsi olmuşdur.
İqtisadiyyatın inkişaf etdirilməsi, müasir ordunun qurulması, ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi doğma torpaqlarımızın işğaldan azad edilməsi üçün zəruri şərait yaratmışdır. Xalqımızın gücünün dəmir yumruq ətrafında səfərbər edilməsi mövcud imkanları taleyüklü milli vəzifənin yerinə yetirilməsinə qadir olan qarşısıalınmaz qüvvəyə çevirmişdir.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi və hərbi liderliyi tarixi qələbənin qazanılmasında müstəsna rol oynamışdır. Onun strateji baxışı, siyasi iradəsi, sərkərdəlik istedadı və tarixin həlledici məqamlarında düzgün qərarlar qəbul etmək məharəti hərbi, diplomatik və informasiya sahəsində fəaliyyəti milli gücümüzün vahid hədəfə yönəltməyə imkan vermişdir.
Dövlət başçısının rəhbərliyi və ölkənin iqtisadi potensialı müdafiə qüdrətinə, ümumxalq dəstəyi sarsılmaz qətiyyətə, döyüş meydanında qələbələrə və uzunmüddətli siyasi nəticələrə çevrilmişdir. Prezident İlham Əliyev xalqımızın Vətən torpaqlarının azad edilməsi ideyası ətrafında birləşdirərək və bunu əməli həyata keçirəcək tarixi bir missiyanı yerinə yetirmişdir. Xalqımız öz müqəddəratını özü müəyyənləşdirməyə, hüquqlarını müdafiə etməyə və qarşıya qoyduğu məqsədləri əldə etməyə qüdrəti çatan yenilməz bir xalq olduğunu bütün dünyaya nümayiş etdirmişdir.
Dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası Cənubi Qafqazda uzunmüddətli sülh yaradılması üçün yeni imkanlar açmışdır. Müharibədən sonra sülh gündəliyinin təşəbbüskarı olan Azərbaycan beynəlxalq hüquq normalarına və prinsiplərinə əsaslanaraq dövlətlərarası münasibətlərin normallaşması üçün də ardıcıl səylər göstərmişdir. Dövlətimiz dayanıqlı sülhü regionun bütün xalqlarının təhlükəsizliyinin və rifahının zəruri şərti hesab edir. Bu baxımdan, 2025-ci il avqust ayının 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə əldə edilmiş Vaşinqton razılaşmaları xüsusi əhəmiyyətə malikdir.
Azərbaycanla Ermənistan arasında birgə bəyannamənin imzalanması, sülhün və dövlətlərarası münasibətlərin təsbit edilməsi haqqında sazişin mətninin paraflanması uzun illər davam etmiş qarşıdurmaların aradan qaldırılması yolunda mühüm addım olmuşdur. Bu razılaşmalar sülh prosesinin irəli aparılmasına, kommunikasiyaların açılmasına, qarşılıqlı hörmətə və revanşizmdən imtinaya əsaslanan münasibətlər qurulmasına şərait yaratmışdır.
Milli Məclis hesab edir ki, uzunmüddətli sülhün yaradılması qəbul olunmuş öhdəliklərin yerinə yetirilməsini, ərazi iddialarına bəhanə verən şərtlərin aradan qaldırılmasını, etimadsızlığa və düşmənçiliyə meydan açan hərəkətlərə yol verilməməsini tələb edir. Beynəlxalq birlik region dövlətinin suveren seçiminə və təşəkkül tapmış yeni reallığa hörmətlə yanaşaraq birbaşa dialoqa və əməli əməkdaşlığa köməklik göstərməlidir.
Bu gün Azad Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. İşğal dövründə viran qoyulmuş torpaqlarda şəhər və kəndlər yenidən inşa olunur, müasir nəqliyyat və enerji şəbəkələri, təhsil və tibb müəssisələri, digər obyektlər yaradılır. Tarixi, mədəni və dini abidələr bərpa olunur, iqtisadi fəaliyyət və əhalinin layiqli yaşayışı üçün şərait təmin edilir. Həyata keçirilən Böyük Qayıdış proqramı zəfərə konkret quruculuq məzmunu verir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması nəticəsində onların pozulmuş hüquqları və sabaha olan inamları bərpa olunur, soydaşlarımız əcdadlarının yurd yuvalarına, torpaqlarına qovuşur, işğalçıların məhv etməyə çalışdıqları həyat Qarabağda yenidən çiçəklənir.
Milli Məclis əmin olduğunu bildirir ki, ölkənin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi dövlət müstəqilliyini və suverenliyi qorumağın vacib şərti olaraq qalır. Güclü Azərbaycan öz təhlükəsizliyinin etibarlı təminatçısı və regional sabitliyin mühüm amilidir. Biz Prezident İlham Əliyevin həyata keçirdiyi dövlətçiliyin möhkəmləndirilməsi, xalqın rifahının yüksəldilməsi, azad edilmiş ərazilərin bərpası və uzunmüddətli sülhün bərqərar edilməsi xəttini qətiyyətlə dəstəklədiyimizi bildiririk. Parlament həmin vəzifələrin yerinə yetirilməsi üçün zəruri qanunvericilik bazasını bundan sonra da təmin edəcək, milli maraqların müdafiəsi üçün parlament diplomatiyasının imkanlarından səmərəli şəkildə istifadə edəcəkdir.
Milli Məclis Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevi, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanı, silahlı qüvvələrimizin əsgər və zabitlərini, şəhid ailələrini və qaziləri, bütün xalqımızı Zəfər Günü münasibətilə təbrik edir. Tarixi qələbəmizin nailiyyətlərini qorumaq, müstəqil Azərbaycanı daha da möhkəmləndirmək, gələcək nəsillərə güclü dövlət miras qoymaq hamımızın borcudur".
01:07 / 04 Noyabr 2026
67
00:56 / 04 Noyabr 2026
95
00:30 / 04 Noyabr 2026
89
00:29 / 04 Noyabr 2026
124
00:18 / 04 Noyabr 2026
151
00:11 / 04 Noyabr 2026
90
00:10 / 04 Noyabr 2026
175
23:58 / 03 Noyabr 2026
216
23:58 / 03 Noyabr 2026
3421
23:50 / 03 Noyabr 2026
140
23:40 / 03 Noyabr 2026
129
23:34 / 03 Noyabr 2026
138
23:04 / 03 Noyabr 2026
303
22:59 / 03 Noyabr 2026
86
22:52 / 03 Noyabr 2026
118
22:48 / 03 Noyabr 2026
96
22:45 / 03 Noyabr 2026
118
22:33 / 03 Noyabr 2026
134
22:30 / 03 Noyabr 2026
157
22:29 / 03 Noyabr 2026
229
22:25 / 03 Noyabr 2026
97
22:21 / 03 Noyabr 2026
129
22:20 / 03 Noyabr 2026
291
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.