Qaynar xətt:

(+99450) 247 90 86

Regional liderlikdən qlobal tərəfdaşlığa: Azərbaycan - ABŞ münasibətlərində yeni mərhələ - Millət vəkillərindən AÇIQLAMA 

news/2026_01_09/aliyev_tramp_1767945071.jpg

SİYASƏT

423

09.01.2026, 11:55

2025-ci il Ermənistan–Azərbaycan münaqişəsinin siyasi müstəvidə tam başa çatdığı, Azərbaycanın uzunmüddətli müharibə dövrünü geridə qoyaraq sülh mərhələsinə qədəm qoyduğu tarixi dönüş nöqtəsidir. Bəs 907-ci düzəlişin aradan qaldırılması və TRIPP marşrutunun təsdiqi Azərbaycanın regional təsir imkanlarını necə gücləndirir? Azərbaycan–ABŞ Strateji İşçi Qrupunun fəaliyyəti gələcəkdə iqtisadi, hərbi və enerji əməkdaşlığına hansı töhfələri verəcək?

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc   Oxu24.com-a açıqlamasında  deyib ki, ölkə rəhbəri ilin yekunlarını media üzərindən cəmiyyətimizə və beynəlxalq ictimaiyyətə təqdim edərkən Azərbaycan–ABŞ münasibətlərinə, xüsusilə də avqustun 8-də baş tutan zirvə görüşünə xüsusi diqqət ayırdı və bunu diplomatiyamızın uğuru, aparılan siyasi xəttin məntiqi nəticəsi, qələbədən sonra formalaşan yeni geosiyasi arxitekturanın və milli tariximizin mühüm salnaməsi kimi dəyərləndirdi:

“Çünki Azərbaycan tarixən – istər imperiyalar, istərsə də xanlıqlar şəklində olduğu mərhələlərdə, eləcə də sovet hakimiyyəti illərində və müstəqilliyin ilk çağlarında – hər hansı bir hərbi qələbə əldə edərək onu dünyanın aparıcı güclərinə tanıtdırıla bilməmişdi. Bu gün geriyə baxıb deyə biləcəyimiz konkret bir fakt mövcud deyil ki, məhz həmin qələbə üzərində uzunömürlü və dayanıqlı dövlətçilik modeli qurulub. Bəli, Nadir şahı regionda böyük bir dövlət yaratmışdı. Səfəvilər dövləti, Şah İsmayılın hakimiyyəti dövründə geniş ərazilərə nəzarət edirdi. Lakin həmin dövlətlərin siyasi kimliyi sonrakı mərhələlərdə necə parçalandı, dağıldı və tarix səhnəsindən silindi – bu da danılmaz faktdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elanından sonra ağır döyüşlər və siyasi mübarizələr aparılsa da, bu proses Vətən Müharibəsi qədər milli taleyimizi müəyyənləşdirə və uzunömürlü dövlətçilik epopeiyası yarada bilmədi. Cümhuriyyət cəmi 23 ay yaşadı və Azərbaycan tamam fərqli bir siyasi sistemin tərkibinə daxil oldu. Belə bir tarixi fonunda ABŞ-la münasibətlər də ziddiyyətli mərhələlərdən keçib. Müstəqilliyin ilk illərində ölkəmizə qarşı sanksiyaların tətbiqi, Qarabağ məsələsi ilə bağlı Azərbaycana təzyiqlər, hətta müəyyən dövrlərdə Qarbaçova yönəlmiş təsirlər ABŞ siyasətinin ölkəmiz əleyhinə formalaşdığını açıq şəkildə göstərirdi. Lakin Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən  sonra Azərbaycan beynəlxalq arenaya, o cümlədən Amerika siyasi gündəminə çıxmağı bacardı. Bununla belə, Barak Obama dövründə də müəyyən qırılmalar baş verdi və bu, artıq Azərbaycanın iradəsindən kənar amillərlə bağlı idi. ABŞ-ın bəzi institutları və qeyri-hökumət qurumları vasitəsilə regionda “inqilabi proseslər” həyata keçirmək, Cənubi Qafqazı tam nəzarətə almaq cəhdləri Vaşinqtonun yanlış siyasi kurs seçdiyini göstərdi. Nəticədə Azərbaycan–ABŞ iqtisadi və siyasi əlaqələrində durğunluq mərhələsi yarandı”.

Millət vəkili  qeyd edib ki, 907-ci düzəlişin faktiki olaraq hüquqi qüvvəsini dayandıraraq Azərbaycandan Əfqanıstandakı koalisiya qüvvələrinə dəstək gözləyən dairələr sonradan ölkəmizə qarşı açıq nankorluq nümayiş etdirdilər:

“Təsadüfi deyil ki, “nankorluq” ifadəsi birbaşa dövlət başçısının açıqlamasında yer aldı. Bu sual haqlı olaraq ortaya çıxır: niyə? Çünki ölkə rəhbərinin gözləntisi konstruktiv və məntiqli idi. Azərbaycan beynəlxalq təhlükəsizliyə Əfqanıstanda, Kosovoda, İraqda real töhfələr verirdisə, beynəlxalq koalisiyaların tərkibində iştirak edirdisə, bunun müqabilində ölkəmizin də həmin dövlətlər tərəfindən müdafiə olunmaq haqqı olmalı idi. Söhbət Ukraynaya göstərilən miqyasda dəstəkdən getmirdi; heç olmasa onun beş faizi həcmində maliyyə, hərbi və siyasi yardımın göstərilməsi ədalətli yanaşma olardı. Avqustun 8-də baş tutan zirvə isə təkcə Azərbaycanın qələbəsinin tanınması deyil, eyni zamanda regional geosiyasi arxitekturanı dəyişdirən mühüm bir addımdır. Qələbənin legitimliyinin beynəlxalq səviyyədə qəbul edilməsi onu şübhə altına almağa, geriyə çevirməyə, yaxud ləkələməyə çalışan qüvvələrə açıq və ciddi mesajdır. Xatırladaq ki, bundan əvvəl Bayden administrasiyasında dövlət katibi olmuş Entoni Blinken Xankəndi zəfərindən sonra guya Ağ Evlə razılaşdırılmayan hərbi addımların “cəzalandırılmalı” olduğunu açıq şəkildə bəyan etmişdi. Bu isə açıq-aşkar ədalətsiz və reallıqdan uzaq mövqe idi”.

Millət vəkili xatırladıb  ki, məhz bu kontekstdə avqustun 8-də qəbul edilən qərarlar həm Rusiyanın, həm İranın, həm də regionda uzun illər hökmranlıq etmiş digər güc mərkəzlərinin qarşısında dünyanın ən güclü paytaxtının mövqeyini ortaya qoydu:

“Bu qərarlar Ermənistan–Azərbaycan düşmənçiliyinin davam etməsinə deyil, əksinə, müharibənin dayandırılmasına və prosesin tamamlanmasına xidmət edən mühüm nailiyyət kimi qiymətləndirilməlidir. Ölkə rəhbəri də məhz buna görə vurğuladı ki, Azərbaycanın hərbi imkanları var idi – daha ağır silahlarla Ermənistanın şəhərlərini, infrastrukturunu Ağdamın gününə salmaq mümkün idi. Lakin bu yoldan bilərəkdən imtina edildi. Çünki belə bir mərhələdən sonra prosesi dayandırmaq mümkün olmayacaqdı. Bu fikirlər təsadüfi deyil və sıradan siyasi bəyanat xarakteri daşımır. Dövlət başçısı sərkərdə kimi təkcə bu günü yox, onillikləri, bəlkə də yüzillikləri düşünərək qərar verir. Çünki müharibənin davamı millətlərarası daimi düşmənçilik ssenarisini işə sala bilərdi. İsrail–Fələstin nümunəsində gördüyümüz kimi, münaqişə artıq dövlətlərarası yox, yəhudi–ərəb qarşıdurması kimi dərin etnik və dini düşmənçilik müstəvisinə keçib. 

Bu baxımdan, avqustun 8-də keçirilən zirvənin diplomatik, siyasi və iqtisadi nəticələrinin yaxın illərdə özünü açıq şəkildə göstərəcəyinə əminlik. 907-ci düzəlişin tam şəkildə hüquqi baxımdan aradan qaldırılması Azərbaycan–ABŞ münasibətlərinə ciddi təsir göstərəcək və bundan sonra gündəmə gələn layihələrin, o cümlədən TRİP formatlı təşəbbüslərin reallaşmasında mühüm rol oynayacaq. Bir daha vurğulamaq lazımdır ki, ölkə rəhbəri haqlı olaraq həmin dövrün hakimiyyətini kəskin tənqid edir. Söhbət təkcə ondan getmir ki, o zamankı siyasi rəhbərlik xarici dilləri bilmirdi; əsas problem ondan ibarət idi ki, onların beynəlxalq siyasət barədə elementar anlayışları belə yox idi. Nə müzakirə qabiliyyətləri vardı, nə də qəbul edilən qərarların mahiyyəti barədə dolğun məlumatları. Məhz bu boşluqdan istifadə edən və həmin dövrdə ABŞ Konqresində təmsil olunan Lantos ailəsi – xüsusilə Tom Lantos absurd sayılan təşəbbüslərlə çıxış etdilər. Onların irəli sürdüyü və sonradan qəbul edilən layihələrə əsasən, Azərbaycanın əraziləri işğal altında olduğu, Xocalı soyqırımı baş verdiyi bir şəraitdə guya Azərbaycan Ermənistanı blokadaya alırdı. Bu, açıq-aşkar absurddur. Ortada ikili cinayət vardı: bir tərəfdən daxildə milli hakimiyyət baş verən prosesləri dərk etmirdi, digər tərəfdən isə xarici təzyiqlər son dərəcə sərt və məqsədli şəkildə tətbiq olunurdu. Bu gün Ukrayna ilə aparılan paralellər fonunda hər şey daha aydın görünür: əgər bir ölkənin ərazilərinə təcavüz edilirsə, həmin ölkə müdafiə olunmalıdır. O dövrdə isə təcavüzə məruz qalan Azərbaycan deyil, sanki təcavüzkar kimi təqdim edilirdi.

Hazırkı mərhələdə, xüsusilə də avqustun 8-də əldə olunan razılaşmalardan sonra, Ermənistan–Azərbaycan münasibətlərində yeni reallıqlar formalaşır. Təkcə Qazaxıstan taxılının deyil, Azərbaycanın neftinin və digər məhsullarının da Ermənistan bazarına çıxması perspektivi yaranırsa, bu halda 907-ci düzəlişin artıq heç bir siyasi və hüquqi mənası qalmır . Buna baxmayaraq, Bayden administrasiyası dövründə 907-ci düzəliş yenidən dövriyyəyə qaytarıldı və tamamilə absurd müddəalarla əsaslandırıldı. Guya Azərbaycanın xristian irsini məhv etməsi, “xristian abidələri” ilə bağlı manipulyasiyalar, Zəngəzurun işğal ediləcəyi barədə əsassız ehtimallar irəli sürüldü. Bu kampaniyanın arxasında ABŞ-dakı erməni lobbisi – xüsusilə Erməni Milli Komitəsi və onun təsiri altında olan konqresmenlər dayanırdı. Hazırda 145- dən artıq ABŞ Konqres üzvü birbaşa Ermənistanla “dostluq qrupları”nda təmsil olunur və onların təşəbbüsləri ilə 907-ci düzəliş yenidən gündəmə gətirilmişdi. Prezident Tramp  isə öz səlahiyyətləri çərçivəsində bu maneənin aradan qaldırılması üçün konkret addımlar atdı”.

Zahid Oruc əlavə edib ki, bu istiqamətdə  Azərbaycan nümayəndə heyətləri artıq aktiv şəkildə fəaliyyət göstərir:

“Dövlət başçısının da bəyan etdiyi kimi, yeni formatda yüksək səviyyəli nümayəndə heyətləri Vaşinqtona səfərlər edib. Bütün bunlar göstərir ki, Azərbaycan–ABŞ münasibətlərinin yeni mərhələyə daşınmasında 907-ci düzəlişinin tam şəkildə aradan qaldırılması həlledici əhəmiyyət daşıyır. Lakin ABŞ-ın qanunvericilik və hüquq sisteminin son dərəcə mürəkkəb və çoxpilləli mexanizmi mövcuddur. Hüquqi reyestrdə bir sənəd qeydiyyata alındıqdan sonra, hətta həmin sənədin tənzimlədiyi problem ortadan qalxsa belə, onun tam ləğvi olduqca çətin və uzun prosedur tələb edir. Bu mexanizm ATƏT-in Minsk Qrupu kimi formal strukturlarla müqayisədə qat-qat daha mürəkkəb və institusional xarakter daşıyır. Məsələnin vaxtilə SSRİ-nin tərkibində yaşayan yəhudilərin İsrailə köçməsini qadağan edən siyasi yanaşma əsasında ABŞ-da müvafiq qanun və düzəlişlər qəbul edilmişdi. SSRİ həmin dövrdə mövcud idi və bu kontekstdə qəbul edilən qərarların müəyyən siyasi məntiqi vardı. Lakin SSRİ artıq yoxdur – 1991-ci ildə rəsmi şəkildə tarix səhnəsindən silinib, hüquqi və siyasi varlığı “Belovej” razılaşması ilə başa çatıb. Buna baxmayaraq, həmin dövrün məhsulu olan düzəlişlər bu gün də ABŞ qanunvericiliyinin hüquqi reyestrində ad olaraq “yaşamaqda” davam edir. Maraqlı və paradoksal məqam da məhz budur: hüquqi qüvvəsi faktiki olaraq dayandırılmış bir sənəd formal olaraq hələ də mövcuddur.

Bu səbəbdən Azərbaycanın əsas gözləntisi ondan ibarət olmalıdır ki, məsələ Konqres səviyyəsində yekun qərarla həll edilsin. Əsas olan budur ki, qanunverici orqan tərəfindən siyasi iradə nümayiş etdirilsin. Bu addım atıldıqdan sonra sözügedən mövzu artıq gündəlikdən çıxacaq. Necə ki, “Dağlıq Qarabağ” termini tarixə qovuşdu, bu məsələ də eyni şəkildə arxivə göndəriləcək. TRIPP layihəsinə gəldikdə isə, bu təşəbbüs təkcə regional deyil, eyni zamanda beynəlxalq miqyaslı strateji layihədir. ABŞ-ın Zəngəzur istiqamətində Azərbaycan və Ermənistanla bağlı mövqeyi, əslində, strateji anlamda “Əsrin neft müqaviləsi” qədər önəmli yeni bir mərhələnin başlanğıcıdır. Bu, Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin siyasi xəttini davam etdirərək XXI əsrin yeni müqaviləsini qazanması kimi dəyərləndirilə bilər.

Söhbət yalnız 300–500 milyon dollarlıq investisiyanın cəlb olunmasından və ya 42 kilometrlik yolun çəkilməsindən getmir. Məsələ təkcə Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə quru əlaqəsinin bərpası da deyil. Burada daha dərin və strateji bir anlayışdan – “strateji uc” konsepsiyasından söhbət gedir.

“Strateji uc” nə deməkdir? Bu anlayış Hörmüz boğazı, Süveyş kanalı, Bosfor və Dardanel boğazları kimi qlobal nəzarət nöqtələrinə bənzər geosiyasi mexanizmləri ifadə edir. Türkiyənin boğazlara nəzarəti Atatürkün tarixi irsi sayılırsa, Zəngəzur dəhlizi də Prezident İlham Əliyevin regional nəqliyyat və təhlükəsizlik arxitekturasında formalaşdırdığı strateji nəzarət sistemidir. Bu təsadüfi deyil ki, artıq “dəhliz” anlayışı beynəlxalq termin kimi qəbul olunur – istər Zəngəzur, istərsə də Şimal–Cənub dəhlizi kontekstində. Məhz bu baxımdan, layihənin 2026-cı ildə gerçəkləşməsi üçün mühüm hazırlıq mərhələlərinin həyata keçiriləcəyi gözlənilir. Texniki əsaslandırma və faktiki icra işlərinin isə 2027-ci ilə keçəcəyi açıq şəkildə ifadə olunub.

 İqtisadi əlaqələrin dərinləşdirilməsi məsələsinə gəldikdə isə, bu, Azərbaycanın açıq şəkildə maraqlı olduğu istiqamətdir. ABŞ-ın Obama və Bayden administrasiyaları dövründə regiondan müəyyən mənada geri çəkildiyi açıq görünür. “Əsrin müqaviləsi” dövrü ilə sonrakı mərhələləri müqayisə etdikdə, Amerikanın enerji və investisiya layihələrində iştirakı ciddi şəkildə azalıb. Belə bir şəraitdə Azərbaycan üçün əsas prioritet məsələlərdən biri ABŞ-ın ölkəmizdə diplomatik təmsilçiliyinin tam şəkildə bərpa olunmasıdır. Yəni Vaşinqton nəhayət ki, Azərbaycana rəsmi səfir təyin etməli, bu mühüm regional dövlətdə hələ də müvəqqəti işlər vəkili formatı ilə kifayətlənməməlidir. Bu addım ABŞ–Azərbaycan münasibətlərinin yeni mərhələyə keçməsinin real göstəricisi olacaq.

Təsadüfi deyil ki, bu gün Riçard Kozlariç Azərbaycana qarşı açıq şəkildə mövqe sərgiləyən, hətta müəyyən mənada ölkəmiz əleyhinə fəaliyyət göstərən bir nömrəli sabiq amerikalı diplomat kimi tanınır. Halbuki o, vaxtilə ABŞ-ın Azərbaycandakı səfiri olub. Onunla yanaşı, digər bəzi fiqurlar da var ki, əvvəlki illərdə Amerika–Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişafında müəyyən rol oynayıblar”.

Millət vəkili iqtisadi əlaqələrin genişlənməsinin təkcə investisiya axını ilə məhdudlaşmadığına diqqət çəkib:

“Buraya texnologiya transferi, startap ekosisteminin qurulması, regional və milli layihələrin reallaşdırılması da daxildir. Bütün bunlar isə bilavasitə ABŞ-ın Azərbaycandakı diplomatik təmsilçiliyinin səviyyəsindən ciddi şəkildə asılıdır. Ermənistandakı ABŞ səfirliyinin ərazisi və personal sayını nəzərə alsaq, bu təmsilçilik təkcə Cənubi Qafqazda deyil, ümumilikdə keçmiş sovet məkanında ən böyük diplomatik missiyalardan biridir. Bu fonunda Azərbaycanda hələ də kiçik formatlı səfirlik modeli ilə kifayətlənilməsi nə real siyasi çəkimizə, nə də regional statusumuza uyğun gəlir. Halbuki bu gün Azərbaycan regional deyil, qlobal proseslərdə fəal iştirak edən dövlətdir. Ölkə rəhbərlərinin – istər Donald Tramp dövründə formalaşan yanaşmalar, istərsə də Prezident İlham Əliyevin müasir qlobal siyasətdə tutduğu mövqe – bunu açıq şəkildə göstərir. Bu reallıq Misirdə keçirilən son yüksək səviyyəli görüşlərdə də bir daha təsdiqləndi. Azərbaycan artıq qlobal siyasi dialoqlarda tərəfdaş kimi qəbul olunur. Bu gün vəziyyət 1990-cı illərdən köklü şəkildə fərqlənir. Artıq qərarların hansısa xarici mərkəzlərin – istər Rusiya, istər İran, istərsə də başqa aktorların – reaksiyasına görə ölçülüb-biçildiyi dövr geridə qalıb. Prezident İlham Əliyev öz xarakterində daşıdığı milli iradə və siyasi qətiyyət sayəsində Azərbaycanı tam müstəqil xarici siyasət yürüdən bir dövlətə çevirib.

Belə bir şəraitdə ABŞ–Azərbaycan ticarət dövriyyəsi coğrafi məsafələr səbəbindən məhdud görünə bilər. Lakin bu, əməkdaşlığın potensialını azaltmır. Əksinə, onlarla, hətta yüzlərlə birgə müəssisənin yaradılması mümkündür. ABŞ investisiyalarının 20, 30, hətta 40 milyard dollar səviyyəsində regiona yönəlməsi real perspektiv kimi qiymətləndirilə bilər.

Burada İran–Rusiya–Çin xəttini, Orta Asiya, Orta Şərq və Böyük Avrasiya layihələrini nəzərə aldıqda, Azərbaycanın “5+1” formatında üç qitəni və üç fərqli geosiyasi məkanı birləşdirmək cəhdləri daha aydın görünür. Məhz bu reallıqlar ABŞ–Azərbaycan iqtisadi münasibətlərinin yeni mərhələyə daşınmasının zəruriliyini tam şəkildə ortaya qoyur.

Ölkə rəhbərinin son açıqlamalarında ABŞ-ın mövcud administrasiyasına və onun komanda üzvlərinə hörmət və ehtiramla yanaşması da bu niyyətin göstəricisidir. 2026-cı ildə biz bu yanaşmanın konkret siyasi, iqtisadi və diplomatik nəticələrinin şahidi olacağıq”.

Millət vəkili Pərvanə Vəliyeva xatırladıb ki, Prezident Donald Trampın şahidliyi ilə ötən ilin 8 avqust tarixində baş tutmuş Vaşinqton sammiti Ermənistan və Azərbaycan arasında 30 ildən çox davam edən münaqişəni sona çatdırdı:

 “Bununla da iki ölkə arasında etimad quruculuq və normallaşma tədbirlərinə başlanıldı, o cümlədən, ticarət və bağlantılar sahəsində uğurlu addımlar atıldı. Vaşinqton səfəri zamanı, həmçinin, Azərbaycan-ABŞ münasibətlərinin yeni səviyyəyə yüksəldi.  Əməkdaşlıq artıq strateji tərəfdaşlığa doğru irəliləyir. Səfər zamanı imzalanmış “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında “Anlaşma Memorandumu” strateji tərəfdaşlıq üçün işçi qrupunun birgə işləyəcəyini göstərirdi.  Azərbaycan-ABŞ strateji tərəfdaşlığı aşağıdakı 3 istiqaməti əhatə edir: Enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar; Süni intellekt və rəqəmsal infrasturukturun da daxil olduğu iqtisadi sərmayə; Müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıqdır.  ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-ın ölkəmizdə iqtisadi fəallığı deməkdir. Prezident İlham Əliyevlə Prezident Donald Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olaraq "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasını dayandıran sənəd imzalandı.  Müxtəlif dövrlərdə ABŞ administrasiyaları tərəfindən 907-ci düzəliş Azərbaycana təzyiq vasitəsi kimi istifadə edilib. Torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi 1992-ci ildə Azərbaycanın guya Ermənistana "blokada" tətbiq etməsini bəhanə kimi göstərərək, Azərbaycana ABŞ-dan dövlət yardımının göstərilməsini qadağan edən bu qanunu qəbul etmişdir.

Həmin dövrdə Ermənistanla sərhədlər Gürcüstan və Türkiyə üzərindən tam açıq idi, əslində blokadaya düşən Naxçıvan- Azərbaycan ərazisi idi. Təəssüf ki, o dövrdəki hakimiyyətin yarıtmaz fəaliyyəti, diplomatiya səriştəsinin olmaması nəticəsində bu düzəlişin qarşısı alınmayıb. Bu maddə daha böyük xarici yardım qanun layihəsinin tərkib hissəsi kimi qəbul edilib və həmin qanun çərçivəsində həm Nümayəndələr Palatasından, həm də Senatdan keçib”.

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində bu düzəlişin icrası Prezident Tramp tərəfindən dayandırılsa da, ölkəmiz bunun tam ləğvini gözləyir:

“Çünki hazırda regionda tam fərqli reallıqdır, sülhdür, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulub. İki ölkə arasında ticarət əlaqələri yaradılır, regional inteqrasiya baş verir. 1992-ci ildə qəbul edilmiş bu qərəzli maddənin faktiki reallıqla uyğun gəlmədiyini Konqresdəkilər də yaxşı bilir. 

Bu məsələdə Cənab Prezident İlham Əliyev prinsipiallıq göstərir. ABŞ-Azərbaycan münasibətlərinin daha da güclənməsi nöqteyi-nəzərdən bu düzəlişin tam ləğvi gözləntimizdir. Bu, həm də dayanıqlı ləğv olacaqdır. Məlumat üçün qeyd edim ki, bu, ABŞ hökumətinin birbaşa yardımlarının qarşısını alırdı və qeyri-rəsmi hərbi embarqo demək idi. Yəni, hərbi təyinatlı məhsulların satışının qarşısını alırdı. Lakin bu o demək deyil ki, ABŞ-dan bizə yardımlar olmayıb, investisiya edilməyib. Dövlətdənkənar fondlar, özəl şirkətlər tərəfindən dəstək olub. Hazırda da müxtəlif ABŞ şirkətləri ölkəmizlə əməkdaşlıq edir, sərmayə qoyur.  TRIPP marşrutunun işə düşməsi, təbii ki, regionda ABŞ-ın rolunu təsdiqləyir. Zəngəzur dəhlizinin Prezident Donald Trampın adını daşıması onun bu prosesdə zəmanətçi olması baxımdan rəmzi xarakter daşıyır.  Enerji sahəsində SOCAR-la “Exxonmobile” arasında imzalanmış razılaşma isə yeni ABŞ investisiyası deməkdir, neft istismarında yeni texnologiyanın tətbiq edilə biləcəyi deməkdir. Bu baxımdan, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq da çox əhəmiyyətlidir”.

Mehin Mehmanqızı

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyasi, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi " mövzusunda hazırlanıb.