Qaynar xətt:

(+99450) 247 90 86

Prezident İlham Əliyevin telekanallara müsahibəsi: Ölkə daxilindən qlobal siyasətə qədər geniş gündəm - TƏHLİL 

news/2026_01_07/musahibe_m_1767773336.jpg

SİYASƏT

172

07.01.2026, 12:07

Prezidentin yerli mediaya mütəmadi müsahibələr verməsi artıq dövlət idarəçiliyinin ayrılmaz tərkib hissəsinə çevrilib. Bu müsahibələrdə ölkənin daxili sabitliyi, regional proseslərdə mövqeyi, təhlükəsizlik mühiti, iqtisadi inkişaf xətti və sosial siyasətin prioritetləri açıq şəkildə izah olunur. Ən mühüm məqamlardan biri odur ki, Prezident yalnız qərarların nəticələrindən danışmır, onların siyasi məntiqini və strateji hədəflərini də açıqlayır. Bu isə ictimaiyyətə baş verənləri birbaşa mənbədən öyrənmək imkanı verir.

Artıq ənənə halını alan müsahibələr göstərir ki, dövlət siyasəti gündəlik situativ reaksiyalara yox, ardıcıl strategiyaya əsaslanır. Azərbaycanın suverenliyinin, təhlükəsizliyinin və regional təsir imkanlarının qorunması bu strategiyanın əsas sütunlarını təşkil edir. Eyni zamanda, sosial rifah, iqtisadi dayanıqlıq və beynəlxalq proseslərə praqmatik yanaşma dövlət kursunun siyasi mahiyyətini müəyyənləşdirir.

Azərbaycanın strateji kursuna aydın baxış

Bu platforma siyasi proseslərin kölgədə deyil, açıq müzakirə müstəvisində aparılmasını təmin edir. Nəticə etibarilə Prezidentin müsahibələri yalnız informasiya mənbəyi deyil, siyasi xəttin mahiyyətini anlamaq üçün mühüm göstəriciyə çevrilir və ölkənin gələcəyə yönəlik baxışını daha aydın şəkildə ortaya qoyur.

Bu qəbildən olan müsahibələrdən biri də yanvarın 5-də gerçəkləşdi. Azərbaycan Prezidenti yerli televiziya kanallarına verdiyi 3 saatlıq müsahibə zamanı ölkədaxili məsələlərdən tutmuş qlobal miqyasda baş verən siyasi və iqtisadi proseslərə qədər geniş spektri əhatə edən suallara cavab verdi. Dövlət başçısı həm regional təhlükəsizlik mühiti, həm də beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər fonunda Azərbaycanın mövqeyini və prioritetlərini ətraflı şərh etdi. Bununla yanaşı, sosial-iqtisadi inkişaf, islahatların dinamikası və ölkənin gələcək strateji kursu ilə bağlı aydın mesajlar səsləndirildi.

Zəngəzur və Araz marşrutları: Azərbaycanın yeni nəqliyyat geosiyasəti formalaşır

CROSSMEDIA - Zəngəzur dəhlizi: siyasi, strateji və iqtisadi gözləntilər

Prezident Zəngəzur dəhlizi və paralel olaraq Araz marşrutu ilə bağlı açıqlamaları ilə Azərbaycanın nəqliyyat xəritəsində yeni geosiyasi mərhələnin konturlarını cızdı. O, Bakı–Ağbənd-Naxçıvan xətti, Naxçıvanın Türkiyə və İranla yeni dəmir yolu bağlantıları, eləcə də Araz üzərində inşa edilən körpü vasitəsilə ölkənin Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişmə nöqtəsinə çevriləcəyini göstərdi. Bu, həm Naxçıvanın, Qarabağın və Şərqi Zəngəzurun bir iqtisadi-mənəvi məkan kimi inteqrasiyasını, həm də Azərbaycanın tranzit rolunun keyfiyyətcə yeni səviyyəyə qalxmasını ifadə edir.

Prezident İlham Əliyev müsahibə zamanı qeyd edib ki, Zəngəzur dəhlizinin açılması artıq ABŞ Prezidenti tərəfindən də təsdiqlənib: “Artıq mən də əminəm, Azərbaycan vətəndaşlarında şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq. Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir. Beləliklə, bizə Ermənistanla normallaşma prosesi çərçivəsində lazım olan bütün məsələlər istədiyimiz kimi öz həllini tapdı. Onu da bildirməliyəm ki, bizim təşəbbüsümüzlə Ağbənd qəsəbəsində Arazın üzərindən körpü də inşa edilir. Yəni bizim o bölgədən Qərb istiqamətinə və Cənub istiqamətinə əslində iki yolumuz olacaq. Biri Zəngəzur dəhlizi - Ermənistan üzərindən, biri isə Araz dəhlizi - İran üzərindən. Bunun da təşəbbüskarı biz olmuşuq. Körpünü biz öz vəsaitimizlə inşa edirik. Hazırda Azərbaycanın əsas hissəsindən Naxçıvana getmək üçün Biləsuvardan uzun yol qət edilməlidir. İndi isə İran ərazisindən Naxçıvana cəmi 45-50 kilometr gediş olacaq. Beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında iki bağlantı olacaq, biri Ermənistan üzərindən, biri isə İran üzərindən. Biz faktiki olaraq Naxçıvanı, Şərqi Zəngəzuru və Qarabağı bir bölgə kimi birləşdirəcəyik”.

Müharibə bitdi, Azərbaycan sülh reallığında yaşayır

Müsahibədə Azərbaycanın sülh gündəliyindən bəhs edən Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistanla münaqişənin ötən il siyasi baxımdan yekunlaşması ilə Azərbaycan uzun illərin gərginlik və müharibə dövründən çıxaraq sülh mühitinə qədəm qoyub:

“2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik. Çünki müstəqillik əldə ediləndən sonra, hətta ondan da əvvəl Azərbaycan xalqı və dövləti müharibə şəraitində yaşamışdır. Müharibənin müxtəlif mərhələləri olub. Siz də bunu yaxşı xatırlayırsınız. Həm müharibənin fəal mərhələsi, atəşkəs mərhələsi, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ondan sonrakı dövr və bütün bu hadisələrə keçən ilin avqustunda son qoyuldu. Yəni Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və qeyd etdiyim kimi, dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu. Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq. Bu nöqteyi-nəzərdən keçən ili ölkəmiz üçün, xalqımız üçün çox uğurlu və tarixi il saymaq olar və əminəm ki, bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq. Biz artıq cəmi beş ay bu şəraitdə yaşamağımıza baxmayaraq, bunun bəhrəsini görürük - həm siyasi, həm iqtisadi müstəvidə. Cəmiyyətdə mövcud olan xoş əhvali-ruhiyyə, sabitliyə və təhlükəsizliyə olan inamın artması, bütün bu amillər, əlbəttə, bizə imkan verir ki, uğurla irəliyə addımlayaq və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll edək”.

Müasir dünyada hüquq yox, real güc və qarşılıqlı müttəfiqlik diktə edir

Qlobal müstəvidə Prezident, ilk növbədə, beynəlxalq hüququn faktiki işləməməsi və güc amilinin önə çıxması fonunda Azərbaycanın mövqeyini izah etdi. O, BMT Təhlükəsizlik Şurasının 27 il icra olunmayan qətnamələrini xatırladaraq, İkinci Qarabağ müharibəsini BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun ədalətli özünümüdafiə müharibəsi kimi təqdim etdi və vurğuladı ki, bu gün dünyada kağız üzərində hüquqdan çox, real güc və praqmatik reallıqlar diktə edir:

“Bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Təbii ki, sən gərək özün əmin olasan ki, haqq yolundasan. Heç bir ölkə, heç bir rəhbər nahaq iş görməməlidir, heç bir ölkənin ərazi bütövlüyünə göz dikməməlidir, heç bir ölkəni işğal etməməlidir. Bizim böyüklüyümüz və müdrikliyimiz, eyni zamanda, məsuliyyətimiz göz önündədir. Biz həm 2020-ci ildə, həm 2023-cü ildə, həm də bu illər arasındakı olan hadisələr zamanı güc tətbiq edərək Ermənistana, yəni onlara layiq olan cavabı verə bilərdik. Necə ki, bizim xalqımız əzab-əziyyət içində yaşayıb, necə ki, bizim ərazilərimiz viran olunub, necə ki, bizə qarşı hərbi cinayətlər törədilib, biz də onların şəhərlərini Ağdamın vəziyyətinə qoya bilərdik. Tam rahatlıqla və əminliklə deyə bilərəm ki, heç kim bizi dayandıra bilməzdi. Biz bunu etmədik. Çünki birincisi, bu, nahaq iş olardı. İkincisi, mən tam əmin idim və bilirdim ki, gec-tez müharibə, hərbi qarşıdurma dayanmalıdır və bunu biz dayandırmasaq, bu dayanmayacaq. Bunu güclü tərəf dayandırmalıydı və hətta bu artıq mətbuata da getmişdir, Prezident Trampın müşaviri cənab Vitkof müsahibəsinin birində demişdi ki, Ağ Evdə Prezident Tramp da məndən də soruşdu “Niyə siz dayandınız? Siz güclüydünüz”. Mənim cavabımı da yəqin ki, eşitmisiniz. Ona görə, buna baxmayaraq, hərbi gücün olmalıdır ki, heç kim sənə xor baxmasın, heç kim sənə ziyan vurmasın. Hətta heç kim düşünməsin ki, sənə ziyan vura bilər və bunun cavabını ödəməyəcək. Ona görə biz gücümüzü artırırıq, o cümlədən hərbi gücümüzü”.

Türk dövlətlərinin təhlükəsizlik sahəsində əməkdaşlığı strateji zərurətdir

Türkiyə-Azərbaycan münasibətlərinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Türkiyə ilə rəsmi, o cümlədən hərbi müttəfiqlik çərçivəsində əməkdaşlıq edir və hərbi təşkilat yaratmaq niyyəti olmadan türk dövlətlərinin də bu sahədə birgə təlimlər vasitəsilə əməkdaşlığa başlamasını, bununla bağlı mesajların diplomatik kanallarla ötürülməsini və bütün üzv ölkələrin bu təşəbbüsü dəstəkləməsini təklif edir.

“Biz Türkiyə ilə rəsmi müttəfiqlik formatında əməkdaşlıq edirik, o cümlədən hərbi müttəfiqlik, o cümlədən bir-birinə hərbi yardım çərçivəsində. Ancaq yaxşı olardı ki, ailəmiz olan türk dövlətləri bu istiqamətdə də əməkdaşlığa başlasınlar. Bunu təklif etməklə mən heç də hansısa hərbi təşkilatın yaradılmasını təklif etmirəm. Bəziləri bunu belə yozurlar. Yox, bu, tamamilə əsassızdır. Biz indi sadəcə olaraq, energetika sahəsində, nəqliyyat sahəsində, ticarət, investisiya qoyuluşu, bir çox sahələrdə əməkdaşlıq edirik. Nə üçün bu sahədə də əməkdaşlıq etməyək? Nəzərə alsaq ki, bu gün bütün ölkələr üçün bu, bir nömrəli məsələdir, ona görə təklifim qüvvədədir. Biz indi mesajlarımızı müxtəlif diplomatik kanallarla göndəririk. Əgər ümumi razılıq olarsa, onda biz bu il bu təlimləri görəcəyik. Əgər görsək ki, təlim keçirilmədi, deməli, gərək sual verəsiniz “Kim bunu dəstəkləmədi?”. Amma mən ümid edirəm ki, bütün üzv ölkələr bunu dəstəkləyəcək”, - Prezident əlavə edib.

ABŞ-la əməkdaşlıq hər iki ölkənin milli maraqlarına xidmət edir

Vaşinqtonda Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları  Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb » Azərbaycan Prezidentinin  Rəsmi internet səhifəsi

Azərbaycan-Amerika münasibətlərinə gəlincə isə Prezident İlham Əliyev ötən ili Bakı-Vaşinqton münasibətləri üçün tarixi il adlandırıb: “Azərbaycan-Amerika münasibətləri kontekstində də 2025-ci il tarixi il sayıla bilər. Çünki sirr deyil ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra Amerika-Azərbaycan əlaqələrinin üzərində bir qara bulud kimi mənfur 907-ci düzəliş, necə deyərlər, fırlanırdı və Azərbaycan gənc, müstəqil ölkə olmasına baxmayaraq, Amerika kimi dünya miqyasında bir nömrəli dövlətlə lazımi səviyyədə münasibətlər qura bilməmişdi - Amerikadakı anti-Azərbaycan qüvvələrin fəaliyyəti, erməni lobbisinin fəaliyyəti nəticəsində. Azərbaycan tərəfindən belə cəhdlər dəfələrlə göstərilmişdir. Müəyyən mərhələlərdə münasibətlər müsbət istiqamətdə inkişaf edirdi. Ancaq mövcud məhdudiyyətlər, xüsusilə Ermənistan-Azərbaycan müharibəsinin davam etməsi Amerikadakı söz sahiblərinə imkan vermirdi ki, Azərbaycanla genişmiqyaslı münasibətlər qurulsun. Artıq bu məhdudiyyət də yoxdur və bunun təbii ki, iki əsas səbəbi var: birincisi, Ermənistan-Azərbaycan müharibəsinin rəsmən sona çatması, ikincisi, Amerikada Prezident Tramp administrasiyasının hakimiyyətdə olması. Bu administrasiya çox praqmatik, çox peşəkar və Amerikanın milli maraqlarının nə olduğunu çox yaxşı bilən üzvlərdən ibarətdir, Prezident başda olmaq şərti ilə. Təbii ki, Azərbaycan kimi bölgədə güclü potensialı və nüfuz dairəsi olan ölkə ilə əməkdaşlıq Amerika Birləşmiş Ştatları üçün də önəmlidir. Bizim üçün də. Ona görə bu nöqteyi-nəzərdən keçən il də dönüş ili sayıla bilər. Ağ Evdə Prezident Tramp mənim orada iştirakımla keçirilən mərasimdə 907-ci düzəlişə son qoydu, bunu aradan qaldırdı. Halbuki hələ Konqres bunu rəsmən aradan qaldırmalıdır. Amma xüsusilə mənim iştirakımla Prezident tərəfindən atılan bu addım, təbii ki, rəmzi məna daşıyır”.

Qəzza məsələsində emosional deyil, hüquqi-siyasi qərar verilməlidir

Azərbaycan Prezidenti müsahibə əsnasında Yaxın Şərqdə, xüsusən Qəzza ətrafında yaranmış böhrana da toxundu. Prezident Bakının həm İsraillə, həm də ərəb-İslam dünyası ilə paralel və etibarlı tərəfdaşlıq münasibətlərini saxladığını, eyni zamanda, Qəzza ilə bağlı emosional deyil, hüquqi-siyasi çərçivədə, beynəlxalq mandat və real risklər nəzərə alınmadan hərbi iştirak barədə qərar verməyəcəyini açıq dedi. O bildirdi ki, Azərbaycan özü uzun illər təcavüzdən əziyyət çəkmiş ölkə kimi heç kimin uğrunda öz əsgərinin həyatını riskə atmaq niyyətində deyil, ərəb ölkələrinin məsələlərini də birinci növbədə onların özünün həll etməlidir.

“Mənim ölkəm təcavüzdən zərər görüb, Birinci Qarabağ müharibəsində böyük qurbanlar verib. Bununla belə, az olmasına baxmayaraq, İkinci Qarabağ müharibəsində də qurbanlar olub. Azərbaycanın hər bir vətəndaşı bizim üçün qiymətlidir. Biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik. Bizim başımız bəlada olanda öz taleyimizin hökmünə buraxılmışdıq. Heç kim bizi müdafiə etmirdi. O cümlədən Fələstinə bütün hörmətimə və dərdlərinə şərik olmağıma rəğmən. Axı, Fələstin də bizi elə də müdafiə etmirdi. Bəli, İslam Əməkdaşlıq Təşkilatının hamının dəstəklədiyi qətnamələri var idi. Biz buna görə bütün ölkələrə minnətdarıq, eynilə Azərbaycan da həm BMT-də, həm Qoşulmama Hərəkatında, həm də İslam Əməkdaşlıq Təşkilatında həmişə Fələstini və Fələstin dövlətinin yaradılmasını dəstəkləyib. Azərbaycanda Fələstinin səfirliyi də fəaliyyət göstərir, həm də Azərbaycanın maliyyə yardımı sayəsində. Ona görə də mənim mövqeyim həmişə ondan ibarət olub ki, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir”, - Azərbaycan Prezidenti diqqətə çatdırdı.

Yeni yataqlar, yeni bazarlar – Azərbaycan qaz ixracını strateji şəkildə artırır

Müsahibənin gedişində enerji təhlükəsizliyi və yeni enerji geosiyasəti ilə bağlı məsələlərə toxunan Prezident Azərbaycanın artıq 14, yaxın perspektivdə isə 16 ölkəyə boru kəmərləri ilə qaz təchiz edən unikal mərkəzə çevrildiyini, Cənub Qaz Dəhlizi, yeni qaz yataqları və bərpaolunan enerji layihələri sayəsində Avropanın enerji təhlükəsizliyində rolunun artdığını qeyd edib.

Azərbaycanın indiyədək 11-i müntəzəm əsasda olmaqla, 14 ölkəni qazla təchiz etdiyini vurğulayan Prezident İlham Əliyev bildirdi ki, bu il daha iki Avropa ölkəsi bu sıraya əlavə olunacaq: “Ümumilikdə 16 ölkə olacaq, bu, boru kəməri qazı ilə bağlı ən böyük rəqəmdir. Dünyada heç bir ölkə Azərbaycan kimi bu qədər ölkəni boru kəməri vasitəsilə qazla təchiz etmir. Ötən il bizim ixracımız artım potensialına malik olmaqla, 25 milyard kubmetrdən çox olub. Bu artımın iki mənbəyi var. Birincisi, mən söylədiyim kimi, bərpaolunan enerji. Bərpaolunan enerjimiz nə qədər çox olsa, biz ixrac üçün o qədər çox qaza qənaət edə bilərik. İkincisi, mövcud və yeni yataqlardan yeni hasilat. Bunların arasında biz “Azəri-Çıraq-Günəşli” dərin qaz yatağından yeni hasilat gözləyirik. Bildiyiniz kimi, bu yataqdan çoxlu neft hasil edilir, həmçinin dərində böyük qaz yataqları var. Məhz buna görə onu “dərin qaz yatağı” adlandırırlar. Hasilatın bu il başlanmasını gözləyirik. Biz, həmçinin qarşıdakı illərdə “Şahdəniz”də əlavə həcmdə qaz təmin edəcək yeni mərhələnin başlanmasını gözləyirik, bu, “Şahdəniz Kompressiya” adlanır. Həmçinin “Babək” yatağı var, çox böyük və ümidvericidir, bir sıra şirkətlər investor olmaq istəyir. Sözsüz ki, ölçüsünə görə “Şahdəniz”lə müqayisə oluna biləcək yataq “Abşeron”dur. Hazırda orada birinci mərhələ üzrə hasilat həyata keçirilir ki, biz bunu yerli istehlak üçün əldə edirik. “Abşeron”un ikinci mərhələsi bizə ola bilsin bugünkündən 3 dəfə daha çox qaz təmin edəcək ki, bazarlar üçün daha çox olsun. Bizim qazımız onu artıq əldə edən və həcmi artırmaq istəyən ölkələrə, həmçinin onu hələ əldə etməmiş ölkələrə lazımdır”.

Azərbaycan enerji keçidinin “regional laboratoriyası” kimi

Bununla yanaşı, dövlət başçısı “Masdar”, “ACWA Power”, bp kimi şirkətlərlə külək və günəş enerjisi layihələrinin, eləcə də Qara dəniz və Xəzər dənizinin dibi ilə nəzərdə tutulan kabel marşrutlarının Azərbaycanın həm mavi, həm də yaşıl enerji istehsalçısı və ixracçısı kimi mövqeyini möhkəmləndirdiyini vurğuladı. Faydalı qazıntıların tam inkarının qeyri-real olduğunu, neft-qazla paralel yaşıl enerjiyə keçidin məhz praqmatik kombinasiyaya əsaslanmalı olduğunu bildirərək, Azərbaycanı bu keçidin regional “laboratoriyası” kimi təqdim etdi.

“Bizim təkcə külək enerjisi potensialımız 150 giqavatdan çoxdur. Günəşli günlər də, Allaha şükür, çoxdur, həm Bakıda, həm bütün bölgələrimizdə. Xəzər dənizinin külək enerjisi potensialı kifayət qədər böyükdür. Ona görə bundan istifadə etməmək günah olardı. Biz bu imkanları dünya energetika aləminə təqdim edəndə onlardan böyük maraq gördük. Bu gün bizim əsas investorumuz Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətidir, hansı ki, birinci Günəş elektrik stansiyasını inşa edib, 230 meqavat gücündə. İkinci stansiya yaxın günlərdə istismara veriləcək. Burada da investor Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətidir. O da 240 meqavat gücündə olan stansiyadır. Üçüncü böyük stansiyanı bp şirkəti Cəbrayıl rayonunda inşa etməyə başlayıb, o da 240 meqavatdır. Bu, sadəcə olaraq, başlanğıcdır. Eyni zamanda, Çin və Türkiyə şirkətləri də maraq göstərirlər. Biz Azərbaycan şirkətlərinə də müraciət etdik və bu sahə gəlirli olduğu üçün və ölkəyə lazım olduğu üçün onlara da müraciət etdik və artıq yerli şirkətlər də bu işlərə qoşulublar. Hətta keçən ilin sonunda mən Cəbrayılda iki stansiyanın təməlini də qoydum. Günəş və külək elektrik stansiyalarının xəritəsi təsdiqlənib, həm quruda, həm də dənizdə, o cümlədən azad edilmiş torpaqlarda. Hazırda bizim əsas vəzifəmiz enerji mənbələrini qəbuletmə imkanlarını genişləndirməkdir. Çünki mövcud olan planlara görə, 2030-cu ilə qədər 6000 meqavat, 2032-ci ilə qədər isə 8000 meqavat Günəş, külək və su enerjisi bizim sistemimizə daxil ediləcək. Yəni bunu qəbul etmək, həzm etmək üçün biz enerji sistemimizi gücləndirməliyik. Buna “Energy Grid” deyirlər.

Bununla paralel olaraq batareya saxlanc sistemləri də qurulmalıdır. Biz ilkin mərhələdə xarici şirkətlərə müraciət etdik ki, onlar investor kimi bu işi görsünlər. Amma gördük ki, böyük maraq yoxdur. Yəni dövlət xətti ilə təxminən 250 meqavat gücündə birinci batareyalar artıq quraşdırılır, amma daha da çox olacaq. Çünki bizim, yenə də deyirəm, qısamüddətli planlarımız 8 giqavat enerji əldə etməkdir”, - Prezident İlham Əliyev qeyd etdi.

Bu deyilənlər göstərir ki, Prezidentin yerli mediaya verdiyi geniş müsahibələr, sadəcə, siyasi bəyanatların səsləndirilməsi deyil, dövlətin strateji kursunun ictimaiyyətə açıq şəkildə təqdim olunmasıdır. Dövlət başçısının mövqeyi ondan ibarətdir ki, Azərbaycanın gələcək inkişaf modeli güclü ordu, dayanıqlı iqtisadiyyat, balanslaşdırılmış xarici siyasət və milli dəyərlərə əsaslanan ictimai-siyasi sabitlik üzərində qurulmalıdır. Bu yanaşma yalnız mövcud reallıqların təhlili deyil, həm də uzunmüddətli perspektiv üçün yol xəritəsi kimi çıxış edir. Prezidentin müsahibələri siyasi dialoqun institusionallaşmasına, qərarların mahiyyətinin izah edilməsinə və cəmiyyətin proseslərə daha fəal şəkildə inteqrasiyasına şərait yaradır. Nəticə etibarilə bu format həm dövlətin hesabatlılıq prinsipini gücləndirir, həm də Azərbaycan cəmiyyətinin gələcəyə inamını möhkəmləndirən mühüm siyasi platforma kimi çıxış edir.