Qaynar xətt:

(+99450) 247 90 86

Milli Məclisin 80 yaşlı rus əsili deputatı kimdir?   - DOSYE 

news/2026_01_02/1000234677_1767344054.webp

REDAKTORUN SEÇİMİ

534

02.01.2026, 12:53

Oxu24.com Milli Məclisin deputatı  Mixail Zabelin haqqında məlumatı təqdim edir.

Mixail Zabelin 1946-cı il martın 19-da Bakı şəhərində anadan olub.

 Azərbaycan Politexnik İnstitutunun Hidromeliorasiya bölməsini, Bakı Ali Partiya Məktəbi və Ümumittifaq Qiyabi Hüquq İnstitutunun isə Sovet quruculuğu bölməsini bitirib.

 Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin fəxri professorudur.

Azərbaycan dövlət xadimi, Azərbaycan Respublikasının Milli Məclisinin I, II, III, IV, V ,VI.və VII çağırış deputatı olub. Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü və Azərbaycanda Rus İcmasının sədridir. 

1966-cı ildən Layihə İnstitutunda işləyib. 1969-cu ildən Oktyabr Rayon Komsomol Komitəsinin Katibi, 1974-cü ildən Lenin Rayon Partiya Komitəsinin və şəhər Partiya Komitəsinin təlimatçısı olub. 1978-ci ildən Azərbaycan KP MK-da təlimatçı, Birinci Katibin referenti, müfəttişi, 1989-cu ildən Nizami Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olub.

1990-cı il sentyabrın 30-da Sovet İttifaqı Kommunist Partiyasından Azərbaycan SSR Ali Sovetinin XII çağırış xalq deputatı seçilib. Ali Sovetin Sovetlərinin işi, yerli özünüidarə və yerli təsərrüfat məsələləri Komissiyasının üzvü olub. 7 mart 1991-ci ildə Azərbaycan SSR Ali Sovetində baş tutan səsvermə zamanı SSRİ-nin saxlanılmasına səs verən xalq deputatlarından biri olub.

"Azərbaycan-Rusiya" cəmiyyətinin prezidenti və vitse-prezidenti olmuşdur. 1993-cü il martın 25-də Mixail Zabelinin təşəbbüsü ilə Azərbaycanda Rus İcmasının yaradılmış, həmin il mayın 5-də Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Həmin gündən Azərbaycanda Rus İcmasının sədridir.

Azərbaycanın dövlət müstəqilliyini bərpa olunmasından sonra, 1991-ci ildən Azərbaycan Ali Soveti Katibliyinin baş mütəxəssisi, Daimi Komissiyalar şöbəsinin Katibi vəzifələrində çalışıb.

06.10.1994-cü ildə Azərbaycan Ali Sovetinin sədri Rəsul Quliyevin qərarı ilə xalq deputatı Mixail Zabelin Milli Məclisin üzvü seçilib.Milli Məclisin İnsan hüquqları və millətlərarası münasibətlər Komissiyasının üzvü olub.

1995-ci ildə Azərbaycanın yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın üzvü olub. 1995-ci il noyabrın 12-də isə Yeni Azərbaycan Partiyasının siyahısı üzrə Milli Məclisin I çağırış deputatı seçilib. Milli Məclisin Yerli özünüidarə məsələləri Komissiyası, həmçinin Azərbaycan—Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.

2000-ci il noyabrın 5-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə Milli Məclisin II çağırış deputatı seçilib. Milli Məclisin İnsan hüquqları daimi Komissiyasının, həmçinin Azərbaycan—Almaniya və Azərbaycan—Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.

2005-ci il noyabrın 6-da Yeni Azərbaycan Partiyasının namizədi olaraq 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindən Milli Məclisin III çağırış deputatı seçilib. Milli Məclisin Regional məsələlər Daimi Komissiyasının, həmçinin Azərbaycan-Almaniya, Azərbaycan-Cənubi Koreya, Azərbaycan-Litva, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının və MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub.

2010-cu il noyabrın 7-də Yeni Azərbaycan Partiyasının namizədi olaraq 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindəm Milli Məclisin IV çağırış deputatı seçilib.Milli Məclisin Regional məsələlər Komitəsinin, həmçinin Azərbaycan-İrlandiya, Azərbaycan-Cənubi Koreya, Azərbaycan-Litva, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının və MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub.

2015-ci il noyabrın 1-də Yeni Azərbaycan Partiyasının namizədi olaraq 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindən Milli Məclisin V çağırış deputatı seçilib. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin, Mədəniyyət Komitəsinin, Hesablayıcı Komissiyasının üzvü, Azərbaycan-Uruqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, həmçinin Azərbaycan-İrlandiya, Azərbaycan-Litva, Azərbaycan-Mavritaniya, Azərbaycan-Polşa, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin və Azərbaycan–Rusiya parlamentlərarası Komissiyasının üzvü olub.

2020-ci il fevralın 9-da Yeni Azərbaycan Partiyasının namizədi olaraq 34 saylı Xətai II dairəsindən Milli Məclisin VI çağırış deputatı seçilib. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin, Mədəniyyət Komitəsinin üzvü, Hesablayıcı Komissiyasının Katibi, Azərbaycan-Uruqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, həmçinin Azərbaycan-İrlandiya, Azərbaycan-Litva, Azərbaycan-Mavritaniya, Azərbaycan-Polşa, Azərbaycan-Rusiya, Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin və Azərbaycan–Rusiya parlamentlərarası Komissiyasının üzvü olub.

2022-ci ilin dekabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zabelin Mixail Yuryeviçi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü təyin edib.

2024-cü ilin sentyabr ayında yenidən Milli Məclisin deputatı seçilib. 

2024-cü il oktyabrın 8-də Azərbaycan - Uruqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

3 fevral 2025-ci ildə Milli Məclisin Hesablayıcı komissiyasının katibi seçilib.

2017-ci ilin noyabrında Mixail Zabelin Rusiyanın St. Peterburq şəhərində tədbirdə çıxışı zamanı Krım və Qarabağ məsələlərini eyniləşdirdiyinə görə tənqid edilmişdi. Konfrans zamanı Mixail Zabelin bunları bildirmişdi: "Bu gün burada Krımın geri qaytarılmasından danışıldı. Rusiya öz tarixi torpağı olan Krımı geri qaytarıb. Əgər Rusiyanın tarixi torpağı olan Krımı geri qaytarmağa haqqı çatırsa, Azərbaycanın da öz əzəli tarix torpağı olan, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağı geri qaytarmağa haqqı var. Bizim də buna haqqımız çatır". Siyasi şərhçi Zərdüşt Əlizadə deputatın bu ifadəsinin hüquqi cəhətdən yanlış olduğu bildirmiş və "Krımın hüququ olaraq Ukraynanın ərazisi olduğu, Rusiya tərəfindən zəbt edildiyi, bütün dünyanın da bölgəni Rusiyanın ərazisi olaraq tanımadığını" vurğulamışdı. Onun sözlərinə görə deputatın Qarabağ və Krımı eyniləşdirməsi səhv mövqedir.

Mixail Zabelin Azərbaycanda Rus İcmasının sədri olaraq 26 mart 2022-ci ildə Rusiya–Ukrayna müharibəsi zamanı bəyanat yayıb. Bəyanatda "Azərbaycanın rus icması olaraq öz dövlətini, xalqını NATO-nun Şərqə, Rusiya sərhədlərinə yaxın genişlənməsindən, onun suverenliyinə qəsdlərdən qorumaq, iqtisadi problemləri həlli üçün Rusiyanı başa düşməyi xahiş eləməsi" qeyd olunmuşdur. Bu bəyanat KİV və sosial medialarda birmənalı qarşılanmamışdır və tənqid edilmişdir.

Hazırladı: Jalə