Qaynar xətt:

(+99450) 247 90 86

Daha kimlər  həbs oluna bilər? – "İdrak"liseyindəki hadisənin  HÜQUQİ TƏRƏFİ

news/2026_02_07/idrak_lisey_1770477455.jpg

KRİMİNAL

552

07.02.2026, 19:17

Xəbər verdiyimiz kimi, “İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi təkcə cinayət hadisəsi deyil, həm də ciddi hüquqi presedent yaradır. Şagirdin çantasında odlu silahı maneəsiz şəkildə sinif otağına qədər gətirə bilməsi, təhsil müəssisəsinin daxili nəzarət mexanizminin iflasını göstərir. Bəs qanunvericilik bu barədə nə deyir?

Məktəb rəhbərliyinin hansı vəzifəli şəxsləri istintaqa cəlb oluna bilər? Özəl liseylərdə təhlükəsizlik tədbirlərinin görülməməsinə görə birbaşa kim cavabdehdir? "Səhlənkarlıq" anlayışı bu hadisədə necə tətbiq olunacaq?

Mövzu ilə bağlı Oxu24.com-un  suallarını vəkil Sadiq Əfəndiyev cavablandırır: 

 -Sadiq bəy, hamını maraqlandıran sual odur ki, məktəb rəhbərliyi bu hadisəyə görə hüquqi məsuliyyətdaşıya bilərmi?

-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli, 19 iyun 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş“Ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili Qaydası” na görə mülkiyyət formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələri təhsil alanların, pedaqoji və texniki heyətin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər görməlidir. Dövlət ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili dövlət büdcəsində aidiyyəti dövlət orqanları(qurumları) üçün nəzərdə tutulmuş vəsaitlər, habelə qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına, özəl və bələdiyyə ümumitəhsil müəssisələrində isə öz vəsaitləri hesabına həyata keçirilir.

İdrak liseyi özəl ümumitəhsil müəssisəsi hesab olunduğundan həmin liseydə təhlükəsizlik tədbirləri liseyin daxili vəsaitləri hesabına görülməli və bu tədbirlərin görülməməsinə və ya lazımi qaydada görülməməsinə görə məsuliyyət bilavasitə  liseyin rəhbərliyinin üzərinə düşür.

-Cinayət Məcəlləsində belə hallara görə “səhlənkarlıq” anlayışı necə tətbiq olunur?

-Hazırda liseydə törədilmiş məlum cinayət hadisəsi ilə bağlı prokurorluq orqanında araşdırma aparılır. Əgər araşdırma zamanı müəyyən edilsə ki, liseydə təhlükəsizlik tədbirlərinə cavabdeh olan vəzifəli şəxs, yaxud şəxslər tərəfindən laqeydliyə yol verilib, yaxud bu tədbirlər lazımi qaydada görülməyib, bu zaman həmin vəzifəli şəxslər Cinayət Məcəlləsində nəzərdə tutulmuş səhlənkarlıq cinayətinə görə məsuliyyətə cəlb oluna bilər.

-Belə hallarda yalnız şagird yoxsa məktəb rəhbərliyi də istintaqa cəlb oluna bilərmi?

-Məktəb rəhbərliyinin bu hadisədə əməli öz üzərinə düşən təhlükəsizlik tədbirlərini lazımi keyfiyyətdə və səviyyədə görüb görməməsindən asılı olaraq qiymətləndiriləcəkdir. Məsələn,silah və ya digər təhlükəli metalların keçirilməsinin qarşısını almaq üçün ən azından ilk görüləcək tədbir giriş hissənin metal dedektoru ilə təmin edilməsi ola bilər. Əgər bu yoxdursa,hansısa keyfiyyətli təhlükəsizlik tədbirindən danışmaq mümkün deyildir.

Hadisəni törədən şagird isə sözsüz ki, istintaqa cəlb ediləcək, hətta hazırda və gələcəkdə istintaqda iştirakını təmin etmək üçün barəsində qətimkan tədbirləri də görüləcəkdir.Verilən məlumata görə, hadisəni törədən şagird 10-cu sinif şagirdidir, deməli ən azından onun 15 yaşı vardır. Cinayət Məcəlləsinin ümumi qaydasına görə 16 yaşı tamam olmuş hər bir anlaqlı şəxs cinayət məsuliyyətinə cəlb edilir. 14 yaşı tamam olmuş şəxs isə yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa və s. bu kimi daha çox ictimai təhlükəlilik dərəcəsinə malik olan cinayətlərə görə məsuliyyətə cəlb edilirlər.

Ona görə də hadisəni törətmiş şagird işin hallarından və hadisənin nəticəsindən asılı olaraq adam öldürməyə cəhd cinayətinə görə məsuliyyətə cəlb oluna bilər.

-Silahın məktəb ərazisinə daxil olması rəhbərliyin nəzarət mexanizmlərinin zəifliyindən xəbər verirmi?

- Sözsüz ki, əgər bir şagird çantasında böyük həcmli bir silahı təhsil müəssisənin binasına rahat və maneəsiz şəkildə keçirə bilirsə, bu təhlükəsizlik tədbirlərinin və bu cür tədbirlərə nəzarətin qənaətbəxş olmamasından xəbər verir.

-Hadisədən sonra məktəb rəhbərliyi hansı hüquqi addımları atmalıdır?

-Məktəb fəaliyyətini davam etdirdiyi halda məktəb rəhbərliyi ilk növbədə məktəbin təhlükəsizlik təddbirlərini gücləndirməli, bu sahədə olan çatışmazlıq və nöqsanları aradan qaldırmalı, eləcə də istintaqın gedişatına mane olmamalı, istintaqa kömək göstərməli, istintaqı zəruri məlumat və sübutlarla təmin etməlidir.

Çimnaz Telmanqızı