Qaynar xətt:

(+99450) 247 90 86

İsveçdə Baş nazirin həyat yoldaşı korrupsiya şübhələri ilə araşdırılır

İsveçdə Baş nazirin həyat yoldaşı korrupsiya şübhələri ilə araşdırılır

DÜNYA

109

18.06.2026, 16:16

İsveçin Baş naziri Ulf Kristerssonun həyat yoldaşı, keşiş Birgitta Ed barəsində korrupsiya və maraqların toqquşması iddiaları ilə bağlı araşdırma başlanılıb.

Oxu24.com  "Le Monde"yə istinadən xəbər verir ki, Birgitta Edin mənsub olduğu Strängnäs yeparxiyası onun keşiş kimi fəaliyyətinin etik normalara uyğun olub-olmadığını qiymətləndirmək üçün istintaq başladıb. Araşdırmaya səbəb İsveç mətbuatında dərc olunan və Baş nazirin ailəsinin şəxsi maraqları ilə ictimai mövqelərinin qarışdırılması ilə bağlı iddialar olub.

İddialara əsasən, Birgitta Ed 2023-cü ildə keçmiş biznes ortağı və lobbiçi Göran Torstensonla birlikdə Stokholm yaxınlığında yerləşən malikanə alıb. Həmin əmlakda sonradan ödənişli meditasiya tədbirləri təşkil olunub.

İsveçin “Aftonbladet” nəşri yazıb ki, Birgitta Edin yaratdığı fond malikanədə müxtəlif işlərin görülməsi üçün könüllülər cəlb edib və bunun müqabilində iştirakçılara “faydalı əlaqələr qurmaq” imkanı vəd olunub. Bu məlumatlar ölkədə geniş rezonans doğurub.

Tənqidçilər hesab edirlər ki, Baş nazir ailəsinin şəxsi və ictimai maraqları arasında sərhədlərin qeyri-müəyyənləşməsi ciddi etik suallar yaradır. Bundan başqa, bəzi ekspertlər belə fəaliyyətlərin hökumət başçısının təhlükəsizliyi baxımından da risklər daşıdığını bildirirlər.

Baş verənlərlə bağlı aparılan araşdırmanın nəticələrinin yaxın aylarda açıqlanacağı gözlənilir.

Jalə