Qaynar xətt:

(+99450) 247 90 86

Milli Məclis qəbul etdi:300-500 manat məbləğində... AÇIQLAMA

Milli Məclis qəbul etdi:300-500 manat məbləğində... AÇIQLAMA

CƏMİYYƏT

66

04.11.2026, 18:41

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Milli Məclisdə müzakirə olunan qanun layihəsinə əsasən, hərbi qulluqçuların hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsinə, üzrlü səbəb olmadan xidmətə gecikməsinə görə inzibati məsuliyyətin sərtləşdirilməsi təklif edilir. Dəyişikliyə əsasən, bu əməllərə görə 200-300 manat, təkrar hallarda isə 300-500 manat məbləğində cərimə və ya inzibati həbs nəzərdə tutulur. Ölkədə intizam qaydalarının möhkəmləndirilməsi istiqamətində atılan bu addım hərbi mühitdə intizamın və məsuliyyətin artırılmasına xidmət edir. Bununla yanaşı, hərbi xidmət şəraitində baş verən nizamnamə pozuntularının qarşısının alınmasında cəzaların sərtləşdirilməsi ilə bərabər, daxili nəzarət mexanizmlərinin də rolu böyükdür. 

Bu cür qanunvericilik təşəbbüsləri hərbi qulluqçuların xidməti vəzifələrinə daha məsuliyyətlə yanaşmasını stimullaşdırmaq məqsədi daşıyır. Bəs yalnız cəza tədbirlərinin sərtləşdirilməsi bu halın qarşısını almaq üçün kifayətdirmi, yoxsa idarəetmə mexanizmləri də təkmilləşdirilməlidir?

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, hərbi qulluqçuların hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi müddətdən asılı olaraq cinayət məsuliyyəti yaradır.

Onun sözlərinə görə, ümumiyyətlə, hərbi qulluqçuların hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi 3 gündən artıq və 10 gündən artıq olmayan müddətdə törədildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsinə əsasən cinayət hesab olunur. Bununla bağlı rəsmiləşdirmə aparıldıqdan sonra hərbi qulluqçuya barəsində 1 ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası tətbiq edilir. Tərk etmə müddəti 10 gündən artıq, lakin 1 aydan artıq olmayan müddətdə törədildikdə isə 2 ilədək müddətə hərbi hissədə saxlama cəzası nəzərdə tutulur.

Ramil Süleymanov qeyd edib ki, hərbi qulluqçunun xidmətə gecikməsi və ya qısa müddətə xidmət yerini özbaşına tərk etməsi hərbi nizamnamə tələblərinin pozulmasıdır və buna görə intizam tənbehləri tətbiq olunmalıdır:

“Bunun konkret pul məbləğində cərimə ilə əvəzlənməsi və ya inzibati qaydada həbs nəzərdə tutulması dövlətin mülahizə sərbəstliyindədir. Hərbi qulluqçular inzibati həbs cəzasını hauptvaxtalarda çəkirlər.

Yekun olaraq, hərbi intizamın qorunması və hüquqpozmaların qarşısının alınması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi vacib addım kimi qiymətləndirilir. Bununla belə, hüquqşünasın qeyd etdiyi kimi, cəza tədbirləri ilə yanaşı, hərbi hissələrdə idarəetmə və nəzarət mexanizmlərinin gücləndirilməsi də mühüm əhəmiyyət kəsb edir.

Çimnaz Telmanqızı