Qaynar xətt:

(+99450) 247 90 86

Ev və torpaq alarkən söküntü riskini necə müəyyənləşdirmək olar? – AÇIQLAMA  

Ev və torpaq alarkən söküntü riskini necə müəyyənləşdirmək olar? – AÇIQLAMA  

CƏMİYYƏT

100

21.08.2026, 14:15

Daşınmaz əmlak bazarında mənzil və ya torpaq sahəsi əldə edərkən vətəndaşların qarşılaşdığı en böyük suallardan biri obyektin gələcək şəhərsalma layihələrinə düşüb-düşməyəcəyidir. Bəzən böyük xərclərlə alınan və təmir edilən mülklər qısa müddət sonra dövlət ehtiyacları və ya yenidənqurma planları çərçivəsində söküntü zonasına düşür. Bu zaman vətəndaşların həm maddi, həm də mənəvi baxımdan zərərə uğramaması üçün öncədən müəyyən hüquqi və texniki addımların atılması vacibdir. Xüsusilə alqı-satqı prosesində sənədlərin tamlığı, mülkiyyət hüququnun təsdiqi və gələcək layihələrin araşdırılması alıcının risklərini sıfıra endirir. Söküntü halında kompensasiya ödənişlərinin hansı prinsiplər əsasında hesablanması da vətəndaşlar üçün ən kritik məqamlardan biridir. Bütün bu məsələlərə aydınlıq gətirmək, alıcıların hüquqlarını qorumaq və doğru addımlar atmasını təmin etmək üçün mövzunu mütəxəssis rəyi ilə təqdim edirik. Oxu24.com-un suallarını Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc cavablandırıb.

Vüqar Oruc bildirib ki, vətəndaşlar hər hansı bir əmlakı alarkən ilk növbədə onun Dövlət Əmlak Reyestrindən çıxarışının (kupça) olub-olmamasına diqqət yetirməlidirlər. Çıxarışı olan mülkiyyət sahibləri üçün gələcəkdə ərazi söküntüyə düşsə belə, dövlət tərəfindən kompensasiya almaq imkanı zəmanət altına alınır. 

Onun sözlərinə görə, bununla yanaşı vətəndaşların gələcəkdə çətinliklərlə üzləşməməsi üçün müvafiq icra hakimiyyəti, bələdiyyə və ya Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmələri tövsiyə olunur:

•Ərazinin baş planı və icra planları: Müraciət edərək ərazinin baş planı, ümumi planı və müfəssəl icra planı ilə tanış olmaq lazımdır.

•Bakının 2040 baş planı: Hazırda Bakı şəhərinin 2040-cı ilə qədər olan Baş Planı qüvvədədir. Bu plan çərçivəsində şəhərin tarixi və qədimliyi saxlamaqla yenilənməsi, yeni yolların salınması, köhnə binaların sökülməsi və infrastrukturun qurulması nəzərdə tutulur.

•Məhdudiyyət zonalı və təyinat: Ərazidəki "qırmızı xətlər", park, məktəb, sosial obyektlər, mühəndis-kommunikasiya xətləri, xüsusi mühafizə və məhdudiyyət zonaları, eləcə də torpağın gələcək təyinat dəyişiklikləri rəsmi sənədlərdən araşdırılmalıdır.

AQC sədri vurğulayıb ki, vətəndaşlar mülklərində təmir işləri aparır, daxili planlama edir və əşyalar alırlar. Söküntü zamanı bu xərclərin boş yerə getməsi narahatlıq yaratdığı üçün öncədən bu araşdırmaları aparmaq vacibdir:

“Söküntü zamanı kompensasiya həmin ərazidə yerləşən tikilinin 1 kvadratmetrinin orta bazar dəyəri müəyyənləşdirilərək ödənilir. Qiymət 3 əsas üsulla təyin olunur:

1.Komissiya tərəfindən: Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış komissiya tərəfindən (məsələn, Yasamal ərazisində 1 kv.m üçün 2700 manat müəyyən edildiyi kimi).

2.İnvestor ilə birbaşa razılaşma: Ərazidə özəl investor tərəfindən yeni binalar tikiləcəksə, investor və vətəndaş birbaşa məbləğ üzərində razılığa gəlirlər.

3.Qiymətləndirmə şirkəti tərəfindən: "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna uyğun olaraq, söküntünü sifariş edən dövlət təşkilatı satın alma elan edir. Seçilən qiymətləndirmə şirkəti ərazidəki 1 kv.m üçün orta bazar dəyərini hesablayır.

Açıqlamada xüsusi olaraq qeyd olunub ki, söküntü zamanı obyektin daxili təmiri, planlama xərcləri və ya əşyalar nəzərə alınmır, yalnız daşınmaz əmlakın öz bazar dəyəri ödənilir.

Vüqar Oruc alıcıların öz hüquqlarını qoruması üçün aşağıdakı vacib məqamları da diqqətə çatdırıb:

“Sənədlərin hüquqi əsası elektron sistem üzərindən yoxlanılmalı və çıxarışın həqiqətə uyğunluğu təsdiqlənməlidir. Alqı-satqı müqavilələri standartdır və notarius tərəfindən təsdiqlənir.

Ən əsas məqamlardan biri alınan evdə qeydiyyatda kiminsə unudulub-qalmaması və ya sonradan həmin evin mülkiyyət hüququna kənar şəxslərin iddia edə bilməməsidir. Kompensasiya mərhələsində bəzi vətəndaşlar heç bir sənəd imzalamadan, şifahi qaydada ödəniş alaraq mülkiyyətindən imtina edirlər. İstər investor, istərsə də dövlət qurumu olsun, vətəndaş öz mülkiyyətindən imtina edirsə, bu proses mütləq notarial qaydada və qanunvericiliyə uyğun rəsmiləşdirilməlidir. İmzalanan rəsmi müqavilədə vətəndaşın hansı məbləği aldığı və bunun qarşılığında konkret hansı obyekt, ev və ya mənzildən imtina etdiyi dərəc olunmalıdır”,- deyə AQC sədri əlavə edib. 

Çimnaz Telmanqızı