Yasamalda obyekt YANIR
10 İyun 2026, 19:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
59
10.06.2026, 18:49
Xəbər verdiyimiz kimi, ötən gün prezident tərəfindən imzalanan yeni fərmanla sahibkarlara verilən kreditlər üzrə dövlət zəmanəti və faiz subsidiyalarının təqdim edilməsi sahəsində səlahiyyət bölgüsündə dəyişiklik edildi. İndiyədək bu funksiyanı Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu həyata keçirirdisə, bundan sonra həmin səlahiyyətlər Azərbaycan Biznesinin İnkişafı Fonduna həvalə olunacaq.
Ekspertlərin fikrincə, bu dəyişiklik sahibkarlığın dəstəklənməsi mexanizmlərinin daha çevik və effektiv təşkilinə, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə, eyni zamanda, dövlət dəstəyi alətlərinin vahid mərkəzdən idarə olunmasına xidmət edə bilər. Yeni qərarın xüsusilə kiçik və orta sahibkarlar üçün hansı üstünlüklər yaradacağı, dövlət zəmanəti və faiz subsidiyalarının verilməsi prosesində hansı yeniliklərin tətbiq olunacağı isə maraq doğuran əsas məsələlərdəndir.
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı Musavat.com-a danışan iqtisadçı Eldəniz Əmirov qeyd edib ki, mahiyyət etibarilə, səlahiyyətlərin bir qurumdan digərinə ötürülməsini müsbət və məntiqli addımdır:
"Çünki kredit zəmanəti və faiz subsidiyası mexanizmləri birbaşa sahibkarlığın inkişafına xidmət edən əsas dövlət dəstək alətləridir. Bu alətlərin məhz sahibkarlığın təşviqi və biznes mühitinin inkişafı üzrə ixtisaslaşmış qurum tərəfindən idarə olunması qərarların daha çevik qəbul edilməsinə, maliyyə resurslarının daha səmərəli bölüşdürülməsinə və sahibkarların ehtiyaclarına daha operativ reaksiya verilməsinə imkan yarada bilər. Eyni zamanda, bu dəyişiklik dövlət dəstəyi mexanizmlərinin daha məqsədyönlü və nəticəyönümlü şəkildə tətbiqinə şərait formalaşdırır”.
Onun fikrincə, burada ən mühüm məqamlardan biri dövlət dəstəyinin coğrafiyasının dəyişdirilməsidir: “Belə ki, 2026-cı ildən etibarən kredit zəmanəti və faiz subsidiyası mexanizmlərinin əsasən Bakı və Abşeron yarımadasına deyil, regionlara yönəldilməsi nəzərdə tutulur. Bu isə o deməkdir ki, dövlət iqtisadi fəallığın ölkə üzrə daha balanslı şəkildə bölüşdürülməsinə çalışır. Regionların iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə tətbiq olunacaq bu mexanizm ilkin mərhələdə 2030-cu ilin sonunadək pilot layihə kimi həyata keçiriləcək".
İqtisadçının fikrincə, maliyyə dəstəyi ilə bağlı da sahibkarlar üçün kifayət qədər cəlbedici imkanlar yaradılıb: "Məsələn, sahibkar illik faiz dərəcəsi maksimum 13 faiz olan kredit götürürsə, həmin kredit üzrə faiz yükünün yarısı dövlət tərəfindən qarşılanacaq. Məsələn, kreditin illik faiz dərəcəsi 12 faizdirsə, bunun 6 faizini dövlət ödəyəcək. Başqa sözlə, sahibkarın üzərinə düşən faiz yükü iki dəfə azalacaq. Bu isə biznesin maliyyə xərclərini aşağı salmaqla investisiya qoyuluşlarını və yeni layihələrin həyata keçirilməsini stimullaşdıracaq".
İqtisadçı həmçinin bildirib ki, digər mühüm yenilik girov təminatı ilə bağlıdır: "Azərbaycanda bir çox sahibkarın əsas problemlərindən biri məhz kifayət qədər girov təqdim edə bilməməsidir. Yeni mexanizm bu problemin həllinə dəstək verməyi hədəfləyir. Belə ki, sahibkarın girov təminatı yetərli olmadıqda dövlət kreditin müəyyən hissəsinə zəmanət verəcək. Bu isə bankların risklərini azaltmaqla kreditlərin ayrılmasını asanlaşdıracaq”.
E.Əmirov hesab edir ki, xüsusilə diqqətçəkən məqamlardan biri işğaldan azad olunmuş ərazilərlə bağlıdır: “Yeni qaydalara əsasən, həmin ərazilərdə həyata keçirilən layihələr üzrə kreditin 90 faizə qədər hissəsinə dövlət zəmanəti verilə bilər. Digər şəhər və rayonlarda isə bu göstərici kredit məbləğinin 50 faizinə qədər müəyyənləşdirilib. Bu yanaşma dövlətin Qarabağ və Şərqi Zəngəzurda iqtisadi fəallığın artırılmasına, biznes subyektlərinin həmin ərazilərə marağının yüksəldilməsinə xüsusi önəm verdiyini göstərir. Bununla yanaşı, dövlət zəmanəti verilən kreditlərin məbləği üzrə də müəyyən limitlər müəyyən olunub. Belə ki, bir sahibkar üçün dövlət zəmanəti verilən kreditlərin ümumi həcmi 5 milyon manatdan artıq ola bilməz. Əlaqəli şirkətlər qrupu üzrə isə bu limit maksimum 10 milyon manat səviyyəsində müəyyənləşdirilib. Bu məhdudiyyətlərin əsas məqsədi dövlət dəstəyindən daha çox sayda sahibkarın yararlanmasını təmin etmək və resursların daha ədalətli bölüşdürülməsinə nail olmaqdır”.
Ekspert bildirib ki, ümumilikdə isə bu fərmanın əsas məqsədi regionlarda biznes qurmağı daha əlçatan etmək, sahibkarların daha sərfəli şərtlərlə maliyyə resurslarına çıxışını genişləndirmək, girov problemi yaşayan biznes subyektlərinə əlavə imkanlar yaratmaq və Bakıdan kənarda investisiya axınını sürətləndirməkdir: “Dövlət bununla iqtisadi inkişafın yalnız paytaxt və Abşeron ətrafında cəmlənməsinin qarşısını almağa, regionlarda yeni istehsal və xidmət müəssisələrinin yaranmasını təşviq etməyə çalışır. Bu gün ölkə üzrə yatırılan investisiyaların və biznes kreditləri portfelinin əhəmiyyətli hissəsi Bakı və Abşeron iqtisadi rayonunun payına düşür. Regionların investisiya cəlbetmə imkanları və maliyyə resurslarına çıxışı isə hələ də arzu olunan səviyyədə deyil. Məhz buna görə regionlarda sahibkarlığın inkişafını sürətləndirən, maliyyə resurslarına çıxışı asanlaşdıran və biznes aktivliyini artıran hər bir qərar strateji əhəmiyyət daşıyır. Hesab edirəm ki, qəbul olunan bu fərman da regionların iqtisadi potensialının daha dolğun reallaşdırılmasına, yeni iş yerlərinin açılmasına, qeyri-neft sektorunun inkişafına və ölkənin iqtisadiyyatının daha balanslı şəkildə böyüməsinə xidmət edən mühüm qərarlardan biridir".
19:54 / 10 İyun 2026
31
19:36 / 10 İyun 2026
55
19:28 / 10 İyun 2026
64
19:15 / 10 İyun 2026
96
18:37 / 10 İyun 2026
109
18:08 / 10 İyun 2026
87
17:57 / 10 İyun 2026
114
17:35 / 10 İyun 2026
93
17:07 / 10 İyun 2026
93
16:36 / 10 İyun 2026
2013
16:30 / 10 İyun 2026
118
16:30 / 10 İyun 2026
134
16:26 / 10 İyun 2026
88
16:25 / 10 İyun 2026
104
16:20 / 10 İyun 2026
88
16:16 / 10 İyun 2026
203
16:14 / 10 İyun 2026
95
16:13 / 10 İyun 2026
100
15:59 / 10 İyun 2026
154
15:50 / 10 İyun 2026
102
15:46 / 10 İyun 2026
123
15:43 / 10 İyun 2026
130
15:41 / 10 İyun 2026
1023
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.