Qaynar xətt:

(+99450) 247 90 86

Piyadalarla bağlı qanunvericilik sərtləşdirilə bilər

Piyadalarla bağlı qanunvericilik sərtləşdirilə bilər

CƏMİYYƏT

66

10.06.2026, 15:50

Baş Dövlət Yol Polisi İdarəsi son dövrlər sosial şəbəkələrdə yol-nəqliyyat hadisələrinin görüntülərini mütəmadi paylaşır. Həmin videolar göstərir ki, qəzaların, o cümlədən ölümlə nəticələnən hadisələrin əsas səbəblərindən biri sürücülərlə yanaşı, piyadaların da yol hərəkəti qaydalarını pozmasıdır.

Xüsusilə piyada keçidlərindən və yerüstü keçidlərdən istifadə etməyərək hərəkət hissəsinə qəfil çıxan şəxslər faciəvi nəticələrə səbəb olur.

Məsələnin ən ağrılı tərəfi isə bəzi hallarda piyadanın kobud qayda pozuntusunun sürücünün cinayət məsuliyyətinə cəlb edilməsinə gətirib çıxarmasıdır. Bununla belə, son illərdə məhkəmələrdə əks qərarlar da verilir. Belə ki, piyadanın ölümü ilə nəticələnən yol qəzasına görə təqsirləndirilən Hacıağa Ağayevə Sabunçu Rayon Məhkəməsinin bəraət hökmü verməsi diqqət çəkən nümunələrdən biridir. Bu qərardan əvvəl Nizami və Binəqədi rayon məhkəmələrində də analoji işlər üzrə verilən qərarlar yol-nəqliyyat hadisələrinin hüquqi qiymətləndirilməsində yeni yanaşmanın formalaşdığını göstərir.

Bu fonda sual yaranır: mövcud qanunvericilik piyadaların məsuliyyəti baxımından yetərlidirmi? Yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq həm özlərini, həm də digər hərəkət iştirakçılarını təhlükəyə atan piyadalarla bağlı qanunvericiliyin sərtləşdirilməsi və ya yeni mexanizmlərin tətbiqi mümkündürmü?

Vəkil Ceyhun Yusifov Musavat.com-a bildirib ki, son dövrlər yol qəzaları ilə bağlı verilən bəraət hökmləri təkcə məhkəmə təcrübəsində deyil, ümumilikdə yol hərəkəti mədəniyyətində də mühüm dəyişikliklərin başlanğıcı kimi qiymətləndirilə bilər. 

Onun sözlərinə görə, bu qərarlar göstərir ki, yol hərəkətində məsuliyyət yalnız sürücülərin üzərinə düşmür və piyadalar da davranışlarının nəticələrinə görə cavabdehlik daşımalıdır:

“Yol hərəkəti ümumi məsuliyyət tələb edən sahədir. Son məhkəmə qərarları cəmiyyətə mesaj verir ki, qaydaları pozan piyadaların hərəkətləri də hüquqi qiymətləndirilməlidir. Bir şəxsin ehtiyatsız davranışı nəticəsində həm öz həyatı təhlükəyə düşə, həm də günahsız sürücünün taleyi dəyişə bilər. Bu yanaşma sürücülər arasında ədalət hissini gücləndirməklə yanaşı, piyadaları da daha diqqətli olmağa sövq edəcək”.

Yusifov hesab edir ki, son qərarlar illərdir formalaşmış bəzi yanaşmaların dəyişməsinə səbəb olur.

Onun fikrincə, yol qəzalarından sonra tərəflər arasında yaranan maddi tələblərlə bağlı mübahisələr də daha obyektiv qiymətləndirilməlidir:

“Bəzən sürücü baş verən hadisədən sarsılır, üzərinə düşən mənəvi və maddi məsuliyyəti yerinə yetirməyə çalışır. Lakin elə hallar olur ki, qarşı tərəf reallıqla uzlaşmayan məbləğlər tələb edir. Belə vəziyyətlərdə məsələyə yalnız maddi imkan prizmasından yanaşmaq düzgün deyil. Əgər sürücünün səmimi şəkildə barışmaq istəyi varsa, lakin irəli sürülən tələblər onun imkanlarını aşırsa, bu, avtomatik olaraq onun daha ağır hüquqi nəticələrlə üzləşməsi üçün əsas hesab edilməməlidir”.

Vəkil əlavə edib ki, məhkəmələrin son yanaşması piyadalar üçün də ciddi xəbərdarlıq xarakteri daşıyır: “Qaydaları pozaraq hərəkət hissəsinə qəfil çıxan və ya təhlükəsizlik tələblərinə əməl etməyən piyadanın davranışına hüquqi qiymət verilməlidir. Elə hallar olur ki, sürücünün qəzanın qarşısını alması texniki və fiziki baxımdan mümkün olmur. Belə vəziyyətlərdə bütün məsuliyyətin sürücünün üzərinə qoyulması hüququn əsas prinsipləri ilə uzlaşmır. Bu praktikanın davam etməsi yol hərəkəti iştirakçıları arasında məsuliyyət balansının formalaşmasına və ümumi yol mədəniyyətinin inkişafına xidmət edə bilər”.

Bəs dünya təcrübəsində vəziyyət necədir?

Bir çox ölkələrdə piyadaların qayda pozuntularına görə kifayət qədər sərt tədbirlər tətbiq edilir. Məsələn, Almaniyada piyada keçidindən istifadə etməməyə və ya qırmızı işıqda yolu keçməyə görə cərimələr nəzərdə tutulur. İsveçrə, Avstraliya, Cənubi Koreya və Sinqapurda da analoji qayda pozuntularına görə maliyyə sanksiyaları tətbiq edilir. Bəzi ölkələrdə cərimələrin məbləği sürücülər üçün nəzərdə tutulan bəzi inzibati cəzalardan belə yüksəkdir.

Xüsusilə Birləşmiş Ərəb Əmirliklərində piyadalara münasibətdə daha sərt yanaşma mövcuddur. Yolun müəyyən edilməmiş hissəsindən keçən şəxslər cərimələnir və bu qayda pozuntusu qəzanın baş verməsinə səbəb olarsa, həmin şəxsin həm inzibati, həm də hüquqi məsuliyyəti yarana bilər.

Qərb ölkələrinin bir hissəsində isə diqqət yalnız cərimələrə deyil, məsuliyyət bölgüsünə yönəlib. Məsələn, ABŞ və Kanadanın bir çox ştat və əyalətlərində piyada qaydaları pozaraq qəzanın yaranmasına səbəb olarsa, sonradan kompensasiya tələbləri zamanı onun da təqsir payı nəzərə alınır. Başqa sözlə, qəza zamanı piyadanın davranışı hüquqi qiymətləndirmədə mühüm rol oynayır. Bununla yanaşı, bəzi ölkələr fərqli yanaşma seçib. Böyük Britaniya və Niderlandda piyadaların sərbəst hərəkət hüququ daha genişdir. Lakin bu, onların məsuliyyətdən azad edilməsi demək deyil. Qəza baş verdikdə piyadanın hərəkətləri yenə də araşdırılır və hüquqi qiymət verilir. Azərbaycanda son dövrlər piyadaların kobud qayda pozuntuları nəticəsində baş verən qəzalar üzrə məhkəmələrin verdiyi bəraət qərarları da göstərir ki, məsuliyyətin yalnız sürücülərin üzərinə qoyulması yanaşması tədricən dəyişir. Bu isə gələcəkdə piyadaların hüquqi məsuliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məsələsini daha da aktuallaşdıra bilər.