Qaynar xətt:

(+99450) 247 90 86

Ülviyyə Həmzəyeva yenidən Rəssamlar Birliyinin sədri seçildi

Ülviyyə Həmzəyeva yenidən Rəssamlar Birliyinin sədri seçildi

CƏMİYYƏT

106

26.05.2026, 11:50

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin VI Konfransı keçirilib

Oxu24.com xəbər verir ki, 25 may, 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin VI Konfransı keçirilib. Konfransda Birliyin son beş illik fəaliyyəti geniş müzakirə olunub, görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı fikir mübadiləsi aparılıb.

Konfransda Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyevanın hesabat məruzəsi dinlənilib. Məruzədə son beş il ərzində Birlik tərəfindən həyata keçirilən yerli və beynəlxalq sərgilər, plenerlər, ustad dərsləri, yubiley tədbirləri, onlayn layihələr və müxtəlif yaradıcılıq proqramları haqqında geniş məlumat verilib. Bildirilib ki, hesabat dövründə Naxçıvan rəssamlıq məktəbinin tanıdılması, gənc istedadların üzə çıxarılması, beynəlxalq əlaqələrin genişləndirilməsi və milli təsviri sənətimizin təbliği istiqamətində mühüm nailiyyətlər əldə olunub.

Konfrans iştirakçıları Birliyin son beş illik fəaliyyətini və sədr Ülviyyə Həmzəyevanın hesabat məruzəsini yüksək qiymətləndiriblər. Çıxış edənlər qeyd ediblər ki, son illər ərzində Naxçıvan Rəssamlar Birliyi muxtar respublikanın mədəni həyatında fəal iştirak edən, beynəlxalq əlaqələri genişlənən və gənc yaradıcı nəslin formalaşmasına mühüm töhfələr verən nüfuzlu sənət təşkilatına çevrilib.

Konfrans çərçivəsində təşkilati məsələlərə də baxılıb. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədr seçkisi açıq səsvermə yolu ilə keçirilib. Konfrans iştirakçıları yekdilliklə Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyevanın namizədliyini dəstəkləyərək onu yenidən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri seçiblər.

Ülviyyə Həmzəyeva çıxış edərək ona göstərilən yüksək etimada görə konfrans iştirakçılarına minnətdarlığını bildirib. Qeyd edib ki, bundan sonra da Naxçıvan rəssamlıq məktəbinin inkişafı, gənc rəssamların dəstəklənməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və milli təsviri sənətimizin təbliği istiqamətində fəaliyyət daha da gücləndiriləcəkdir.