Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda tələbə olmaq neçəyə başa gəlir?   —  SORĞU +AÇIQLAMA

Bakıda tələbə olmaq neçəyə başa gəlir?   —  SORĞU +AÇIQLAMA

CƏMİYYƏT

89

11.05.2026, 18:28

Bakıda tələbə olmaq: Əsas xərclər və "kütlə psixologiyası"nın tələləri – SORĞU

Paytaxtda təhsil alan tələbələrin qarşılaşdığı ən böyük çətinliklər sırasında maddi xərclər və sosial təzyiqlər ön plandadır. Oxu24.com tələbələrin büdcə yükünü və gənclər arasında yayılan "hamı edir, mən də edim" yanaşmasının fəsadlarını araşdırıb.

Tələbəlik illəri həm bilik qazanmaq, həm də müstəqil həyata addım atmaq dövrüdür. Lakin bu dövrdə gənclərin çiyinlərinə düşən iqtisadi yük və psixoloji amillər onların gündəlik həyatına ciddi təsir göstərir.

Oxu24.com-un keçirdiyi sorğu nəticəsində məlum olub ki, tələbələrin əsas xərcləri qida və nəqliyyat üzərində cəmləşib.

Pərvin Hacıyeva bildirir ki, tələbələrin gündəlik ən böyük xərcləri məhz qida və yoldur: "Hər gün yemək, su və digər zəruri ərzaqlara pul xərclənir. Xüsusilə universitetdən uzaqda yaşayan tələbələr hər gün metro və avtobusdan istifadə etməli olurlar ki, bu da ayın sonunda böyük bir məbləğ edir”.

Aytən Ağazadə isə Bakıdakı kirayə mənzil bazarının ağırlığını vurğulayır: "Ən çox xərcimiz mənzil kirayəsinə və qidalanmaya çıxır. Xüsusilə Bakıda kirayə haqqı büdcənin yarıdan çoxunu aparır. Nəqliyyatdan az istifadə etsəm də, bu, digər tələbələr üçün ciddi xərcdir”. 

Qəmər Kazımzadə də nəqliyyatın büdcədəki payından narahatdır: "Mənim əsas xərclərim universitetə gedib-gəlməklə bağlıdır. Bununla yanaşı, qidalanma xərcləri də büdcəmə təsir edən əsas amillərdən biridir."

Bəs gəncləri bu real xərclərdən əlavə, lazımsız xərclərə və mühitə sürükləyən nədir? 

Pedaqoq, "Valideyn Məktəbi"nin təsisçisi Aysel Rəsulzadə mövzu ilə bağlı Oxu24.com-a geniş müsahibə verərək gənclərin daxili dünyasındakı boşluqlara işıq salıb.

"Hamı gedir, mən də gedim" – Özünü tanımama problemi

Aysel Rəsulzadə bildirir ki, bugün gənclər arasında "kütlə psixologiyası" çox güclüdür. Bir çox gənc öz kimliyini doğru formalaşdıra bilmədiyi üçün kənarda qalmaqdan qorxur:

"Əgər bir gənc öz kimliyini doğru formalaşdırıbsa, o, kütlə psixologiyasına uymayacaq. Lakin cəmiyyət tərəfindən qəbul olunmaq istəyən gənc, “Mən getməsəm onlardan geri qalaram” qorxusu ilə hərəkət edir. Bu, əslində gəncin nə istədiyini bilməməsi və öz sərhədlərinin olmamasından irəli gəlir”.

Müsahib gənclərin davranışlarına təsir edən ən böyük amillərdən biri kimi sosial medianı göstərir. Onun sözlərinə görə, platformalarda yaradılan "hər kəs uğurludur, hər kəs əylənir" imici gənclərdə yanlış təsəvvürlər yaradır:

"Gənclər sosial mediadakı paylaşımları görüb öz həyatları ilə müqayisə edirlər. Orada hər kəsin xoşbəxt göründüyünü düşünüb, “Mən niyə orada olmayım?”deyə soruşurlar. Bu, daxili boşluqdan və özünü təsdiqləmə ehtiyacından qaynaqlanır. Hansısa qrupa daxil olanda özlərini “güclü” hiss etməyə başlayırlar”.

Pedaqoq vurğulayır ki, həyatın ən təhlükəli qərarları biliksizlikdən deyil, şəxsiyyətin zəifliyindən yaranır. Gənclərə təkcə peşə və dərs deyil, şəxsiyyət bacarıqları öyrədilməlidir:

"Bugünkü gənclərimizə “yox” demək bacarığı aşılanmalıdır. Bir çox gənc düşünür ki, “yox” desəm dostumu itirərəm və ya trenddən geri qalaram. Halbuki “yox” demək tərbiyəsizlik deyil, şəxsiyyətin sərhədləridir. Uşaq kiçik yaşlarından razı olmadığı şeyi açıq ifadə etməyi və təzyiq altında qərar verməməyi öyrənməlidir”.

Aysel Rəsulzadə təəssüf hissi ilə qeyd edir ki, gənclər arasında "emosional savadsızlıq" mövcuddur. Bir çox gənc aqressivləşir, sıxılır, lakin bunun səbəbini izah edə bilmir:

"İfadə olunmayan emosiyalar həmişə yanlış davranışa gətirib çıxarır. Gənclərə öz hisslərini tanımağı, kömək istəməyi öyrətməliyik. Eyni zamanda sosial medianın 'arxa tərəfini' – o mükəmməl görünən həyatların reallıqda olub-olmadığını onlara izah etməliyik. İnsan öz dəyərini “like”larla ölçməməlidir”.

Nəticə olaraq:

Müsahib yekunda bildirir ki, gənclər hər hansı addımı atmamışdan əvvəl "Bu mənə uyğundurmu?" və "Bunu həqiqətən mən istəyirəmmi?" suallarını özlərinə verməlidirlər. Kütləyə tabe olmaq deyil, kütlənin gəncin iradəli qərarlarına hörmət etməsi əsas prinsip olmalıdır.

Hazırladı: Çimnaz Telmanqızı