Qaynar xətt:

(+99450) 247 90 86

Hava kəskin dəyişəcək: temperatur düşə, qar yağa bilər – TARİX 

news/2026_01_17/qar_oxu24_1768641803.webp

CƏMİYYƏT

198

18.02.2026, 10:58

Fevral ayının ortaları olsa da, havalar daha çox yaz fəslini xatırladır. Ötən ilin eyni dövründə isə ölkədə qış öz sərt üzünü göstərir, günlərlə davam edən güclü qar və şaxtalı hava şəraiti müşahidə olunurdu. 

Bu il dəyişən nə oldu? Mart ayı qış fəsli kimi keçə bilərmi?

Oxu24.com xəbər verir  ki,Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, hazırda Bakıda temperatur 10-12 dərəcə arasında dəyişir və hava əsasən günəşlidir:

“Bu göstəricilər fevral ayı üçün xarakterik deyil, o cümlədən orta aylıq normadan təxminən 5-6 dərəcə yüksəkdir. İqlim üzrə aparıcı beynəlxalq elmi dairələr artıq qlobal temperatur artımının 1,5 dərəcəlik həddi keçdiyini bildirirlər. Bu, iqlim dəyişikliyi baxımından kritik psixoloji və elmi hədd hesab olunurdu. Mövcud vəziyyət göstərir ki, indiyədək müxtəlif dövlətlərin atdığı addımlar gözlənilən effekti tam şəkildə verməyib. Azərbaycanda builki fevral ayının digər illərlə müqayisədə daha isti keçməsi də qlobal iqlim böhranının regional təzahürü kimi qiymətləndirilə bilər. Sözügedən prosesin əsas təsir istiqamətlərindən biri kənd təsərrüfatıdır. Temperaturun normadan yüksək olması çoxillik bitkilərin vegetasiya mərhələsinə daha tez başlamasına səbəb olur ki, bu da onlar üçün əlavə stress faktoru yaradır”.

Ekspert bildirib ki, fevral və mart aylarında arktik hava kütlələrinin regiona daxil olması real ehtimal olaraq qalır:

“Belə hallarda siklonlar mənfi temperatur, eləcə də qar, sulu qar və yağış kimi yağıntılar gətirə bilər. Bu isə vaxtından əvvəl oyanmış bitkilərə, xüsusilə çərdəkli meyvə ağaclarının çiçəkləmə və meyvəvermə mərhələsinə mənfi təsir göstərə bilər. Nəticə etibarilə bu proses ərzaq təhlükəsizliyinə də təsirsiz ötüşmür. İqlim dəyişiklikləri insan sağlamlığına da təsir edir. Orqanizm kəskin temperatur dəyişmələrinə uyğunlaşmaqda çətinlik çəkir və bu, təkcə psixoloji gərginliklə məhdudlaşmır. Hüceyrə və toxuma səviyyəsində biokimyəvi proseslərə təsir göstərən stress reaksiyaları yaranır ki, bu da ümumi sağlamlıq göstəricilərinə mənfi təsir edə bilər. Həmçinin qarşıdakı dövrdə soyuq hava dalğalarının olmayacağını demək mümkün deyil. Xalq arasında “boz ay” adlandırılan mart ayında, eləcə də kiçik çillə dövründə temperaturun qısa müddətli də olsa, sıfırdan aşağı enməsi gözlənilir. Bu isə artıq vegetasiya mərhələsinə keçmiş bitkilər və ümumilikdə kənd təsərrüfatı üçün əlavə risklər yarada bilər”.