Qaynar xətt:

(+99450) 247 90 86

Ayı əti yedi, ölkədən getdi - Ziya Məmmədovun oğlu haradadır? 

news/2026_02_09/ziya_1770660313.png

CƏMİYYƏT

131

09.02.2026, 22:12

Bu ölkədə məmur övladlarının xaricdə “uğurlu biznesmen”ə çevrilməsi artıq xəbər deyil. Bu, çoxdan baxdığımız, sonunu əzbər bildiyimiz bir filmdir.

Son günlər Azərbaycan cəmiyyətində qəribə bir “dejavü” yaşanır: keçmiş və indiki məmurların, deputatların xaricdəki biznesləri, mülkləri, bank hesabları yenidən gündəmə gəlir. Bu yazıların hamısının altında eyni sual yatır: bu pullar haradan gəlib?

Bu sırada hansısa keçmiş icra başçısını qabartmaq gülünc olardı. Onlar xırda fiqurlardır. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu bu gün Britaniyadan tutmuş Avropanın yarısına qədər uzanan mülk imperiyasının sahibidir. Oxşar mənzərə sabiq nəqliyyat naziri Ziya Məmmədovun ailəsində də müşahidə olunur. Amma bu ailə Azərbaycan cəmiyyətinin yaddaşında təkcə xaricdəki bizneslərlə yox, ayı əti ilə qalıb.

Xatırlayırsınızsa, vaxtilə Ziya Məmmədovun oğlunun ayı əti yeməsi ilə bağlı yayılan görüntülər ölkədə böyük rezonans doğurmuşdu. İctimai qəzəb təkcə ekzotik qida seçiminə görə deyildi; bu görüntülər məmur övladlarının toxunulmazlığı, laqeydliyi və cəmiyyətə yuxarıdan baxışının simvoluna çevrilmişdi.

Bəs o vaxtdan sonra nə baş verdi? Ekzotik qidaları sevən məmur övladı bu gün haradadır? O da Eldar Mahmudovun oğlu kimi Avropadadırmı? Böyük Britaniyada daşınmaz əmlak alveri ilə məşğuldur? Yoxsa hansısa “ailə biznesini” sakitcə idarə edir?

Niyə bu suallar cavabsız qalır? Axı tək o deyil. Sabiq kənd təsərrüfatı naziri İsmət Abbasovun oğlunun Britaniyada üzə çıxan 21 milyonluq mülkü rəsmi sənədlərlə sübut olunmuşdu. Hacıbala Abutalıbovun oğlunun Türkiyədə on milyonlarla ölçülən biznesi var; hətta Türkiyənin məşhur müğənnisi Seda Sayanın doğulduğu binanı belə aldığı iddia olunmuşdu. Sonra da ata çıxıb deyir: “Atası mənəm deyə, özünə iş qurmamalıdır?”

Siyahı uzundur: Əli Həsənov, Azad Rəhimov, Abbas Abbasov, Ramiz Mehdiyev…

Hamısının övladları xaricdə “uğurlu biznesmen” kimi təqdim olunur. Nədənsə Azərbaycanın ən yeni tarixində ən uğurlu biznesmenlər məhz məmur və deputat övladlarından çıxır. Daha maraqlısı isə odur ki, onların demək olar hamısının biznesi eyni sahəni – daşınmaz əmlak sektorunu əhatə edir. Nə bir startap var, nə innovasiya, nə texnologiya, nə İT. Çünki bunlar üçün bilik, zəka, risk və zəhmət lazımdır. Görünən odur ki, bu çevrənin bildiyi yeganə “biznes modeli” Bakıda hər maklerin əzbər bildiyi modeldir: al, sat, icarəyə ver. Üstəlik, bu pullar bəzən o qədər kobud və səriştəsiz idarə olunur ki, xaricdə belə əllərindən alınır. Cavanşir Feyziyevin Böyük Britaniyadakı əmlaklarına həbs qoyulması, Cahangir Hacıyevin mənimsədiyi vəsaitlərin bir hissəsinin müsadirə edilməsi bunun açıq sübutudur.

Bütün bunların fonunda Rusiya mediasında yayılan bir xəbər xüsusilə düşündürücüdür: Dövlət Duması deputatının övladları korrupsiya ittihamı ilə həbs edilir. Bəli, elə Rusiyada. Orada belə deputat övladı məsuliyyətə cəlb olunur, bizdə isə məmur övladları atalarının taladıqlarını rahatca xaricə daşıyır, villalar alır, hotellər açır, ayı əti yeyir və sonra da ortalıqdan çəkilir.

Bu kontekstdə 2025-ci ildə Anar Məmmədovun Böyük Britaniyanın paytaxtı Londonda üzə çıxması da diqqət çəkir. Məlum olub ki, Anar Məmmədov Londonda aktiv biznes fəaliyyəti ilə məşğuldur. Hətta səhmlərinin 75 faizi Anar Məmmədova məxsus olan və “KFC” restoran şəbəkəsini idarə edən “BJR Foods Limited” şirkəti 2024-cü ili 387 min manat mənfəətlə başa vurub. Şirkətin əvvəlki dövriyyəsi 94 milyon manat olub ki, bunun 24 milyon manatı ümumi gəlir kimi qeydə alınıb. Qeyd edilməlidir ki, səhmlərinin 75 faizi Anar Məmmədova məxsus olan bu şirkətə hazırda Böyük Britaniya vətəndaşları – 1970-ci il təvəllüdlü Zəfər Abbasi və 1967-ci il təvəllüdlü İqbal Süleyman rəhbərlik edir. Bu şəxslər daha əvvəl, 2004–2010-cu illərdə Londonda qeydiyyatdan keçmiş “Zqan UK Ltd” şirkətinə rəhbərlik ediblər.

Məlum olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən “ZQAN Holdinq” də Anar Məmmədova məxsusdur. ZQAN adı keçmiş nazirin baş hərflərinə və ailə üzvlərinin adlarına əsaslanır.

Onu da xatırladaq ki, Bakıda fəaliyyət göstərən “KFC” restoranları bir vaxtlar Anar Məmmədova məxsus “ZQAN Holdinq”lə əlaqəli olub. 2013-cü ildə “ZQAN Holdinq” adını “Garant Holdinq” olaraq dəyişdi. Ziya Məmmədov 2017-ci ildə nazir vəzifəsindən istefa verdikdən sonra isə “KFC” restoranları nazir Kəmaləddin Heydərovun oğullarının nəzarətində olan “Gilan Holding”in tərkibinə daxil edildi.(Yenlik.az)