Qaynar xətt:

(+99450) 247 90 86

Şəhid ruhu, şəhid yaxınlarını incidənlərə “qənim” olurmu?- İbrətamiz  

news/2026_01_16/photo_224577_1768572662.jpg

CƏMİYYƏT

255

16.01.2026, 18:05

 18 fevral 2011-ci ildə  Yevlax şəhər İcra Hakmiyyətinin başçısı vəzifəsinə  elə bu rayonda anadan olmuş bir yevlaxlı  gətirildi.  2006-cı ildən 2011-ci ilə qədər əvvəlki başçının – Elmar Vəliyevin I müavini vəzifəsində işləmiş Qoca Səmədov yeni icra başçısı  təyin olundu.

 8 il 8 aylıq icra başçılığı dövründə  törətdiyi əməllər 2019-ci ilin oktyabrında gün işığına çıxdı . Məlum oldu ki, təkcə Yaşıllaşdırma və işıqlandırma müəssisəsi”ndə 133 nəfər heç bir işə cəlb edilmədən və əməkhaqqı almadan, adlarına açılmış əməkhaqqı kartları Qoca Səmədov mənimsəyirmiş. Bu da  236.000 manat dövlət vəsaiti mənimsənilməsi demək idi.

2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq, təmir-tikinti işlərini həyata keçirmək adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616.000 manat vəsait heç bir iş görülmədən Qoca Səmədovun tapşırığı ilə şirkət rəhbərləri tərəfindən nağdlaşdırılaraq ona şəxsən qaytarılmaqla təkrarən mənimsənilib. Qanun pozuntularının siyahısı çox uzundu deyə sadalamadan, keçirik.

Deməli,  7 il 3 ay azadlıqdan məhrum edilməsi  cəzası ilə cəzalandırılan sabiq başçının  xalqın və dövlətin cibindən oğurladığı  vəsait hara gedib deyə soruşsanız, bu da  o siyahının kiçik bir qismi:

 Hər birinin 377 min və 220 min manat dəyəri olan iki mənzil;

- Yevlax şəhərində 63 min 700 manat və 57 min 400 manatlıq iki obyekt;

- Yevlaxın Qoyunbinəsi kəndində ümumi dəyəri 61 min 800 manatlıq beş müxtəlif torpaq sahəsi;

- Rayonun Havarlı kəndində 18 min manatlıq torpaq sahəsi;

- Goranboy rayonunun Aşağı Ağcakənd kəndində cəmi 50 min 950 manat qiyməti olan üç ayrı torpaq sahəsi;

- Elə həmin kənddə 0.37 hektar ərazi və orada tikilmiş iki fərdi yaşayış evi – dəyəri 321 min manat;

- Yevlax şəhəri, Aran qəsəbəsində 200 min manatlıq "Su səsi" restoranı;

- Yevlax rayonunun Salahlı kəndində 2 min 159 kvadratmetrlik, 228 min manat dəyərində obyekt;

- Tikintisi yarımçıq qalmış, 251 min manatlıq ikimərtəbəli uşaq bağçası

 Obyektlərin siyahısına “Turan” şadlıq sarayı, yaşadığı villa, “Su sonası” motel və restoranı, “Klub N1” və digər kafe və əyləncə mərkəzləri daxildir.

 Bunlar bir yana Q.Səmədovun bağışlanmaz  günahı isə  “Şəhidlər Fondu” üçün yığılan pulu mənimsəməsi oldu. Şahidlərin dediyi bu günahı təsdiqlədi: “Şəhidlər Fondu”na 2014-cü il ərzində 121, 2015-ci il ərzində 101, 2016-cı il ərzində 109, 2017-ci il ərzində 118, 2018-ci il ərzində 66, 2019-cu il ərzində 55, toplam olaraq isə 2014-2019-cu illər ərzində 572 manat məbləğində pul köçürmüşük. Bütün bu pullar da Qoca Səmədova çatıb”. 

Günahkar özü də təkzibedilməz faktlar qarşısında etiraf etdi. Şəhid ailələrinin-qazilərin haqqına əl uzadıb. 

 Buna baxmayaraq, Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə cəza müddəti 6 ilə endirildi,  2021-ci ildə Səmədov səhhətinə görə  həbsdən buraxıldı və Bakı şəhərində Mərkəzi Klinikaya yerləşdirildi. O bu  müddətdə üç dəfə əməliyyat olundu və 2023-cü il dekabrın 6-da vəfat edi. 64 yaşında...

 Deməli, mərhum Səmədov həmişə yüksək gəlirli vəzifələrdə çalışıb. 1996–2004-cü illərdə Yevlax rayonundakı "Qafqaz" Kooperativinin sədri işləyib.

2004–2005-ci illərdə Yevlax şəhər 1 saylı Mənzil Təmir İstismar sahəsinin rəisi vəzifəsində çalışıb. 2005–2006-cı illərdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının şəhər təsərrüfatı üzrə müavini 2006-cı ildə Yevlax icra hakimiyyətinin I müavini və  nəhayət 2011-ci ildən 2019-cu ilə qədər  başçı...

 Gözünü naz-nemət, müftə pul içərisində  açan, hazırda   39 yaşı olan  Zaur Səmədov harınlamış olmasaydı , şəhid haqqına göz dikən bir atanın oğlu olmasaydı bu gün bu cinayəti törətməzdi. Harınlamış Zaur, qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində tanışı 46 yaşlı şəxsin ayaq nahiyəsinə xəsarət yetirib, onu güllələməzdi.

 Əslində  bu  tip cinayət hadisələri  bütün ölkələrdə  baş verir. Amma  Qoca Səmədovun  oğlu Zaur Səmədovun  başına belə bir  olayın gəlməsi yardıma, ianəyə möhtac olan şəhid ailələrinin  haqqına əl uzatmağın  nəticəsidir, deyək ki, haram tikəni iştahla yeyənlərə görk olsun.

Əntiqə Rəşid