Qaynar xətt:

(+99450) 247 90 86

Qurban əti ilə bağlı VACİB AÇIQLAMA  — Bayrama hazırlaşanlar nəyi BİLMƏLİDİR?

Qurban əti ilə bağlı VACİB AÇIQLAMA  — Bayrama hazırlaşanlar nəyi BİLMƏLİDİR?

AKTUAL

214

25.05.2026, 20:37

Azərbaycan xalqının və bütün İslam dünyasının ən müqəddəs, mənəvi birlik və bərabərlik rəmzi olan Qurban bayramı yaxınlaşır. Cari ilin təqviminə əsasən, ölkəmizdə Qurban bayramı may ayının 27-28-nə təsadüf edəcək və rəsmi qeyri-iş günləri ilə müşayiət olunacaq. Əsrlər boyu qeyd edilən bu mübarək bayram, Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və mahiyyəti etibarilə insanları fədakarlığa, yardımlaşmaya və mərhəmətə dəvət edir.

Bayram günlərində qurban kəsmək istəyən vətəndaşlar üçün ən məsuliyyətli mərhələlərdən biri məhz heyvan seçimidir. Qurbanlıq heyvanın seçilməsi, kəsimi və ətin saxlanması birbaşa insan sağlamlığına təsir edən, ciddi yanaşılması gərəkən məsələdir.

Bayram günlərində qida mənşəli zəhərlənmələrin, həmçinin heyvanlardan insanlara keçə bilən zoonoz (heyvanlardan insanlara keçən) xəstəliklərin qarşısının alınması üçün Oxu24.com-un suallarını Qida Təhlükəsizliyi üzrə ekspert Asim Vəliyev cavablandırıb.

Ekspert heyvanın seçilməsindən başlayaraq ətin süfrəmizə gəlməsinə qədər olan hər bir mərhələdə ciddi sanitariya-gigiyena qaydalarını diqqətə çatdırıb.

Ekspert bildirir ki, alıcı olaraq heyvan satılan bazarlara və kəsim məntəqələrinə gedərkən ilk növbədə heyvanın ümumi davranışına, bədən quruluşuna və zahiri görünüşünə xüsusi diqqət yetirmək lazımdır. Onun sözlərinə görə, sağlam heyvanı xəstə heyvandan fərqləndirən əsas vizual əlamətlər bunlardır:

“Sağlam heyvan ətraf mühitə qarşı həssas və reaktiv olur, asanlıqla ayağa qalxa bilir və hərəkətlidir. Süst, başını aşağı salmış, gözləri donuq və yerindən tərpənmək istəməyən heyvanlar xəstəlik daşıyıcısı ola bilər.

Heyvanın tükləri parlaq, yatıq və təmiz olmalıdır. Tüklərin tökülməsi, qabarması, dəridə yaraların, şişliklərin və ya parazitlərin olması isə heyvanın infeksion və parazitar xəstəliklərdən əziyyət çəkdiyini göstərir”.

Mütəxəssis heyvanın gözlərindən, burnundan və ya ağzından hər hansı irinli, qanlı, selikli axıntının gəlməməsini əsas şərtlərdən biri kimi qeyd edir. Onun sözlərinə görə, heyvanın arxa nahiyəsi mütləq təmiz olmalıdır. O bildirir ki, ishal əlamətləri heyvanda ciddi bağırsaq infeksiyalarının və mikrobioloji çirklənmənin göstəricisidir.

Ekspert vurğulayır ki, heyvanın xarici görünüşü nə qədər sağlam olsa da, daxili infeksiyaları və ya yaxın günlərdə qəbul etdiyi dərman preparatlarının qalıqlarını gözlə, vizual olaraq müəyyən etmək qeyri-mümkündür.

Bu baxımdan Asim Vəliyev məsləhət görür ki, qurbanlıq heyvanlar yalnız rəsmi strukturlar tərəfindən nəzarətə götürülmüş, baytarlıq şəhadətnaməsi olan qanuni satış məntəqələrindən alınmalıdır. Heyvanların qulaqlarında birkaların olması onların identifikasiya olunduğunu və dövlət baytarlıq qeydiyyatında dayandığını göstərir. Onun sözlərinə görə, bu sistem heyvanın hansı rayondan və hansı təsərrüfatdan gəldiyini izləməyə imkan verir.

Ekspert bildirir ki, heyvan seçildikdən sonra ən kritik mərhələ məhz kəsim prosesidir. Mikrobioloji çarpaz çirklənmənin qarşısını almaq üçün kəsim mütləq şəkildə ixtisaslaşdırılmış, dezinfeksiya olunmuş və axar suyu olan qapalı məntəqələrdə həyata keçirilməlidir. Ekspert bu mərhələdə aşağıdakı qaydalara əməl edilməsinin vacibliyini qeyd edir:

“Heyvanlar kəsilməzdən ən azı 12 saat əvvəl yemləmədən kəsilməli, lakin onlara bol su verilməlidir. Bu, heyvanın qarın və bağırsaqlarının boşalmasını təmin edir və kəsim zamanı daxili orqanların zədələnməsi nəticəsində ətə bakteriya bulaşması riskini minimuma endirir.

Heyvan kəsilərkən qorxu və stressə məruz qalmamalıdır. Stress zamanı heyvanın əzələlərindəki qlikogen ehtiyatı sürətlə tükənir ki, bu da ətin turşuluq balansının (pH) düzgün tənzimlənməməsinə səbəb olur. Nəticədə ət bərk, quru, keyfiyyətsiz olur və tez xarab olur. 

Kəsim zamanı qan bədəndən tamamilə xaric edilməlidir. Qan mikroorqanizmlərin inkişafı üçün mükəmməl bir qida mühitidir və qanı yaxşı axıdılmayan ət çox qısa müddətdə çürüməyə və qoxumağa başlayır”.

Ekspert diqqətə çatdırır ki, qurban ətinin paylanması və saxlanması zamanı ən çox qorxulan mərhələ ətin otaq temperaturunda uzun müddət qalmasıdır. Bakteriyaların ən sürətlə çoğaldığı təhlükəli temperatur aralığı 5°C ilə 60°C arasıdır. Ekspert ətin xarab olmaması üçün bu səhvlərdən qaçınmağı tapşırır:

“Kəsilmiş isti ət dərhal sellofan torbalara bükülməməlidir. Bu zaman torbanın içində rütubət və istilik toplanır və bu da bakteriyaların çoxalmasına səbəb olur. İsti ət böyük parçalar halında üst-üstə yığılarsa, ətin daxili hissəsi soyuya bilmir və öz istiliyi ilə bişməyə (yanmağa) başlayır. Bunun qarşısını almaq üçün ət əvvəlcə təmiz, sərin və hava çəkən bir yerdə, qablaşdırılmadan 3-4 saat ərzində ölüm sərtliyinin keçməsi və soyuması üçün gözlədilməlidir. Təzə kəsilmiş ətin birbaşa dondurucuya qoyulması ətin toxumasının parçalanmasına və dadının itməsinə gətirib çıxarır. Ət əvvəlcə adi soyuducuda soyudulmalı, daha sonra dondurucuya yerləşdirilməlidir”.

Ekspert həmçinin bildirir ki, qurban ətini qəbul etdikdən sonra onu dərhal xırda parçalara ayırmaq olmaz, əvvəlcə geniş bir qabda, sərin yerdə havası alınmalıdır.

Son olaraq ekspert xəbərdar edir ki, çiy ətlə təmasda olan bıçaq və doğrama taxtalarını yumadan digər qidalar (məsələn, tərəvəzlər) üçün istifadə etmək olmaz, çünki bu, ciddi çarpaz çirklənmə riski yaradır.

Oxucularımıza bayram günlərində diqqətli olmağı tövsiyə edir, hamıya sağlam və bərəkətli Qurban bayramı arzulayırıq!

Çimnaz Telmanqızı