Havaların soyuması ilə viruslar artmağa başlayır.
Bunu Oxu.Az-a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.
Onun sözlərinə görə, soyuq havalarda kəskin respirator xəstəliklərin sayı artır:
“Bu xəstəliklərə yoluxma, əsasən, noyabr ayının sonlarından başlayır və yaz aylarına kimi davam edir. Bu dövrdə orqanizmin ümumi müqavimətinin gücləndirilməsi vacib şərtdir. Bu da, adətən, bir sıra amillərlə bağlıdır. Bəzən orqanizmi gücləndirmək istəyənlər dərman qəbul edirlər. Bu, düzgün deyil”.
Baş infeksionist bildirib ki, insanlar viruslara yoluxmamaq üçün bir sıra şərtlərə əməl etməlidirlər:
“Günəş şüaları və isti hava şəraiti viruslara öldürücü təsir göstərir. Onlar soyuq havaya dözümlü olduğu üçün qış fəslində daha çox yayılır. İnsanlar xəstə olan zaman yataq rejimində qalmalı, işə gedən zaman maska taxmalıdır. Heç vaxt həkimdən icazə almadan dərman qəbul etmək olmaz. İnsanlar siqaret çəkirlər ki, bu da orqanizmin reaktivliyini zəiflədən əsas amillərdən biridir. Onun qəbulunu azaldıb, tərgitmək lazımdır.
Spirtli içkilərin istifadəsi orqanizmə zərər vurur. Ən çox qaraciyəri zədələyir ki, o, ümumi sistemdə həlledici rol oynayır.
Həyat tərzimizi də düzgün qurmuruq. İnsanlar gün ərzində səkkiz saat yatmalı, yediyi qidalara diqqət etməlidir. Süni qidalardan istifadə etmək lazım deyil. Hər şey təbii və çiy halda olmalıdır”.
C. İsayev qeyd edib ki, heç vaxt kolbasa məhsullarından istifadə edilməməlidir:
“Pul qazanmaq üçün müəssisə rəhbərləri kolbasanın tərkibinə çoxlu maddələr qatırlar. Bu zaman bizim immun sistemimiz zəifləyir. Təzə ət, balıq, toyuq, quzu ətindən istifadə edilməlidir. İnsanlar gün ərzində üç dəfə və vaxtında qidalanmalı, çoxlu meyvə-tərəvəz və gün ərzində iki-üç litr maye qəbul etməlidir. Bunlar orqanizmin ümumi reaktivliyinin yüksəltməsini təmin edir”. Oxu24.com
ŞƏRHLƏR