Koronavirus infeksiyası bəşəriyyəti təhdid etməkdə davam edir. Əgər bir müddət əvvəl infeksiyaya yoluxma sayında dünya miqyasında enmə müşahidə olunurdusa, sentyabr ayı başlayandan yenidən kəskin artım başlayıb. Tibbi ekspertlər hesab edir ki, bu koronavirusun ikinci dalğasıdır.
İkinci dalğa gözlənilən idi. Hələ dünya karantin rejimindən imtina edəndə, yaxud rejim qaydalarını yumşaldanda tibbi ekspertlər ikinci dalğadan danışırdılar.
Bunun üçün müəyyən əsasları da var idi. Məsələ burasındadır ki, koronavirus infeksiyasına tam qalib gəlmək mümkün olmayıb. Sadəcə xüsusi karantin rejimi və gigiyenik qaydalara riayət yoluxma sayında azalmaya səbəb olmuşdu. Bu halda karantin rejimi yumşaldılandan sonra infeksiyanın yenidən sürətlə yayıla biləcəyi gözlənilən idi.
Artıq bir çox ölkələrdə koronavirusun ikinci dalğasının başladığı elan edilib. Bəzi ölkələr yenidən karantin rejimi tətbiq etmək barədə düşünürlər.
Gürcüstanın Baş naziri Q.Qaxariya bildirib ki, ölkədə epidemioloji vəziyyət pisləşməyə başlayıb.
İsraildə sutka ərzində 4 minə yaxın insanda COVİD-19 aşkar edilib. Hökumət 3 həftəlik sərt karantin elan edib. Vətəndaşlara evlərindən 500 metrdən artıq uzaqlaşmaq qadağandır, restoranlar, otellər, idman zalları və basseynlər qapadılmasına başlanılıb.
Avstriyada kansler Sebastyan Kurst pandemiyanın ikinci dalğasının başladığını rəsmən bəyan edib. Avqustun sonunda bu ölkədə gündə 350 nəfər virusa yoluxduğu halda, hazırda bu rəqəm 850-yə çatır. “Bizi çox ağır payız və qış gözləyir”,- deyə kansler xəbərdarlıq edib.
Çexiya hökuməti də ölkədə koronovirusun “ikinci dalğası”nın başladığını elan edib. Ötən gün ölkədə 1541 nəfərdə virus aşkarlanıb ki, bu da rekord göstəricidir.
Türkiyə, Rusiya və digər ölkələrdə yoluxma hallarının artması və yeni məhdudiyyətlərin tətbiqi iləbağlı müzakiərlər gedir.
Azərbaycanda hələlik yoluxma sayında azalma müşahidə olunur. Dünən yoluxma sayı iki rəqəmli olub. Lakin tibbi ekspertlərin arxayınlaşmamağı tövsiyə edirlər. Onların fikrincə, infeksiyaya tam qalib gəlməyənə qədər insanlar özlərini qorumalıdır. Sosial məsafə saxlamaq, tibbi maskdan istifadə etmək və gigiyenik qaydalara riayət əsas şərtdir.
Oxu24.com
ŞƏRHLƏR