Qaynar xətt:

(+99450) 247 90 86

Uşaqlarda ürək problemləri hansı əlamətlərlə özünü göstərir?

Uşaqlarda ürək problemləri hansı əlamətlərlə özünü göstərir?

TİBB

93

24.06.2026, 15:25

Uşaqlarda ürək xəstəliklərinin erkən aşkarlanması valideynlərin diqqətindən çox asılıdır. Mütəxəssislər bildirirlər ki, bir çox hallarda valideynlər bəzi əlamətləri ya adi yorğunluq, ya da inkişaf dövrü ilə əlaqələndirərək gecikməyə yol verirlər. Halbuki bəzi şikayətlər vaxtında qiymətləndirilmədikdə ciddi ürək problemlərinin əlaməti ola bilər.

Bu barədə uşaq kardioloqu Elnur İmanov Oxu24.com-a açıqlamasında danışıb.

Uşaq kardioloqu Elnur İmanov bildirib ki, valideynlər uşaqlarda ürəklə bağlı şübhəli əlamətlər müşahidə etdikdə ilk növbədə düzgün mütəxəssisə müraciət etməlidirlər:“Əslində bir çox valideyn düşünür ki, belə hallarda birbaşa uşaq ürək cərrahına müraciət edilməlidir. Lakin burada əsas doğru istiqamət uşaq kardioloqudur. Çünki ilkin müayinə, diaqnostika və qiymətləndirmə məhz kardioloq tərəfindən aparılır və daha sonra ehtiyac yaranarsa, pasiyent müvafiq istiqamətlərə yönləndirilir.Uşaqlarda ürək problemlərini düşündürən əsas əlamətlər diqqətdən qaçmamalıdır.Valideynlər xüsusilə təngnəfəslik, fiziki aktivlik zamanı tez yorulma, yaşıdlarına nisbətən hərəkət məhdudiyyəti, sinə nahiyəsində narahatlıq və ümumi dözümsüzlük kimi əlamətlərə diqqət etməlidirlər. Bu şikayətlər bəzən sadə görünə bilər, lakin ürək-damar sistemi ilə bağlı problemlərin ilkin göstəricisi ola bilər.”

E. İmanov əlavə edib ki, bəzi hallarda uşaqlar fiziki aktivlik zamanı digərlərinə nisbətən daha tez yorulur, oyunlardan kənar qalır və ya nəfəs darlığı yaşayır:“Belə vəziyyətlərdə valideynlər bunu ‘uşaq zəifdir’ və ya ‘inkişaf mərhələsidir’ deyə qiymətləndirməməlidir. Vaxtında aparılan müayinə gələcəkdə ciddi ağırlaşmaların qarşısını ala bilər.”

Kardioloq vurğulayıb ki, uşaq ürək xəstəliklərində erkən diaqnostika xüsusi əhəmiyyət daşıyır:“Əgər problem vaxtında aşkar edilərsə, bir çox hallarda sadə müalicə və ya müşahidə ilə vəziyyəti nəzarətdə saxlamaq mümkündür. Gecikmiş hallarda isə daha ciddi müdaxilələrə ehtiyac yarana bilər.”

Mütəxəssis sonda valideynlərə çağırış edərək bildirib ki, hər hansı şübhəli əlamət olduqda özbaşına qərar vermək əvəzinə, mütləq uşaq kardioloquna müraciət edilməlidir:“Düzgün diaqnoz və vaxtında müdaxilə uşağın sağlam gələcəyi üçün ən vacib şərtdir.”

Turan