İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsi hazırlanıb.
Layihə Azərbaycan Respublikası Prezidentinin "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında" Sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanıb.
Sənədə əsasən, sosial şəbəkələrdə fərdi rəqəmsal hesab açılması üçün minimum yaş həddi 16 yaş müəyyən edilir. Bununla yanaşı, 16-18 yaş arasında olan yeniyetmələrin sosial şəbəkələrdə hesab yaratması, ondan istifadə etməsi və məzmun paylaşması yalnız qanuni nümayəndələrinin razılığı və nəzarəti ilə mümkün olacaq.
Qanun layihəsində platforma provayderləri üçün də yeni öhdəliklər nəzərdə tutulur. Belə ki, istifadəçilərin yaşının dəqiqləşdirilməsi üçün bank kartı, elektron poçt və mobil telefon nömrəsi üzrə məlumatların yoxlanılması kimi texniki mexanizmlər tətbiq ediləcək. Zərurət yarandıqda aidiyyəti dövlət qurumlarının razılığı ilə digər texniki üsullardan da istifadə oluna biləcək.
Eyni zamanda, 16-18 yaş arası istifadəçilərin hesablarında paylaşılacaq məzmun və reklamlar, eləcə də platformadan istifadə vaxtı valideyn tərəfindən idarə olunacaq. Bu məqsədlə sosial şəbəkələrdə valideyn nəzarəti funksiyalarının yaradılması tələb ediləcək. Platformalar istifadəçilərin davranışlarını təhlil etməli, yaşla bağlı şübhə yarandıqda isə təkrar yoxlama aparmalıdır.
Layihədə şəxsi məlumatların qorunmasına da xüsusi yer ayrılıb. Yaşın yoxlanılması üçün toplanan məlumatların saxlanılması, üçüncü şəxslərə ötürülməsi, həmçinin kommersiya və ya hədəfli reklam məqsədilə istifadəsi qadağan edilir. Bundan əlavə, istifadəçi yetkinlik yaşına çatdıqda onun əvvəlki profil və məlumatlarının sistemdən tam silinməsi təmin olunmalıdır.
Yeni tələblərə əsasən, 16-18 yaş arası istifadəçilərin hesablarında konfidensiallıq parametrləri avtomatik olaraq ən yüksək səviyyədə qurulacaq, məkan məlumatlarının paylaşılması məhdudlaşdırılacaq və gücləndirilmiş təhlükəsizlik rejimi tətbiq ediləcək.
Bununla yanaşı, uşaqlarda asılılıq yaradan manipulyativ dizayn elementlərinin - sonsuz sürüşdürmə (infinite scroll), videoların avtomatik səsləndirilməsi (autoplay) kimi funksiyaların istifadəsi, eləcə də zərərli məzmun və reklamların nümayişi qadağan olunacaq.
Qanun layihəsində qeyd edilir ki, bu tələblər bütün rəqəmsal platformalara şamil edilməyəcək. Təhsil, səhiyyə və peşəkar-işgüzar münasibətlərin qurulmasına xidmət edən platformalar istisna təşkil edəcək.
Sənədə əsasən, Azərbaycanda istifadəçilərə xidmət göstərən sosial şəbəkə platformalarının dövlət qeydiyyatına alınması da təklif olunur. Qeydiyyatdan keçməyən platformalar üçün mərhələli maliyyə sanksiyaları, reklam məhdudiyyətləri və internet trafikinin məhdudlaşdırılması kimi tədbirlərin tətbiqi nəzərdə tutulur.