Qaynar xətt:

(+99450) 247 90 86

Zatulin Azərbaycandan nə istəyir? — POLİTOLOQLA MÜZAKİRƏ

Zatulin Azərbaycandan nə istəyir? — POLİTOLOQLA MÜZAKİRƏ

SİYASƏT

64

03.06.2026, 15:14

Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin növbəti dəfə Ermənistan və region ətrafındakı vəziyyətlə bağlı təxribat xarakterli fikirlər səsləndirib. Zatulin iddia edib ki, əgər İrəvan İranla münasibətləri zəiflədərsə, alternativləri azalacaq və regionda daha çox Azərbaycan və Türkiyə ilə hesablaşmağa məcbur olacaq.

Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən tanınmış politoloq Tofiq Abbasov rusiyalı deputatın fikirlərini kəskin tənqid edərək, onu regionda sülhə mane olmaqda və növbəti dəfə ermənipərəst mövqedən çıxış etməkdə ittiham edib.

“Zatulin çox təzadlı və ermənipərəst bir fiqurdur"

Tofiq Abbasov qeyd edib ki, Konstantin Zatulin hər zaman ermənipərəst mövqeyi ilə seçilib və ömrü boyu bu xətt vasitəsilə nəsə əldə etməyə çalışıb:

“Konstantin Zatulin çox təzadlı bir fiqurdur. Aydın məsələdir ki, o, ermənipərəstdir, ermənipərəst olub və ömrü boyu Ermənistan kisəsindən nəsə əldə edib, yeyib, həzm edib. Lakin son dövrlərdə Ermənistanda hakimiyyət dəyişikliyi baş verdikdən, Serj Sarkisyan getdikdən və Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Zatulinin yeni rəhbərliklə münasibətləri çox qırğın və kəskin bir tərzdə inkişaf etməyə başladı. Əgər buna inkişaf demək olarsa, əksinə, münasibətlər reqressiyaya uğradı və geriyə döndü".

Politoloqun sözlərinə görə, Zatulinin Ermənistanın daxili işlərinə həddindən artıq qarışması, revanşist qüvvələrə dəstək verməsi, həmçinin Köçəryan və Sarkisyan tərəfdarlarına üstünlük verməsini gizlətməməsi onun Ermənistanda “persona non grata" (arzuedilməz şəxs) elan olunması ilə nəticələnib:

"Nə qədər paradoksal görünsə də, Nikol Paşinyan çox düzgün bir hərəkət etdi və bu mənfur adamı, idbar ideyaları ilə birlikdə kənarda saxladı ki, bir də ayağı ora dəyməsin. İndi Zatulinin Ermənistana yolu bağlıdır".

T.Abbasov vurğulayıb ki, Zatulinin bu cür bəyanatlar səsləndirməsinin arxasında həm də Rusiyadakı erməni lobbisi ilə sıx əlaqələri dayanır:

"Rusiyada ermənilərin özünəməxsus bir təşkilatı var – Rusiya Ermənilərinin İttifaqı. Onun rəhbəri Ara Abramyanla Zatulin çox yaxın münasibətlərdədir, ondan bəhrələnir və bəllidir ki, bu münasibətlərdən Zatulin öz xeyrini götürür. Ermənistana ayağı bağlı olduğu üçün onun səsləndirdiyi hər bir imperativ, hər bir tezis yanlışdır. O, öz beynində, xülyalarında olan ideyaları həqiqət kimi qələmə verməklə çalışır göstərsin ki, guya Ermənistan üçün çox vacib rol oynayır və hətta Ermənistanın bu günü və gələcəyi üçün hansısa bir “xilaskar” missiyasını həyata keçirir. Bu, çox yanlış fikirdir".

“Zatulin od söndürüb, onun külü ilə oynayır"

Politoloq bildirib ki, Zatulinin yanaşması tamamilə təxribat yönümlüdür və o, ermənilərdən daha çox erməni olmağa çalışır:

"Zatulin sözün əsl mənasında od söndürüb, onun külü ilə oynayır. Çalışır ermənilərə bildirsin ki, guya Nikol Paşinyan hakimiyyəti İranla bağlı yanlış bir mövqe tutmağa hazırlaşırz 

İranla bağlı da orada bəzi məqamlar var ki, Azərbaycan üçün ürəkaçan deyil. İranın Ermənistana silah-sursat verməsi və digər məsələlər bizim diqqətimizdədir. Ancaq düşünmürəm ki, İran bu dəstəyi yenidən müharibə və ya eskalasiya meydana gəlsin deyə edir. Elə deyil".

Tofiq Abbasovun fikrincə, rusiyalı deputatın ən böyük narahatlığı regionda sülhün bərqərar olması və Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmasıdır:

“Zatulinin ən böyük dərdi ondan ibarətdir ki, o, Ermənistanla Azərbaycan və Türkiyə arasında olan münasibətlərin bərpasına maneçilik törətmək istəyir. O istəmir ki, Ermənistan bu iki ölkə ilə, xüsusən vurğulayıram, iki əsas qonşusu ilə barışığa getsin. Zatulinin istədiyi odur ki, ermənilər daimi olaraq Azərbaycanla, Türkiyə ilə və bütövlükdə Türk dünyası ilə savaşda olsunlar. Bu da çox xəstə bir təxəyyülün meydana gətirdiyi nəticədir".

Politoloq qeyd edib ki, Ermənistan xalqı özü artıq uzun sürən müharibələrdən doyub, bezib və başqa reallıqları dərk edir:

"Ermənistan xalqı artıq başa düşür ki, özünü blokada şəraitinə məhkum etmişdi, dondurulmuş vəziyyətə gətirib çıxarmışdı və indi artıq bundan qurtulmaq lazımdır. Çünki dünya yeni bir eraya qədəm qoyur, indi inteqrasiya vaxtıdır. Biz görün Ermənistan üçün nə dərəcədə imtiyazlı vəziyyətlər yaradırıq, bir tərəfdən tranziti açırıq, digər tərəfdən enerji daşıyıcılarını veririk. Ermənistandan keçən mühüm strateji yüklər taxıldan başlayaraq digər çeşidlərə qədər Azərbaycan vasitəsilə daşınır. Belə olduğu halda, Zatulin başa düşür ki, o, artıq küləyə doğru yox, küləyə zidd gedir, küləyin üzərinə gəlir".

“Bu külək avantürist siyasətçiləri yolun kənarına atacaq"

Tofiq Abbasov vurğulayıb ki, hazırkı dünyada böyük müharibələrin getdiyi və bəşəriyyətin yeni bir dünya müharibəsindən qorxduğu bir vaxtda, Zatulin kimilər tam əksinə, xaos və müharibə marağındadırlar:

"Dünya sülh istədiyi halda, Zatulin kimilər əksinə, çalışırlar ki, müharibələr meydana gəlsin və onlar öz o qapma instinktlərini reallaşdırıb, nəsə əldə etsinlər, kimlərdənsə qazanc götürsünlər. Amma bu, artıq olan məsələ deyil. Bu külək Zatulin kimi yararsız, avantürist siyasətçilərin hamısını yolun kənarına çıxaracaq. Çünki onlar heç bir konstruktiv iş görmürlər, yalnız dağıdıcılıq və xaosun yaranmasına cəhd edirlər".

Sonda politoloq Ermənistandakı seçki və sülh prosesi gözləntilərinə də toxunub:

"Hesab edirəm ki, Nikol Paşinyan hakimiyyəti bu seçkilərdə favoritdir. Əgər onlar qələbə qazanacaqlarsa, onda Azərbaycanla sülh prosesinin qarşısında heç bir maneə duruş gətirə bilməyəcək. Türkiyə ilə də barışıq olacaq. Bizim nəqliyyat-kommunikasiya sistemində yaratdığımız əlverişli vəziyyətdən Ermənistana da böyük bir pay düşəcək. Ermənistana kifayət edər ki, o, artıq özünün o qarşıdurma, nifrət siyasətindən uzaqlaşsın, niyyətlərini saflaşdırsın və şəffaf tərzdə Azərbaycan və Türkiyə ilə yeni münasibətlər qurmağa başlasın. Belə olarsa, regionda yeni, müsbət bir ab-hava bərqərar olacaq. Odur ki, Zatulinin bütün bu cidd-cəhdlə etdiyi səylər, göstərdiyi çabalar heç bir nəticə verməyəcək".

Çimnaz Telmanqızı