Qaynar xətt:

(+99450) 247 90 86

“Sülh müqaviləsinin gecikməsi, regionda riskləri artırır" —  İqbal Ağazadə ilə Müsahibə

SİYASƏT

5485

23.05.2025, 19:45

Cənubi Qafqazda yeni siyasi dinamikanın formalaşdığı bu dövrdə, regionun geosiyasi və iqtisadi inkişaf perspektivləri diqqət mərkəzindədir. Azərbaycanın strateji hədəfləri, regional əməkdaşlıq və təhlükəsizlik məsələləri ilə bağlı qlobal və regional çağırışlar intensivləşir ki, bu da regionda sülhün təmin olunmasının nə qədər vacib olduğunu bir daha göstərir.

Oxu24.com saytının  əməkdaşı  bu mövzular ətrafında Azərbaycan Respublikası Milli Məclisinin eks deputatı, siyasətçi, Ümid Partiyasının rəhbəri İqbal Ağazadə ilə apardığı  müsahibədə ilk növbədə, regionda sülh müqaviləsinin hələ də imzalanmamasının yaratdığı problemlərə toxunub. Həmçinin, Zəngəzur dəhlizinin açılması, Türkiyə ilə strateji tərəfdaşlıq və İsrail–İran qarşıdurması kimi aktual məsələlər barədə geniş müzakirələr apardıq.

 Eyni zamanda, qlobal iqtisadi böhran, iqlim dəyişikliyi və su ehtiyatlarının idarə olunması kimi  problemlərin Azərbaycanın xarici siyasətinə təsirini və ölkəmizin beynəlxalq arenadakı mövqeyini necə möhkəmləndirdiyini araşdırdıq. Bu müsahibə, Cənubi Qafqazın gələcək perspektivlərini anlamaqda, Azərbaycanın milli maraqlarının qorunmasında mühüm bir yol xəritəsi təqdim edir.

Həmin müsahibəni təqdim edirik:

-İqbal müəllim, Cənubi Qafqazda sülh müqaviləsinin hələ də imzalanmaması regionda hansı təhlükə və çağırışları doğurur?

-Sülh müqaviləsinin hələ də imzalanmaması regionda ciddi təhlükə və çağırışlar yaradır. Münaqişə edən tərəflər arasında sülh müqaviləsi olmadığı halda, hətta müvəqqəti atəşkəs və ya sabitlik dövrü olsa belə, gələcək üçün risklər qalmaqdadır. Xüsusilə, Ermənistanda revanşist qüvvələrin mövcudluğu bu riski daha da artırır. Onlar hakimiyyətə qayıtmaq və Azərbaycanın azad edilmiş torpaqlarında yenidən iddia irəli sürməklə, “Böyük Ermənistan” xülyasını davam etdirmək məqsədi güdürlər. Bu səbəbdən, region üçün təhlükə hər zaman mövcuddur və bu çağırışlar Ermənistanda mütəmadi olaraq səslənir.

Sülh müqaviləsinin bağlanması olduqca vacib şərtdir, lakin bu yalnız Azərbaycanın hazır olması ilə mümkün deyil. Bu məsələdə iki əsas şərt var. Birincisi, Ermənistan Konstitusiyasından Azərbaycan torpaqlarına iddia ilə bağlı müddəa çıxarılmalı və ölkə heç bir dövlətin ərazisinə iddia etmədiyini açıq şəkildə bəyan etməlidir. İkincisi, ATƏT-in Minsk qrupunun tam şəkildə fəaliyyətini dayandırması təmin olunmalıdır ki, Ermənistan bu məsələdə öz mövqeyini artıq ortaya qoymalıdır.

Əks təqdirdə, Ermənistan bu şərtləri qəbul etmədən sülh müqaviləsi imzalayarsa, gələcəkdə yeni konstitusiya dəyişiklikləri əsasında Azərbaycana qarşı yenidən ərazi iddiaları irəli sürə və qarşıdurmanın yenidən alovlanmasına səbəb ola bilər. Buna görə də, sülh müqaviləsinin imzalanmaması regionda riskləri artırır və gələcək üçün heç bir təminat yaratmır.

– Zəngəzur dəhlizi layihəsinin reallaşma perspektivlərini necə dəyərləndirirsiniz? Bu təşəbbüs regionun siyasi və iqtisadi mənzərəsini necə dəyişə bilər?

– Bu layihə "Orta Dəhliz" adlandırılan genişmiqyaslı geostrateji təşəbbüsün tərkib hissəsidir və burada həm regional, həm də beynəlxalq aktorların maraqları toqquşur. Dünyanın aparıcı dövlətləri və beynəlxalq güclər bu dəhlizin açılmasında maraqlıdırlar və bu baxımdan, layihənin gec-tez reallaşacağı qaçılmazdır. Müzakirə doğuran əsas məsələ onun hansı şərtlərlə həyata keçiriləcəyidir.

Məsələn, Rusiya bu dəhliz üzərindəki nəzarəti itirmək istəmir və Ermənistan ərazisindən keçən hissədə öz hərbi varlığı ilə dominant rol oynamaq niyyətindədir. Ermənistan isə bu keçid üzərində suveren nəzarət hüququnu qorumağa çalışır. Azərbaycan isə bu layihənin təhlükəsizlik baxımından tam təminatlı və etibarlı şəkildə icra olunmasında maraqlıdır.

Bütövlükdə götürdükdə, Zəngəzur dəhlizi layihəsi perspektivdə mütləq reallaşacaq. Çünki bu, Çinlə Avropa arasında alternativ marşrut kimi strateji əhəmiyyət daşıyan “Orta Dəhliz”in əsas seqmentlərindən biridir. Hazırda beynəlxalq münasibətlər sistemində yeni güc nisbətləri formalaşır və logistik imkanlar bu prosesdə mühüm rol oynayır. Söhbət üç əsas istiqamətdən gedir: Birincisi, Rusiya üzərindən keçən quru yolu; ikincisi, dəniz vasitəsilə Qırmızı dənizdən keçən marşrut, üçüncüsü isə Cənubi Qafqaz üzərindən keçən Orta Dəhlizdir. Bu yollar üzərində siyasi və iqtisadi mübarizə gedir və bu mübarizədə bütün tərəflər öz maraqlarını qorumağa çalışacaqlar.

Azərbaycanın bu layihədə iştirakı və ümumilikdə tranzit imkanları ölkəmiz üçün mühüm strateji üstünlüklər yaradır. Bu imkanlardan istifadə ölkənin iqtisadi inkişafına, regional nüfuzuna və sosial rifahına əhəmiyyətli töhfə verəcək. Transmilli layihələrdən keçən marşrutlarda Azərbaycanın iştirakı həm siyasi, həm də iqtisadi təhlükəsizliyimizin uzunmüddətli təminatı baxımından vacibdir.

Türkiyə ilə strateji tərəfdaşlığımızın regionda sabitlik və əməkdaşlığa təsiri hansı səviyyədədir?

Türkiyə ilə strateji tərəfdaşlığımız regionda sabitlik və əməkdaşlığa çox yüksək səviyyədə təsir göstərir. Türkiyə son illər ərzində Cənubi Qafqaz siyasətində önəmli fiqura çevrilib. Onun rolu yalnız Cənubi Qafqazda deyil, həmçinin Türküstan və Yaxın Şərq siyasətində də olduqca əhəmiyyətlidir. Böyük güclər Türkiyənin bu regionlardakı mövqeyindən xəbərdardır və onun rolunu nəzərə almağa məcburdurlar. Bəzən müxtəlif müqavimətlər və maneələr olsa da, Türkiyə bu proseslərdə israrlıdır və bu israrlıq sayəsində vəziyyəti öz xeyrinə dəyişmək gücünə malikdir.

Mövcud Rusiya-Ukrayna münaqişəsində də Türkiyənin özünəməxsus rolu var. Əgər üç tərəf münaqişənin həlli üçün danışıqlar apara bilirsə, onlardan biri mütləq Türkiyədir. Bu baxımdan, Azərbaycan üçün Türkiyə ilə strateji tərəfdaşlıq, qardaşlıq münasibətləri olduqca vacibdir. Bu, Azərbaycanın təhlükəsizliyi üçün əlavə təminatdır və həmçinin iqtisadi, siyasi dayanıqlığın təmin olunmasında əsas amillərdən biridir.

Buna görə də, Azərbaycanla Türkiyə arasındakı münasibətlər daha da dərinləşdirilməlidir. Məsələn, MDB dövlətləri ilə gömrük rüsumlarının ləğvi faktoru artıq Türkiyə ilə Azərbaycan arasında da tətbiq edilməlidir. Türkiyə ilə Azərbaycan arasında gömrük rüsumları aradan qaldırılmalı, yalnız 18 faiz əlavə dəyər vergisi tətbiq olunmalıdır.

Eyni zamanda, şəxsiyyət vəsiqələri və ya digər identifikasiya sənədləri əsasında ölkələr arasında sərbəst gediş-gəliş genişləndirilməlidir. Biz ortaq vətəndaşlıqla bağlı güzəştlərdən yararlanmalıyıq. Məsələn, Azərbaycan vətəndaşları Türkiyədə səhiyyə və təhsil sahələrində fərqli imtiyazlara malik olmalıdır, xarici vətəndaşlar kateqoriyasına daxil edilməməlidir. Bu istiqamətdə də Türkiyə ilə danışıqlar aparmaq vacibdir.

Bundan əlavə, ortaq türk dilinin formalaşmasında Azərbaycan və Türkiyənin mühüm rolu var. Türküstan respublikalarına dair nümunələrdən yola çıxaraq, hesab edirəm ki, Azərbaycan və Türkiyə alimləri birgə ortaq türk dili layihəsi üzərində işləməlidirlər. Bu layihə universitetlərdə fakültə kimi fəaliyyət göstərməli və həm Orta Asiya respublikalarında, həm də Azərbaycanda və Türkiyədə tədris olunmalıdır.

Ümumilikdə, Türkiyə ilə strateji əməkdaşlıqda görüləcək işlər çoxdur və bu əlaqələr daha da möhkəmləndirilməlidir.

İsrail–İran qarşıdurmasının genişlənməsi Cənubi Qafqaz üçün hansı geosiyasi riskləri ortaya çıxara bilər?

İsrail-İran qarşıdurmasının genişlənməsi Cənubi Qafqaz üçün geosiyasi risklər yaradır. Lakin Azərbaycan bu risklərdən müəyyən qədər sığortalıdır. Çünki İsrail Azərbaycanla çox yaxın müttəfiqdir və bəzən İsrail, Türkiyə və İran arasında aparılan danışıqlarda vasitəçi rolunu da öz üzərinə götürə bilir. Bu mənada, İsrail-Azərbaycan münasibətləri regionun təhlükəsizliyinə əlavə zəmanət rolunu oynayır.

Hal-hazırda İran-İsrail qarşıdurmasının müharibə səviyyəsinə çatması o qədər də gözlənilmir, amma təhdidlər davam edir. İran da zamanla bəzi iddialarından geri çəkilməyə məcbur olur. Məsələn, yaxın günlərdə İranın ali dini rəhbərinin "nüvə silahına ehtiyac yoxdur" bəyanatı münasibətlərin yumşalmasına işarədir. Eyni zamanda, İranla əlaqəli proksi təşkilatların, o cümlədən Həmas və Hizbullah kimi qrupların zəifləməsi, bu qarşıdurmanın mahiyyətini tədricən azaldır. Qəzza və Yəmən ətrafında baş verən hadisələr fonunda bu təşkilatların zəifləməsi İran-İsrail qarşıdurmasının da zəifləməsinə təsir göstərəcək. İran artıq bu təşkilatlara açıq dəstək verməməklə özünü prosesdən sığortalamağa çalışır.

Qlobal iqtisadi böhran Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq prosesinə necə təsir göstərir?

Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq prosesi iqtisadi nöqteyi-nəzərdən hələ ki, o qədər də dərin deyil. Ermənistan və Azərbaycan arasında faktiki iqtisadi münasibətlər sistemi uzun illərdir demək olar ki, sıfıra bərabərdir. Gürcüstan ilə Azərbaycan arasında mal dövriyyəsi və idxal-ixrac prosesinə baxdıqda isə faizlər o qədər də yüksək deyil. Həm Azərbaycan Gürcüstan idxal-ixrac prosesində, həm də Gürcüstan Azərbaycanın iqtisadiyyatında əhəmiyyətli paya malik deyil.

Biz, Ümid Partiyası olaraq, Cənubi Qafqazda iqtisadi birliyin formalaşması üçün yeni model təklif etmişik. Bu, Avropa Birliyinin mini modeli kimi Cənubi Qafqaz Birliyi adlandırıla bilər və iqtisadi, siyasi, təhlükəsizlik əməkdaşlığı şərtlərini genişləndirməyi nəzərdə tutur. Belə bir birliyin yaranması ölkələrə daha çox fayda gətirəcək və regiona maraq göstərən böyük güclər də daha balanslı yanaşma nümayiş etdirəcəklər. Bu halda, ayrı-ayrı ölkələri öz təsiri altına almaqla digər ölkələr üçün təhdid yaratmaq mümkün olmayacaq.

Çox təəssüf ki, hələ ki, bu mümkün deyil. Bunun əsas səbəbi Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanmaması, həmçinin Gürcüstanın bəzi bölgələrinin separatizm nəticəsində Gürcüstandan ayrılması və Rusiyanın nəzarəti altında olmasıdır. Ancaq yaxın gələcəkdə bu istiqamətdə addımlar atmaq mütləqdir.

Məşhur bir deyim var: "Anasız böyüyə bilərsən, amma ortaqsız böyüyə bilməzsən." Böyümək və inkişaf etmək üçün Cənubi Qafqazın genişlənməsi və ortaq əməkdaşlığın qurulması vacibdir. Bu ortaq uzaqdan deyil, yaxından olmalıdır. Çünki yaxınlıq əməkdaşlıq perspektivlərini daha da artırır və vacib elementləri üzə çıxarır.

Biz hesab edirik ki, Ermənistan Azərbaycan qarşısındakı iddialarından əl çəkər, sülh müqaviləsini imzalayarsa, həm Ermənistan, həm də Gürcüstanla yeni iqtisadi müstəvidə birgə hərəkət etmək lazımdır. Bu isə qlobal iqtisadi böhranların regionun siyasi və iqtisadi vəziyyətinə təsir risklərini minimuma endirməyə imkan verəcək.

İqlim dəyişiklikləri və yaşıl enerji keçidi Azərbaycanın xarici siyasət hədəflərində hansı düzəlişlərə səbəb olur?

İqlim dəyişiklikləri və yaşıl enerji keçidi Azərbaycanın xarici siyasət hədəflərində əsasən Avropa coğrafiyasına daha sıx inteqrasiya olunmasını və bu regionla münasibətlər sisteminin gücləndirilməsini zəruri edir ki, bu da ölkəmiz üçün olduqca vacib bir faktordur. Azərbaycan həm iqtisadi, həm də siyasi baxımdan aid olduğu coğrafiyanı dəqiq müəyyən etməlidir. Bu müəyyənləşmənin təbii metodları mövcuddur. Məsələn, Azərbaycanın ixrac siyasətində Avropanın xüsusi çəkisi aydındır – təkcə İtaliyanın Azərbaycan ixracındakı payı 40 faizdən yuxarıdır ki, bu da vacib amildir.

Yaşıl enerji sahəsində Azərbaycan bir sıra layihələrin icrasına başladıqca və alıcı, tərəfdaş kimi Avropa Birliyi ölkələri önə çıxdıqca, bu ölkəmizin Avropa Birliyi məkanında münasibətlər sistemində və gələcək əlaqələrində mühüm rol oynayacaq. Bundan əlavə, bu proses Azərbaycanın gələcək həyat və yaşayış tərzinə də ciddi təsir göstərəcək.

Avropa ilə bu qədər sıx bağlılığı olan bir ölkə kimi, idarəetmə formaları və siyasi sistem də zamanla Avropa demokratik prinsiplərinə uyğunlaşacaq. 

Azərbaycan yaxın gələcəkdə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü olmalıdır. Bu təşkilata üzvlük ilkin mərhələdə iqtisadi çətinliklər və müvəqqəti qiymət artımları ilə müşayiət oluna bilər, lakin zamanla rəqabətçilik prinsipi və bazara müxtəlif çeşidli malların daxil olması sayəsində ölkəmiz bu sahədə böyük uğurlar əldə edəcək.

Ümid edirəm ki, Azərbaycan həm yaşıl enerji keçidində, həm də iqlim dəyişiklikləri ilə bağlı proseslərdə öz yerini gücləndirəcək, həmçinin ölkənin gələcək siyasi və iqtisadi coğrafiyasında mövqeyini möhkəmləndirəcək.

Regionda su ehtiyatlarının paylaşımı və idarə olunması məsələsində Azərbaycanın rolu və prioritetləri nədən ibarətdir?

Azərbaycan Cənubi Qafqaz respublikaları arasında su ehtiyatları baxımından ən az resursa malik ölkədir — ümumi su ehtiyatlarımız təxminən 46 faiz səviyyəsindədir. Lakin bizim su anbarlarını genişləndirmək üçün imkanlarımız mövcuddur. Uzun illər ərzində həm torpaqlarımızın işğalda olması və onların azad olunması prosesinə görə, həm də ölkənin keçid mərhələsində olması səbəbindən bu sahəyə səmərəli və vahid investisiya qoyula bilməyib, mövcud yatırımlar isə pərakəndə şəkildə istifadə olunub.

İndi isə regionda su ehtiyatlarının paylaşımını Azərbaycan rahatlıqla təmin edə bilər. Xüsusilə Həkəri və Bərgüşad çayları üzərində yaradılacaq böyük su ehtiyatları, Ağdam istiqamətində Qarqar çayı üzərində yaradılan su anbarları, Ağdərə istiqamətində Sərsəng su anbarı ehtiyatları, eləcə də Xudafərin və Qız Qalası gölləri, su anbarlarının yaradılması gələcəkdə həm Bakı, həm də digər Aran bölgələrinin su təminatında böyük təsir göstərəcək.

Təəssüf ki, ümumi daxili məhsulumuzun 70-75 milyard manatlıq həcmində kənd təsərrüfatının payı yalnız 4,5-5 milyard manatdır ki, bu da olduqca aşağı göstəricidir. Azərbaycanın ixracının 90 faizi neft və qaz sektoruna bağlıdır, halbuki əhalinin böyük hissəsi məhz kənd təsərrüfatı sahəsində çalışır. Buna görə də su ehtiyatlarının effektiv paylaşımı və torpaqların məhsuldarlıq göstəricilərinin artırılması istiqamətində elə siyasət qurulmalıdır ki, Azərbaycan iqtisadiyyatı daha şaxələnmiş olsun və kənd təsərrüfatı neft-qaz sektorunun çəkisini azaldaraq dominant rola yüksələ bilsin.

Kiber təhlükəsizlik və dezinformasiya təhdidlərinə qarşı Azərbaycan hansı beynəlxalq əməkdaşlıq formatlarını üstün tutur?

Azərbaycan istər kiber təhlükəsizlik, istərsə də dezinformasiya təhdidlərinə qarşı mübarizədə, ümumilikdə strateji əməkdaşlıq məsələlərində müasir dünya ilə sıx əlaqədə olmalıdır. Hazırkı çağda müasir dünyayla daha çox təmas qurmaq və təhlükəsizliyi təmin etmək vacibdir. Kiber təhlükəsizlik və dezinformasiyaya qarşı mübarizəmiz yalnız müasir dünyanın bir üzvü olaraq, müasir standartlara cavab verən texnologiyaların bir hissəsi kimi uğurla reallaşa bilər.

İran, Rusiya və digər ölkələrlə bu istiqamətdə əməkdaşlıq yalnız özümüzü müdafiə məqsədi daşıyır və gələcək üçün geniş perspektivlər vəd etmir. Azərbaycan yalnız passiv müdafiə ilə kifayətlənməməli, həm də texnologiyanın inkişaf mərhələsini qəbul etməli və gələcəkdə mərkəzləşdirilmiş şəkildə Cənubi Qafqaz və dünya üçün bu sahədə rol oynaya bilməlidir.

Bilirsiniz ki, Çin və Yaxın Şərq ölkələri arasındakı uzunmüddətli texnoloji ötürmələr, o cümlədən internet məlumatlarının ötürülməsi böyük ölçüdə Azərbaycan ərazisi vasitəsilə həyata keçirilir. Təhlükəsizlik baxımından bundan maksimum dərəcədə yararlanmaq və Azərbaycanı “təhlükəsiz ada”ya çevirmək zəruridir. Bunun üçün müasir dünya ilə sıx əlaqələr qurmaq mütləqdir.

Mən bu sahədə Qərb ölkələri ilə əməkdaşlığa və onların üzv olduğu beynəlxalq təşkilatlarla əlaqələrin gücləndirilməsinə daha ciddi üstünlük verirəm.

– İqbal müəllim, ətraflı və dəyərli fikirlərinizə görə təşəkkür edirəm.

– Mən təşəkkür edirəm, uğurlar arzulayıram.

Oxu24.com bundan öncə  Milli Məclisinin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovla müsahibəni təqdim etmişdi.

Müsahibəni apardı: Pərvin Şakirqızı