Ermənistanda konstitusion quruluşu devirməkdə ittiham olunaraq haqqında iki ay həbs qətimkan tədbiri seçilən eks-prezident Robert Koçaryan “168 saat” qəzetinə müsahibə verib.
Oxu24.com xəbər verir ki, o, bildirib ki, baş nazir Nikol Paşinyan qondarma Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində müxtəlif bəhanələrlə maskalanıb, lakin buna baxmayaraq, danışıqlar gedir.
“Burada şübhə doğuran məqam danışıqların getməsi faktı yox, baş nazirin onlardan uzaqlaşmaq üçün göstərdiyi səylərdir. Cəmiyyətə hakimiyyətin Qarabağ məsələsi ilə bağlı mövqeyi məlum deyil, çünki bu mövqe indiyədək hələ də səslənməyib və məhz bu da narahatlıq doğurur. Mövqe formalaşdırmadan axı necə uğurlu danışıqlar aparmaq olar? Qarabağ münaqişəsində bir sıra əsas müddəalar mövcuddur ki, bunlardan biri səlahiyyətli şəxslərin danışıqlar başlamazdan əvvəl dəqiq yanaşmalarını ortaya qoymalarıdır”.
R. Koçaryan Azərbaycan prezidenti İlham Əliyevin Paşinyanı asanlıqla məğlub etdiyini etiraf edib:
“Düşənbədəki lift danışıqları təmas xəttində etimad tədbirlərinin gücləndirilməsi ilə bağlı bizim üçün əlverişli olan Vyana və Sankt-Peterburq razılaşmalarını faktiki torpağa basdırdı. Bu razılaşmalar 100-dən çox əsgərimizi itirdiyimiz aprel döyüşlərindən sonra bizim zəmanətimiz idi. Baş nazirin bu cür davranışlarının bacarıqsızlıq, yaxud bilərəkdən etdiyi seçim olmasının mahiyyəti yoxdur. Hər iki halda bu, böyük səhvdir.
Ermənistan tərəfi bu davranışı ilə güzəştlərə hazır olması planında həm Azərbaycanda, həm də vasitəçilərdə yüksək gözləntilər yaratdı. Və buna görə də düşünürəm ki, Minsk qrupunun bu yöndə növbəti təklifləri Ermənistan üçün heç də xoş olmayacaq”.
Oxu24.com
ŞƏRHLƏR