Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105118
az

Qərb Qafqazda nə istəyir: sülh, yoxsa müharibə?

13:0930 Mart, 2024
270
SİYASƏT
  • A

Aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək müştərək konfrans Cənubi Qafqazdakı vəziyyəti kökündən dəyişə bilər.

Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı görüşdə Qərbin İrəvana yardımları ilə dəstəyinin artırılması nəzərdə tutulur.

Tərəflərin hər biri görüşdə sırf iqtisadi və siyasi məsələlərin müzakirə ediləcəyini vurğulayırlar. Amma ermənilər Brüsseldə az qala Qərblə Ermənistan arasında "hərbi-siyasi pakt"ın imzalanacığını bəyan edirlər. Üstəlik, məhz Brüssel görüşünün Ermənistana edilən hərbi-texniki yardımları daha da sürətləndirəcəyi söylənir.

Rəsmi Bakının baş verənlərlə bağlı mövqeyi məlumdur.

"Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb".

Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında əks olunmuş fikirlərdir.

Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi Azərbaycan tərəfindən irəli sürülüb və burada o, münaqişədən sonrakı normallaşmanın bütün məsələlərində hər zaman konstruktiv mövqe nümayiş etdirib. Bundan əlavə, 6 oktyabr 2022-ci il tarixli dördtərəfli Praqa görüşü zamanı delimitasiya edilməmiş sərhədin Ermənistan tərəfi boyunca Azərbaycan və Ermənistan arasında etimadın yaradılmasına töhfə verməsi güman edilən 40 nəfər mülki monitorinq ekspertindən ibarət qısamüddətli Avropa İttifaqı Monitorinq Potensialının (AİMP) yerləşdirilməsinə razılıq verilməsi Azərbaycan tərəfindən xahiş olunub.

İlkin iki aylıq müddətdən sonra Azərbaycanın razılığı olmadan AİMP əhəmiyyətli dərəcədə uzadılmış müddət və daha çox müşahidəçi sayı ilə Aİ-nin Ermənistandakı Missiyasına (AİEM) çevrilib.

Bu missiya o vaxtdan etibarən anti-Azərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilməkdədir. Bundan əlavə, Kanadanın AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə malikdir. Bu addımlar, həmçinin, AİEM-i çəkindirici qüvvə adlandıran və heç bir əsas olmadan Azərbaycanın mümkün müdaxiləsi barədə illüziya yaradan bəyanatlarla müşayiət olunur. Beləliklə, AİEM-in bəyan edilmiş mandatına uyğun olaraq, tam şəkildə neytral, mülki və silahsız missiya kimi fəaliyyət göstərməsini, habelə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş və ya onun legitim təhlükəsizlik maraqlarına bu və ya digər şəkildə təsir edəcək istənilən fəaliyyətdən çəkinməsini təmin etmək üçün bütün zəruri tədbirlərin görülməsi məqsədilə Aİ tərəfinə ciddi şəkildə çağırış edilib.

Narahatlıq doğuran digər məsələ Fransanın irəlilətdiyi, Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş və daha böyük hərbi təchizatlara (öldürücü və hücum tipli silah növləri daxil olmaqla) dair yeni vədlərin də yer aldığı kampaniyadır. Aİ-nin digər bir üzvü Yunanıstan bu yaxınlarda Ermənistanla hərbi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bəyanatlar verib. Bundan əlavə, Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir.

Göründüyü kimi, Aİ-Ermənistan-ABŞ müştərək konfransı açıq şəkildə birtərəfli və qərəzli məzmun daşımaqla yanaşı, birbaşa və bütünlüklə Qərbin bölgəmizdə yürütdüyü ikili standart yanaşmasının təzahürüdür.

Brüssel konfransına hazırlıq şəffaflıqdan, regional inklüzivlikdən məhrum olmaqla yanaşı, Cənubi Qafqazın hazırda ən çox ehtiyac duyduğu etimadın formalaşması, inteqrasiya proseslərinə başlanması cəhdlərinə tam ziddir.

Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və "təsir dairələri" yaradır.

Ermənistandakı revanşist əhval-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-nin Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər.

Rəsmi Bakı hesab edir ki, bu halda, Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər.

Brüssel konfransının təməli ötən ilin oktyabrında Avropa Siyasi Birliyinin İspaniyanın Qranada şəhərində keçirilmiş 3-cü zirvə toplantısında qoyulub.

Məhz həmin sammitdə Qərb birmənalı olaraq nümayiş etdirdi ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına yönəlmiş danışıqlar prosesində obyektiv mövqe tutmaq fikrindən uzaqdır və Ermənistanı birmənalı şəkildə dəstəkləyir.

Fransa prezidenti Emmanuel Makronun "sevimli geosiyasi oyuncaq"larından sayılan Avropa Siyasi Birliyinin Qranada toplantısına Azərbaycan və Türkiyə prezidentləri qatılmamışdılar.

Buna rəğmən, Emmanuel Makron, Avropa Şurasının rəhbəri Şarl Mişel, Almaniyanın kansleri Olaf Şolts və Ermənistanın baş naziri Nikol Paşinyan dördtərəfli bəyanat imzaladılar.

Bəyanat Azərbaycanın daxili işlərinə çox kobud müdaxilə cəhdi idi.

Daha sonra elə həmin sammitdə N.Paşinyanla Avropa Komissiyasının sədri Ursula fon der Lyayen görüşərək, birgə sənəd imzaladılar. Sənəddə "Azərbaycanın qarabağlı ermənilərə qarşı hərbi əməliyyatları" qətiyyətlə pislənmiş, Ermənistana yardımların formatı müəyyənləşdirilmişdi.

Aprelin 5-də Brüsseldə keçirilməsi nəzərdə tutulan konfrans barədə də elə Qranada sammitində qərar qəbul edilmişdi.

Bəs yaxşı, belədirsə, Brüssel konfransı nə vəd edir və Bakının sərt mövqeyinin səbəbi nədir?
 

Əvvəla, Brüsseldə Qərblə Ermənistan arasında hər hansı formada "hərbi-siyasi pakt"ın imzalanması barədə iddiaların əsası yoxdur. ABŞ və Avropa İttifaqının siyasi elitaları Ukrayna ilə olan anlaşmaların analoqunu Ermənistana tətbiq etmək niyyətində deyillər.

Ermənilərin nail ola biləcəkləri maksimal "uğur" hərbi-texniki yardımların artırılması ola bilər.

Azərbaycanın "potensial hərbi təhlükə" qismində göstərilməsinin də səbəbləri var.

Avropa İttifaqının və ABŞ-nin Cənubi Qafqazla bağlı əsas məqsədləri bölgədə Rusiya və İranın təsir imkanlarını azaldılması, Rusiyanın, ümumiyyətlə, bölgədən sıxışdırılıb çıxarılmasıdır.

Ermənistan buna görə dəstəklənir və Qərb İrəvana qarşısına şərt qoyaraq yardımlarla dəstəyin müqabilində Rusiyadan asılılığın minimuma endirilməsini, sonra isə, ümumiyyətlə, Rusiya-Ermənistan əlaqələrinin zəiflədilməsini, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının çıxarılmasını və s. tələb edir.

Brüssellə Vaşinqton İrəvanın Moskvadan siyasi, iqtisadi, hərbi, maliyyə və s. sahələrdə asılılığına son qoyulmasını istəyir.

Amma istəmək ayrı, bu istəyi gerçəkləşdirmək ayrı.

Ermənistan rəhbərliyi bütün anti-Rusiya bəyanatlarına və demarşlarına rəğmən, yaxın perspektivdə nə KTMT-ni, nə Avrasiya İqtisadi Birliyini, nə də Avrasiya Gömrük İttifaqını tərk edə biləyəcəyini bilir və bunu Qərbin nəzərinə çatdırır.

Gümrüdəki 102-ci bazanın da yaxın illərdə çıxarılması Ermənistan üçün həddən ziyadə problematik məsələdir.

ABŞ və Avropa İttifaqı rəhbərliyi amerikalılarla avropalıların "Rusiyadan hələ də asılı olan və sıx işbirliyini davam etdirən Ermənistana niyə külli miqdarda yardım etməliyik?" təki məntiqi sualına cavab vermək məcburiyyətində qala bilərdilər.

Vaşinqton, Brüssel və İrəvan uzun çəkən kluar müzakirələrdən sonra qərara gəldilər ki, Rusiyadan asılı qalmağa davam edən Ermənistana yardımlara, İrəvanın dəstəklənməsinə haqq qazandırmaq üçün mifik "Azərbaycandan təhlükə" narrativi ortaya atılsın.

Avropa İttifaqı siyasətçilərinin, mediasının və təbii ki, Ermənistan rəhbərliyinin fasiləsiz olaraq "Azərbaycan hər an hücum edə bilər, müharibə ola bilər" isteriyasının kökündə bəhs etdiyimiz məqam dayanır.

Halbuki Azərbaycanın belə niyyəti yoxdur və hətta Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan belə bəyan edib ki, "Azərbaycanın sərhədə şəxsi heyətlə texnika toplaması barədə deyilənlər əsassızdır".

Fəqət Qərbin "aqressiv Azərbaycan" obrazı yaratmaq cəhdləri, bu çirkin oyun səngiməyib.

Bakını ən çox qıcıqlandıran da sözügedən məsələdir.

Amma əsas məsələ bu deyil.

Hərgah Qranadadakı dördtərəfli, sərsəm bəyanat aprelin 5-də keçiriləcək ABŞ-Avropa İttifaqı-Ermənistan görüşünün yekun sənədində xatırlanarsa və həmin sənədə hansısa formada istinad edilərsə, bu məqam Azərbaycanı ciddi narahat edəcək, Ermənistanla aparılan danışıqlar prosesinə ciddi təsir edəcək.

Brüsseldə imzalanacaq sənəddə Qranadadakı bəyanat xatırladılarsa, Azərbaycanın Qərblə konkret məsələlər, sahələr və istiqamətlər üzrə əməkdaşlığı, təbii ki, davam edəcək.

Amma ölkəmizin maraqlarının nəzərə alınmaması hesabına Ermənistanı dəstəkləyən və bunu davam etdirəcək Qərbə cavabımız İrəvanla aparılan danışıqlarda fəallığı birtərəfli qaydada azaltmağımız olacaq.

Qərb bizə qarşı belə davranırsa, mövqeyimiz daha da konkretləşəcək, sülh danışıqları prosesi mövzusu açıq qalacaq.

Əgər Qərb bölgəmizdə yaxın perspektivlə bağlı "stavka"nı Ermənistana edirsə, İrəvanı uzunmüddətli dəstəkləmək fikrindədirsə - bu, ABŞ və Avropa İttifaqının seçimdir.

Xatırladaq ki, Ermənistanı son 30 ildə də bir ölkə eynən belə dəstəkləmişdi.

Amma indi həmin ölkə ciddi səhvə yol verdiyini anlayaraq, Bakı ilə münasibətləri inkişaf etdirməyə çalışır.

Azərbaycan hadisələrin istənilən məcrada inkişafına hazırdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident onu rektor təyin etdi- Sərəncam
AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirildi- Sərəncam
Ərdoğan Putinlə telefonla danışdı

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu əlamətlər varsa, öd kisəniz işləmir - Nə etməli?
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO