Bu gün dünyada koronavirusa yoluxanların sayının yenidən artdığı müşahidə olunur. Bir çoxları oktyabr-noyabr aylarında pandemiyanın ikinci dalğasının olacağı ilə bağlı fikirlər səsləndirirlər. Azərbaycanda ikinci dalğa nə zaman başlaya bilər?
Bununla bağlı KONKRET.az-ın sualını şərh edən deputat İlham Məmmədov bildirib ki, son vaxtlar pandemiyanın ikinci dalğasının olmasından çox danışılır:
“Mən hesab edirəm ki, ikinci dalğadan danışan zaman onun nə olduğunu analiz etmək, dəqiq bilmək lazımdır.
Çünki bu gün “COVİD-19″un törətdiyi pandemiya hələ bitməyib. Yəni dünyanın bir çox ölkəsində yoluxanların sayında artım müşahidə olunur və epidemioloji vəziyyətdə gərginlik var. Bu artım dinamikası yüksələn xəttlə gedir.
Ona görə də bir çox ölkələr yenidən sərt karantin rejiminə keçmək barəsində düşünürlər. Hətta qonşu Türkiyə dövlətində açıq havada belə maskadan istifadə tələbi qoyulub. Gürcüstan dövləti yoluxmanın ən az yayıldığı ölkə sayılırdı. Ancaq orada da yoluxma sayı artır. Bu da o deməkdir ki, ikinci dalğa hələ başlamayıb. Bu, sadəcə birinci dalğanın fazalarıdır”.
Milli Məclisin üzvü qeyd edib ki, oktyabr-noyabr aylarında ikinci fazaya keçid ola bilər:
“Çünki ikinci dalğa o zaman ola bilər ki, dünyada pandemiya tamamilə dayansın, yoluxmaların sayı minimuma düşsün. Ondan sonra artım şiddətlənərsə, ikinci dalğa hesab edilə bilər. Oktyabr-noyabr aylarında respirator virus xəstəlikləri də aktivləşir. Bu, hər il baş verir. Həm də buna mövsümü xəstəliklər də deyilir. Eyni zamanda payız fəslində günəş şüalarının olmaması bədəndə D vitaminin çatışmazlığına gətirib çıxardığı üçün immunitetin zəifləməsinə gətirir çıxarır. Bu dövrdə həm də psixoloji və nevroloji pozğunluqlar çox olur. Buna görə də insan orqanizmi zəifləyə bilər. Əlbəttə bu zəifləmə fonunda da “COVİD19″un tüğyan etdiyi bir vaxtda yoluxma sayının artması gözləniləndir. Payız fəslində insanlar daha çox qapalı yerlərdə olacaqlar. Metro da artıq fəaliyyətə başlayıb. İnsanlar daha çox çalışacaqlar ki, metrodan daha çox istifadə etsinlər. Təbii ki, bunun fonunda yoluxma sayının artması gözləniləndir. Təbii ki, biz arzu edirik ki, belə bir hal olmasın.
Bütün bunların olmaması üçün qaydalara əməl etməyimiz vacibdir. Unutmayaq ki, bu gün hələ koronavirusun vaksini və effektiv dərmanı tapılmayıb. İnsan orqanizmi zəiflədikcə də koronavirusa yoluxma ehtimal çox olur. Bunu nəzərə alaraq da maska taxmaq, sosial məsafə saxlamaq və dezinfeksiya məhlullarından istifadə etmək vacibdir. Ən önəmlisi isə vətəndaşlarımız mümkün qədər ictimai nəqliyyatdan istifadə etməməli, insanların kütləvi toplaşdığı ərazidən uzaq olmalıdır”.
Oxu24.com
ŞƏRHLƏR