Qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərində törətdikləri terrorçuluq və digər ağır cinayətlərlə bağlı araşdırmalar davam etdirilir.
OXU24.COM xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti bu barədə yaydığı məlumatda bildirilir ki, bu ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələrə daxil olmaqla "AKM" avtomatı ilə silahlanıb, mütəşəkkil dəstə halında milli ədavət və düşmənçilik niyyəti ilə terrorçuluq əməlləri törətməkdə şübhəli bilinən Babayan Madat Arakeli Kəlbəcər rayonunun Qozlukörpü kəndi ərazisində tərk-silah edilərək saxlanılıb.
İstintaq zamanı təqsirləndirilən şəxs Madat Babayan ifadəsində digər xüsusatlarla yanaşı həmçinin bildirmişdir ki, 1992-ci ilin fevral ayında Xocalı faciəsinin törədilməsində iştirakçı olmuş, 24 fevral 1992-ci il tarixində "Xolostoy" ləqəbli Ermənistan silahlı qüvvələrinin polkovnik-leytenantı Arkadi Şirinyanın rəhbərliyi altında Kəlbəcər rayonunun Çapar, Qozlu və Qozlukörpü kəndlərinin sakinlərindən ibarət erməni silahlı birləşmələrinin tərkibində Kəlbəcərin Yayıcı, Heyvalı və Zəylik kəndlərindən gələn digər erməni silahlıları ilə Xocalı rayonunun Təzəbinə kəndində birləşərək azərbaycanlı əhalini məhv etmək məqsədilə qabaqcadan qurulmuş plana uyğun olaraq, 25 fevral 1992-ci il tarixində gecə saat 23:00 radələrində Xankəndi şəhərindən Xocalı şəhəri istiqamətində edilən hücum zamanı xilas olmaq üçün Əsgəran rayonuna tərəf qaçmaq istəyən, əksəriyyəti qadın, uşaq və qocalar olmuş 150 nəfərdən çox əliyalın şəxsdən ibarət mülki əhalini həmin ərazidə pusquya salaraq avtomat silahlarından atəş açmaqla qətlə yetirmişlər.
Qeyd edək ki, eyni zamanda Madat Babayan 26 fevral 1992-ci il tarixində azərbaycanlıların meyitlərini yığdıqları zaman Vamik Petrosyan, Şirin Şirinyan və digər dəstə üzvləri tərəfindən meyitlər üzərində təhqiredici hərəkətlərin törədilməsini, bundan başqa 100-dən çox mülki Xocalı sakininin əsir düşdüyünü müşahidə etmişdir.
Oxu24.com
ŞƏRHLƏR