Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1523
az

Düşmən tanklarından “yəhudi buterbrodu” hazırlayan Milli Qəhrəman – ALBERT AQARUNOV

12:1208 May, 2018
2245
QARABAĞ
  • A
 Hava buludlu idi. Göy üzü qaş qabağını töküb, ağlamağa bəhanə axtarırmışcasına buludları sağdan sola, soldan sağa sovururdu. May ayının 8-i idi. Erməni silahlı qoşunları Şuşaya girməyə çalışırdı. Tank komandiri Qaqik Avşaryan rəhbərlikdən Şuşaya ilk girən erməni olmaq üçün icazə istəmişdi. Rəhbərliyin razılığını aldıqdan sonra 442 nömrəli tankına oturdu. Sürücü mexanik Aşot Avensyana göstəriş verdi:

– Ara, sür e, sür. Şuşa bizi gözləyir.

Sonra ağzının ucu ilə mahnı mızıldanmağa başladı. Kefi kök idi, Şuşa bir neçə kilometr uzaqlığında idi. Adını tarixə yazdıracaqdı. Cəld arxaya çevrildi. Atıcı-artirelist Şahen Sarkisyandan soruşdu:

– Bayrağı götürmüsən?

– Hə, komandir.

– Göstər görüm. Sən huş şeysən.

Sarkisyan bayrağı qaldırdı. Avşaryanın üzündəki gülümsəmə yenidən peyda oldu.

– Bəlkə də, siz başa düşmürsünüz. Amma bu böyük gündür. Şuşaya bayrağı ilk asan ermənilər olaraq tarixə düşəcəyik.

442 nömrəli tank ağır-ağır irəliləməyə – onları gözləyən sona doğru addımlamağa başladı.

*****

Tankın lüləyini gah sağa, gah sola çevirdi. Albert Aqarunov 553 nömrəli tankda oturub ətrafı izləyirdi. O, Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonun tərkibində Şuşanın müdafiəsində durmuşdu. O, batalyona könüllü yazılarkən, əslən yəhudi olsa da, Azərbaycan torpaqları uğrunda döyüşməyi özünə şərəf duyduğunu demiş, özünü bu vətənin balası kimi ölkəsinə borclu olduğunu bildirmişdi. Bu sözlər Elçin Məmmədovun ürəyini dağa döndərmişdi. Gözləri yaşarmış, Albert Aqarunovu bağrına basmışdı. Albertin gözü dağlarda, fikri-xəyalı isə çox uzaqlarda idi.Doğulub-böyüdüyü Əmircan kəndini xatırladı. Necə qayğısız-xoş günlər keçirirdi. Bir zamanlar musiqi aləti tutan bu əllər indi, silah tuturdu. Bu fikir beynində cövlan etdiyi andaca, bir anlıq bədəni ürpəşdi. Yenidən diqqətini qarşısına yönəltdi. Uzaqdan onlara tərəf gələn bir qaraltı görünürdü. Diqqətini cəmləyib çox uzaqdan görünən qaraltıya baxdı. O, tankı yaxşı tanıyırdı. Bu düşmən tankı idi. Ancaq səbrli olmalı idi. İndi atəş açsa düşməni hürküdə bilərdi. Odur ki, gözləyib tankın daha da yaxınlaşmağını gözləməli idi. Ümumi təchizatı yoxladı. Hər şey qaydasında idi, lazım gələndə atəş aça bilərdi. İndi isə sadəcə gözləmək qalırdı. Cəbhəyə gəldiyi günü xatırladı.

İsrailə vizasını stolun üstünə atıb gəlmişdi. Müharibə gedə-gedə dostlarını, vətənini qoyub gedə bilməzdi. Bəlkə ölkədə sabitlik yaranandan sonra bu barədə düşünmək olardı. Vaxt ötür, düşmən tankı isə daim irəliləyirdi...

*****

Qaqik Avşaryan Şuşanın mərkəzinə doğru irəlilədikcə çəpik çalır, oynayır, yanındakıları da oynamağa səsləyirdi.

– Ara, oynayın da, oynayın. Belə günü bir də harda görəcəksiniz?

Bu an göy guruldadı, yerlə göy sanki bir oldu. Avşaryanın sözü ağzında qaldı, 442 nömrəli erməni tankı göyə sovruldu. Tankdan qalxan alov sanki buluda qədər çatırdı.

Albert Aqarunovun üzündə xəfif bir gülümsəmə peyda oldu. Artıq o, buna öyrəşmişdi. Vurduğu düşmən hərbi zirehli texnikasının sayını itirmişdi. Bu dəfəki uğuru isə başqa bir məna daşıyırdı. Şuşanın mərkəzinə bayraq sancmaq üçün üçün gələn düşmən tankını məhv etmişdi. Bayrağı da, düşmənlərin bədənlərini olduqları yerə gömmüş, tikələrini göyə sovurmuşdu.

*****

Tankın vurulmağı düşmən cəbhəsində böyük təşvişə yol açmışdı. Rəhbərlik nə edəcəyini bilmirdi. Bu hərbi uğursuzluq əsgərlər arasında qorxuya səbəb olmuşdu. Odur ki, çox gec olmadan hücuma başlanılmalı idi. Divizion komandiri hücuma keçməklə bağlı əmr verdi. Dayanmadan Şuşaya yiyələnmək lazım idi. Düşmən qüvvələri özünü cəmləməyə, hücuma keçməyə hazırlaşırdılar.

*****

Əks tərəfdə isə əhval-ruhiyyə yüksək idi. Elçin Məmmədov batalyonu başına yığmışdı. O, Albert Aqarunovu xüsusi təbrik etdi.

– Yoldaşlar, Albert Aqarunov döyüş tapşırığını layiqincə yerinə yetirdi. Buna görə ona təşəkkür edirəm! Ancaq rahatlaşmaq olmaz. Döyüşü qazanmışıq, müharibə isə qabaqdadır. Çox keçməz ki, düşmən böyük hücuma başlayar. Ehtiyyatlı olmaq lazımdır. Mövqelərimizdə möhkəm durmalıyıq.

Bu çıxışdan sonra hər kəs öz mövqeyinə çəkildi.

Albert Aqarunov da mümkün döyüş meydanını nişan almaq üçün özünə mövqe uyğun seçdi. Axşam tərəfi idi. Düşmən qüvvələri onlara tərəf irəliləyirdi. Ermənilər say baxımından üstün idilər. Hərbi texnikaları da onlarındakından çox idi. Bu Alberti xüsusi düşünməyə vadar edirdi. Başqa nə edə bilərdi?

Düşmən artilleriyası atəşə başladı. Düşmən əsgərləri atəşin altında irəliləyirdi. Artilleriya qarşı tərəfə göz açmağa imkan vermirdi. Azərbaycan əsgərləri səngərlərdə, sığınacaqlarda dayanıb, atəşin kəsməyini gözləyirdilər. Elçin Məmmədov artilleriyaçılara göstəriş verdi. Ətrafda qulaq tutulurdu. Yer-göy bir olmuşdu. İrəliləməyə çalışan düşmən əsgərləri bir-bir yerə sərilirdi. Düşmənin yan-yana dayanan tankı, Azərbaycan hərbçilərinin mövqe seçdikləri təpəni dayanmadan vururdu. Toz-torpaq ətrafı bürümüşdü. Əsgərlər sərgərlərdən çıxıb atəş aça bilmirdilər. Albert Aqarunov ümumi mənzərəni izləyir, aradabir atəş açırdı. Ancaq bu kifayət etmirdi. Daha nəsə etməliydi. Əsgər yoldaşlarına köməklik göstərməliydi. O, Sovet dövründə Gürcüstan artilleriyasında qulluq etmişdi. Burada tankla bağlı bir çox yenilikləri öyrənmişdi. Hələ o dövrdə, tankla çevik hərəkətinə və dəqiq nişanalmasına görə fərqlənirdi. Hətta ermənilər ona öz tərəflərində Qarabağda döyüşməyi təklif etmişdilər. O, isə bunu deyən ermənini döyməklə cavab vermişdi. Həmin dövrlərdən qalan biliklərini cəmlədi. Tankı geri sürməyə başladı.

Elçin Məmmədov digər təpədən döyüşü durbinlə izləyirdi. Albertin geri çəkildiyini görüb, bir anlıq tərəddüd etdi. Axı, o, niyə belə bir şey etsin? Bəlkə vurulub? Ya da tankda nəsə xüsusi nasazlıq yaralanıb? – deyə düşündü. Ancaq çox keçmədi ki, 533 nömrəli tank cəbhənin başqa istiqamətində göründü. Elçin Məmmədovun ürəyi sakitləşdi. O, bilirdi ki, təcrübəli tankçı Albert Aqarunova güvənmək olar. Mövqeyini dəyişibsə, mütləq nəsə bilir. Albert yeni mövqeyində möhkəmlənib, koordinatları dəqiq hesabladı. Tankın lüləyini şimal-şərqə tərəf çevirdi. Dərindən nəfəs aldı. Planını həyata keçirsəydi, dostlarına çox böyük xeyir verəcəkdi. Gözlərini yumdu və bir daha dərindən nəfəs aldı. Gözlərini açan kimi atəş açdı. Sanki bir anlıq cəbhədə döyüş dayandı. Kimsə nə baş verdiyini anlamamışdı. Hamı çaşqınlıqla ətrafına baxırdı. Düşmənin iki tankı birdən məhv edilmişdi. Bu hərb tarixində görülməmiş bir hadisə idi. Albert Aqarunov bunu bacarmışdı. Bir güllə ilə iki dovşan-düşmən tankını vurmuşdu. Hamı bunun necə baş verdiyini anlaya bilmirdi. Hətta təcrübəli döyüşçü Elçin Məmmədov da gördüklərinin bir xəyal olduğunu zənn etdi. Ancaq çox keçmədi ki, onun üçün hər şey aydın oldu. Qışqıraraq “Albertə eşq olsun”, “ermənilərdən “yəhudi buterbrodu” hazırladı” dedi.

Döyüş davam edirdi. Təəssüf ki, vurulan tanklara, göstərilən şücaətə rəğmən düşmən qüvvələri sayca çox olduğu üçün geri çəkilmir, əksinə irəliləyirdilər. Hər iki tərəf itki vermişdi. Azərbaycan əsgərləri qarşıdakı meşəlikdəki mövqeləri möhkəmləndirmək üçün getdikdə, bəziləri düşmən gülləsinə tuş gəlmiş, yolun içindəcə canlarını tapşıraraq şəhid olmuşdular. Albert sözügedən mövqeni dəstəkləmək üçün tankını yenidən hərəkətə gətirdi. Dayanmadan irəliləyir, oradakı əsgər yoldaşlarına tez bir zamanda kömək etmək üçün tələsirdi. Tank avtomobil yoluna çıxdı. Çox az məsafə qalmışdı. Ancaq yolda onun şəhid olan hərbçi yoldaşlarının cəsədləri var idi. Cəsədlərə çatanda tankı dayandırdı, yanındakı yoldaşına dedi:

– Şəhidlərimizin üzərindən keçmək olmaz. Buna razı ola bilmərəm. Gözlə burada mən yolu açım, şəhidlərimizi yuxarı qoyum, sən də yavaş-yavaş irəlilə. Albert tez qapağı açıb, tankdan düşdü. Göz yaşları içində şəhidləri bir-bir qucağına alır, yolun yaxınlığındakı qayalığın üzərinə qoyurdu. Daha bir cansız bədəni götürəndə, arxadan çiynindən bir ağrı hiss etdi. Geri qanrılmağa fürsət tapmamış, ikinci güllə onu yaxaladı. Albert Aqarunov vətəni uğrunda gedən döyüşlərdə şəhid oldu.

Onun dəfnində minlərlə insan iştirak edib. Albert Aqarunov Şəhidlər Xiyabanında dəfn edilib. Onun dəfn mərasimində həm İslam dininə uyğun olaraq molla, həm də iuadizmə uyğun olaraq ravin məzarı başında dua oxuyub. Adını hərb tarixinə əfsanəvi tankçı kimi yazdıran Albert Aqarunov ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb. Onun təhsil aldığı 154 nömrəli məktəbə Albert Aqarunov adı verilib.

Emin Piri
Yazı Ordu.az-a məxsusdur 


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirildi -FOTO
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Şuşaya gedənlərə xəbərdarlıq

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Həmin görüntülər yayıldı: Pilotlar nə deyirmiş?
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı