Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1089
az

`3 balanı adına layiq böyüdəcəm,ay Vüqar `– Şəhid polkovnikin xanımının məktubu

12:1026 Aprel, 2018
2047
QARABAĞ
  • A

( Şəhid polkovnik Vüqar Yusifovun xanımının məktubu)


Bu il gələn aprel məni keçən ilki qədər sevindirmədi. Keçən il apreldə içdiyim şərbətin dadı damağımda qaldı. Mən və mənim xalqım o şərbətə çox tamarzıydı... Ötən il aprelin 2-dən 5-nə kimi Vətən torpağına səpilən şəhid qanları Vətəni qürürlandırdı... Ancaq Vətənə qurban gedən canlar da elə-belə canlar deyildi ki... O canlar neçə canlardan ayrıldı... O canlar neçə insanın canını, ürəyini yana-yana qoyub getdi...

Biz televiziya ekranlarının qabağında həyəcanla xəbər gözləyib , QƏLƏBƏ, QALİBİYYƏT xəbərinə sevinəndə oğullarından, ərlərindən, atalarından, qardaşlarından xəbər gözləyənlərin bağrı yandı kül oldu... Onlar bizim kimi sevinə bilmədi. Bizim isə bir gözümüz gülüb, biri ağladı...

Dünənki gecədən danışacam. Telefonuma zəng gəldi. Ötən ilin 4 aprelində səhər saat 6:30 dəqiqədə Talış yüksəkliyində şəhadətə qovuşmuş kəşfiyyat korpusunun komandiri, polkovnik Vüqar Yusifovun həyat yoldaşı Lalə idi. Yenə üşəndim, yenə titrədim. Şəhid ailələrinin anaları, gəlinləri, bacıları zəng edəndə əlim-ayağım yerdən üzülür, kiçilirəm, param-parça oluram. Çünki onlara təsəlli verməyə, ovutmağa söz tapmıram. Vüqarı gedəndən sonra bağrı qan olan Lalə yenə utancaq bir səslə dedi :




“ Bir neçə saatdan sonra Vüqardan ayrılmağımın düz bir ili tamam olacaq... Bilmədim neyləyim, dərdimi kiminlə bölüm, sizə zəng etdim... Vüqarı sonuncu dəfə martın 28-i evdən yola salmışdım... Bu il martın 28-i gələndən özümə yer tapmıram... Ürəymdən keçənləri bir şagird dəftərinə köçürmüşəm. Onu Sizə çatdırmaq istəyirəm, elə bu gecə... Mən yazmışam, sizin kimi yaza bilmirəm... O yazımı qaydaya salın...”.

-Lalə, gözəlim, ver qardaşın Kənan gətirsin.

Gecənin bir aləmi, bağrı qan Lalənin qardaşı Kənan onun dəftərini gətirdi... gecədən xeyli keçmişdi. Dəftəri açmağa ürək eləmədim. 

Bu gün açdım dəftəri ... vərəqlədim... Lalə yazırdı:

“Martın 28-i evdən çıxanda 1 həftəyə gələcəyəm demişdin Vüqar... O gündən bu günə gözləyirəm. Düz bir il keçib... Gəlmirsən axı... Mesaj yazıram... Çatmır. Keçən il də belə idi. Sənin yadında olmaz. Sən qaynar nöqtədə Vətəni qoruyurdun... Xəbərlərdən bilirdik ki, müharibə başlayıb. Ancaq heç nə anlaya bilmirdim... Axı bir neçə həftə əvvəl sən 18 nəfər kəşfiyayyatçınla bərabər düşmən səngərinə keçib, onların bazalarını yerlə-yeksan etmişdin... Deyirdin ki, əvvəllər kənardan müdaxilə edərdiniz, indi isə gedib , məhv edib, hamınız da sağ-salamat qayıtmışdınız... Ondan sonra sənə “polkovnik” rütbəsi verdilər. Heç bir həftə deyildi rütbə aldığın... Yaman sevincli idin, xoşbəxt idin...





Vüqar...ay Vüqar... bax həmin o müharibə başlayan gecədən sonra heç nə hiss etmirdim, evdə havalı kimi gəzirdim.... Nəhayət ki, aprelin 3-ü 17:30-da ev telefonuna zəng etdin. Sevinclə telefonu qaldırdım. Ancaq səsin elə yorğun , narahat idi ki... xoşum gəlmədi səsindən... Sən heç vaxt belə danışmırdın mənimlə. Bu dəfə kobud oldun, boğuq səslə danışdın, səsindəki titrəyişi də hiss etdim axı... Dedin ki, mənəm, Vüqardır... kaş onda sənə sonuncu dəfə “Cannnnnn “- deyəydim. Demədim. Özümü itirdim. Sevinc dolu həyəcanla “Nə vaxt gəlirsən?” soruşdum. Yek kəlmə ilə: “Mən yaxşıyam, narahat olma , özünə yaxşı bax. Gələcəyəm. Sağ ol”- deyib, dəstəyi asdın. Sevinirdim. Sevinirdim ki, nəhayət ki səsini eşitdim. Əslində bu sevinci mənə səsin gətirmişdi. Səsini eşitməklə sağ olduğuna əmin olmuşdum. Amma o səsini eşidənə qədərki ötən gün və saatlarda nələr çəkdiyimdən , təkcə Allahın xəbəri oldu. Bir az keçəndən sonra yenə televiziyadan , internetdən şəhid xəbərləri gəlməyə başladı... Yenə narahatlıq, yenə nigarançılıq, bir gözüm güldü ki, uşaqları qorxutmayım, bir gözüm isə ağladı... Qərarsız idim. Otaqlar məni yeyirdi... Bizim evliliyimizdən 10 ildən çox vaxt keçmişdi. Heç vaxt bu qədər qərarsız olmamışdım. Sabahdan qorxurdum. Açılacaq sabahdan qorxurdum.





04.04.2016... O müdhiş gün. Səhəri diri açdım. Mürgüləyəndə bayrağa bükülmüş tabut göründü gözlərimə... Diksindim. Sonra saat 12:30-u göstərir... Axır ki, susan telefona zəng gəlir. Danışan sən deyilsən. Kimsə dedi ki: “Vüqar yoxdur, onu itirdik...”

Qışqırıram, nalə çəkirəm, səsim divarları silkələyir... saçlarımı yoluram... Allaha etiraz edirəm... Yoooooxxxxx... ola bilməz... yox, mənim və sənin arzuların yarımçıq qala bilməz... axı bizim üç gözəl balamız var... mən sənsiz neyləyərəm... Göz yaşları içərisində qəh-qəhə ilə gülürəm... Səni çağırıram... Sonra toxtayıb ətrafıma baxıram... Heç nə anlaya bilmirəm.... Bu necə ola bilər? Necə ola bilər ki, Vüqar olmasın... İndi mən neyləyim? Hara gedim, kimdən istəyim səni... Vüqar, kaş bu xəbər yalan olsun... Axı sən həmişə gedəndə qayıdırdın... Axı sən bir zabit kimi nə qədər əsgərə cavabdehsən, sən gör nəqədr əsgərin böyüyüsən, onları necə başsız qoya bilərsən... axı sən onları bizdən də çox istəyirdin.... Bəlkə... Bəlkə... bəlkə necə olur ki?... Birdən qəhrmanlıqların, fədakarlıqların yadıma düşür... fikirləşirəm ki, həəəəə.... axı Vüqar heç vaxt arxada gizlənə bilməzdi... yəqin yenə durub qabağa keçib... yəqin yenə də öndə olmaq istəyib...





Vüqar, ay Vüqar... Nə olur heç olmasa bu ötən bir ildə bu gün səsimə səs ver... Bu gün aprelin 4-ü 2017-ci ildir. Səhərdir... 1 il bundan əvvəl də səni belə gözləyirdim... Eynən bugünkü kimi.... yenə havalanmışam... Ancaq indi qışqırmıramn... səsimi içimdə boğuram ki, evdə uşaqlar acımasınlar... 

Heç bilirsənmi nələr oldu, səndn sonra?! 6 yaşlı Aytən donub... ona bir söz demək olmur, hətta cizgi filmində bir kəpənəyin ölməsini belə görəndə ağlayır... ağlamağa bəhanə gəzir. Sənin şəhadət xəbərin gələndə Kənana deyirmiş ki, dayı mən ağlamıram ki, şəhidlər inciməsin. Axı atam da şəhiddir. Yoxsa qayıdıb gəlməz. Bu sözləri gülə-gülə deyirmiş, ancaq gözlərindən gülə-gülə yaş tökürmüş... Bunu mənə Kənan dedi sonralar. Bax o gün bu gün Aytən sənsizliyə öyrəşə bilmir Vüqar.
Bu gün əllərimi Tanrıya açıb yalvarıram ki, aprelin 4-ü tez bitsin, tez keçsin...dözmək olmur.... başa düşürsən məni.... daha tükənmişəm, dözə bilmirəm...

Sən mənim birincim, həyatımın incisi idin... Sənin yazdığın məktublardakı sətirlərdə, özündən sonra qalan birincilik medallarında, sertifikat, diplomlarında axtarıram nəfəsini, əl izlərini... Türkiyədə, Amerikada... hər yerdə birinci... Ölümə də birinci atıldın... Sən kabinet polkovniki olmadın.... sən səngər polkovniki oldun. Həlak olnada da sənin cansız bədənini səngərdən səcdə etdiyin halda götürmüşdülər. Səngərdə də torpağa səcdə edib dayanmışdın. Azad etdiyin, yenicə ələ keçirdiyin səngərdə... Gör bir uca Tanrım səni nə qədər sevirmiş ki, 1992-ci ildən sonra səngərdə ölən ilk polkovnik oldun. Tanrı bu birinciliyi də sənin qismətinə yazdı...
Məkanın cənnət olsun, cənnət quşum... Gözün arxada qalmasın... Mənə əmanət etdiyin 3 balanı sənin adına layiq böyüdəcəm.... Vüqar, ay Vüqar , heç olmasa, indi de, eşidirsən məni...”


... Bu gün aprelin 5-dir. Vuqar Yusifov, Raquf Orucov, Təbriz , Orxan, Elnur... həmin səhər aprel ayının 4-2 səhər dan yeri yenicə açılanda şəhidlik məqamına yetişmişdilər. Onları aprelin 5-i Azərbaycan elliklə dəfn etdi. Onlar bizə Qalibiyyət şərbətini ilk dadızdıran qəhrəmanlarımızdırlar. Biz yenə də o şərbətdən içmək istəyirik. Biz yenə o aprelə qayıtmaq istəyirik... Əslində bundan sonra ötən ilin aprelini hər il yada salacağıq. O aprel bizim şərəf, başucalıq tariximizdir. O apreldən bu aprelə qədər bizim çoxumuz hardasa ötən ilin 2-5 aprelində şəhid olanları, onların ailələrini unuda bildik. Dünya əzəldən belədir. Ölənlər ölmək olmur. Biz o şəhidi olan ailələrdən bir köynək uzağıq axı. Nə qədər desək də ki, yanıb yaxılırıq, bir şəhid anası, bir şəhidin dul qalmış gəlini qədər yanan-yaxılan deyilik...

Aida Eyvazlı. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirildi -FOTO
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Şuşaya gedənlərə xəbərdarlıq

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu