Dünən Azərbaycan siyasi və idman tarixində mühüm hadisə yaşandı.Azərbaycanın işğaldan azad edilən Xankəndi şəhər stadionunda tarixi “Qarabağ” –“MOİK” komandaları arasında futbol qarşılaşması baş tutdu.
Ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevin Xankəndi stadionundan birbaşa müraciəti və stadionda şəhid övladları ilə bərabər qarşılaşmanı izləməsi günün əsas xəbəri oldu.
Göründüyü kimi Azərbaycan Dövləti ən yüksək səviyyədə ölkədə idmanın inkişafında dəstəkdir.
Amma təəssüflər ki, son günlər sosial şəbəkələrdə və yerli mediada Şuşanın simvolu olan Xarı Bülbülün adı ilə yaradılan “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” voleybol komandalarının maliyyə çətinliyi ilə üz-üzə qalması xəbərləri yayılır.
Klubun əcnəbi voleybolçuları ölkə başçısına müraciət edərək kömək istəyib.
Oxu24.com xəbər verir ki,Məsələ ilə bağlı klubun yaradıcısı İlqar İmamquliyev problemin detalları ilə bağlı sensassiyalı açıqlamalar edib.
İlqar İmamquliyev “Reaksiya” TV-nin efirində yaranan problemdə Gənclər və İdman Nazirliyini,nazir Fərid Qayıbovu,həmçinin nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədovu ittiham edib.
İlqar İmamquliyevin sözlərinə görə, Fərid Qayıbov nazir təyin edilənə qədər onunla çox gözəl münasibəti olub. Nazir təyin edildikdən sonra Fərid Qayıbovun onlara qarşı münasibəti dəyişib.
“Fərid Qayıbov nazir təyin olunduqdan sonra bizim mesajlara belə cavab vermədi.Bu vaxta kimi bizim komandanın oyunlarına baxmağa belə gəlməyib. Bu münasibətin hansı səbəbdən formalaşdığı bizə də aydın deyil”, deyə İlqar İmamquliyev bildirib.
Veriliş zamanı daha bir qalmaqallı açıqlama edilib. İlqar İmamquliyevin sözlərinə görə,onun təsisçisi olduğu “Xarı Bülbül Şuşa” komandasına maliyyə ayrılmadığı bir zamanda onun şəxsi brendi olan “İl Azero” idman brendləri markasının işinə də süni əngəllər yaradılıb.
“Biz bu zamana qədər klubumuzu öz idman brendimiz olan “İl Azero”nun gəlirləri və dostlarımızın dəstəyi ilə etmişik. Bu günə kimi şəxsi maliyyə hesabımızdan voleybol komandamıza külli miqdarda maliyyə yatırmışıq. Bu gün İdman Nazirliyi bizim yeganə maliyyə mənbəyimizi də kəsməyə çalışır.İdman komandalarına bizdən forma almamaları ilə dolayısı yolla göstərişlər verilir. Halbiki milli komandalarının forma ilə təmin edilməsi idman nazirliyinin işi deyil.Bu işlə Milli Olimpiya Komitəsi məşğul olmalıdır.”,-deyə İlqar İmamquliyev bildirib.
“Xarı Bülbül Şuşa” komandasının yaradıcısı həmçinin Voleybol Federasiyasının Prezidenti Şahin Bağırovla bu ilin mart ayında şəxsən görüşdüyünü və həmin şəxs tərəfindən böyük vədlərə inandırıldığını da bildirib.
“Mövsüm bitməmişdən əvvəl mən Federasiyanın yeni Prezidenti Şahin Bağırovla görüşdüm. O, mənə bildirdi ki, komandanın təşkili və yarışlarda iştirakı ilə bağlı bütün dəstək veriləcək. O,görüşdən sonra mən də verilən vədlərə uyğun fəaliyyətə başladım.Qəfil bizə qarşı durğunluq yarandı.Verilən bütün vədlər boşa çıxdı. Bu gün “Xarı Bülbül Şuşa” komandası faktiki dağılmaq üzrədir”,-deyə o bildirib.
Məlumata görə, “İl Azero” brendinin loqosu təhrif olunaraq nazirlik tərəfindən verilən idman formalarının üzərinə vurularaq təqdim edilir.
Oxu24.com saytının əldə etdiyi məlumata görə,hazırda Azərbaycanda mövcud olan voleybol komandalarının hamısı birbaşa,yaxud da dolayısı yolla Azərbaycan Voleybol Federasiyası tərəfindən maliyyə yardımı alır. Tək "Xarı Bülbül Şuşa" və "Xarı Bülbül Laçın" komandaları bu yardımdan məhrub edilir. Belə bir məqamda ortaya maraqlı sual çıxır. Şuşa komandasına düşmən kəsilən kimdir?
Məlumat üçün qeyd edək ki,aşağıdakı komandalar maddi dəstəklə təmin olunur.
1.Azərreyl qadın
2.Azərreyl kişi
3. Murov kişi
4. Murov qadın
5. Gəncə qadın
6. Milli Aviasiya Akademiyası
qadın
7. Moik kişi (qismən)
8. Unec qadın (qismən)
9. Abşeron qadın ( federasiyanın idarə heyətinin üzvü sponsorluq edir)
Daha ətraflı video məlumatı təqdim edirik:
Oxu24.com iddialarla bağlı qarşı tərəflərin də mövqeyini işıqlandırmağa hazırdır.
Oxu24.com
ŞƏRHLƏR