Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
59599
az

Kadırovun nazir təyin etdiyi azərbaycanlı Elxan Süleymanov KİMDİR? (DOSYE)

23:0712 Oktyabr, 2021
1729
  • A

Elxan Süleymanov Çeçenistanın səhiyyə naziri və baş onkoloqudur. Azərbaycan Tibb Universitetini bitirib. Bir müddət Bakıda Onkoloji Elmi Mərkəzində işləyib. Moskvada işlədiyi vaxt Çeçenistan Prezidenti Ramzan Kadırovun dəvəti ilə Çeçenistana gəlib və Qroznı Onkoloji Dispanserinin rəhbəri vəzifəsinə təyin olunub. 2016-cı il Kadırovun sərəncamı ilə Çeçenistanın səhiyyə naziridir.

Oxu24.com  teleqraf.com-a istinadla onun haqqında olan dosyeni təqdim edir.

Qusarlı həkim

Elxan Süleymanov 1974-cü il iyulun 15-də Azərbaycanın Qusar rayonunun Həzrə kəndində anadan olub. Milliyyətcə ləzgidir.

Bakıda 245 nömrəli orta məktəbi bitirib. Azərbaycan Tibb Universitetindən fərqlənmə diplomu ilə məzun olub. Ali məktəbi bitirdikdən sonra, 1998-1999-cu illərdə Bakı Xərçəng Araşdırmaları Mərkəzində işləyib.

Moskvada Rusiya N.N.Bloxin adına Onkologiya Mərkəzinin aspiranturasını bitirib. Həmin dövrdə elmi işini müdafiə edərək tibb elmləri namizədi olub. Bundan sonra Rusiyanın paytaxtında Uşaq Xəstəlikləri Elmi Mərkəzində aparıcı elmi işçi kimi işləyib.

2012-2014-cü illərdə Moskvada G.N.Speranski adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda aparıcı elmi işçi olaraq işləyib. Bundan sonra ABŞ-da dünyanın ən böyük onkoloji xəstəxanasında – M.D.Anderson adına Xərçəng Mərkəzi və Almaniyada təcrübə keçib.

Kadırovun sürprizi

2014-cü ildə Çeçenistan başçısı Ramzan Kadırovun dəvəti ilə Moskvadan Qroznıya gəlib. Kadırovun Elxan Süleymanova ilk təklifi Çeçenistan Onkoloji Dispanserin rəhbəri postu olub.

Özünün dediyinə görə, Ramzan Kadırovla uzunmüddətli dostluq münasibətlərinə baxmayaraq, Qroznıya gələndə ondan belə bir təklifin olacağını gözləməyib. Bundan sonra da ona yüksək vəzifələrin təklif edilməsi əsl sürpriz olub.

“Ramzan Axmatoviçi təxminən on ildən çoxdur bacarıqlı, qayğıkeş lider kimi tanıyıram. Onun Qroznıya köçmək dəvəti mənim tərəfimdən tapşırıq olaraq qəbul edildi, bu, mənim çox hörmət etdiyim bir adamın xahişi idi, buna görə də imtina etməyi düşünmədim. Bundan sonra dərhal Çeçenistana gəlmək və onun rəhbərliyi altında işləmək qərarına gəldim”, - Elxan Süleymanov deyib.

Çeçenistanın azərbaycanlı naziri

2014-cü il martın 17-də Çeçenistan Prezidenti Ramzan Kadırovun səhiyyə məsələləri üzrə müşaviri, Qroznıdakı Respublika Onkoloji Dispanserinin baş həkimi təyin edilib. Bir il sonra isə Çeçenistan səhiyyə nazirinin birinci müavini vəzifəsinə göndərilib.

2016-cı il aprelin 28-də Ramzan Kadırov azərbaycanlıya başqa bir sürpriz edir. Elxan Süleymanov onun sərəncamı ilə Çeçenistan Respublikasının səhiyyə naziri təyin olunur.

Dediyinə görə, nazir postuna təyin edilməsi də dostu Kadırovun ona başqa bir sürprizi olub: “Bunu gözləmirdim. Çünki mənə tapşırılan iş və vəzifəm respublikanın onkoloji xidmətini inkişaf etdirmək və respublika başçısının səhiyyə məsələlərində müşaviri olmaq idi”.

Bakıya bağlılıq

Müsahibələrindən birində Moskvada yaşayan və oxuyan azərbaycanlı tələbələr üçün Çeçenistanda işləmək imkanı yaratdığını da deyir.

Elxan Süleymanov doğulduğu vətəninə - Azərbaycana bağlı olduğunu, vaxt tapan kimi buranı görməyə gəldiyini söyləyir:

“Mən Azərbaycanda, Qusar rayonunun Həzrə kəndində anadan olmuşam. Məni Azərbaycana çox şey bağlayır - bura mənim vətənimdir. Orada uşaqlıq, məktəb və tələbəlik illərimi keçirmişəm. Azərbaycanda Tibb Universitetində oxumuşam, orada qohumlarım, dostlarım, tələbə yoldaşlarım var. İlk iş yerimlə, keçmiş həmkarlarımla hələ də əlaqə saxlayıram. Üstəlik, valideynlərim Bakıda yaşayırlar, onlar doğma şəhərlərini başqa yerlə əvəz etmək istəmirlər. İki bacım Moskvadadır, həyat yoldaşım və üç uşağım yanımda – Qroznıdadır”.

Dediyinə görə, ildə bir neçə dəfə yaxınları və dostlarını görmək üçün Bakıya gəlir:

“İldə bir neçə dəfə Bakıya gəlirəm, valideynlərim oradadır. Bundan başqa, bir çox şey məni bu şəhərə bağlayır. Övladlarım da tez-tez nənə və babalarının yanında qalırlar. Doğulduğum kəndə də baş çəkirəm, orada məni görəndə çox sevinən yaxınlarım çoxdur”.

Poliqlot və cərrah

Elxan Süleymanov yüksək vəzifədə olmasına baxmayaraq, həkim kimi xəstəxandakı işini davam etdirir, hazırda Çeçenistan və Rusiyanın onkolji xəstəliklər üzrə təcrübəli cərrahlarından biridir.

Azərbaycan, ingilis, çeçen və rus dili ilə yanaşı, daha bir neçə xarici dil bilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məhkəmə Xoşqədəmlə bağlı qərar çıxardı
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?

Qırmızı dodaqlı yarasa balığı - Heyvanlar aləmi

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Əziz Orucovun    ittihamı   yüngülləşdirildi